Əjdər Dadaşov:
"Çox vaxt adamlar bir iş
görməsələr də, məşhur olmaq
istəyirlər"
"TƏƏSSÜF Kİ,
HƏR YERDƏ, HƏR KƏSDƏN SƏMİMİYYƏT
GÖRMƏK OLMUR"
Sosial şəbəkələrdə parlayanlar
Sosial şəbəkələr
ayrı-ayrı insanların
məşhurlaşmasına kömək etməklə
yanaşı, həm də onların bu platforma vasitəsilə
öz işlərini qurmalarına, ideyalarını
gerçəkləşdirmələrinə
imkan verir.
İllər əvvəl öz saytını yaradan və Feysbukda "Teatrımızın inciləri"
adlı qrup açıb bir xeyli izləyicinin marağına səbəb
olan, "Dörd bacının bir qardaşı" şou teatrının rəhbəri,
gənc aktyor Əjdər Dadaşovla həmsöhbət olduq.
Söhbətimizə ondan teatra, səhnəyə marağın az
olduğu bir dövrdə belə bir sayt və
qrup yaratmağın hansı zərurətdən
irəli gəldiyini soruşmaqla başladıq.
"Sosial şəbəkələr TV-lərə
nisbətən daha geniş imkanlara malikdir"
- "Teatrımızın inciləri"ni 7 il əvvəl
həm sayt, həm də Feysbukda qrup şəklində yaratdım.
"Teatrımızın inciləri"ndə teatr
sənətkarlarımızın doğum və anım günləri, onların həyatında baş verən hadisələr haqqında
yazılar olur. Təbii ki, hər biri
də redaktor süzgəcindən keçir.
Arxiv materialları, videolar, fotoşəkillər də
burda yer alır. Tamaşaçılar keçmişdən yadlarına düşən
bir filmi bizdən istəyəndə
onu tapıb saytda və səhifəmizdə yerləşdiririk.
Mənim
qızıl fond adlandırdığım
bir bazam var. Bu materialları orda saxlayıram. Bizim təşəbbüsümüzdən sonra təxminən bu stildə bir çox səhifələr, saytlar
və TV verilişləri açıldı.
Düzü, əvvəllər onlara materiallar verib, kömək edirdim. Sonradan heç bir
mənbəyə istinad
etmədiklərini görəndə
bundan bir qədər uzaqlaşdım
və tək fəaliyyət göstərməyə
davam etdim. Öz Yutub kanalım da var. Bu paylaşımları
həm də orda yayımlayıram.
İzləyicilərin kanal və səhifələr barədə
fikirləri, paylaşımları
sevərək izləməsi
mənə xoş gəlir. Xüsusən də onlardan
gələn səmimi
hisslər məni daha da ruhlandırır.
Təəssüf ki, hər yerdə, hər kəsdən səmimiyyət
görmək olmur.
Elə bil, səmimiyyət bir qədər itib. Düşünürəm
ki, hər məsələdə səmimi
davransaq, daha yaxşı olar...
- Sosial şəbəkələrin
teatr fəaliyyətinizdə
hansı rolu və əhəmiyyəti
var?
- Nəzərə alsaq ki, indi internet dövrüdür, sosial şəbəkələr bu
səbəbdən işlərimizdə
də əhəmiyyətli
yerə malikdir. İnsanlar TV
kanallarından çox
sosial şəbəkələrə
maraq göstərirlər.
Ona görə də bu platformalarda teatrın təbliği nə qədər çox olsa, o qədər yaxşı nəticələr əldə
edə bilərik.
Həm də gənclərin teatra marağı artar. "Teatrımızın
inciləri" saytında afişalar
bölməsi var. Orda
tamaşaların məkanı
və vaxtı ilə bağlı məlumatlar yerləşdirilir.
TV-lərdə bunlar verilir, amma hər bir
tamaşa xüsusi qeyd edilmir. Sosial şəbəkələr isə
TV-lərə nisbətən
daha geniş imkanlara malikdir. Ona görə də bu platformaların həyatımızdakı rolu
danılmazdır.
"Dörd bacının bir qardaşı"
- Teatra marağınız necə formalaşıb?
- Teatra marağım 5 yaşımda olarkən yaranıb. O vaxtlar ailəm məni tez-tez teatra aparırdı. Necə deyərlər, elə
o vaxtdan teatra vurulmuşam. Tar üzrə
incəsənət məktəbini,
daha sonra Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetini
bitirmişəm. Özümü məktəb vaxtlarından
kəşf etmişəm.
Anım günlərində, bayram
tədbirlərində ssenariləri,
mətnləri yazırdım.
Komanda yığıb bu səhnələri canlandırırdıq,
izləyənlər tərəfindən
bəyənilirdi, hətta
başqa məktəblərdən
də dəvət gəlirdi. Uşaqlıqdan AzTV-də yayımlanan
aktyorların çıxışlarına
maraqla baxırdım.
İstəyirdim ki, mən də bu yolla
gedim. İndi tanınmaq dəb halını alıb, çox vaxt adamlar bir iş
görməsələr də,
məşhur olmaq istəyirlər. Amma tamaşaçılar əsl sənətə və sənətkara dəyər verməyi bacarır.
