Fikrət Əmirovun etirafı - Əlisəfdər
Hüseynovun yazısı
Hərdən
mənə elə gəlir ki, Fikrət Əmirovun
yaradıcılığının özünəməxsus tərəfləri,
onun Azərbaycan (və dünya!) musiqisi tarixində
oynadığı rol, yerinə yetirdiyi yaradıcılıq
missiyası haqqında hər şey deyilib,
xalqımızın ruhunu səslərin dili, musiqi obrazları
ilə ifadə etmək qüdrətində olan bu
böyük bəstəkara yaraşdırılası sözlər,
ibarələr qalmayıb...
Amma yox!
Sözlər - anlayışların bildiricisi, dil -
düşüncələrin ifadə vasitəsidirsə, bu
kasadlıq illüziyası dilimizin yox, düşüncə mədəniyyətimizin
kasadlığından qaynaqlanır desək, daha yerinə
düşər.
F.Əmirov
yaradıcılığı yalnız
yaşayıb-yaratdığı dövrün estetik
meyarlarına cavab verən, yeni dəyərlər
epoxasında, yeni düşüncə kontekstində mövqelərini
təslim edib arxa plana çəkilən, gurultulu adların,
böyük titulların ümidinə qalan, sözü
tükənən, şöhrəti "quruyan" əyalət
bəstəkarı deyildi. Bir baxın, sakit təbiətli,
mülayim xarakterli bu insan nəinki Azərbaycan, Şərq, hətta
bütün dünya musiqisində sözün yaxşı mənasında
çaxnaşma yaradıb, ünlü Qərb
musiqişünaslarını, simfonik musiqi xiridarlarını
pərt vəziyyətə salmışdı, onların Şərq
(o cümlədən, Azərbaycan) musiqisi ənənələri
barədə söylədikləri fikirlərin
"ağzını" aparıb dalana dirəmişdi,
Şərq musiqisi mədəniyyətinə yuxarıdan
aşağı baxan intellektualları özlərini
yığışdırmağa məcbur edib
yazdıqları musiqi ensiklopediyalarındə redaktə
işləri aparmaq, düzəlişlər etmək zorunda
qoymuşdu. Özü də görün nə vaxt - 26
yaşında!
6-cı
sinifdə oxuyanda məktəbimizin direktoru, həm də tarix
müəllimimiz Cavad Xaspoladovun (qəbri nurla dolsun)
danışdığı bir hekayət heç yadımdan
çıxmır. Şagirdlərdən birinin "Dahilik nədir"
sualına cavab verməzdən əvvəl Cavad müəllim
belə bir əhvalat nəql elədi: "Bir müdrik şəxs
məmləkətin ən bilikli, alim adamlarının nə
barədəsə qızğın mübahisə etdikləri
məclisə düşür. Soruşur ki, mübahisəyə
səbəb nədir? Alimlərdən biri deyir ki, biz çiy
yumurtanın başı üstə dayanmasının
mümkünlüyünü müzakirə edir, bunun
yollarını axtarırıq. Müdrik şəxs
gülüb deyir: "Bu ki çox sadə bir şeydir.
İstəyirsiniz, göstərim". Alimlər cəld onu dövrəyə
alıb nəsə qeyri-adi bir şey görəcəkləri
ümidi ilə gözləyirlər. Müdrik şəxs
yumurtanı götürərək kəllə tərəfini
masaya döyəcləyib qabığını azca əzir,
sonra həmin əzik hissə üzərində dik qoyaraq
deyir: "Buyurun, sizin istədiyiniz budur". Alimlər
gülüb onu lağa qoyurlar ki, bu nədir, guya biz bunu
bilmirdik? Bizə lazımdır ki, yumurta sağ-salamat dik
dayansın. Müdrik şəxs cavab verir: "Nə istəyirsiniz
- özünüz bilərsiniz. Amma çiy yumurtanın kəlləsi
üstə dik dayanmasının yolu budur".
Bu ibrətamiz
əhvalat məni inandırır ki, dahilik lap yaxınlıqda
- əlimizin altında olan, lakin heç kimin görmədiyi
reallaşmamış imkanı hamıdan əvvəl
görüb onu reallaşdırmaqdan başlayır.
