"Yaşamaq sənəti": özünü axtaranların kitabı

 

Bugünlərdə bir kitab oxuyub bitirdim: "Sevgi qapısında Yaşamaq Sənəti". Müəllifinin dediyinə görə, kitabın ilkin adı belədir. Amma bəlkə də çap olunana qədər dəyişəcək. Nə bilmək olar. Hər halda psixoloq, yazıçı İlqar Kamil bir müddət öncə verdiyi seminarlarını "Yaşamaq sənəti" adlandırmışdı.

Bu kitabda yazdıqlarını və xeyli də yazmadıqlarını o seminarlarda bölüşmüşdü insanlarla. Və seminarların ardından belə bir nəfis kitab yaranır. Məsələ burasındadır ki, yazıçı İlqar Kamilin çap etdirməyə hazırlaşdığı bu kitab hələ yol gəlir. Mənsə onun ilk oxucularından biriyəm.

Kitab esselərdən ibarətdir. Müəllifin illərdən bəri sosial şəbəkədə, müxtəlif mətbuat orqanlarında yayımlanan və yayımlanmayan fəlsəfi, psixoloji esseləri toplanıb bu kitabda. İlk baxışda kitabı müəllifin xatirə dəftəri kimi də şərh eləmək olar. Çünki İlqar Kamil bu esselərinin, demək olar ki, hamısını öz həyatındakı ayrı-ayrı epizodların fonunda qələmə alıb. Ailəsiylə, dostlarıyla, anasıyla, atasıyla, oxucularıyla bağlı söhbətləri, Allaha üz tutduğu xitabları, yaşantıları, xatirələrinin hər biri bir essenin yaranmasına zəmin yaradıb. Bəzən isə müəllif hansısa mövzunu sırf özündən, həyatından misallar gətirərək əsaslandırır. Bu mənada "Yaşamaq sənəti"ni İlqar Kamilin qırx illik hesabatı da adlandıra bilərik.

Söz burdan açılmışkən, iddia edə bilərik ki, İlqar Kamilin "Yaşamaq sənəti" kitabı özünü axtaranların kitabıdır. Çünki müəllifin özü də özünü axtaranlar sırasındadır: 

 

Ürəyimdə küçə-küçə

Özümü axtarıram.

Axşam-axşam, gecə-gecə

Özümü axtarıram...

 

Amma onun digərlərindən bircə fərqi var: o, özünü axtardığını etiraf edir. Səhvlərinin, günahlarının, yanlışlarının, bilmədiklərinin, yalanlarının gözlərinin içərisinə düz baxır. Nə cəzadan çəkinir, nə bağışlanmaq hayındadır. Çünki bilir, yaxşı bilir ki, insan olan bəndə özünü tapmaq üçün səhvlərdən keçməli, özünə gedib çatmaq üçün yanlış küçələri dolanmalı, dəxlisiz dolanbaclarda azmalıdır. Azmalıdır ki, özüylə baş-başa qala bilsin. Özüylə tək qalmalıdır ki, qəlbinə boylansın. İtirdiklərini ətrafında deyil, öz içində axtarsın. Necə ki, biz Allahı kənarda, göydə, səmada, yoxluqda axtarıb öz içimizdə tapırıq: "Özünə kənardan baxmaq cəhdlərin təqdirəlayiqdir, oğlum, fəqət üzülmə, Allahda məsələ fərqlidir: siz Allahı başınızın üstündə zənn edirsiniz, halbuki o, sizi içinizdən görür..." ("Hatifdən gələn səs")

Kitab yeddi fəsildən ibarətdir. Hər fəslin özünün ayrılıqda adı var. İlk fəsil "Unutsam, pıçılda!" adlanır. Nəyi unutsa? Kim pıçıldasın? Bunların cavabını həmin fəsildə toplanmış 20 essedə tapırıq. O esselərdən birinin adı da elə budur: "Unutsam, pıçılda!" Cəmi bir səhifəlik essedə yazıçı unutmaqdan danışsa da, əslində, yuxarıda yazdığımız hər şeyi əhatə edə bilir. Onun fikrincə, insan bütün xətalarını özünü, kimliyini, yaradılışının mahiyyətini unudanda edir və təəssüf ki, bunu tez-tez unudur, hətta çox az xatırlayır: "Adam bəzən nə olduğunu, kim olduğunu, harda, niyə olduğunu unudur. Bir xatırlasa... Mən bəzən qəfil xatırlayıram, işin, gücün, sıxıntının tən ortasında birdən yadıma (oxu: başıma) düşür ki, a bala, sən insansan e, Tanrının ən mürəkkəb əsəri, əşrəfi-məxluqat! Bu nədir, iki yumrusifət çətinliyin qabağında sarılığını udmusan?

