Qısqanclığın "Mənim günahım"dakı anatomiyası - Şahanə Müşfiqin reportajı

 

Qısqanclıq elə bir duyğudur ki, hansı statusda, hansı yaşda, hansı mövqedə olmağına baxmayaraq, insanı öz daxilindən yeyir, bitirir.

Əslinə baxanda bunun çox zaman qarşı tərəfə elə bir ziyanı olmur. Bu hiss, gərginlik insanın psixologiyasını pozur, rahatlığını əlindən alır. Uzağı, deyinmək, dava-şava, kiçik əsəb pozucu oyunlarla qarşı tərəfə ziyan vurmağa çalışırlar. Amma bütün hallarda, necə deyərlər, insan nə edirsə, özünə edir. Bəzən isə elə güclü qısqanclıqlar olur ki, orada artıq insan nə etdiyini bilmədən fövqəladə hərəkətlər etməyə başlayır. Günah, haqsızlıq gözünə görünmür. Bu zaman sanki daxilində qasırğa qopur, fırtına inləyir, bütün gözəl duyğular, səbr, sevgi o fırtınanın, o qasırğanın qoynunda sovrulub heçliyə qarışır. Yerində isə xəbislik, rəzillik qalır. Fırtına dinəndən, göydə uçuşan daşlar yerinə oturandan, əsəb, intiqam kölgəsini arxasıyca sürüyüb uzaqlaşandan sonra insan baxır ki, yerdə böyük, lap böyük peşmanlıq və xəyalqırıqlığı qalıb. Ondan sonra isə başlayır bu peşmanlığın psixoloji sarsıntısıyla mücadilə dövrü. Bu mücadilədən hansının qalib çıxacağı isə məchuldur.

Sənətdə, yaradıcılıqda qısqanclıq isə az qala sənət yaranan gündən var. Uğursuz uğurlunu, yaşlı cavanı, pis yaxşını hər zaman qısqanıb, qısqanır və insan var olduqca da qısqanacaq yəqin ki... Sənət yarandığı gündən indiyə qədər bu mövzu həmişə aktual olub və həmişə də aktual olacaq...

Bir neçə gün öncə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baxdığım "Mənim günahım" tamaşasında məhz bu mövzu ələ alınıb. Əslində, əsər heç də yad deyil. Öncə Xalq yazıçısı İlyas Əfəndiyevin kitabında pyes kimi oxumuş, televiziya tamaşasına baxmışam. Əsərin səhnə taleyi isə elə yarandığı tarixlə eyni ilə təsadüf edir. Həmin vaxt səhnə əsərinin quruluşçu rejissoru Əşrəf Quliyev, rəssamı Böyükağa Mirzəzadə, bəstəkarı Soltan Hacıbəyov olub. Nurcahan xanım rolunda Xalq artisti Leyla Bədirbəyli (əsas tərəf-müqabili Xalq artisti Əli Zeynalov olmaqla) çıxış edib. Mərhum sənətkar Amaliya xanım Pənahovanın illər öncəki açıqlamalarından birində deyilir ki, pyesin ilk teatr quruluşu hazırlanarkən Nurcahan rolunu əvvəl Şəfiqə Məmmədova məşq edirmiş. "Mənim günahım" pyesinin ilk teatr quruluşunun ərsəyə gəlməsindən 15 il sonra əsərin teatr quruluşunda Ayqız rolunda çıxış edən Amaliya Pənahova baş rollarda özü və xalq artisti Rafael Dadaşov olmaqla bu əsərə uğurlu televiziya tamaşası şəklində quruluş vermişdi.

İllər öncə Akademik Milli Dram Teatrı əsərə yenidən müraciət etdi. Bu dəfə quruluş Xalq artisti Mərahim Fərzəlibəyova aid idi. Nurcahan rolunu Xalq artisti Məleykə Əsədova, Sahibi Əməkdar artist Elşən Rüstəmov ifa edirdilər.

Azərbaycan Dövlət Musiqili Teatrı isə son illərdə əsərə tamam başqa məzmunda, tərzdə quruluş verərək repertuarına daxil edib. Sevgi haqqında pritçanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Əsərə quruluşu İradə Gözəlova verib.

Tamaşanın dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeyster Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Tamaşada obrazları Əməkdar artistlər Nərgiz Kərimova (Nurcahan), İlham Hüseynov (Sahib), teatrın balet artisti Mələk Səfərova (Ayqız) və başqaları canlandıracaq.

