Yağmadı yağış...
Növbəti seçkilər də keçdi. Muradqulunun üzv olduğu
partiyadan məmləkət
parlamentinə on nəfər
düşdü. Muradqulu partiya
siyahısında on ikinci
idi.
Parlament
astanasına qədər
ikicə addım, yəni ikicə adam qaldı.
Həmin
partiyadan parlamentə
on yox, on iki namizəd keçsə idi, ən adi
məntiqə görə,
indi Muradqulu parlament üzvü idi.
Cəfakeş Muradqulu nəyə
əl atmadı: heç nədən xəbəri olmaya-olmaya öz adını siyasətçimi qoymadı,
üzvü olduğu partiyaya qoşulub, ağlasığmaz ideyalarmı
söyləmədi, öz
işində-gücündə olan dövlətdənmi küsmədi, dost-qardaşdanmı
keçmədi, bir sözlə, nə illah elədisə, parlament astanası ilə öz arasında aşılmaz dərə kimi qalan həmin iki addımı keçə bilmədi ki, bilmədi. Ancaq həmin maneəni keçəcəyi, dəf
edəcəyi barədə
ümidini də itirmədi.
Muradqulunun bu ümidi bir qədər ciddi mənbədən qidalanırdı: məxsus
olduğu partiyanın
başçısı seçkilərdən
sonra ona (təkcə ona) sirr olaraq pıçıldamışdı
ki, beş
il bir igid
ömrüdür. Beş
il ərzində
nələr baş verəcəyini, kimin ölüb-kimin qalacağını
heç kəs əvvəlcədən deyə
bilməz. Beş il beş
ay, beş həftə
deyil, beş gün də deyil. Çox güman ki, bu beş
il ərzində partiyamızdan parlamentə
düşən on nəfərdən
təbii fəlakət,
qəza və sadəcə əcəl saatının çatması
nəticəsində bir-iki
nəfər vəfat edəcək, yəni öləcək (partiyanın
sədri bu sözləri deyəndə,
Muradqulu ürəyində
"gəbərəcək" demişdi). Hə, bax onda, ölənləri dəfn
edəndən sonra növbə (siyahı üzrə) Muradquluya çatacaq və mexaniki şəkildə Muradqulu da olacaq
millət vəkili.
Başqa sözlə desək, Allah
istəsə, onunla parlamentin arasında qalan həmin o keçilməz iki addım öz-özünə
dəf oluna bilər.
Partiya sədrinin
bu nikbin ehtimalı Muradquluya olduqca inandırıcı
göründü və
onun ürəyini ümid işığı
ilə nurlandırdı.
O gündən etibarən Muradqulu inanıb, başladı beş
il ərzində baş verə biləcək həmin o xoşbəxt hadisələri,
üzr istəyirəm,
bədbəxt hadisələri
gözləməyə.
Muradqulunun qulağı səsdə-sədada,
gözü parlamentə
keçən həmin
on nəfərin üzündə
qalmışdı: görsün,
kimin rəngi solğun, kimin ovqatı təlxdir.
Onlarla hər görüşündə Muradqulu
fürsəti əldən
vermir, səhhətlərini
soruşur, sağlamlıqları,
ümumi vəziyyətləri
ilə maraqlanırdı.
Zalım uşaqları da onun suallarının cavabında elə hey deyirdilər ki, sağ ol, salamatam,
yaxşıyam, kefim sazdır və sairə və ilaxır.
Düzdür, bir-iki dəfə dişi ağrıyan da olmuşdu, başqa səbəblər
ucbatından xəstəxanaya
düşənlər də,
amma aradan iki gün keçməmiş
belələri sappasağ
geri, parlamentə qayıdırdılar.
Zavallı Muradqulunun əlindən nə gəlirdi?! Onun ayağına
dolaşan, məqsədinə
gedən yolda keçilməz maneəyə
çevrilən parlamentin
iki nəfər üzvünü vurub öldürməyəcəkdi ki?!
Öldürməyəcəkdi deyəndə ki, bir-iki dəfə buna bənzər cəsarətli fikir və qəhrəmanlara layiq çıxış
yolu, əlbəttə,
onun xəyalına gəlmişdi...
Amma nə fayda?! Lap tutalım Muradqulu
onların yolunu güddü, axşam parlament iclasından sonra, şəhərin dar küçələrində
onları pusdu, əlverişli bir yerdə böyürdən
çıxıb, dəmirdən-daşdan
millət vəkilinin kəlləsinə vurub öldürdü də...
Sonra nə? Qatili qazamata
göndərərlər, yoxsa
parlament salonuna?
Bu sualın cavabı
Muradquluya gün kimi aydın olduğundan, o, öz təbii axarı ilə gedən parlament həyatını,
ara-sıra xəstələnib-sağalan
deputatların heç
vəch ilə sona çatmayan ömürlərini pərişan
halda müşahidə
etmək məcburiyyətində
qalmışdı.
Vaxt-zaman
beləcə ötüb
gedə-gedə dörd
il gəlib
keçdi. Dörd ilin tamamında az qala öz ali istəyindən
əlini üzən Muradqulu bir səhər,
qəzeti nəzərdən
keçirərkən, gözü
qəzetin aşağı
küncündə öz
partiyasından, yəni
on nəfərdən biri
olan millət vəkilinin qara çərçivəyə salınmış
şəkilinə sataşdı.
