Babək Rayon
Tarix-Diyarşünaslıq Muzeyinə yeni
eksponatlar təqdim olunub
Babək
rayonunun Nehrəm kənd sakini, Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət
işçisi Akif Hacıyev, Vayxır kənd sakini Əli
İsmayılov, Şıxmahmud kənd sakini Həcər
Musayeva və Kültəpə kənd sakini Məhsəti Səfərova
tərəfindən Babək Rayon Tarix-Diyarşünaslıq
Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks
etdirən 110 eksponat hədiyyə edilib.
AZƏRTAC-ın
Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə
keçirilən tədbirdə çıxış edən
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət
naziri Natəvan Qədimova nazirliyin tabeliyində 30 muzey və
muzeytipli müəssisənin fəaliyyət göstərdiyini
bildirib.
Naxçıvanda muzeyşünaslığın inkişafına, yeni muzeylərin fəaliyyətinə, maddi-mədəni irsimizin təbliğinə göstərilən qayğıdan danışan nazir vurğulayıb ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika vətəndaşları da yaxından iştirak edirlər. Məhz bu cür vətəndaşlıq mövqeyinin sərgilənməsinin nəticəsidir ki, ötən il muzeylərə 2348 ədəd eksponat daxil olub. 2019-cu ildə 15 eksponat təqdimatı keçirilib. Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbir də görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir.
“Xalqımızın həyat tərzini,
məişətini özündə yaşadan
maddi mədəniyyət nümunələri
– xalça məmulatları, tariximizin müxtəlif dövrlərinə aid toxuculuq alətləri,
məişətdə istifadə edilən mis
qablar Babək Rayon
Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilir. Bu maddi mədəniyyət
nümunələri muzey ziyarətçilərində
tarix və etnoqrafiyamız ilə
bağlı dərin təəssürat yaratmaqla
yanaşı, tədqiqatçı alimlərin də elmi-tədqiqat
işlərinin faktlarla zənginləşdirilməsi
işinə də mühüm töhfə
olacaqdır”, - deyən Mədəniyyət naziri Natəvan Qədimova
çıxışının sonunda muzey ekspozisiyalarının zənginləşdirilməsi
işində yaxından iştirak etdiklərinə
görə eksponat hədiyyə edən vətəndaşlara
təşəkkür edib.
Tədbirdə
eksponat hədiyyə edənlərdən Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət
işçisi Akif Hacıyev, Əli İsmayılov, Məhsəti
Səfərova çıxış edərək bildiriblər
ki, milli-mənəvi dəyərlərin qorunması və
yaşadılması istiqamətində görülən
işləri davam etdirəcək, maddi mədəniyyət
nümunələrinin toplanmasında fəal
iştirakçı olacaqlar.
Babək
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sərxan
Abdullayev muzey fondlarının zənginləşdirilməsi
işinə dəyərli töhfə verən rayon sakinlərinə
minnətdarlığını bildirib.
Sonda yeni eksponatlara baxış keçirilib.
525-ci qəzet.- 2019.- 25 yanvar.- S.17.