Əsərin süjeti yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinanın yaşantıları üzərində qurulub. Evində yalnız qalan, telefonlara, teatra dəvətlərə acıqlı cavab verən bu qadın çox narahatdır. Hətta onun günlərdir evdən çıxmadığını qapıya gələn televiziya müxbirindən öyrənirik. Müxbir bu vəziyyətin onun pərəstişkarlarını narahat etdiyini və bununla açıqlama almaq istədiyini bildirsə də, Nurcahan kobudluqla onları qapıdan qovur. Hansısa məsələ onu bərk narahat edir. Hiss olunur ki, bu narahatlıq onun psixologiyasına da çox pis təsir edib və onun gözünə bir balerina görünür. Bu balerinanın kimliyi bizə məlum deyil. Öncə bunun Nurcahanın gəncliyi olduğunu düşünürük. Çünki bu narahatlığın qaynağının onun yaşlanmağı olduğu qənaətindəyik. O, bütün varlığıyla bağlı olduğu səhnəyə, sənətə artıq yararlı olmadığını düşünür. Gənc balerinaların onun yerini rahatlıqla tuta biləcəyi əndişəsindədir. Hətta bunu teatrın direktoruyla telefon danışığında da dilə gətirir, "mənim rolumu Ayqıza verin" - deyir. Ayqız kimdir? Ayqız teatra yeni gələn balet artistidir. Belə məlum olur ki, yaşlanmaqdan qorxuya düşən balerina sənətini qısqanmağa başlayıb. Qısqanclığının əsas hədəfi isə gənc balerina Ayqızdır.

Bir azdan səhnədə Nurcahanın əri Sahib görünür. Bu məqamdan sonra qədər əsər demək olar ki, onların dialoqu və dialoqların səngidiyi məqamda özləriylə monoloquna həsr olunur. Məlum olur ki, Sahib illər öncə Nurcahanı səhnədə görüb və onun sənətinə vurulub. Bu vurğunluq indiyə qədər də davam edir. Nurcahan əvvəllər bəlkə də bunun fərqində deyildi, ya da bu vəziyyət onu narahat etmirdi. Amma indi - yaşlandığını və artıq sənətə, səhnəyə yararsız olduğunu anladığı məqamda ərinin bu sevgisinə də şübhə etməyə, onun sənətinə olan vurğunluğundan narahatlıq duymağa başlayıb. Sənət yoxdursa, deməli, sevgi də yoxdur. Sevgi yoxdursa, Sahib yoxdur.

Ərini itirəcəyi qorxusunun bir mənbəyi də yenə həmin o gənc balerinadır - Ayqız. Nurcahan Ayqıza təkcə sənətini yox, həyat yoldaşını da qısqanır. Özü də bu qısqanlıq elə bir qüvvədədir ki, qadın başını itirir, nə etdiyinin fərqinə varmır. Bu hədsiz qısqanclığına görə gərgin psixoloji sarsıntılar keçirir. Deməli, sənətə aşırı dərəcədə sevgi bəzən acınacaqlı nəticələr də verə bilirmiş. Nurcahan səhnəyə yenicə qədəm qoyan balerinanın gələcəkdə həm səhnədə, həm də ərinin həyatında onun yerini tuta biləcəyindən qorxur. Bu qorxu zaman keçdikcə onun bütün düşüncəsinə, qəlbinə, hisslərinə o qədər hakim olur ki, o, günah işləməkdən çəkinmir. Ayqızı "zərərsizləşdirmək", ya da ondan intiqam almaq üçün ona ən böyük pisliklərdən birini edir, ayaqlarının şüşəylə kəsilməsinə, zədələnməsinə səbəb olur. Bu, çox böyük bir günahdır. O, Ayqızı təkcə ayaqlarından yox, sənətindən, həvəsindən, sevgisindən, arzularından da qoparır. Bunu başa düşəndə isə artıq gec idi. Bu günah onu qarabaqara izləyir, əməlinin peşmanlığı onun mənəviyyatını bir məngənə kimi sıxır, əzir. Aydın olur ki, tamaşanın əvvəlindən bəri onun gözünə görünməklə ona əzab verən gənc balerina da Ayqızın xəyalı imiş. Nurcahanın susmayan vicdanı Ayqız obrazında onu izləməkdədir...

Həyat yoldaşı Sahib isə onun qısqanclıqlarının yersiz olduğunu, onu əvvəlki kimi sevdiyini, Nurcahanın hələ də ən möhtəşəm balerina, əsl sənətkar olduğunu deyir, xanımını buna inandırmağa çalışır. Amma hiss olunur ki, o, özü də bu dediklərinə inanmır. Bəli, Nurcahan sənətkardır, amma artıq kənarda dayanıb səhnə üçün tələbə yetişdirməklə məşğul olmalı olan sənətkar. Ayqızı da o yetişdirib. Ona isə bunlar yox, səhnə lazımdır.

