Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin kimdir...
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
Tarix elmlər doktoru, polkovnik Mehman Süleymanovun adı Azərbaycan, İran, eləcə də bir sıra ölkələrin tarixçilərinə və hərb tədqiqatçılarına yaxşı tanışdır.
Onun
"Şah İsmayıl Səfəvi", "Nadir şah", "Erməni millətçiliyi və təcavüzkarlığı tarixindən", "Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi. I-II cildlər",
"Azərbaycanın hərb tarixi. Sovet
dövrü. I-II cildlər", "Gülüstan
müqaviləsi", "Türkmənçay müqaviləsi",
Azərbaycanın qədim və orta əsrlər hərb
tarixi", "Azərbaycan Ordusunun tarixi. I-V
cildlər", "Azərbaycan Ordusu. 1918-1920",
"Qafqaz İslam Ordusu və Azərbaycan",
"Mehmandarov", "Nuru paşa və
silahdaşları", "Azərbaycanda Ali Baş
Komandanlıq institutunun Heydər Əliyev mərhələsi"
və digər irihəcmli, dərin elmi əsaslı
monoqrafiyaları ölkəmizin elmi ictimaiyyətinin haqlı
hüsn-rəğbətini qazanıb. İxtisasca şərqşünas
olan M.Süleymanov uzun illər İran İslam
Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi
attaşesi vəzifəsini daşıyarkən ardıcıl
olaraq üzərində işlədiyi çox önəmli
tarixi mövzuları o ölkənin arxiv və
kitabxanalarında, muzeylərində yer alan tarixi
sənədlər və qaynaqlar əsasında dərindən
tədqiq etmək imkanından layiqincə bəhrələnib. Əldə etdiyi zəngin mənbələr,
qazandığı tədqiqatçılıq təcrübəsi
və tariximizə sonsuz sevgi son illərdə onun bir-birinin
ardınca peşəkar tarixçilərin, həmçinin,
geniş oxucu kütləsinin marağına səbəb olan dəyərli
əsərlərinin yaranmasına səbəb oldu.
M.Süleymanovun elmi yaradıcılığında Azərbaycan
Səfəvilər dövlətinin tarixinin tədqiqi
xüsusi yer tutur. Nəzərə alsaq ki, Azərbaycanın
dövlətçilik tarixinin bu şərəfli
dövrü İran tarixçiləri və siyasətşünasları
tərəfindən bütün dövrlərdə ciddi təhriflərə
və saxtalaşdırmalara məruz qalmışdır, onda
müəllifin nə üçün bu mövzuya bu qədər
əhəmiyyət verdiyini layiqincə dəyərləndirməliyik. Bu baxımdan M.Süleymanovun "Maarif" nəşriyyatında
yenicə nəşr edilmiş 700 səhifəlik "Səfəvilər
- I, Şeyx Səfiəddin Ərdəbili"
monoqrafiyasının xüsusi əhəmiyyəti vardır. Təqdirəlayiqdir ki, müəllif bütün Səfəvilər
sülaləsini əhatəli şəkildə tədqiq etmək
niyyətindədir və indi oxuculara təqdim edilən bu
kitab, bunun ardınca yazılacaq ikinci kitab Şah
İsmayılın Azərbaycanda hakimiyyətə gəlməsinə
qədər keçən tarixi mərhələlərə
işıq salacaq. Azərbaycan dövlətçiliyinin
necə möhkəm mənəvi-siyasi dayaqlar üzərində
qurulduğunu təsdiqləyəcəkdir.
Adıçəkilən
kitab Azərbaycan xalqının və eləcə də islam
mədəniyyətinin parlaq tarixi şəxsiyyətlərindən
biri olan, Səfəvilər dövlətinin banisi olan Şah
İsmayılın ulu babası, Səfəvi təriqətinin
mürşidi Şeyx Səfiəddin Ərdəbilinin (1252-1334)
həyat yoluna, onun dini və ictimai-siyasi
baxışlarının təhlilinə, ondan miras
qalmış zəngin irsin öyrənilməsinə həsr
edilmişdir.
