Vətəni sevmək imandandır

 

Vətəni sevmək imandandır. Vətəni sevmək, onu düşmənlərin hücumundan qorumaq, ana yurdun çiçəklənməsi və inkişafı üçün çalışmaq hər bir vətən övladının mühüm vəzifəsidir.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti, bəşəriyyətin ali ideallarına xidmət... Gərək sidq-ürəkdən Tanrıya bağlı olub onu hər an, hər yerdə görüb, duyub hiss edəsən ki, bu işləri görə biləsən.

... Qazaxın çətin günləri idi, qəsbkar ermənilər yurdumuzun bu gözəl, dilbər guşəsini də zəbt etmək üçün məkrli planlar hazırlamışdı. Torpaq uğrunda ölüm-qalım savaşı gedirdi, əliyalın camaat təpədən-dırnağadək silahlanmış düşmənin qarşısında mərdliklə tab gətirirdi.

Səhər yenicə açılmışdı, şəhərə doğru hərəkət edən yük maşınları bir-birinin ardınca gəlib rayon stadionunda dayandı. Maşınlar ərzaq, geyim şeyləri və digər lazımi əşyalarla dolu idi. Az keçməmiş xəbər rayon camaatının arasında yayıldı, stadion istiqamətinə insanların axını başladı. Üzlərində kədər qarışıq sevinc duyulurdu, xeyirxahları - Vidadi müəllim gəlmişdi, özü də vədə tamamında. Eloğlularının ehtiyac duyduqlarını maşınlara yükləyib gətirmişdi...

Kimdir Vidadi Bayramov? Düşünürəm ki, onu tanıyanların, ona dəyər verən insanların ürək sözləri, söylədiyi fikirlər bu sualın tam cavabını almağa yardımçı olacaq. Beləliklə... Qazax Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurasının üzvü olmuş Həmzə Əliyev ilk bələdçimizdir... Cəmiyyətin təsis etdiyi "Dəli Kür" qəzetinin Vidadi Bayramovun 60 illiyinə həsr etdiyi xüsusi buraxılışında Həmzə müəllim yazır: "Qazax Xeyriyyə Cəmiyyəti təsis olunanda mən şəxsən Vidadi qağanı yaxşı tanımırdım. Hansı dövlət vəzifələrini daşımasından xəbərsiz idim. Yalnız I Şıxlı kənd orta məktəbinin sabiq direktoru, tələbəlik dostum Rəşid Sadıqovdan soruşanda ki, "Sizin məktəbin bu yeni binasını kim tikdirir?", sualıma belə cavab vermişdi: "Kəndimizdən Bakıda işləyən Bayramov qardaşları var, onlar". Doğrusu, bu Bayramov qardaşlarının kimliyi yenə də mənə tam aydın olmadı...

Faciəli, məşəqqətli 1988-ci illər başladı, mahalın təəssübkeş, qeyrətli, vətənpərvər oğulları Qazax Xeyriyyə Cəmiyyəti ətrafında cəmləşməli oldular. Böyük yazıçımız İsmayıl Şıxlı başda olmaqla, tez-tez rayonlara getməli olurduq. Bu gedişləri təşkil etmək asan olmurdu. Bunun üçün vəsait, maşın lazım idi. Elə bu məsələlərdə Vidadi Bayramovun şəxsiyyəti, böyük vətənpərvərliyi, xeyirxahlığı, hatəmliyi özünü büruzə verirdi. O, Qazax Xeyriyyə Cəmiyyətinin duyan və döyünən qəlbidir".

Müxtəlif dövrlərdə böyük idealların yerinə yetirilməsində ictimai səviyyədə fəaliyyət göstərən xeyriyyə fondlarının müstəsna əhəmiyyəti olub. Qazax Xeyriyyə Cəmiyyəti də Azərbaycan cəmiyyətində formalaşmış zəngin tarixi ənənələrin davam etdirilməsi zərurətindən yaradılıb. Onun yaradıcısı və ilk sədri, şair Aslan Kəmərli Bakıda və Sumqayıtda yaşayan eloğlularını cəmiyyətin ətrafında sıx birləşdirib. 1992-ci il oktyabrın 24-də Aslan Kəmərlinin avtomobil qəzasında ölümündən sonra cəmiyyət üzvləri Vidadi Bayramovu onun sədri vəzifəsinə seçib.