Sahib Ayqızla bağlı Nurcahanın şübhələri isə Sahibin özüylə monoloqunda əslini tapır. Həqiqətən də Sahibin Ayqıza hissləri var. Təəssüf ki, bu hisslər platonik deyil, onların münasibəti də var. Bu da Sahibin günahıdır. Sahib Ayqıza olan hisslərini Nurcahana olan sevgisiylə müqayisə edir. Deyir ki, Ayqızın sevgisi ona illər öncə arvadına duyduğu o coşğun, saf hissləri xatırladır. O, Nurcahanı deyil, Ayqızı sevdiyini düşünür. Çünki Nurcahan artıq onun aşiq olduğu həmin qıvraq balerina, peşəkar aktrisa, əzəmətli sənətkar deyil. O, sönməkdə olan günəşdir. Bu hisslər də Sahibin günahıdır. Ayqız gənclik təravəti, istedadı və naz-qəmzəsiylə Sahibin ağlını başından almağı bacarıb. Buna görə də artıq teatrdakı əsas rollar ona həvalə olunur. Nurcahan Ayqızı özünə rəqib gördüyü kimi, Ayqızın da yolundakı tək maneə Nurcahandır. Çünki Nurcahan özünü nə qədər yararsız hiss etsə də, hələ də bu sənətin peşəkarı, tamaşaçının, rejissorun və səhnənin axtardığı sənətkarı olaraq qalmaqdadır.

Belə məqamda Ayqız Sahibin ürəyinə yol tapmağa çalışır. Nurcahan isə bunu gənc balerinanın şöhrət əldə etmək üçün vəzifə və söz sahibi yaşlı kişini yoldan çıxartmaq cəhdləri kimi dəyərləndirir. Haqsız da deyil...

Dəqiqələr irəlilədikcə Nurcahanla Sahib ətəklərindəki bütün daşları tökürlər. Hər şeyi ən xırda detalına qədər danışırlar. Nurcahanın incikliyi, Sahibin onun könlünü almaq və özünə belə etiraf etməkdən çəkindiyi həqiqətləri boynundan atmaq cəhdləri bir ailə dramını gözümüz önünə sərir. Bir-birini sevən ər-arvadın kənardan müdaxiləsi, üçüncü nəfəs hesabına qırılmaqda olan münasibəti tamaşanın dramatikliyini daha da artırır. Zaman-zaman səsləri qalxsa da, bir-birini yamanlasalar da (əsas da Nurcahan), məhz bu açıq söhbətin sayəsində həqiqətləri görə bilirlər.

Sahib anlayır ki, sən demə, onun gənc balerinalara olan bu həvəsin, Ayqıza bəslədiyi özəl münasibətin də kökündə Nurcahana olan sevgisi dayanır. O, səhnədə bir qu kimi süzən gənc balerina Nurcahanı o qədər çox sevib ki, indi bütün qızlarda məhz Nurcahanın həmin cavanlığını, təravətini axtarır. Bu, həm də insanın can atdığı bir nəsnəyə çatandan sonra həmin həvəsinin, ehtirasının sönməyinə oxşayır. Amma Sahibin Nurcahana olan sevgisi, ehtirası sönməyib, sadəcə öləziyib. Bircə qığılcıma bənddir ki, alovlansın. O qığılcım isə məhz bu söhbət olur.

Nurcahan Ayqızın ayaqlarını doğraması üçün ayaqqabısına şüşə qırıntıları tökdüyünü, Sahib isə Ayqızla münasibətdə olduğunu etiraf edir. Məncə, əsərdəki "Mənim günahım" ifadəsi təkcə Nurcahanla məhdudlaşmır. Bu, Sahibin də günahlarını əks etdirir.

İnsan günahını etiraf edib, onunla üzləşəndən sonra rahatladığı kimi, Nurcahan da, Sahib bu rahatlıqlarına qovuşurlar. Bir saat boyunca əsəb gərginliyini, peşmanlığını izlədiyimiz Nurcahandan sonda əsər-əlamət qalmır. O, "mən hər kəsdə səni axtarmışam" deyən ərini bağışlamaqla, özünün, sənətinin fərqinə də varır sanki... Və budur, teatrın direktoruna şən səslə cavab verərək, tamaşanı təxirə salmamağını, mütləq səhnəyə çıxacağını deyir.

Tamaşanın rəssamı çox sadə dekora üstünlük vermişdi. Səhnədə bir masa və üç stul var. Obrazların xəyalı, keçmişə aid xatirələri böyük ekranda əks olunur. Səhnənin ən uzağındakı qaranlıqdan süzülən piano səsi dialoqları tamamlayır, onlara lirik fon verir. Bir-birindən maraqlı musiqilər, sadə geyim və dekorlarla yaradıcı heyət qısa zaman kəsiyində böyük bir dramatik-psixoloji hadisəni tamaşaçılara təqdim etdilər.

Qısqanclıq isə bütün hallarda təhlükəlidir...

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 25 yanvar.- S.16.