Qeyd etmək
lazımdır ki, Şeyx Səfiəddin Azərbaycan
xalqının və eləcə də bəşər
tarixinin yetişdirdiyi elə nadir şəxsiyyətlərindən
biridir ki, öz elmi, biliyi, fəlsəfi təfəkkürü
ilə zəmanəsinin ictimai həyatında çox ciddi
yeniliklərə yol aça bilmiş, minlərlə, on minlərlə
və bəlkə də milyonlarla insanı öz ətrafında
birləşdirərək onların düşüncəsində,
əqidəsində və dünyagörüşündə bir
oyanış yarada bilmişdi.
XIII-XIV əsrlərin kəsişməsində uzun bir
ömür sürmüş bu dahi şəxsiyyət öz dərin
zəkası və fitri istedadı ilə regionun ən
kütləvi dini təriqətlərindən biri olan Səfəvi
təriqətini təşkil etməklə Səfəvi
dövlətinə aparan yolun başlanğıcını
qoya bilmişdi. Müəllifin onun haqqında apardığı
araşdırmalar və gəldiyi nəticələr bu fikirlərin
söylənməsi üçün tutarlı əsas ola bilər.
Şeyx Səfiəddin Azərbaycanın və Şərqin
ictimai fikir tarixinin zirvələrindən biridir. Onun həyatının
öyrənilməsi XIII-XIV əsrlərdə Azərbaycanın
ictimai fikrinin formalaşma və inkişaf tarixinin öyrənilməsi
baxımından əhəmiyyətlidir. Bununla Azərbaycanda
ictimai fikrin inkişaf xüsusiyyətlərini, ictimai fikrin
bölgənin və islam dünyasının
ictimai fikri ilə qarşılıqlı əlaqəsinin və
qarşılıqlı təsir imkanlarının üzə
çıxarılması mümkündür. Eyni zamanda, onu da əlavə etmək olar ki, Şeyx
Səfiəddinin həyatı və fəaliyyəti Azərbaycanda
təsəvvüfün inkişaf tarixinin öyrənilməsi
baxımından aktuallıq kəsb edir. M.Süleymanovun adıçəkilən əsəri
belə bir nadir şəxsiyyətin həyat və fəaliyyətinin
öyrənilməsi sahəsində Azərbaycan
tarixşünaslığında mövcud olan boşluğun
aradan qaldırılmasında irəliyə atılmış
qiymətli bir addımdır. Eyni
zamanda, İranda Şeyx Səfiəddinin və
bütünlüklə Səfəvilər sülaləsinin və
dövlətinin mahiyyətini məqsədli olaraq təhrif edən
xətti-hərəkətin indi də davam etməsi belə
bir əsərin yazılmasını zəruri edirdi.
Qeyd edilməlidir
ki, bir çox hallarda müştərək tarixə və mədəniyyətə
malik olduğumuz İranda fars millətçiliyi
ideologiyasına xidmət edən bir sıra tarixçilər,
filoloqlar, fikir sahibləri Səfəvilərin etnik mənsubiyyətini,
nəsil şəcərəsini, bu sülalənin banisi
Şeyx Səfiəddinin həyat və mübarizə fəlsəfəsini
qəbul etmək istəməyərək Səfəvilər
dövlətinin tarixini və mahiyyətini təhrif etməyə
səfərbər olmuşlar, İran
tarixşünaslığında Əhməd Kəsrəvinin
ortaya atdığı qərəzli və əsassız
müddəaları təkrar-təkrar elmi həqiqət kimi qəbul
etdirməyə çalışmışlar. Yeri gəlmişkən,
dil, tarix, ədəbiyyat, fəlsəfə, hüquq və
sair elmlər sahəsində əsərləri ilə
panfarsist ideologiyaya xidmət edən Ə.Kəsrəvi azərbaycanlı
olsa da, Təbrizdə xidmət etdiyi xristian missioner təşkilatlarının
təsiri ilə türklərin etnogenezi, onların dili və
dövlətçiliyi barəsində qeyri-elmi müddəalar
irəli sürmüşdür və bu gün də həmin
zərərli məktəbin İranda kifayət qədər
davamçıları vardır. Əlbəttə,
müasir İran tarixçiliyində də şahlıq
zamanında olduğu kimi paniranizm (farsizm anlamında) təmayülü
olduqca qüvvətlidir və bir çox hallarda bu tarix və
mədəniyyət sahəsində obyektiv tədqiqatların
aparılmasını əngəlləyir.