Vidadi Bayramov 1939-cu il dekabr ayının 29-da dünyaya gəlib. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunun "Maşınqayırma sənayesi" fakültəsində oxuyub və mühəndislik sənətinə yiyələnib. 1969-cu ildə Azərbaycan Respublikası Təchizat Baş İdarəsində əmək fəaliyyətinə başlayıb, "Azərmaş" istehsalat birliyinin baş direktoru vəzifəsinə qədər yüksəlib. 1992-ci ildə isə Qazax Xeyriyyə Cəmiyyətinin sədri kimi fəal ictimai işlə məşğul olmağa başlayıb.

Akademik Teymur Bünyadovun ünvanına söylədiyi fikirlər Vidadi Bayramovun portretini özünəməxsus şəkildə cızmağa çalışır: "Ay Vidadi, sən səxavətli olduğun qədər də sədaqətlisən. Dostluq işlətmək, dost qədri bilmək, dosta arxa durmaq sənin amalındır, sənin idealındır. Son dərəcə istiqanlı, vətəncanlısan. Qazax sənin taleyin, müqəddəs ocağın, ziyan, ziyarətgahındı. İnsan nə qədər torpağa, ocağa, yurda bağlı olarmış, İlahi!.. Dəlicəsinə sevmək, yolunda şəhid olmaq onun üçün şərəfdir. Kişi kimi yaşamısan, kişi kimi də yaşa".

Vidadi Bayramov Qazax-Ağstafa mahalında yaşayan qaçqınlara, şəhid ailələrinə mütəmadi olaraq baş çəkir, şəhidlik zirvəsinə ucalan igidlərin ailələrinə başsağlığı verir, onları ümidsiz, yardımsız qoymurdu. Şair Nəriman Həsənzadə onun məhz bu keyfiyyətlərini diqqətə çatdıraraq yazır: "Vidadi Bayramov cəmiyyətin sədrliyi vəzifəsində məccani işləyir. Maaş almır. Özü isə uzun müddətdir başqa yerdə işləmir, maaş cədvəlinə qol çəkmir. Onun da ailəsi var, dostları-tanışları var axı. Həm də gözəl mühəndis-mütəxəssisdir. Bu yaradıcı, təşəbbüskar, işgüzar insan cəmiyyət üzvləri arasında da, Qazax mahalında da böyük hörmət-izzət sahibidir. Kiməsə yaxşılıq eləsin, kiminsə ürəyini qırmasın, kiminsə dərdinə, sevincinə şərik olsun! - Bax, budur onun mənəvi paklığı, insanlığı və sədrliyi! O, xeyirxah olmasaydı, xeyriyyə cəmiyyətinin sədri ola bilməzdi. Bax, budur onun mənəvi paklığı, insanlığı və sədrliyi. Xeyirxahlıq - əzabkeşlikdir..."

Qazax mahalının yağı düşmənlə üz-üzə qaldığı vaxtlarda Vidadi Bayramovun şəxsi təşəbbüsünün, təşkilatçılıq bacarığının, çətin məqamda simsar olmaq, mənəvi dayaq durmaq kimi yüksək insani keyfiyyətləri cəmiyyətin hər bir üzvünə sirayət etmişdi. Məhz onun rəhbərliyi altında hər kəs ata-babalarının kül tökdüyü, ocaq yandırdığı mahala bacardığından daha artığını edirdi. Bəlkə elə buna görə də torpaqlarını düşmənin aramsız hücumlarından qoruyub saxlaya bildilər. Kəndlərdə əli silah tutanları səfərbər edərək düşmənlə sərhəd olan bölgələri - Kəmərli, Əsgipara, Quşçu Ayrım, Xanlıqlar, Bala Cəfərli, Barxudarlı, Köhnə qışlaq, Tatlı və s. obaları qarış-qarış, səngər-səngər gəzir, döyüşən əsgərlərimizə maddi kömək göstərir, mənəvi dayaq olurdu, onları silahsız qoymurdu.