Muradulu əvvəlcə
gözlərinə inanmadı. Sonra qəribə
baxışlarla ətrafa
boylanıb, otaqda tək olduğunu yəqinləşdirərək yerini rahatladı, nəfəsini toxdadıb özünü ələ
aldı.
Qəzetə bir də diqqətlə baxıb şəkilin altındakı
yazını oxudu:
"Filan partiyaya və ölkə parlamentinə ağır itki baş vermişdir...
Filankəs filankəs oğlu
filankəsov sağ-salamat
durduğu yerdə qəflətən vəfat
etmişdir".
Sevincindən var-bədəni əsən
Muradqulu şəkilin
altındakı yazını
bir də oxudu, bir az nəfəsini dərib yenidən oxudu... Beləcə, məzmunu tamam
aydın və birmənalı olan yazını altı-yeddi dəfə oxuyub, özündən də asılı olmadan əzbərləyəndən sonra
qəzetdəki şəkili
və qara xəbəri (Muradquludan üzr istəyirəm), şad xəbəri səliqə ilə kəsib iki qatlayaraq dəftərçəsinin
arasına qoydu. (Hadisələri qabaqlayıb
bildirməliyəm ki,
sonralar Muradqulu həmin şəkilə sevdiyi adamın şəkli kimi baxır, ölən deputatı get-gedə doğrudan da sevir, diri qalanlara
isə nifrəti artırdı).
Bir sözlə, deputatlıq ehtirasının üstünə
benzin kimi calanan bu xəbərdən
sonra Muradqulunun öləziyən ümidi
yenidən alovlanmağa
başladı: aha, maneənin
biri aradan götürüldü! Parlament astanasına
bir addım, cəmi bircə addım qaldı. Həmin on nəfərdən, daha doğrusu, yerdə qalan doqquz nəfərdən
bircəciyi də ölsə, partiyanın sədri demişkən, Muradqulu sözsüz-kəlamsız
olacaqdı millət vəkili. Bax o zaman qohum-əqraba da, dost-aşna da, lap elə tanış-biliş də
ona həsəd aparacaq, ona möhtac
olacaqdı. O da, istədiyinə əl uzadacaq, istəmədiyinin
əlini kəsəcəkdi.
Düzdür, növbəti seçkilərədək
bircə il
qalır, amma bu bir il
də Muradquluya görə bir igidin ömrüydü. Yaxın vaxtlarda bircə nəfər də ölsə, Muradqulunun işi düzələr.
Millət vəkillərindən biri
durduğu yerdə öldüsə, biri yenə ölə bilməzmi? Əlbəttə,
ölə bilər! Beləliklə, sədrin də,
Muradqulunun da ehtimalları doğrular.
Məntiqə qalanda, əgər ölüm varsa, biri ölən
yerdə beşi də ölə bilər, on beşi də...
Muradqulu
yerdə qalan millət vəkillərini
tez-tez xəyalən nəzərdən keçirir,
onların səhhətlərini,
ümumi vəziyyətlərini
mümkün qədər
dəqiq xatırlayır,
kiçik götür-qoydan
sonra bir də görürdün
o, deputatların içərisində
bir-iki nəfər ölməyə namizəd
yenə tapırdı:
bax, filankəs, inanmıram ki, ili başa
vura bilsin... Beş il
yaşamaq, sözsüz
ki, hər kişinin hünəri deyil...
Muradqulu
yenidən alovlanan ümidlə, şaxə qalxmış
ehtirasla gözləməli oldu. Günlər ötdü, aylar keçdi, il başa çatdı, fəqət yerdə qalan millət vəkillərindən ölən-itən
olmadı. Muradqulu da beləcə
parlamentin bir
addımlığında, cəmi bircə
addımlığında qaldı... Arada qalan bir addım, yəni bir adam aradan
götürülmədi ki, Muradqulu da bir
illiyinə, heç olmazsa,
bir aylığına, lap
elə bir günlüyünə millət
vəkili olsun.
Ölümsüz-itimsiz
(bir nəfəri nəzərə almasaq) keçən beş
il barədə ürək ağrısı ilə
düşünən Muradqulu özünə təsəlli
verərək xəyalında təkrarlayırdı:
"Yağmadı yağış, bitmədi
qamış!"
Növbəti
seçkilər ərəfəsində Muradqulu müxtəlif
partiyaların tərkibi ilə maraqlanır, qərargahları
bitdə-bitdə gəzirdi. Harada
naçaq-xəstə, qoca-qoltaq varsa, bu dəfə öz namizədliyini oradan
vermək niyyətində idi.
Siyahı
ilə keçə bilməsə, yenə qoca-qoltağa,
ölüb-itənə bel bağlamalı, ümid bəsləməli
olacaqdı.
Keçən beşillik yağmursuz oldu. Bəlkə bu beş illikdə yağdı yağış, bitdi qamış.
İmir Məmmədli
525-ci qəzet.- 2020.- 25 yanvar.- S.19.