Ölkəmizdə, İranda, Türkiyədə, eləcə
də keçmiş SSRİ-də Səfəvilər tarixinin
öyrənilməsi sahəsində bir sıra
tanınmış tədqiqatçılar tərəfindən
xeyli dəyərli işlər görülmüşdür. Tanınmış
türk tarixçisi Faruk Sumer Səfəvilər dövlətini
"İran milli dövləti" hesab edənləri ciddi tənqid
edərək bu dövlətin yaranması və fəaliyyətində
türklərin həlledici rol oynadığını
vurğulamışdır. Bununla
yanaşı, bu görkəmli alimin Azərbaycan türklərinin
rolunu alçaltması, Şeyx Səfiəddinin etnik mənşəcə
kürd olduğunu iddia etməsi tamamilə
yanlışdır. Rus və sovet
tarixşünaslığında Səfəvilər
sülalasinin və onları dəstəkləyən
tayfaların türk (Azərbaycan) mənşəli
olduğunu ilk dəfə olaraq göstərənlər məşhur
şərqşünaslar alman mənşəli Vasili (Vilhelm)
Bartold və türk mənşəli Aqatangel Krımski
olmuşlar. Tanınmış iranşünas
İ.Petruşevski mötəbər tarixi qaynaqlara əsaslanaraq
bir sıra əsərlərində Səfəvilər
dövlətinin qurulmasında və onun fəaliyyətinin
xüsusilə ilk yüzilində məhz Azərbaycan türklərinin
müstəsna rolunu təsdiqləmiş, sarayda, mərkəzi
dövlət rəhbərliyində, orduda, əyalətlərdə
Azərbaycan əyanlarının və hərbçilərinin
həlledici rolunu vurğulamışdır. N.Mikluxo-Maklay və
V.Zaxoder kimi bir sıra tanınmış alimlər də bu
dövlətin quruculuğunda İran (fars)
amilini deyil, məhz Azərbaycan amilini əsas
götürmüşlər.
Xüsusi qeyd etmək lazımdır ki, 1940-cı illərin
əvvəllərində görkəmli Azərbaycan
tarixçisi və filosofu, akademik Heydər Hüseynov I
Şah İsmayılın qurduğu Səfəvilər
dövlətini Azərbaycan dövləti kimi səciyyələndirmişdi. Sonrakı nəsil Azərbaycan
tarixçiləri, xüsusilə akademik Yaqub Mahmudovun, tarix
elmləri doktorları Oqtay Əfəndiyevin, Şahin Fərzəliyevin,
Əbülhəsən Rəhmaninin və
başqalarının əsərlərində bu dövlətin
Azərbaycan dövləti olduğu hərtərəfli əsaslandırılmışdır.