F.Əmirov da bütün Azərbaycan bəstəkarlarının
birinci müəllimi Üzeyir bəy kimi heç kimin görmədiyini
(bəlkə də görüb fərqinə
varmadığnı) hamının görmə, qavrama və
düşüncə predmetinə çevirdi: Üzeyir bəy
Azərbaycan muğamının "əlindən
yapışıb" onu Qərbin opera səhnəsinə
qaldıraraq yeni janr - muğam-opera janrı yaratdı,
muğamı klassik musiqi dünyasına inteqrasiya etmək
üçün ilk cəhd göstərdi, Şərq vokal sənətinin
potensialını yeni bir müstəvidə gerçəkləşdirdi.
F.Əmirov isə muğamlarımızı klassik musiqinin daha
elitar və mürəkkəb qoluna - simfoniya kəhkəşanına
qovuşdurdu, Qərb musiqişünaslarının monoton
musiqi düşüncəsinin məhsulu hesab etdikləri
muğamın bazasında analoqu olmayan yeni bir janr yaradaraq Azərbaycan
xalq musiqisi ənənələrini simfonik musiqi dilinə
adaptasiya etdi, polifonizmin, çoxsəsliliyin bizim musiqi
üçün əlçatan olmaması barədə mifləri
birdəfəlik dağıdaraq klassik musiqi tarixinə yeni bir
səhifə yazdı. Şərqə münasibətdə
Günbatan dünyasının mütəxəssisləri nə
qədər mühafizəkar mövqedə dayansalar da, gənc
bəstəkarın bu kəşfi qarşısında tədricən
geri çəkilməyə, necə deyərlər,
tutduqlarını buraxmağa məcbur oldular. Çünki
artıq ortada alihəzrət fakt vardı - doğulan kimi ayaq açıb (!) zəfər
yürüşünə başlayan, dünyanın
böyük konsert salonlarında "Bravo" sədalarıyla
alqışlanan, L.Stakovski, Q.Avendraf, L.Myuns, G.Rojdestvernski kimi
ünlü dirijorların repertuarının bəzəyinə
çevrilən "Şur", "Kürd
Ovşarı" simfonik muğamları.
Təxminən
23 ildən sonra yaratdığı növbəti şedevr -
"Gülüstan Bayatı-Şiraz" simfonik muğamı
ilə F.Əmirov bu müzakirədə son nöqtəni
qoydu. O vaxta qədər isə bəstəkarlarımız
onun bu kəşfinin işığında "Karvan"
(S.Hacıbəyov), "Rast" (Niyazi), "Bayatı
Şiraz" (S.Ələsgərov), Simfoniya "Muğam"
(M.Quliyev), "Segah" (V.Adıgözəlov) kimi neçə-neçə
simfoniya, "muğamsayağı" üslubunda onlarla
orijinal əsər yaratmışdılar.
Gənc bəstəkarın
gördüyü işi Şərq düşüncəsinin
məhsulu olan muğamlarımızı, təsnif və rənglərimizi
Qərb üçün xarakterik olan bir dildə imitasiya etmək
kimi başa düşmək sadəlövhlük olardı.
İş burasındadır ki, musiqinin dili - elə musiqinin
özüdür və onu başqa dilə çevirmək
("tərcümə etmək") mümkünsüz və
absurddur. Hamıya məlumdur ki, muğam Azərbaycanda həm
toy şənliklərində, həm də yas məclislərində
ifa olunan unikal bir mədəniyyət faktıdır. Amma biz
çox vaxt 3-cü və ən mühüm məqamı -
Allah kəlamı olan Quran ayələrinin də, Azanın da
muğam ladında oxunmasını, muğam
melodiyalarının ilahi kəlamlara sintez olunmasını
unuduruq. İlahi məqam isə sevinc və kədər,
varlıq və yoxluq, əvvəl və son qütbləri
arasında qalanların
bütün rəng spektrlərini ehtiva edən xüsusi bir məqamdır.
