“Dünya ədəbiyyatı”
dərgisinin yeni sayı esse
janrına həsr edilib
Azərbaycan Yazıçılar Birliyi
Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
nəşri olan “Dünya ədəbiyyatı”
dərgisinin yeni sayı işıq üzü görüb.
Bu barədə dərginin
baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Baş redaktorun bildirdiyinə görə, dərginin
2019-cu il üçün
2-ci, ümumən isə
15-ci olan, 264 səhifəlik
bu sayı bütövlükdə esse
janrına həsr edilib: “Esse” sayında yer verilmiş, müxtəlif
ölkələrdən 50-yə yaxın müəllifin əsərləri olan mətnlər son yüz ildən bəri dünyada bu janrın keçdiyi inkişaf yolunu, onun hazırkı mənzərəsini, ifadə
imkanlarını və
qazandığı sənətkarlıq
keyfiyyətlərini geniş
şəkildə əks
etdirir”.
Dərginin yeni sayında
Pablo Neruda (Çili), Frans
Emil Sillanpyaya (Finlandiya),
Mişel Uelbek (Fransa – “Sadələşmiş
hesablar”, “Ticari stellajlar düzəltməli”,
“Donmuş hərəkətin
poeziyası”), Bernard Şou
(İngiltərə), Antonio Porpetta (İspaniya) və Mixail Şoloxovun (Rusiya) esseləri Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri,
şair Səlim Babullaoğlunun tərcüməsində
verilib.
Mişel Uelbekin bu sayda
təqdim olunan daha iki essesi
mərhum şair Adil Mirseyidin (“Sağqalma”) və dünyasını erkən
dəyişmiş yazıçı
Pərviz Yusifin
(“Absurd - yaradıcı faktor
kimi”) vaxtilə çevirdikləri mətnlərdir.
Rolan
Bart (Fransa), Migel de Unamuno (İspaniya) və Adonisin (Suriya) dərginin
yeni sayındakı esselərini tanınmış ədəbiyyatşünas,
professor Cavanşir Yusifli çevirib.
Adam Kirş (Amerika),
Con Bart (Amerika), Xorxe Luis Borxes (Argentina),
Mo Yan (Çin),
Viston Hyu Oden (İngiltərə), Zeydi
Smit (İngiltərə), Enrike
Vila-Matas (İspaniya),
Xavier Marias (İspaniya), İtalo Kalvino (İtaliya), Simon Gikandi (Keniya), Karlos Fuentes (Meksika), Mario Varqas Lyosa (Peru
- “Ədəbiyyatsız dünya necə
olardı”), Veronika Serbinskaya
(Rusiya), Vladimir Nabokov (Rusiya-Amerika), Orxan Pamuk və Özdəmir
İncənin (hər ikisi Türkiyədən)
esseləri isə şair və ədəbiyyatşünas
Qismətin tərcüməsində təqdim olunub.
Corc Feyfer (Amerika), Tomas Bernhard (Avstriya), Anatol Frans (Fransa), İngiltərə yazıçılarından Artur Konan Doyl, Gilbert Kiyt Çesterton və Piter Smitin, italyan yazarlar Alessandro Piperno və Renzo Olivanın, Yanuş Qlovatski (Polşa), Mario Varqas Lyosa (Peru - “Katoblepas” və “Soliter haqqında pritça”), rus ədiblərindən Dmitri Merejkovski, İqor Yevdokimov, Larisa Obaniçeva, Nikolay Berdyayev və Yevgeni Zamyatinin esselərini Seyfəddin Hüseynli tərcümə edib. Türkiyəli yazarlar Əhməd Camal, Çingiz Güləç, Nihat Ziyalan, Semih Gümüş, Sərxan Evyapan və Yusif Yaquboğlunun, eləcə də Uruqvay yazıçısı Mario Benedettinin esseləri də S.Hüseynlinin tərcüməsində verilib.
Nəşrin üz qabığının tərtibatı tanınmış Polşa rəssamı Yatsek Yorkanın “Aşınma” əsəri əsasında qurulub.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 25 yanvar.- S.13.