M.Süleymanovun haqqında bəhs etdiyimiz əsərində
isə Şeyx Səfiəddinin həyat və fəaliyyəti
ilk dəfədir ki, sistemli və əhatəli şəkildə
öyrənilmişdir. Burada mənbələrin məlumatları
əsasında qeyd olunur ki, Şeyx Səfiəddin 1252-ci ildə
Azərbaycanın Ərdəbil şəhəri
yaxınlığındakı Kəlxoran kəndində anadan
olmuşdur. Atası Seyid Cabbar Əminəddin
dövrünün tanınmış alimi idi, anası Dövləti
xatun da möhtərəm din xadimi Cəmaləddin Baruqinin ailəsində
doğulmuşdu. Öz doğma yurdunda mükəmməl
təhsil alan Səfiəddin elmini
artırmaq məqsədilə Şiraza - məşhur din alimi
Əmir Abdullanın yanına getmiş, lakin Səfiəddinin
olduqca yüksək dini-elmi biliyə malik olduğuna əmin
olan Əmir Abdulla ona öz yurduna qayıdıb orada Şeyx
Zahidin yanında müridlik etməyi məsləhət bilmişdi. Səfiəddin Şirazda Sədi Şirazi ilə də
görüşmüş və Sədi onun zəkasını
yüksək qiymətləndirmişdi. Bu səfərdən Vətənə qayıdan Səfiəddin
Şeyx Zahidin ən sevimli müridi olmuş, Şeyx Səfiəddin
Ərdəbili olaraq nüfuz və ehtiram
qazanmışdır. Mənbələrdə
qeyd olunur ki, hətta ilahiyyatçı alimlər də ona
"türk piri" deyirdilər. Onun
mürşidi Şeyx Zahid Gilani (1215-1301) Lənkəranın
Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. O,
dövrünün ən tanınmış alimi idi. Hətta Şirvanşah Əxistan da onun
müridliyini qəbul etmişdi. Şeyx
Zahid sağlığında öz mürşidlik məqamını
Şeyx Səfiəddinə vəsiyyət etmişdi.
Hər şeydən əvvəl belə bir məqama diqqət
yetirilməlidir ki, Şeyx Səfiəddin son dərəcə
zəngin biliklərə malik olan bir insan idi. Xüsusi ilə, islam dininin dəyərlərinə, sirlərinə
dərindən bələd olması, müqəddəs
kitabın, habelə islam peyğəmbərinin hədislərinin
təfsirində xüsusi zəka nümayiş etdirməsi onu
dövrünün ən mahir arifləri sırasına
yüksəldə bilmişdi. Bu mənada
belə bir zəka sahibinin həyatının və elmi
dünyagörüşünün öyrənilməsi tədqiqatçıdan
universal fəlsəfi-dini biliklərə sahib olmağı tələb
edir. Qeyd edilməlidir ki, bu dövrlərdə
Azərbaycan həyatında baş verən proseslər
Şeyx Səfiəddinin həyat yolunda da öz əksini
tapırdı. Məlumdur ki, Şeyx Səfiəddin
Azərbaycanın əksər bölgələrinə səfər
etmiş, həmin bölgələrdə insanların
ictimai-dini həyatı ilə tanış olmuş,
yeri gəldikcə dövrünün hakimləri
qarşısında yerli əhalinin gün-güzəranının
yaxşılaşdırılması üçün məsələlər
qal-dırmışdı. Şeyx Səfiəddinə
həsr olunmuş mənbələrdə dövrünün
bir sıra hakimlərinin adları da sadalanır, onlarla olan
münasibətlərindən söhbət açılır. Bu görüşlər dövrün tarixinin öyrənilməsi
baxımından da qiymətli tarixi faktlardır və
onların açılması dövrlə bağlı
maraqlı məlumatları üzə çıxarır.
Şeyx Səfiəddinin həyat və fəaliyyətini
izləməklə onun yaşadığı dövrdə Azərbaycanın
tarixi coğrafiyası, bütövlükdə Azərbaycan
arealı haqqında maraqlı məlumatları da üzə
çıxarmaq olar. Bu baxımdan Şeyx Səfiəddinin
həyatına həsr olunmuş "Səfvətüs-səfa"
əsərində çoxlu sayda coğrafi adlara, onların
yerləşmə məkanlarına, bu məntəqələrdə
yaşayan əhalinin ictimai həyatına aid olan xeyli məlumatlarla
rastlaşırıq.