Odur ki, məncə, insan ola bilmənin ən çətin tərəfi insan olduğunu həmişə, hər dəqiqə, hər an xatırlaya bilməkdir. Adam unudur, vallah unudur, zirin-zibilin içində o qədər eşələnirsən ki, bilmirsən nəsən, kimsən? Səmalardan gələn bir hatif nidasına ehtiyac olur: "heey, özünə gəl, sən ali varlıqsan!" ("Unutsam, pıçılda!")

İlqar Kamilin esselərinin əsas özəlliklərindən biri qısalığı, yığcamlığıdır. Hətta deyə bilərəm ki, onun esseləri şeirlərindən qısadır. O, fikirlərini konkret detalların üzərində elə aydın izah edir ki, bəzən bir səhifəlik esse 200-300 səhifəlik motivasiya kitabını, ya da 2-3 saatlıq seminarı əvəz edə bilir.

Hərdən hisslərimiz o qədər qüvvətli, düşüncələrimiz o qədər qarışıq olar ki, gücü verərik sözlərə. Hər şeyi yazıq sözlərin boynuna atıb durarıq kənarda. İstəyərik onlar anlatsın yaşadıqlarımızı, hiss etdiklərimizi, çəkdiklərimizi. Elə bilərik bu yolda nə qədər çox söz "şəhid eləsək" bir o qədər anlaşıqlı olacağıq. Qarşı tərəf bizi daha yaxşı, daha aydın, daha dərindən duyacaq. Amma görün müəllif belə anların birində nə edir, nə deyir:

"Mən ona çox şey yaza bilərdim, çox şey. Əlimə yaxşı fürsət keçmişkən, sadəcə ondan sonrakı ilk günümü yazsaydım, məsələn, böyük bir hekayə olardı, povest olardı, roman olardı, amma yazmadım, yazsaydım nə dəyişəcəkdi ki! Yox, əzizim, yazmadım, eləcə telefonumu meyit kimi əlimin içinə uzadıb artıq əhatəm dairəsindən xaricdə olan nömrəsinə xırda bir SMS göndərdim:"Səndə darıxdıqlarım var...!" ("Həyatın məhrəm yerləri haqda")

Bu sətirlər yadıma 17-ci əsr fransız filosofu və yazıçısı Paskalın əhvalatını saldı. Deməli, dostu Lidovik Montalta məktub yazan Paskal bu məktubu o qədər uzun yazır ki, sonda belə bir cümləylə üzr istəməyi vacib bilir: "Bağışla, bu məktub ona görə bu qədər uzun alındı ki, mənim qısa yazmağa vaxtım yox idi". Bəli, çox zaman qısa cümlələr, yığcam fikirlər hissləri daha yaxşı izah edə bilir. Məsələn, darıxmağa aid onlarla şeir, səhifələrlə yazı yazmaq da olar, "səndə darıxdıqlarım var..!" demək də...

 

***

 

Çox eşitdiyimiz, müqəddəs kitabların çatdırdığı fikri İlqar Kamil bu kitabda yenidən yadımıza salır: İnsan Tanrının ən gözəl əsəridir. Və Tanrı insanın ona bənzəməsini istəyir. Yəni, əsərin müəllifinə bənzəməsini. Bəs əsər müəllifinə bənzəyə bilərmi? Bütün sual da məhz budur: "Məşhur bir hədisi-qüdsidə oxuyuruq: "Bəndəm, mənə itaət elə, səni özüm kimi edim". Sanki Tanrının Ana Kitabda özünü bu qədər israrla və təkrar-təkrar vəsf etməsinin də fəlsəfəsi məhz budur: əzizim, bax, mən belə, belə, beləyəm ha, sən də belə ol!

