Bir müəllimin həyat hekayəsi
Rayondan təzəcə qayıtmışam,
fakültəyə gələn
kimi adətimə sadiq qalaraq, Cahangir müəllimlə
- professor Cahangir Məmmədli ilə hal-əhval tutmaq üçün onun otağına gedirəm.
Qapını açıb otağa daxil olanda həmişəki
kimi üzümə baxıb gülümsəyir
və ayağa qalxıb "Xoş gəlmisən, nənə"
deyib mənimlə görüşür. Sonra üzündə qəribə
bir ifadə və heç vaxt yadımdan çıxmayacaq titrəyişli
bir səslə "Elə bil, Qarabağın
havasını gətirmisən
bura", - deyir. Onu ilk dəfə idi bu cür qəmgin
görürdüm. Ürəyindəki Qarabağ həsrətini gözlərindən oxuyurdum.
Hələ semestr təzə başladığından dərsim
yox idi. Fikirləşdim
ki, oturub onunla bir az söhbət edim, bəlkə bir az dərdinə
şərik olaram. Ancaq söhbətimizin bir hekayə üslubunda irəliləyəcəyini təxmin
etməmişdim. Cahangir müəllim
sözə lap uşaqlığından
danışmaqla başladı.
Maraqla onu dinləyirdim, ilk sözü "Ağdam"
oldu. Bir az duruxandan sonra kövrək səslə
"Mən Ağdamda
doğulmuşam", - deyərək
davam etdi. Gözləri dola-dola öz hekayəsinin ardını gətirirdi...
Atasının sadə bir kənd adamı olduğunu biləndə üzümdəki ifadəni
dəqiqləşdirmək üçün "Bilirsən,
alimin uşağının
alim olmağı asandır. Onlar onsuz da kitabların arasında böyüyüblər, amma
mən balaca bir kitabxanası olan kənddə böyümüşəm".
Bunlar mənə
təəccüblü və
heyranlıq doğuran
bir hekayə kimi gəlirdi. Hələ biləndə
ki, atası onun doğulmasından 10 gün əvvəl cəbhəyə gedib və qayıtmayıb, çox mütəəssir
oldum. Titrəyən
əllərini bir-birinə
sıxaraq bu haqda sadəcə bir cümlə dedi: "Yetim böyümək yaman çətin olur". Nə deyəcəyimi bilmirdim, sadəcə dinləyirdim.
Uşaqlıqdan boynuna düşən
ağır yüklərdən
bəhs etdikcə o illərin Cahangir müəllimin ömür
fəlsəfəsinin ən
ciddi çağları
olduğunu və onun sadəcə böyüməyə məcbur
olduğunu görmək
çətin deyildi.
Bir az
onu bu fikirdən
ayırmaq istədim. Yağan yağışa pəncərədən
işarə etdim.
O isə "Mən bu yağışdan deyil, ömür yollarında yağan yağışdan qorxuram"
desə də, əslində, özü də bilirdi ki, bu "yağışlar"
onun bir ziyalı kimi yetişməsində əhəmiyyətli
rol oynayıb. Amma yenə də keçirdiyi çətin
günlər onu öz təsirinə salmışdı. Bir
az qəmgin
notlardan çıxıb
jurnalistikaya necə gəldiyindən bəhs etdi. İlk məqaləsi hələ
orta məktəb illərində oxuduğu məktəbin həyətində
çalışan yaşlı
bağbanın işinin
ağırlığı ilə
bağlı yazıb.
Hətta
buna görə məktəb direktoru onu yanına çağırıb bir
qədər də tənbeh edib. Amma otaqdan çıxanda arxadan "Yaxşı yazı idi, üslubun xoşuma gəldi" sözləri,
Cahangir müəllimin
təbirincə desək,
"Zülfüqar müəllimin
son cümləsi" onun
publisistika həyatında
açar rolunu oynayıb.
Danışdıqca ona necə heyranlıqla qulaq asdığımı
görüb "İstedadlı
tələbə müəllimindən
də yüksəkdə
olmalıdır, ona görə ki, o istedad müəllimin biliyi ilə də qarışanda daha keyfiyyətli olur", - dedi. Hekayənin ən sevdiyim yerini danışmağa başlayanda əvvəlkindən
də böyük həvəslə onu dinləyirdim. Bəli, söhbət
Cahangir Məmmədlinin
illərin dəyişə
bilmədiyi sevgisindən
gedir. Əvvəlcədən də bu barədə eşitmişdim.
Amma necə tanış olduqlarını bilmirdim. Sevdiyi qızı ilk dəfə
Şuşada avtobusdan
düşəndə görməsi,
onun universitetə qəbul zamanı ədalətsizliklə qarşılaşdığı
barədə rektora yazdığı məktubu,
məktubuna cavab gələndə yaşadığı
sevinci mənə bədii filmləri xatırladırdı. Bu eşq romanının ən acılı bölməsi sevdiyi xanımın qəfil həyatdan köçməsinin
Cahangir müəllimdə
qoyduğu izlər idi. Hər dəfə özünü
yaxşı hiss etməyəndə
ruhunun dincəldiyi yerdən - Qubadakı bağ evindəki otağından və onun Ağdamdakı məzarından danışdıqca
kövrəlməyə bilmirdi.
Elə bu anda "Füyuzat" jurnalını qaldırıb
"Payız gülləri"
essesini oxumağım
üçün mənə
verdi. Oxuduqca onu
daha yaxşı başa düşürdüm.
Həm qəmlənirdim, həm də bu sevgini
yaşadığı üçün
onu xoşbəxt hesab edirdim. Bilirdim ki, onun içində
həm vətən, həm sevgi sarıdan böyük bir boşluq var və o boşluğu
doldurmağa təkcə
xatirələr bəs
etmir. Acılı-şirinli həyatın onun
üçün ən
böyük təsəllisi
5 qız övladıdır.
Bunu övladlarından danışanda
gözlərində parlayan
işıqdan duyuram.
Məni narahat edən məqam onun "70 yaşından sonra ölməyə nə var ki?.." deməyidir. Çünki onu yeni tanıyanlar üçün
önündə dayanan
illərin də çox böyük əhəmiyyəti var. O, təkcə
mənim deyil, mənim müəllimlərimin
də müəllimidir.
Cahangir müəllimi
tanıyandan bu yana hansısa
bir problemimi ona danışanda ürəyimdə bir rahatlıq tapıram. Çünki bilirəm ki,
məni başa düşür və mütləq düzgün
yolu göstərəcək.
Bizi qarşıda uğurlu və keşməkeşli
yollar gözləyir Cahangir müəllim.
Və mən istəyirəm ki, hər dəfə
o qapını açıb
kafedraya girəndə
sizi yenə öz masanızın arxasında əyləşən
görüm. Bütün uğurlarıma
sizinlə bir yerdə sevinib, hər kiçik problemdə belə sizdən tövsiyə alım.
Doğum
gününüz mübarək,
hamımızın əzizimiz!..
Günel ABBAS
BDU Jurnalistika fakültəsinin III kurs tələbəsi
525-ci qəzet.- 2020.- 25 yanvar.- S.19.