Müəllifin Səfəvi dini-ideoloji xəttinin necə
formalaşmasını, bu dini-ideoloji xəttin inkişaf edərək
sonradan dini-hərbi ideologiyaya çevrilməsini və nəhayət,
Səfəvi imperiyasının yaranmasında mühüm rol
oynadığını ətraflı şərh etməsi
olduqca maraqlıdır. Şeyx Səfiəddindən Şah İsmayıla
qədər təxminən iki əsrə qədər müddət
ərzində Səfəvi təriqətinin zəifləməməsi,
aradan çıxmaması, əksinə, dünya tarixində
hadisə olan Səfəvi dövlətinin təşkilinə
zəmin yaratması bir təsadüf idi, yoxsa Şeyx Səfiəddindən
başlanan yolun məntiqi davmı idi? Belə
suallara da M.Süleymanovun kitabında cavablar verilmişdir.
Şeyx Səfiəddinin Azərbaycanda yazılı ədəbiyyatın
inkişafında da özünəməxsus xidmətləri
vardır. Bu xidmətlərin üzə
çıxarılması üçün də onun bədii
yaradıcılığının, yazılı əsərlərinin
öyrənilməsi zəruridir. Onun Azərbaycan
dilinin inkişafındakı rolunun öyrənilməsi də
bütünlükdə Azərbaycan ədəbi dilinin
inkişafının, Azərbaycan ədəbi söz tarixinin
hazırkı nəsillərə çatdırılması
üçün gərəkli ola bilər. Təqdirəlayiqdir ki, müəllif bu geniş əhatəli
kitabına Şeyx Səfiəddinin türkcə (azərbaycanca)
şeirlərindən də maraqlı nümunələri
daxil etmişdir. Aşağıda "Sevişməklər"
başlıqlı bir nümunəni təqdim edirik:
Göyərçin
yolladım yazdım sənə səndən şikayətlər
Qolunda ol qanadlardır başı bağlı kitabətlər.
Unudma
aşiqi, namehriban olma, mənim canım,
İşıqsız sərvə oxşarlar vəfasız
sərvqamətlər.
Səni
tanrı, necə səndən şikayət etməyim
axır,
Hanı
ol nazlı baxmaqlar, hanı gizlin işarətlər...
Şeyx Səfiəddin
bütünlükdə islam dünyasının
çox böyük zəka sahiblərindən biri olmaqla, həm
də islam mədəniyyətinin zirvəsi səviyyəsinə
yüksəlmiş şəxsiyyətlərdən birdir. M.Süleymanovun Səfəviyyə təriqətinin əsaslarını
geniş şərh etməsi, Şeyx Səfiəddinin elm və
təhsil haqqında qiymətli fikirlərini toplayıb
oxuculara təqdim etməsi də diqqətəlayiqdir.
Şeyx Səfiəddinin irsinin
araşdırılması həm də bu mövzuda yol verilən
təhriflərin, qeyri-elmi fikir və qənaətlərin
aradan qaldırılması üçün elmi-tarixi əhəmiyyət
kəsb edir. Çünki mövcud olan araşdırmalarda
Şeyx Səfiəddinin həyat yoluna birtərəfli və
səthi yanaş-maların, hətta müəyyən hallarda
qərəzli münasibətin sərgiləndiyini də görmək
mümkündür. Xüsusilə, Səfəvilərin
Azərbaycan həyatından qoparılması, Səfəvi təriqətinin
formalaşmasında Azərbaycan mühitinin yeri və rolunun
inkar edilməsi, Şeyx Səfiəddinin ana dili və etnik mənsubiyyəti
ilə bağlı qərəzli münasibət və qeyri-məntiqi
qənaətlər İranda və bəzi xarici ölkələrdə
bir sıra tədqiqatçıların
araşdırmalarının əsasını təşkil
etməkdədir. Əsərdə belə
yanaşmaların əsassızlığının sübut
edilməsi də, Şeyx Səfiəddin irsinin tədqiqinin
elmi aktuallığına dəlalət edir.