Cəmiyyət yalnız Qazax rayonu üçün çalışmırdı, bütün cəbhə bölgələrinə yardımlar aparılırdı. O ağır günləri Vidadi müəllim belə xatırlayır: "Hamı öz torpağını, doğulduğu yeri sevir. Cəmiyyətimizin üzvləri də Qazaxı, Ağstafanı çox sevir, amma hamı bilir ki, mən mahalımızı varımla, dövlətimlə, qəlbimlə sevirəm və hər şeyimi o mahala qurban verməyə hazıram. Hərdən məndən soruşurlar: Cəmiyyətinizin bu qədər uzun müddətdə fəaliyyət göstərməsinin səbəbi nədir? Əvvəla ona görə ki, burada hərc-mərclik, dağıntı yoxdur. Digər tərəfdən onun üzvlərinin sırasına diqqət edin: əksəriyyəti məşhur, tanınmış ziyalılardır.... Ən əsası müxalifət və iqtidar sözünü qəti qadağan etdik və hamı bundan razı qaldı, "mən, sən" sözü olmadı. QXC ona görə də dağılmadı, indi də yaşayır. Yəqin ki, bundan sonra da yaşayacaqdır... Ağır günlər idi... Bir gün gecə 3-4 radələrində telefon zəng çaldı, çox qorxdum, yəqin Qazax, Ağstafa çətin vəziyyətdədir, ona görə gecənin bu vaxtı zəng vururlar - deyə düşündüm. Hərbi hissənin işçisi Rəşid idi. O, vəziyyət barədə məlumat verib əsas məsələyə keçdi: "Vidadi qağa, Lökbatanda rusların hərbi komandiri ayrı-ayrı dəstələrə silah-sursat verir. Mən indi ordan gəlirəm, onlara hörmət etmək lazımdır ki, bizə də tank versinlər, yoxsa vermirlər", - dedi. Mən o vaxt millət vəkili olan Şirin Hacıkərimovla birgə Lökbatana getdim, Rəşid də gəldi. Əvvəlcə Şirin onlarla söhbət etməyə başladı, biz bayırda gözləyirdik. Söhbətin gedişindən başa düşdüm ki, bir şey alınmır, deyəsən, rus polkovniki Şirin Hacıkərimovun deputat olduğunu duymuşdu. Rus hərbçisi ilə dil tapmaq çətin olmadı, sövdələşməmiz baş tutdu. Bizə 4 ədəd tank, 2 ədəd BMP, 2 ədəd BTR və 8 rus əsgəri verdi ki, tankları müşayiət etsin. Ağstafa, Qazax camaatı dəmiryol vağzalına axışmışdı, gözlərində həm sevinc, həm də kədər görünürdü. Bax, onda bir daha inandılar ki, arxasız, köməksiz deyillər".

Bu gün özünün 80 yaşını qeyd etməyə hazırlaşan Vidadi müəllim cəmiyyətə 25 il sədrlik edib. Zarafat deyil, bir igidin ömrü qədərdir. Sədrliyə gəldiyi ilk vaxtları tez-tez xatırlayır, hərdən kədərlənir, sevinir, bəzən qürur duyur. 42 yaşında böyük bir cəmiyyətin taleyini ona etibar etmişdilər axı! Vidadi müəllim deyir: "Mən bu cəmiyyət yarandığı gündən onun üzvüyəm, eloğlum Aslan Kəmərlinin çağırışına ilk qoşulanlardan biriyəm. Məsul dövlət vəzifəsində olsam da, cəmiyyətin bütün işlərində fəal iştirak edirdim. 1992-ci il oktyabrın 24-də Qazaxın erməni işğalçılarına qarşı mübarizəsinin əsas təşkilatçılarından biri olan Aslan Kəmərlinin ölümündən sonra sədr seçildim. Yaxşı yadımdadır, təzə sədr seçilən günlərin birində Qazaxdan zəng vurub dedilər ki, hərbi hissələrdə akkumulyator yoxluğundan heç bir texnika işləmir. Mənim təklifimlə İcra Hakimiyyətindən Nazirlər Kabinetinə rəsmi məktub göndərildi. Məktuba əsasən 42 ədəd akkumulyator alınıb Qazaxa göndərildi. Bu işdə Bəhruz Əliyev mənə yaxından kömək etdi. Doğrudur, vətəndaşlıq borcu kimi görülən işlər barədə danışmaq o qədər də doğru deyil, elə dinimizdə də buyrulur ki, sağ əlin verdiyini sol əl bilməməlidir, ancaq bütün bunlar tarixdir, tarix isə doğru-düzgün yazılmalıdır. Biz o vaxtkı Bakı şəhər Baş Polis İdarəsinin rəisi Abdulla Allahverdiyevi necə xatırlamaya bilərik, hərbi hissələrə 3 maşın silah-sursat, paltar, ayaqqabı göndərmişdi. Buzovnadakı hərbi zavodun direktoru Məmməd Namazov əsgərlərimizi isti yeməklə təmin etmək məqsədilə çoxlu sayda 20-25 litrlik termoslar təşkil etmiş, polkovnik Tapdıq Osmanov erməni daşnaklarının yararsız hala saldığı xəstəxananı tam təmir etdirmiş, zavod direktoru Faiq Əfəndiyev, Rabitə Nazirinin müavini Omar Hüseynov, ayaqqabı fabrikinin direktoru Dursun Mustafayev, "Dəli Kür" restoranının müdiri Arif Əliyev, şirkət rəhbərləri Puşkin Əhmədov, Vidadi Dəmirçiyev və başqaları qaçqınlarımıza və əsgərlərimizə geyim əşyaları, ərzaq, silah-sursatla köməklik göstərmişdilər. Cəmiyyətimizin Qaradağ rayonu üzrə məsul işçiləri Səfər Rəhimov və Bəhruz Dilbazinin də xidmətlərini unutmaq olmaz. Hər kəs öz qiymətini almalıdır.