F.Əmirovun istər nəzəri müstəvidə, istərsə
də praktikada islahatlara yol açan yeniliyi də, məncə,
bu məqamla bağlı idi və başqa bir azərbaycanlı
dahinin kəşf etdiyi nəzəriyyənin təməl
prinsiplərindən olan "0-la 1 arasındakı min bir
çalar" konsepsiyası ilə səsləşir, səsin,
melodiyanın tərcümə oluna bilməyən hisslərin, duyğuların ifadəsi
olmasından qaynaqlanırdı. F.Əmirovun yeniliyi onda idi ki,
o, dilmanca ehtiyac duymayan hisslərin
səs işarələrini monotan ardıcıllıqla,
yalnız bir istiqamətdə, bir xətt boyunca yox, paralel
sıralarda, polifonik dialoqa rəvac verən bir tərzdə
düzüb yeni konstruksiya yaratdı. Bu, muğamın ənəvi
quruluşunu dağıdılıb yenidən
yığılması, indiki terminologiya ilə desək, onun
dekonstruksiyası deyildi, muğamın üzdə olan parlaq
obrazlarının bir növ kölgəsində qalanları,
muğamda sonadək deyilməyənləri tapıb
işığa çıxarmaq, yeni nitq yaratmaq sanbalında
bir iş idi. F.Əmirov bütün
yaradıcılığı boyu bu missiyanı yaddan
çıxarmadı, yaradıcılığının
sonrakı - kamil dövründə yaratdığı "Muğam-poema"
kimi möhtəşəm bir əsərlə bir vaxlar
açdığı cığırı geniş, magistral
yola çevirdi, dünyanın ünlü dirijorlarının
nəzərlərini Azərbaycana yönəltdi...
Ümumiyyətlə,
F.Əmirov xalq musiqi ənələrinə sıx
bağlı olan bir bəstəkar idi və dəfələrlə
demişdi ki, onu Azərbaycan xalq musiqisi və Azərbaycan
tarı bəstəkar edib. O, Azərbaycanın xalq
çalğı alətlərinin şahı olan tarın
dilini çox yaxşı bilir, bu alətdə gözəl
ifa edir və öz uğurlarında tarın rolunu xüsusi
vurğulayırdı. Tar ifa olunan əsərin melodik zənginliyini bütün incəliyinə
qədər xırdalamaq gücündə olan, böyük
potensial imkanlara malik, mürəkkəb ifa texnikası tələb
edən əsərlərin, necə deyərlər,
"kürəyini yerə vuran" (əlbəttə, usta
tarçı əlində!) bir alətdir. F.Əmirovun
yaradıcılığını tədqiq edən sənətşünaslar
isə dəfələrlə vurğulayıblar ki, onun əsərləri
ilk növbədə melodiya zənginliyi, musiqi
obrazlarını ən son "hüceyrələrinə"
qədər ələkdən keçirməyə imkan verən
texnika ilə seçilir. Bu mənada F.Əmirovun tara bir simsar
kimi baxmasında qeyri-adi heç nə yoxdur. Necə deyərlər,
su axıb çuxurunu tapar. Heyrət doğuran cəmi 2
yarım oktava səs diapazonu olan tardan başlayan yolun "Azərbaycan
kapriççiosu", "Azərbaycan" suitası,
"Muğam-poema", "Sevil" operası, "Min bir gecə"
baleti kimi incilərin, onlarla simfonik və kamera əsərlərinin
dayandığı ucalığa aparmasıdır. Cəmi 7 əsas
və 4 köməkçi simə malik bu "çub"
(S.Ə.Şirvani) neçə-neçə mürəkkəb
simfonik alətin zamanın sınağından
çıxmış nüfuzuna yenilmədi, əksinə,
öz imkanlarını, gücünü göstərib "Mən
də varam, mən də bəşəri dildə
danışıram", - deyə Azərbaycan oğlunun
yaratdığı, amma başqa xalqların, opera, simfoniya
"mənşəli" ölkələrin də sərvətinə
çevrilən sənət incilərinin timsalında Azərbaycanı
dünyaya yeni bir rakursda tanıtdı. Bu fikirdəki zahiri
paradoks sizi çaşdırmasın, dostlar: zamanı
qabaqlayan, məkanın fövqündə dayanan bütün
böyük sənət əsərləri bu missiyanı
daşıyır.
F.Əmirov
simfonik musiqiyə yeni nitq tərzi, düşüncə
axarı gətirdi, Azərbaycan musiqisini sözdə yox, əməldə
dünya musiqisinə inteqrasiya edərək onun bir
parçasına çevirənlərdən oldu.