Qeyd edilməlidir ki, Şeyx Səfiəddinin həyatının
və fəaliyyətinin öyrənilməsi
üçün istər Azərbaycan
tarixşü-naslığında, istərsə də
qonşu ölkələrin tarixşünaslığında
müxtəlif vaxtlarda müəyyən cəhdlər göstərilmişdir. Bunun nəticəsi
kimi, çoxlu sayda məqalələr, məqalə
topluları, konfrans materialları işıq üzü
görmüşdür. Amma Şeyx Səfiəddinin
həyat yolunun sistemli və əhatəli şəkildə
öyrənilməsi halına rast gəlmək mümkün
deyildir. Bir tərəfdən bunun
obyektiv səbəbi vardır. Çünki
Şeyx Səfiəddinin həyatı haqqında türk (Azərbaycan)
dilində kifayət qədər mənbə və məlumatlar
mövcud deyil. Mövcud olan mənbə
məlumatlarına isə müxtəlif prizmalardan
yanaşılması və ya onların müxtəlif
mövqelərdən dəyərləndirilməsi heç də
obyektiv mənzərənin formalaşdıırlmasına
imkan verməmişdir.
M.Süleymanov haqlı olaraq qeyd edir ki, Şeyx Səfiəddinin
həyatı və fəaliyyəti ilə bağlı əsaslı
mənbə İbn Bəzzaz (Dərvüş Təvəkkülü
ibn İsmayıl ibn Hacı Məhəmməd) tərəfindən
yazılmış "Səfvətüs-səfa" əsəridir. Kifayət
qədər həcmli olan bu əsər hətta Səfəvilər
dövründə və sonra da Şeyx Səfiəddin
haqqında verilən məlumatların başlıca mənbəyi
olmuşdur. Bu mənbədə verilən
məlumatların obyektivliyinin yoxlanılması və ya
tamamlanması üçün digər mənbələrdə
elə də ciddi məlumatlarla rastlaşmaq çətindir. Qeyd etmək lazımdır ki, "Səfvətüs-səfa"
əsəri Şeyx Səfiəddinin dünyasını dəyişməsindən
sonra, onun oğlu Şeyx Sədrəddinin sifarişi və nəzarəti
altında yazılmışdır. Əlbəttə,"Səfvətüs-səfa"
əsəri Şeyx Səfiəddinin həyat yolunun öyrənilməsi
üçün ilkin tarixi qaynaqdır və diqqətlə
yanaşılacağı halda ondan dəyərli məlumatları
əxz etmək mümkündür. Lakin
təqdirəlayiqdir ki, M.Süleymanov həm dövrün, həm
də sonrakı Səfəvilər zamanının əsas mənbə
və sənədlərini müqayisəli şəkildə
araşdırmaqla Şeyx Səfiəddinin azərbaycanlı -
türk mənsubiyyətini ortaya qoymuşdur.
Müəlifin
gəldiyi nəticə olduqca aydın və birmənalıdır:
Şeyx Səfiəddin, hər şeydən əvvəl, Azərbaycan
həyatının yetişdirdiyi böyük bir zəka sahibi
olmuşdur. Onun formalaşmasında,
dini-ictimai baxışlarının xarakterində Azərbaycan
mühitinin təsirini inkar etmək mümkün deyildir. Milli yaşam və düşüncə tərzi,
islami dəyərlər və milli-mənəvi qaynaqlar onun
dünyagörüşünün forma-laşmasının əsas
mənbələri idi. Azərbaycan
arealı həm də onun fəaliyyətinin əsas məkanı
idi. O, Ərdəbildə doğulub boya-başa
çatmışdı, Azərbaycan türklərinin ailəsində
tərbiyə almışdı və fəaliyyətinin əsasını
da Azər-baycan çərçivəsində
aparmışdı. Şeyx Səfiəddin Azərbaycanın
bölgələrini davamlı şəkildə gəzmişdi,
bu bölgələrdəki həyatla yaxından tanış olmuşdu və Azərbaycan
xalqının dini baxışlarının
saflaşmasında, bu dəyərlərin
doğru-düzgün qəbul edilməsində kifayət qədər
xidmət göstərmişdi.
