“... Düşmən
bıçağı idin kürəyimdə”
Adam elə darıxır ki...
Salam,
ömrüm, biz tərəfə qar yağır,
Don vurubdu üst qatını dənizin.
Adam elə
köpək kimi darıxır,
Adam elə
darıxır ki, əzizim...
Baxırsan
ki, quş yuvası yiyəsiz,
Baxırsan
ki, ağacların barı yox.
Yaşayırsan
"bəlkə"lərsiz, "niyə"siz,
Yaşayırsan, yarı varsan, yarı yox.
Bürünürsən
keçən ilki pencəyə,
"Üşüyərsən" - deyənin yox
sazaqda.
Gizli-gizli
ağlayırsan gecəyə,
Gülür sənə küçədəki uşaq
da.
Baxırsan
ki, dağınıqsan, pintisən,
Yaşadığın qəfəsmidir, odamı?
Tanımırsan
öz özünü indi sən,
Tanımırsan güzgüdəki adamı.
Salam,
ömrüm, biz tərəfə qar yağır,
Don vurubdu üst qatını dənizin.
Adam elə
köpək kimi darıxır,
Adam elə
darıxır ki, əzizim...
Qorxma
Qorxma,
daha bir kimsəni sevmirəm,
İsidən yox fəsillərin qışında.
Qorxma,
daha gücüm də yox gəzdirəm,
Başqasını ürəyimin başında.
Qorxma,
daha telefonum hey susur,
Gizlətmirəm zənglərimi birindən.
Qorxma qəlbim
həsrətinə uduzur,
Bağlanmıram adamlara dərindən.
Qorxma,
indi soluxubdur bənizim,
Kim tanıyar məni belə görəndə?
Qorxma
gülüm, gecə kimi səssizəm,
Gülüşümü itirmişəm dünəndə.
Qorxma, hələ
bəriyədir yollarım,
Səfərimi uzaqlara salmıram.
Qorxma, hələ
sağalmayıb qollarım,
Özgəsini ağuşuma almıram.
Qorxma,
gözüm açılmır ki gün görəm,
Göz yaşımı şeirlərə
sıxıram.
Bax beləcə
hər gün biraz ölürəm,
Hər
gün biraz həyatından çıxıram...
Bundan sonra alınmaz
İçkilərdə
ovudursan
qəlbini,
Duman-duman siqaretdə itirsən.
Min bir dəfə
qayıdırsan yanıma,
Min bir dəfə üz çevirib gedirsən.
Yollar daha
əzbərləyib izini,
Telefonun zənglərimə qapalı.
Hələ
məğrur aparırsan özünü,
Hələ səndə ürəyimin açarı.
Məktublarım
giley dolu fikirlər,
Məktublarım ürəyimin qisası.
Aramızda
məsafələr tikilər,
Xəbərimiz olmaz belə, qadası.
Heyrətimnən
yıxılmısan heçliyə,
Ümüdümün qanadı yox uçmağa.
Ürəyində
küçə yoxdur keçməyə,
Ürəyinin qapısı yox açmağa.
Bizim
üçün bitib daha kəlmələr,
Hisslərimiz min vüsalla ovunmaz.
Çox
çalışdıq, bu qədəri bəs edər,
Bundan sonra alınmaz e, alınmaz.
***
Bilmirəm
nə vaxt itirib,
Nə vaxt unutmuşam məni.
Bilmirəm
hansı qapıdan,
Küçəyə
atmışam məni,
Alnımda
bəxtim yazılıb,
Qazılıb qəbrim, qazılıb.
Görəsən,
kimə qısılıb,
Kimdə ovutmuşam məni?
Qəliz
sirr deyil ki qanım,
Çoxdan bəlli idi sonum.
Məni
sorma, qurban olum
Ucuza satmışam məni.
Ümid varmıdır sabaha?
Bürünmüşəm dərdə, aha.
Məni
tapşırıb Allaha,
Göylərə tutmuşam məni.
32
Bizim
küçələrdə xəzandı yenə,
Nə yağış kiriyir, nə bulud susur.
Hardasa bir
nəvə yuxusun deyir,
Hardasa bir
nənə tərsinə yozur,
O pis
yuxunu...
Susdum,
sükutumda öldü arzular,
Dondu baxışımda son ümid, son iz.
Gözümün
yaşına qarışdı sular,
Qorxdum
ağlamasam quruyar dəniz
Ölər
balıqlar...
Mən ki
bu payıza, qışa alışdım,
Kim deyir əllərim hələ bahardı?
Bilmirəm
nə zaman alnım qırışdı,
Bilmirəm haçandan saçım ağardı.
Bəlkə
o gündən...