Hadisələrə verdiyimiz reaksiyalardan apaydın görünür, çox dayazıq, qəti bənzədə bilməmişik özümüzü Müəllifimizə, dərinlikdə, təəssüf!

O nəhənglikdə Rəbbin bəndəsi paxıllıqmı edər, əzizim, o böyüklükdə Müəllifin əsəri zarıyarmı belə, gecə-gündüz? "Yaşamaq sənəti"nin açar həqiqətidir böyümək! Sən bunları nağıl sayırsan, mənsə Müəllifinə bənzəyən bir Şah Əsər tanıyıram, gecələr onu incidənlər üçün belə dua edəcək qədər böyütmüşdü özünü: "bağışla onları, İlahi, bilmirlər, bilsələr, etməzdilər" ("Ona bənzəmək!")

 

***

 

Kitabın digər fəsilləri sırayla belə adlanır: "Yaşamaq sənəti", "Həcər xalanın təndirxanası", "Külli-insan", "İftarı gözləyərkən", "Uşaqlığa gedən yol" və "Qalanı xatirədir". Hər fəslin əvvəlində müəllif ya özündən, ya da başqa müəlliflərdən mövzuyla əlaqədar sitatlar verir. F.Dostoyevski, Hafiz Xarəzmi, Malkolm X, Əbu Turxan, Oskar Uayld belə müəlliflərdəndir.

Yazıçının xitabları arasında ən çox rast gəldiyimiz "əzizim" xitabıdır. Bunu onun şeirlərində də müşahidə etsək də, esselərində daha sıx işlədib. Müəllif ailəsinin üzvünə, dostuna, ilk dəfə tanış olduğu birinə, oxucusuna, hətta Allaha da bu cür xitab edir. Nə gözəl sözdür "Əzizim"! Kaş hər kəs bir-birinə bu cür müraciət etsə. Onda əminəm, mütləq ki, əziz olmayanlar da əzizləşəcək, özünü əziz hiss etməyənlər də buna inanacaq. İnsanlar arasında gözəl münasibətin, xoş rəftarın başında elə xitablar durmurmu? Qarşındakına necə xitab edərsənsə, elə də cavab alarsan. "Yaşamaq sənəti"nin bir qayəsi də budur. İnsanla insan, insanla Tanrı arasındakı xitabları cilalamaq, yaşamaq sənətini əlifbasından- xitabdan öyrənməyə başlamaq.

 

***

 

Kitabda İlqar Kamilin Milli Qəhrəman Mübariz İbrahimovu tez-tez xatırladığını görəcəksiniz. Onunla bağlı konkret essesi olmasa da, az qala bütün esseləri elə ona aid etmək olar. Bəlli ki, müəllif Mübarizin şəhadətindən çox təsirlənib və illərdir esselərinin çoxunda onun xatirəsini yad edir. Onun sözlərinə görə, "bir ömür tülkü kimi yaşayıb haçansa bir gün, qəfil, necəsə aslan olmaq olmur, olmaz, olmamalı. Müəllimlik də belədir, yazıçılıq da, məsələn, elə şairlik də! Həyat tərzi olarsa əsldir, yoxsa bir ovuc günəbaxan tumu..." Və elə şəhidliyin özü də: "Şəhid Mübariz İbrahimovun köhnə kadrlarını paylaşmışdılar bir dəfə, mağar toyunda, dostuyla. Baxıb dəhşətə gəldim: İlahi! Mübariz elə o vaxtdan şəhidmiş ki! Bəlkə də lap ondan da əvvəl, ta ərgənliyindən, bəlkə də hətta uşaqlığından! Nə qədər adam tanıyıram, bu gündən, elə indicə canlı şəhiddirlər, amma bir neçəsini də tanıyıram, döyüş ola, gözümün qabağında öldürülələr, inanmaram! Mən determenizmin bu sayağına bütün qəlbimlə inanıram: tülkü tülkü kimi, aslan aslan kimi gedir dünyadan, arpa əkib buğda biçmək imkansız!" ("Həyat tərzi haqqında")

"Dözmür ürəyim,-deyirdi,- ürəyim dözmür: Torpaqlarımız işğal altında və biz necə də rahat-rahat nəfəs alırıq, deyib-gülürük, yeyib-yaşayırıq! Ayıb olsun bizə, çox ayıb olsun! Mənim ürəyim dözmür, inanın, qardaşlar, dözmür!!!"