Tədqiqatçı sənədlər əsasında
göstərir ki, Şeyx Səfiəddinin zəkası, fəaliyyəti
yalnız Azərbaycan sərhədləri ilə məhdudlaşmamışdı. O, haqlı olaraq islam dünyasının böyük zəkalarından
biri sayılır və fəaliyyəti də ümumislam məzmunu
kəsb edirdi. Şeyx Səfiəddin dini
biliklərin ən böyük ariflərindən biri olmaqla,
onun irşadı və təbliği sahəsində də
ümumislam əhəmiyyətli işlər görməyi
bacarmışdı. Şeyx Səfiəd-dində
möcüzəvi bir fitri istedad var idi və bu istedadı ona
imkan vermişdi ki, "Quran" biliklərinin və hədislərin
təfsirində yeni bir səhifə açsın. Ona görə də onun ilk növbədə fitri
istedadı və öz biliklərinin təmənnasız
şəkildə insanlara irşad etməsi Şeyx Səfiəddini
zirvə səviyyəsinə yüksəldə bilmişdi.
Müxtəlif məzmunlu mənbələrin məlumatlarıa
söykənən müəllif də bir sıra tədqiqatçılar
kimi bu qənaətə gəlmişdir ki, Şeyx Səfiəddin
həm də kəramət sahibi olmuşdu. Onun haqqında
mövcud olan məlumatlar onu deməyə əsas verir ki,
Şeyx Səfiəddin hələ uşaqlığından
seçilmiş bəndələrdən biri idi və təriqət
yolçuluğu ilə Tanrının lütfünü
qazanaraq kəramət sahibinə çevrilmişdi. Hələ sağlığında ikən Şeyx Səfiəddin
kəramət sahibi olduğunu nümayiş etdirə
bilmiş və neçə-neçə insanlara şəfaətçi
olmaqla onların diləklərinin həyata keçməsinə
səbəb olmuşdu. Mənbə məlumatları
onu da deməyə əsas verir ki, Şeyx Səfiəddin dini
inancları, dini dəyərlərə etiqadı və bu
etiqadın əməli ifadəsi ilə Tanrı lütfünə
layiq görülmüşdü.
Şeyx Səfiəddinin elm və bilik səviyyəsi,
bu dəyərlərin həyatla uğurlu şəkildə əlaqələndirilməsi
rəhbəri olduğu Səfəvi təriqətinin də əsasını
təşkil edirdi. Bu təriqətin dərin islami biliklərə,
bu biliklərin tətbiqində dönməz əqidəyə
və sədaqətə arxalanması nəticəsində bu
təriqət dövrün ən kütləvi dini-ictimai təşkilatlarından
biri olmuşdu, Azərbaycanda və onun hüdudlarından kənarda
böyük sayda tərəfdarları var idi.
Şeyx Səfiəddin dini etiqada, dini dəyərlərə
inamı təbliğ edən bir arif idi. Lakin bu
zaman Şeyx Səfiəddin fanatizmə yol verilməsinin tərəfdarı
de-yildi. Şeyx Səfiəddinin təlimlərində
və dini-ictimai görüşlərində elmilik və məntiqilik mühüm yer tuturdu. Onun nəzərində, islami dəyərlər
düzgün dəyərləndirildikdə və
düzgün izlənildikdə həyat normalarını təşkil
edə bilərdi. Şeyx Səfiəddin
birmənalı şəkildə insanların istismar edilməsini,
insanlara yuxarıdan baxılmasını, insanların bir-birinə
qarşı münasibətində halallıqdan kənar
çıxılmasını qəbul etmirdi. Bu mənada Şeyx Səfiəddinin təlimi həm
də ictimai birgəyaşayışın özünəməxsus
və dövrdən irəli gələn bir proqramı idi.
