İçimizdə böyütdüyümüz təkəbbür

 

Türkan TURAN

 

Son günlər sosial şəbəkələrdə bir qaraqışqırıq, bir hayküy var, gəl görəsən, "ağız deyəni qulaq eşitmir". Əlimizdə notbukumuz, klaviaturamız, telefonumuz var deyə, özümüzü qəhrəman sayırıq. Əslində, burda qeyri-adi heç yoxdur.

Hər kəsin söz demək haqqı, fikir bildirmək azadlığı var. Problem lağlağını, rişxəndi, ələ salmağı, hər şeyi məsxərəyə qoymağı hədsiz dərəcəyə çatdırmağımızdadır, zərrə qədər utanıb çəkinmədən başqalarının şəkillərini paylaşaraq ağzımıza gələni deyirik. Onsuz da bu hal qar uçqunu kimi hər gün bir az da böyüyürdü. Lakin seçki prosesi gedişatı daha da şiddətləndirərək bizim qızışmağımıza səbəb oldu. İyirmi birinci əsrdir, texnologiya dövrüdür, özümüzü inkişaf etdirmək üçün ciddi maneəmiz yoxdur. Di gəl, bəsitlik, bilgisizlik, kasadlıq içində üzməkdən zövq alırıq. Üzərimizdə olan cahillikdən qurtulmaq yerinə, dibini möhkəmlədir, bəsləyib böyüdürük. Araşdırmaq, öyrənmək istəmirik. Yazılanın oxuyub mahiyətinə varmadan əlimizə, ağzımıza gələn şərhləri veririk. Bədbəxtçilik budur ki, heç birimiz içərisində olduğumuz durumdan qəti narahat deyilik. Sanki elə belə olmalıdır! Məsələn, millət vəkilliyinə namizədlərlə bağlı yazılanları oxuyanda adamın tükləri biz-biz olur. Uğursuz şüarlarını, seçkiyə dəxli olmayan şəkillər çəkdirməklərini hamımız görürük. Amma bu, kiminsə başının keçəl, çəkisinin artıq olmasını, vücudundakı qüsuru, ayağındakı köhnə ayaqqabını məsxərəyə qoymağımıza haqq vermir. İnsanları bu şəkildə alçaltmaqla naqislik edirik. İrad bildirənlərə utanmadan cavabımız bu olur: "Tənqidə dözüm göstərmək lazımdır". Daha düşünmürük ki, tənqidlə təhqir etmək arasında incə bir xətt var. Bu xətti hər gün, hər an, hər saniyə tapdayaraq aləmi bir-birinə qatırıq. Halbuki dönüb aynaya baxanda üzərimizdə çirkabı, içimizdəki kiri pası gözümüz görür.

Təkcə sosial şəbəkədə belə deyil. Gerçək həyatda da dinc dayanmırıq. Sadəcə, sözlə deyil, baxışlarla, mimikalarla, istehzalı gülüşlərlə, dolayı yolla söz soxmaqla da bunu edirik. İnsanların qüsurlarını tapıb ortaya qoyur, onları alçaldan davranışlar sərgiləyir, ləqəblər qoşuruq. Lağlağını, ələ salmağı adətə çevirmişik. Bu hərəkətimizlə üstün olduğumuzu zənn edirik. Ancaq həqiqət belə deyil. Lağlağılıq cəhalətin içində kök salmaqdır. Cahil toplum başqalarını ələ salmaqdan çəkinmir, bunda qəbahət görmür. Hətta bunu əylənmək, nəşələnmək hesab edirlər. Qarşıdakına psixoloji, mənəvi zərbə vurduqlarının fərqində deyillər. Bu davranış şəklini televiziyalarda, böyük səhnələrdə, proqramlarda da görmək mümkündür. Hələ komediya adı altında müxtəlif təbəqədən olan insanları, kəndin, rayonun ləhcəsini, şivəsini lağa qoyub alqış pul alanları demirəm. Mizah ilə şitliyi qarışdırırlar. İntellektual, dərin zəka, düşünən beyin sahibi olan insanlar əsla belə hərəkətlər etməzlər.

Lağlağıq, kimlərisə ələ salmaq, aşağılayıb əylənmək içdəki təkəbbürdən doğur. Bu təkəbbür insanın özünü ən yüksək nöqtədə görməyə sövq edir. Təkəbbürlü insan başqasını təqdir etmir. Çünki içindəki fitnə-fəsad buna imkan vermir. Başqalarının əskiyini, qüsurunu tapır onlara lağ edir. Məsxərəyə qoymaq cəhalətin, görməmişliyin, az oxumağın, daxili komplekslərin, natamamlığın, əksikliyin, yetərsizliyin nəticəsidir.

Məsələn, Elina olayında "bullinq gələcəyi bulandırır" deyib barbar bağıranlar olay unudulandan sonra beşqat daha artığını başqalarına etməyə başladılar. Əslində, Elinanı intihar həddinə məsxərəyə qoyulması, özgüvəninin sındırılması, ələ salınması gətirib çıxartdı. Sinif yoldaşları, dostları tərəfindən rədd edildi. Yaxşı, həmin uşaqlar suçludurmu? Əlbəttə, yox! Çünki o uşaqları böyüdənlər bu gün gözümüzün önündə onu-bunu ələ salan içi təkəbbür dolu valideynlərdir. Uşaq evdə görürsə, getdiyi yerlərdə onu tətbiq edir. Yanında şeir söyləsən, onu əzbərləyəcək, dedi-qodu etsən onu...

Sosial şəbəkədə bir xanım var. İşdən qalmaqallı şəkildə azad edilən məmurlardan birinin qızıdır. Bir milyona yaxın təqibçisi var. Öz aləmində "arxamdakılar, fəhləliyə davam edin" yazaraq fəhlələri aşağılayır. Sözüm ona deyil, həmin statusu bəyənən minlərlə istifadəçiyədir. Əgər şəxs "like" etdiyi paylaşımın fərqində deyilsə, deməli, robotlaşıb. Yoxsa normal insan niyə belə paylaşıma dəstək versin ki?

İnsanların peşələri lağ mövzusu ola bilməz! "Bu, zibilyığandır, o, süpürgəçidir, o biri fəhlədir" deyimindən təhqir kimi istifadə etmək insan zəkasındakı qüsurdan başqa nəsə deyil. Əməkçi insanların gördükləri işdən dolayı aşağılanmasının heç bir bəraəti ola bilməz. Hələ bir-birinə "kasıb, yetim" deyib, ardınca qəhqəhə atanlardan danışmıram. Bu kəlimələrin alt qatı dərindir, təbii ki, düşünə bilən insanlar üçün... Bunlar əsla gülüş obyekti deyil. İnsanları mənsub olduğu milliyyətinə görə alçalda, dərisinin rənginə, üz quruluşuna, boy fərqinə görə kimisə aşağılaya bilmərik. Heç kim heç kimdən üstün deyil. Heç birimiz təmiz, pak, qüsursuz deyilik. Eşələsələr, alt qatımızdan kiminsə üzünə baxa bilməyəcəyimiz qədər eyiblər çıxar. Yaxşısı budur, hər şeyi ələ salmaq üçün sərf etdiyimiz enerjini beynimizin inkişafına yönləndirək.

 

525-ci qəzet.- 2020.- 25 yanvar.- S.14.