Biz
çox vaxt musiqi incilərimizi dədələrinin malı
kimi mənimsəyib öz adına çıxanları həvəslə
söyür, dünyanı əsl həqiqəti bilməyə
çağırırıq. Amma fərqinə varmırıq
ki, bunun daha təsirli yolları var və onun ən kəsə
variantlarından birini F.Əmirov kəşf edib. Tam əminliklə
deyirəm: F.Əmirovun sözügedən, eləcə də
Niyazinin "Rast" simfonik muğamından sonra çətin
ki, dünyanın hansı bir yerindəsə kimsə bu əsərlərin
mayasında dayanan musiqi folkloru örnəklərimizə
"bizimdir" - deyə iddia etmək fikrinə
düşsün. Öz dəyərlərimizin, musiqi örnəklərimizin
möhtəşəmliyi barədə pafoslu odalar söyləmək
və bununla da o möhtəşəmliyi
bayağılaşdırmaq yox, ona sahiblik hüququnu
nümayiş etdirmək, bu gözəlliyi, təkrarsızlığı,
necə deyərlər, hamıya "yedizdirmək"
lazımdır. Bizim belə dühalarımız olub. Kimlərdir
- özünüz tapın.
F.Əmirovun
bütün əsərlərində, hətta uşaqlar
üçün yazdığı mahnılarda da Azərbaycan
obrazı, yaddaşımızda isə "F.Əmirovun əsərlərində
görünən Azərbaycan" anlayışı var. Onun əsərləri
Azərbaycan torpağında çağlayan və irqindən,
dinindən, dilindən asılı olmayaraq neçə-neçə
insanın təşnəsini söndürən saf bulaq suyu
kimidir. Azərbaycan ruhunun enerjisini, pasionar potensialını
musiqi dili ilə ifadə edən ən möhtəşəm əsərlər
sırasında onun "Azərbaycan kapriççiosu"
və "Azərbaycan suitası" əsərləri
mühüm yer tutur. Xüsusilə kapriççioda
ramolunmaz bir vüsətlə bulaq kimi çağlayan bu enerji
sanki ona qulaq kəsilən hər bir kəsin duyğularına
hakim kəsilib onun yenidən, yeni bir ruhda doğuluşuna rəvac
verir, yaddaşının ən gizli, hətta bu yaddaş yiyəsinin
özünün də xəbərsiz olduğu bağlı
qapılarını taybatay açır, onun kimliyini, hardan gəlib
hara getdiyini yada salır... Musiqişünaslar təsdiq edərlər
ki, səslənməsi təxminən 9 dəqiqə davam edən
bu əsərdə bir yox, beş yox, onlarla simfoniyanın
çəkə biləcəyi məzmun yükü, hiss,
duyğu palitrasının bütün rəngləri,
pıçıltıdan tutmuş hayqırtıya, ana
laylasından tutmuş "qu quşunun nəğməsinə",
sevincdən tutmuş kədərə qədər - daha nə
qaldı ki - səs obrazlarının bütöv bir
qalareyası var. Ana laylalarının şirinliyi, "Gözəlim
sənsən" mahnısının lirik-psixioloji ovqatı,
"Muği-səhər"in möhtəşəm zəfər
təntənəsi bu əsərdə qəribə bir sehirlə
çuğlaşaraq sözlə ifadə oluna bilməyən
bir ovqat yaradır, ruhumuzun himninə çevrilir.
F.Əmirov
keçmiş Sovetlər Birliyinin bütün yüksək
mükafatlarını, fəxri titullarını
almışdı, adı həmişə zəmanəmizin
böyük bəstəkarları sırasında çəkilirdi.
Amma o, şöhrətin ən yüksək zirvəsində
də davranış tərzinə, ünsiyyət mədəniyyətinə
görə əsl xalq adamı idi, çox sadə, hamıya
anlaşıqlı bir tərzdə danışır,
çoxlarının "aristokrat" imici yaratmaq xatirinə
yeri gəldi-gəlmədi rus dilində
danışdıqları məclislərdə doğma dilə
hörmət sərgiləyərək hamıya nümunə
göstərirdi. Onun əsərlərinin dili də öz dili
kimi hamı üçün anlaşıqlı idi.
... Mən həmişə bu fikirdə
olmuşam ki, bütün musiqi melodiyaları əvvəlcədən
hazır şəkildə fəzada movcud olur və Yaradan
seçdiyi adamlara xüsusi bir qabiliyyət verir ki, həmin o
melodiyaları eşidib yerə endirə -
başqalarının da zövq mənbəyinə
çevirsinlər. Bu mənada Azərbaycan səmasında da
hələ nə qədər dürlü melodiyalar
dolaşır və biz o melodiyaları eşitmək ümidi
ilə yeni Üzeyir bəyləri, Q.Qarayevləri,
F.Əmirovları, A.Məlikovları, T.Quliyevləri, X.Mirzəzadələri,
E.Sabitoğluları gözləyirik...
Görəsən nə vaxtadək?
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2020.- 29 yanvar.- S.19.