Şeyx Səfiəddinin öz zəkası, dərin
biliyi, təmənnasızlığı,
xeyirxahlığı ilə əhali ilə birlikdə yerli
hakimlərin də dərin ehtiramını
qazanmışdı. Dövrünün hakimləri Şeyx
Səfiəddinə böyük ehti-ramla yanaşır, onun
xeyir-duasnı almağı özlərinə şərəf
bilirdilər. Şeyx Səfiəddin isə öz
növbəsində dövrünün hakimlərinə təsir
etməklə onların insanların yaşayışına
qayğı ilə yanaşmalarına nail olmağa
çalışırdı.
Şeyx Səfiəddinin şəxsiyyətinin böyüklüyünə dəlalət edən məqamlardan biri də onun çoxlu sayda ardıcıllar yetişdirə bilməsi idi. Məlumdur ki, istər
Azərbaycanda, istərsə də Azərbaycandan kənarda
onun çoxlu sayda müridləri var idi. Şeyx Səfiəddin davamlı və
ardıcıl şəkildə onların irşadı və
yetişdirilməsi ilə məşğul olurdu. Buna nail də olmuşdu. İstər
Azərbaycan daxi-lində, istərsə də Azərbaycandan kənarda
onun çoxlu sayda xəlifələri də var idi. Bu xəlifələr həm özləri Şeyx Səfiəddinin
biliklərini və əməllərini yaşadır, həm
də bu bilik və əməlləri başqalarına təlim
edirdilər. Nəticədə, Səfəvi təriqəti islam dünyasında qol-budaq atmış,
bu təriqətin uzunömürlüyünə zəmin
yaratmışdı.
M.Süleymanov haqlı olaraq yazır ki, Azərbaycanın
və Şərqin tarixində yeni bir mərhələ olan Səfəvi
dövlətinin həyata vəsiqə almasında da Şeyx Səfiəddindən
başlanan yolun təsirini nəzərə almamaq
mümkün deyildir. Səfəvi təriqəti nəinki
uzunömürlü oldu. Bu təriqətdən irəli gələn
dini ideoloji düşüncə və fikir sonradan hərbi-dini
ideologiyaya qovuşdu və Səfəvi siyasi hərəkatının
ideoloji bazisinə çevrildi. Yəni Şeyx Səfiəddindən
başlanan təfəkkür vaxt ötdükcə dini-hərbi-siyasi
təfəkkürün canlanmasına və bunun da cəmiyyət
həyatında köklü siyasi dəyişikliklərin
baş verməsinə yol açdı.
Onun ədəbi
yaradıcılığının məhsulu olan bir sıra əsərləri
dövrümüzə qədər gəlib
çatmış, bəzilərinin mövcudluğu
haqqında isə məlumatlarla qarşılaşmaq
mümkündür. Bu məqam da Şeyx Səfiəddinin
şəxsiyyətinin və istedadının istiqamətlərindən
biridir. Həmin əsərlər həm də Azərbaycan ədəbi
dilinin inkişafında Şeyx Səfiəddinin xidmətlərindən
xəbər verir. Bu mənada Şeyx Səfiəddinin Azərbaycan
həyatından qoparılmasına, onun etnik mənsubiyyətinin
və ana dilinin danılmasına göstərilən cəhdlərin
əsassızlığı da qeyd edilməlidir. Həmin
mövzuya həsr edilmiş bəzi yazıların elə
ilkin müşahidəsi onların qərəzli mövqedə
olmasını nümayiş etdirir. Bir sözlə,
Şeyx Səfiəddin Azərbaycanın ictimai fikir tarixində
özünə çox yüksək bir məqam tutmuş zəka
sahibidir və heç şübhə yoxdur ki, gələcəkdə
davamlı şəkildə aparılan tədqiqatlar bu dahi
insanın həyat və fəaliyyətinin yeni-yeni məqamlarının
üzə çıxarılmasına imkan verəcəkdir.
Eynulla
Mədətli,
AMEA
Fəlsəfə institutunun elmi işlər üzrə
direktor
müavini, tarix elmləri doktoru,
fövqəladə və səlahiyyətli səfir
525-ci qəzet.- 2020.- 25 yanvar.- S.20-21.