Bütün gördüyüm işlərin ən yaxşısı ilk sədrimiz, şair Aslan Kəmərlinin adını əbədiləşdirmək oldu. Kəmərli kənd məktəbinə onun adı verildi, heykəltaraş İbrahim Aşırlının düzəltdiyi heykəl adını daşıdığı məktəbin həyətinə qoyuldu. Düşünürəm, buna onun haqqı çatırdı...

Deyiləcək çox şeylər var. Mahalımıza, elimizə-obamıza nə etmişiksə, yenə azdır... İndi mənim işlərimi professor İlham Pirməmmədov davam etdirir, az vaxtda böyük işlər görüb, daha böyük işlər görəcəyinə isə inanıram. Biz hamımız ona kömək etməliyik.

Qazax Xeyriyyə Cəmiyyəti indi daha çox kütləvi tədbirlər keçirir, görkəmli şair və yazıçıların yubileylərini qeyd edir və s. İnanıram ki, tezliklə müharibəyə son qoyulacaq, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğal olunmuş torpaqlarımız azad ediləcək, ev-eşiyindən qovulmuş insanlar yurd-yuvalarına dönəcəklər".

... Yenə doğmaları, onu tanıyanlar, məsləkdaşları bir yerə toplaşıb ad gününü, ömrünün səksəninci baharını qeyd edəcək. Deyib-gülüb danışacaq, gördüyü işlərin dəyərindən, əhəmiyyətindən, xalq üçün gərəkliliyindən söz açacaqlar. Hə, axı insana sözünə görə deyil, gördüyü işlərə görə dəyər verilir... Görünən dağa bələdçi lazım olmadığı kimi, Vidadi müəllimin el-oba üçün etdiklərini də sadalamağa ehtiyac yoxdur, əməli də, işi də göz qabağındadır. Elədiyi xeyirxahlıq üçün heç kimsədən təşəkkür, minnətdarlıq gözləməyən bu el ağsaqqalı, müdrik insan bu dünyanın haqq-hesabının bu dünyada aparılmadığını da çox gözəl bilir. Odur ki, vaxtını boşa sərf etmədən işini görür, heç kəsdən öz köməyini əsirgəmir. Beləcə, illəri qova-qova yetmiş ilin tamamına yetişib. El qayğısı, el dərdi ilə yaşayan Vidadi müəllim bu dərdi yüklədiyi dəvə karvanının sarvanı kimi onu dayanmadan sonsuz səhrada 60-da, 70-də, 80-də də necə çəkib aparıbsa, Tanrının izni ilə 90-da, 100-də də çəkəcək, öz xeyirxahlığında qalacaq, xeyriyyəçilik işlərini davam etdirəcək, daha böyük miqyaslı işlər görməyə, xoş əməllərə doğru gedəcək...

 

Esmira FUAD

 

525-ci qəzet.- 2020.- 29 yanvar.- S.21.