Bizim gecələrin
ayı bulanıq,
Bahar qış ömrünə çatandan bəri.
Görən
ad günümə kim gətiribdir,
Bu matəm qoxulu qərənfilləri?
Dedilər
Atandı...
***
Yaxşı
ki, o səhər ölmədim,
O sən
gedən səhəri deyirəm.
Yadındadır
mən topladım
əşyalarını hələ?
Hıçqırıqlar
içində pıçıldadım da:
"Get,
gülə-gülə"
Yox e,
sözüm onda deyil,
Yaxşı eləyib getdin.
Qalıb
nə edəcəkdin ki,
Viranə ürəyimdə?
Onsuz da əzəl
gündən,
Yalançı məhəbbətdin.
Onsuz da
düşmən bıçağı idin
kürəyimdə...
Bax,
heç zəng də etmirəm,
Nə də
axtarıb, sormuram...
Həvəsində
deyiləm qapalı dəftərin-
Çoxdan
külünü sovurmuşam
Lənətə gəlmiş vərəqlərin.
Sonra demə,
unuda bilmədin məni,
Lovğalıq qatma gülüşünə.
Danışmağı
sevmirsən, bilirəm,
Susmağın
da anlam verir
gedişinə.
***
Sığınmağa
bir qucaqlıq yer ola,
Boşluğunu unutdura görüşlər.
Ürəyimin
yanan yeri qar ola,
Sərinlədə ciyərimi öpüşlər.
Etmədiyim
günahların naminə,
Getmədiyim uzaqlardan qayıdam.
Əcəb
vurdun zəifimdən, Birdənəm,
Əcəb qırdın qanadımı, ay Adam.
Necə keçir saatların, günlərin?
Mən ki hələ ayılmadım yaradan.
Üşüyürmü
yoxluğumdan əllərin
Ay vəfasız,
ay duyğusu qar Adam.
Sığınmağa
bir qucaqlıq yer ola,
Sığallayan
əllər ola bir də ki,
Yatağımız
zaman qədər dar ola,
Döşəmədə
güllər ola, bir də ki...
Nəfəs-nəfəs
əridikcə odada,
Viranədən özünə taxt hörəsən.
Bacarasan
ürəyini arada,
Özgəsində ovundura biləsən.
Bacarasan unudasan, atasan.
İnanmağı unudasan dərindən.
Ölüm
bilib yaran üstə yatasan,
Diriləsən vurulduğun yerindən.
Sığınmağa
bir qucaqlıq yer ola,
Sığallayan
əllər ola, bir də ki...
Yatağımız
zaman qədər dar ola,
Döşəmədə
güllər ola, bir də ki...
Ümidsiz
Mən bu
kainatdan üzüb getməyə,
Bəm bəyaz yelkənli gəmi istədim.
Əl
açıb Tanrıdan xəstə qəlbimi,
Körpəcik istədim, yeni istədim.
Baxtım
göy üzünün aydınlığına,
Baxdım qollarımı qanad görmədim.
Verdiyim
qisməti, verdiyim bəxti,
Geri qaytaranda abad görmədim.
Eləcə
Allaha tapşırdım məni,
Eləcə
payıza əmanət dedim...
Bu yolu,
cığırı ziyan dünyada,
Bircə yol səadət bəri olmadı.
Bu qədər
adamı olan dünyada,
Bağrıma basmağa biri olmadı.
Addımım
qısaldı yol ayrıcında,
Addımım
itirdi qətiyyətini...
Sevməsən də, unutma
Yoxdur daha
baxışında doğmalıq,
Xəyanətlər sildi səndə izimi.
Adam kimi
sevgili də olmadıq,
Adam kimi nə
olduq ki..,
düzdümü?
Unutdunmu qoxladığın telləri?
Darıxdımı gözlərində uzaqlar?
Gəlirsənsə,
yarı yoldan dön geri,
Qollarımda
bir gecəlik qonaq var!
Boğazıma
dirəndikcə yalanlar,
Qabığımdan soyuluram, çıxıram.
Yastığımda
uyuyurlar ilanlar,
Yastığıma baş qoymağa qorxuram.
Nə qalıbdı dünənindən əlində?
Xatirələr
qan gölüdür, uzaq dur!
Bilirəm
ki..,
bilirəm ki, sənin də
Yatağında elə həmin sazaqdır.
Mən
vüsalı gətirmirəm dilə də,
Demirəm ki, qaranlıqda çıraq var.
Qarşılaşsaq,
ürəyimdə hələ də,
Üşüməyə
ikimizə otaq var...
Barmaqlarım
saçlarımda azıbdır,
Əllərini
saçlarınla ovutma!
Yox, unutma, xatirələr yazıqdır.