Ağzımız nədir dillənək, hamımız başımızı beşik kimi yelləyib onu sakitləşdirməyə çalışırdıq, bir də baxdıq ki, aramıza yeni qatılmış çox hörmətli qardaşlardan biri ilan əlini ehmalca süründürüb qoltuq cibindən telefonunu çıxardı, menyuda nəyisə tapandan sonra onu masanın üstünə qoyub bayaqdan qışqıran bu qəzəbli qardaşın qabağına itələdi. Xəfifcə güldü:

"Bax, dostum, diqqətlə bax, dözməyən belə olur!"

Elə bil, krantın suyu xırp kəsildi, elə bil, qəfil işıqlar söndü və elə bil, qardaşın alnının ortasına səssiz tapançayla bir güllə sıxdılar: tıpp!

Turp kimi qızarıb kötük kimi susmasından təxmin etdik ki, baxması üçün ustufca qarşısına qoyulan şəhid Mübariz İbrahimovun şəklidir. Adam o susan susdu və biz bir daha əmin olduq ki, böyük şəhidlər öz hərəkətləriylə təkcə düşməni susdurmurlar" ("Susduran şəkil").

Onun ən çox sevgiylə, sayğıyla xatırladığı digər bir şəxsiyyət Məhəmməd Əmin Rəsulzadədir. Bir neçə essesində o, bu sevgisini, heyranlığını bütün səmimiyyətiylə dilə gətirir: "Baxırsan ona, məəttəl qalırsan; çeşid-çeşid balığı dəryaya atıb, uf da deməyib, çünki o, Rəsulzadədir, Əmindir! Çünki o əmindir: xalq bilməsə də Xaliq bilir. Şair yazmışdı axı:

"Bu qədər qəm nəyə lazım" demə, qəm çək yenə də.

O qəmin qədrini qəm sahibi - qəmxaar bilir".

Əsas da Xaliqdir, nədən ki, Xaliq bildisə, geci-tezi var, xalq da biləcək, necə ki, bilir: bu gün xalq Xaliqin sayəsində hər şeyi bilir.

Bu gün xalq Rəsulzadəni bilir!" ("Rəsulzadənin həzzi (dərdi) və xalqı haqda")

 

***

 

"Yorulmuşam, əzizim, bərk yorulmuşam. Kitabları - bu dilsiz-ağızsız müəllimləri fimlərdən daha çox sevməyimin də səbəbi eyni şeydir; bu gün dünya səs-küy dünyasıdır: hara baxırsan qışqırtıdır, bağırtıdır, reklamdır... noolsun ki, biz eşitmirik, axı bu qədər bombalar hardasa partlayır, axı. Hər yan səs-küydür, əzizim, səs-küy! Məsələn, bu qəzəbli adam əgər gerçəkdən də dindən, imandan, Allahdan danışırsa, bəs niyə mən onu eşidəndə balta görmüş ağac kimi diksinirəm, quruyuram...?

Yorulmuşam!

Ola elə bir məlhəm adam ki, danışsın, elə biləsən, gecə-gecə yatağında eynəyini taxıb kitab oxuyursan.

O adam, o kitab adam! Elə bir adam ki, bəzən onu sadəcə vərəqləmək də mümkün olsun..." ("O adam!")

Bu yazıda kitabda yer alan 200-ə yaxın essedən sadəcə bir neçəsindən misal çəkərək, ümumilikdə "Yaşamaq sənəti" kitabının xarakteristikasından danışdıq. Etiraf edim ki, hər biri ayrı gözəlliklərdən bəhs edən və hər biri ayrı gözəlliyə, insanın iç dünyasındakı cənnətə qapı açan bu esseləri oxuduqca elə özümün də yorulduğumu hiss etdim. Mənasız qaç-qovdan, məzmunsuz səs-küydən, əsassız iddialardan, duzsuz zarafatlardan və daha nədən, nədən. Əgər siz də mənim kimi, müəllif kimi yorulmusunuzsa, onda dincəlməyə "Yaşamaq sənəti"ni oxumaqla başlaya bilərsiniz...

 

525-ci qəzet.- 2020.- 29 yanvar.- S.20.