O mehriban, o əziz...
O,
İncəsənət Universiteti teatr sənəti fakültəsinin
aktyorluq şöbəsinə qəbul olunanda artıq Bakı
Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə
diplomu ilə bitirmişdi. Kimya və
aktyorluq! Qəribə gəlirdi bizə,
axı bu, tamamilə bir-birindən uzaq sahələr idi, amma o,
bacardı.
Tələbəlik illərimiz bir yerdə keçdi, öz bacarığı, istedadı ilə yanaşı, həm də ürəyi ilə, ruhu ilə hamımıza doğma bacı, dost oldu. 1991-ci ildən 2012-ci ilə qədər Badamdar mədəniyyət evinin direktoru kimi fəaliyyət göstərdi və bu illərdə onun rəhbərliyi altında formalaşan özfəaliyyət kollektivləri neçə-neçə uğura imza atdı. O dövrdə Badamdar mədəniyyət evinin teatr kollektivi ölkənin ən tanınmış Xalq teatrlarından biriydi və Fəridə Babayeva bu teatrın səhnəsində 30-a yaxın tamaşaya quruluş verdi. Repertuarda olan klassika, xarici və yerli dramaturgiya, səhnələşdirilmiş ədəbi əsərlər kollektivin daima axtarşda olduğunu gösərirdi. Kollektiv müxtəlif qastrollara gedir, festivallara qatılır, tamaşaçılar qarşısında uğurla çıxış edirdi.
2009-cu ildə Bakıda fəaliyyət göstərən
Xalq teatrlarının festivalı həm də 20 ilə
yaxın bir dövr üçün onun hesabatı oldu və
sanki tezliklə başqa sahəyə keçəcəyini
duymuşdu. Festivalda onun kollektivi Xalq yazıçısı
Elçinin "Qatil" pyesi ilə çıxış
etdi və birinci yeri götürdü, baş rol
ifaçısı isə "ən yaxşı kişi
rolu" nominasiyası üzrə diploma layiq görüldü.
Fəridə
Babayeva içi daima yaradıcılıq eşqi ilə
alışıb yanan sənət adamıdır, tələbəlik
illərindən bu yana hər zaman mütaliə edən,
yeniliklər axtaran, eksperimentlər aparan sənət
adamıdır və rəhbərlik etdiyi özfəaliyyət
kollektivləri ilə birgə qazandığı uğurlar
onun peşəkarlığının sübutudur.
2009-cu ildə "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni estetik ifadə vasitələri: 1985-2005-ci illər" mövzusunda yazdığı işlə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını aldı. Daha sonra 2013-cü ildən 2015-ci ilə qədər Mədəniyyət və İncəsənət Universitetinin "səhnə danışığı" kafedrasında pedaqoji fəaliyyətlə məşğul oldu və onun açıq dəsrləri ilə bağlı hələ də adı çəkilən təhsil ocağında xoş xatirələr dolaşır.
O, həm
istedadlı aktrisa, həm də peşəkar qiraət
ustasıdır, filmlərdə, seriallarda yaratdığı
maraqlı obrazalarla sevilir, yadda qalıb, amma bütün
bunlarla yanaşı, Fəridə Babayeva əvəzsiz dostdur,
sirdaşdır. Onunla söhbət
etmək, dərdləşmək, xatirələri
bölüşmək sadəcə və sadəcə
könül xoşluğudur və bu il yanvarın 30-da tələbə
yoldaşımızın, dostumuzun, kursumuzun gözəl
bacısının yubileyidir. Bu münasibətlə əziz tələbə
dostumu bütün kursumuz adından ürəkdən təbrik
edir, ona can sağlığı,
yaradıcılığında və şəxsi həyatında
uğurlar arzulayıram.
Hər
zaman belə gözəl qal, əziz Fəridəmiz!
Hörmətlə,
səni sevən tələbə dostların: Əyyub Qiyas
(yazıçı-tərcüməçi), Mahəddin
Əsgər (əməkdar mədəniyyət
işçisi), Nüsrət Hacıyev (ehtiyatda olan polkovnik). Ədalət Əbdülsəməd (aktyor), Şirzad Pirallahi
(aktyor), Mehriban Xanlarova (əməkdar artist), Kəmalə
Müzəffər (əməkdar artist), Kəmalə
Mehdiyeva (sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent), Rövşən Məmmədov (iş
adamı), Müşfiq Hətəmov (əməkdar incəsənət
xadimi), Şahbaz Xuduoğlu (naşir).
525-ci qəzet.-
2020.- 29 yanvar.- S.22.