Sevməsən
də..,
sevməsən də unutma!
Nikotin
Bütün
əvvəllərin yolu sonadır,
Bitəcək həvəsi görüşlərinin.
Ayrılıq
azacıq nikotin dadır,
Tərkibi qətrandır öpüşlərinin.
Mən
ki, ta əvvəldən ürəyi qırıq,
Axı nə biləsən, hardan biləsən?
Sən
vüsal donunda gələn ayrılıq,
İndi həsrətinlə nəfəs-nəfəsəm.
Yığıldı
köksümə dərd yumaq-yumaq,
Əsən külək mənəm, yağan qar mənəm.
Axı
necə olur həmişə, ancaq,
Bütün səbəblərə günahkar mənəm?
Qürurum
ucuzmuş, vüqarın baha,
Böyük duyğuların ruhu kiçilib.
Qorxma,
çıxmayacam qarşına daha,
Qorxma,
yolsuzluqda qapı açılıb...
Adımı
dəli qoy, ya da sərsəri,
Min bir bəhanə
tap qınağa, kinə.
Bütün
kədərimin yolu sənədi,
Bütün
qəzəbinin ünvanı mənəm...
Daha əvvəlki
tək gətirmirəm tab,
İndi ahlarıma mücrüdü sinəm.
Hayandan
baxsan da, bəllidir cavab,
Bu eşqin uduzan tərəfi mənəm.
***
Min kərə
zamandan imdad istədim,
Min kərə əyildim xatirələrə.
Bağışla
vaxtında gələ bilmədim,
Qatarlar gecikir sizin şəhərə.
Yolların
yaddaşı yox imiş demə,
Silinib izlərin,
sənə kim çatar?
Qəlbini
titrədər bir fit səsinə,
İzsiz
biyabanda azmış bir qatar.
Bilmirəm
ölüyəm, yoxsa diriyəm,
Sənsiz yaşamağı başa salsana?
Gecikmiş
qatarın sərnişiniyəm,
Açıb qollarını qarşılasana.
İtib arzularım dumanda, çəndə.
Təpədən dırnağa dərdəm, qəhərəm.
Mən
qadın deyiləm, əslində mən də
Qatarı gecikən qərib şəhərəm.
Bir də inanmaq
Mənim
darıxmağa adamım yoxdur,
Elə tələsməyə görüş yerim də.
Bütün
sevinclərim düyünə dönüb,
İlişib alnımın qırış yerində.
Ovuda
bilmirəm halsızlığımı,
Yarpağa dönürəm-saralıb düşən.
Mən ki
bu dünyaya yalqızlığımı,
Özümlə
bərabər pay gətirmişəm.
Duyduğum
vədlərə inanmam daha,
Sözlərin qüdrəti sovruluncadı.
Həvəsim
qalmayıb qanad açmağa,
Çətini bir dəfə yoruluncadı.
Qovuram
fikrimdən kor gümanları,
Qayğılı gözlərim hələ yol çəkir.
Çətindir
unutmaq yaşananları,
Təzədən birinə inanmaq təki.
***
Hər
şey səni xatırladır,
Bu küçə də, bu döngə də.
O
ağacdan yerə düşən o kölgə də.
Bu şəhər
də, bu ölkə də,
Mənə səni xatırladır.
Hər
gün səni xatırladır,
Vaxt, zaman da.
Sahibi tərk
edib gedən
O
ünvan da.
Yanımda
əlimi sıxan bu adam da
Mənə
səni xatırladır...
Darıxanların şeiri
Yaddaşının
dərd yerində azarsan,
Həsrət olub gözlərində durulsam.
Bircə
kəlmə gəl görüşək, yazarsan,
Mənim üçün darıxmaqdan yorulsan.
Nəyə gərək vüqarına
sığınmaq?
Bəlkə bir gün sıfırlayaq dünəni?
Uduzursan,
uduzursan, ay Axmaq,
Qüruruna uduzursan sən məni.
Qayıtmağa
nə cığır, nə yol qalar,
Ayılanda bu qaramat yuxundan.
Aramızda bir görüşlük ümüd var,
Gəl darıxaq adam kimi yaxından.
Daha səbrim
qaya deyil, sınama,
Düzəlmərəm bircə dəfə
qırılsam.
Bir səbəb
tap qayıtmağa yanıma,
Mənim üçün darıxmaqdan yorulsan.
Olmazları
aşacayıq güman et,
Qurban olum təkliyinə sarılma.
Mənim
üçün darıxmağa davam et,
Mənim üçün darıxmaqdan yorulma.
Arzu HÜSEYN
525-ci qəzet.- 2020.- 29 yanvar.- S.23.