Əgər bu dünya özü elə
nağıldısa...
Bu günlərdə
78 yaşını qeyd
edən görkəmli
elm xadimi, müəllim
və jurnalist Cahangir Məmmədli ilə blits müsahibə
- Bir çox titullara malik Cahangir Məmmədli özü-özünü necə
təqdim edərdi?
- Ömrünün bu ahıl çağında
Qarabağ, Novruzlu dərdi yaşayan bir zavallı kimi.
- Sizi hansı müğənni konsertinə
cəlb edə bilər?
- Mənsum İbrahimov, Alim Qasımov və Emin Ağalarov.
- Dünənin və bu günün jurnalistikası: hansına
üstünlük verərdiniz?
- Bu günün jurnalistikası
dünənki jurnalistikanın
imitasiyasıdır.
- Bədii ədəbiyyata güclü meyli olan bir adam kimi hansı yazıçını
ustad hesab edirsiniz?
- Altmışıncıların hamısını.
- Jurnalist tələbələr
üçün, onların
əsl peşəkar kimi yetişəcəyinə
kömək edə biləcək hansı dərsliyi məsləhət
görərdiniz?
- O dərslik hələlik yazılmayıb.
- Ömrünüzün yarıdan
çoxunu Bakı Dövlət Universitetində
keçirmisiniz. Bu universitetin dünəni və bu gününü
necə müqayisə
edərdiniz?
- Bu universitet dünən də, bu gün
də mənim üçün müqəddəs
bir məkandır - bütün uğurları
və kəm-kəsirləri
ilə.
- Metro qatarından istifadə edirsinizmi, orada yeni nə görürsünüz?
- Əvvəllər metro qatarında "Klimat"
ətrinin qoxusu vardı, indi bu qoxu avtomobillərə
köçüb.
- Atalar sözünə necə baxırsınız?
- Mən ataları öz sözündə həmişə uzaqgörən
görmüşəm, amma
"Yazıya pozu yoxdur" məşhur deyimi indi öz
dəqiqliyini itirdi, çünki internet sübut
elədi ki, yazıya da pozu var.
- Kitab, yoxsa internet?
- Müqəddəs kitablar qeybdən gəldi, kitaba sevgi də
bir gün yenidən qeybdən gələcək.
- Telekanallarda sizə maraqlı gələn ən böyük yenilik?
- İnformasiyanı internetdən
köçürüb "özününküləşdirmək".
- "Səhnədə divardan tüfəng asılıbsa, tamaşanın
sonunadək mütləq
açılmalıdır". Doğurdanmı?
- Bəli, bu, bir həqiqətdir - amma yeni variantda:
güc dövlətləri
nüvə silahını
harasa yerləşdiriblərsə,
o, mütləq haçansa
işə salınmalıdır.
- Orta məktəb, universitet, aspirantura... ən böyük müəlliminiz kim
oldu?
- Kitablar və onları mənə sevdirən Şirməmməd
Hüseynov
- Ən maraqlı
yazılarınızı harda
yazırsınız?
- Metro qatarında və bir də uzaq
yolu tək getdiyim avtomobilin sükanı arxasında
- Bala şirindi, yoxsa nəvə?
- Kimsə etiraf etməyə bilər, amma nəvəyə sevgi baladan gəlir.
- İndi dəbə
minmiş bir sual: Lirika, yoxsa
fizika?
- Fizikanı tarixən lirikaya qurban verməyimiz bizi asılı vəziyyətə
gətirib çıxarıb.
- Nağıllar gerçək
ola bilərmi?
- Əgər bu dünya özü elə nağıldırsa,
suala müsbət cavaba ehtiyac qalmır
- Allahmı, təbiətmi insana uzağı yüz illik bir ömür verir, az
deyil ki?
- Allahmı, təbiətmi hər şeyi dəqiq hesablayır. İraq olsun, insana həddindən
artıq ömür verilsəydi, paxılların,
vicdansızların əlindən
dünya zinhara gələrdi.
- Paxıllıq nədir?
- Alçaq insanın xisləti.
- Şəhər, yoxsa
kənd?
- İnsana gərək
olan üç mühüm şey - hava, su, çörək
- bunların üçünün
təbiisi az-çox indi yalnız kənddədir.
- Xarakterinizdə sizi ən çox narahat edən nə var?
- Heç kimə, heç nəyə inanmamağım.
- Texnologiyanın bu sürətlə inkişafı
bizə nə vəd edir?
- İnfantillik.
- Ən çox
sevdiyiniz söz?
- "Söz" sözünün
özü.
- Azərbaycan ədəbiyyatında
ən çox sevdiyiniz əsər?
- Anarın "Mən, sən, o və telefon" hekayəsi.
- Xatirələrinizdə ən
çox kök salan hadisə?
- Şuşanın bir
yay günündə
IV kurs tələbəsinin
onuncu sinif şagirdini gördüyü
an.
- Nə ilə yazmağı xoşlayırsınız
- qələm, yoxsa kompüter?
- Qələmlə, çünki
Qurani-Kərim qələmlə
yazılıb və qələm müqəddəs
anlayışdır.
- Aristofana görə, "Ən yaxşı mükafat insanın daxilinin rahat olmasıdır", daxilən
rahatsız?
- Narahatlığa səbəb
olan onlarca fakt rahatlığa imkan vermir.
- İğtişaşların, terrorun, qətllərin, nüvə təhdidlərinin
gündəlik hal aldığı bir zamanda, sizcə, dünyanı nə xilas edəcək?
- Məşhər ayağına
az qalıb.
Bütün pislikləri məhv
edib dünyanın yenidən yaranması məşhərdən başlayacaq.
- Lələ köçüb,
yurdunda kim
qalıb?
- Qaçqın və köçkün dünyasında
yurdda kimsə qalmayıb.
- Peşmanlıq hissi sizin üçün nə ifadə edir?
- Etiraf və peşmançılıq güc
əlamətidir.
- Keçmişə qayıtmaq
şansınız olsaydı,
nəyi təkrar etməzdiz və ya edərdiniz?
- Şəhər həyatına
düşmək istəməzdim. MDU-da oxuyardım.
- Cahangir Məmmədli
üçün xoşbəxtlik
nədir?
- Bu suala ən yaxşı
cavab xalq deyimindədir: İçi
məni yandırır,
çölü özgəni.
- Ən çox
kimə inanırsız?
- Heç kimə. Ümidim Allahadır.
- Necə düşünürsünüz:
yaxşı jurnalist olmaq Tanrının bəxş etdiyi istedad sayəsindədir, yoxsa buna zəhmətlə
nail olmaq olar?
- Bir Türkiyə nəzəriyyəçisinin sualıdır:
"Jurnalist doğulurmu,
olurmu?" Tanrı vergisi olsa, ona zaval yoxdur.
- Ürəyinizdə həyata
keçirə bilmədiyiniz
arzunuz qalıbmı?
- Bütün arzularımın
üstündən bir
xətt çəkib
yalnız "Qarabağ"
sözünü saxlamışam.
Müsahibəni
yazdı: Esmira RÖVŞƏN
525-ci qəzet.- 2020.- 25 yanvar.- S.18.