- Necə oldu ki, "Dörd bacının bir qardaşı" şou teatrını yaratmaq qərarına gəldiniz?
- 5 yaşında oğlan uşağının TV qarşısında
əyləşib tamaşa
izləyərkən gözlərindəki
teatr sevgisindən yola çıxaraq bu
teatrı yaratmışam.
Sonralar hər tamaşanın sonunda tamaşaçılardan gələn
alqışlar gözlərimdəki həmin parıltını yenidən
alovlandırdı. Teatrı 2016-cı ildə yaratdım. Düzü, əvvəl çox fikirləşdim ki, görəsən, bu işi apara
bilərəm, ya
yox?! Axırda teatra
olan sevgimi də göz önünə gətirib
qərar verdim ki, bu layihə
çox gözəl alınacaq. İndi də qət
etdiyim yol onu göstərir ki, mən öz
fikirlərimdə yanılmamışam.
Teatrımızda tanınmış simalar da iştirak
edirlər. Bizim çıxışlarımız
əlillər evində,
teatr salonlarında, xarici ölkələrdə,
hərbi hissələrdə
olub. Hazırda bizim öz teatr salonumuz yoxdur. Əsas çıxışlarımız
musiqili səhnəciklərdən
ibarətdir. Tanınmış yazarların və öz qələmimizdən
keçən səhnəciklər,
musiqilər səhnələşdirilir.
Tamaşaçılardan da çox razıyam ki, buna hər zaman
dəyər verirlər.
Onların bu sevgisi bizim sənət eşqimizi daha da artırır. Aktyora ən vacib olan
tamaşaçının alqışı,
sevgisi və bir dəstə güldür.
- Teatrın maliyyələşdirilməsini
necə təşkil edirsiniz?
- Mənim öz əməyim və satılan biletlərin hesabına maliyyələşdirilir.
Çox
şükür ki, bu cəhətdən hansısa çətinliyimiz
olmur. Çünki oturub nəyinsə
baş verməyini gözləmirik. Bizə gələn
dəvətlərdən yola
çıxaraq işlər
görürük.
- Teatrın adı haradan götürülüb?
- Dostlarımla bu barədə söhbət
edirdik, soruşdular
ki, bəs adı necə olsun, ilk ağlıma gələn elə "Dörd bacının bir qardaşı" oldu. Belə də adlandırdıq.
"Mən hər vəziyyətdən
çıxmağı bacarıram"
- Ailənizin sizin bu layihənizə reaksiyası necə oldu?
- Görünür, teatr sənətinin ağırlığından
irəli gəlir ki, ilk vaxtlar bir qədər narazı idilər. Çünki bu sənət
həm gözəl, həm də çox keşməkeşlidir.
Bu sahədə istəməyənlər, düşmənlər
də çox olur. Amma çox xoşbəxtik
ki, nə mənə, nə komandama qarşı belə bir hal
baş verib. Ailə üzvlərim də bu kimi məsələlərə
görə əvvəl
narazı olsalar da, elə ilk konsert olan axşamı
məni alqışladılar
və bunun davamlı olmasını istədilər. Bu gün yaxınlarım,
ailə üzvlərim
- hər kəs bizi dəstəkləyir.
- Özünüz də həmin teatrda rol alırsınız. Bu mövzuda başınıza
gələn ən çıxılmaz vəziyyət
nə olub?
- Əslində, mən
hər vəziyyətdən
çıxmağı bacarıram
(gülür). Amma yadıma gəlir,
bir dəfə səhnədə olarkən
qəfil ayağım
ilişdi və dizim bir qədər
yerə dəydi.
Yerdəki dəmirin üstündə mismar var imiş. Bu
anda özümü itirmədən tez ayağa qalxdım. Bir az sonra gördüm ki, şalvarımda qan ləkəsi var. Görünür, səhnədəki
həyəcan bu ağrını üstələmişdi.
Çünki heç
nə hiss etməmişdim
və axıra qədər öz səhnəciyimi ifa etmişdim.
- Bəs, səhnədə yaşadığınız ən
maraqlı hadisə nə olub?
- Belə hallar çox olur. Bir neçəsi daha yaxşı yadımda qalıb. Bir dəfə aktrisamız
rola gecikmişdi, özünü səhnəyə
tez çatdırmaq istəyərkən yıxılmışdı
(gülür). Bir dəfə
də özümün
səhnədə bığım
qopub. Bir aktrisamızın da pariki dəsmalla
bir yerdə düşmüşdü. Əslində, səhnədən əvvəl də bizim aktyorlarla maraqlı hadisələr baş verir. Ancaq hamısını da
açıqlamaq olmur.
- Bir
teatr aktyoru kimi teatrın bugünkü vəziyyəti və
ona göstərilən qayğı ilə bağlı nə
deyə bilərsiniz?
- Prezidentimizin töhfəsi
ilə təqaüdlər, mükafatlar verilir, məvaciblər artırılır. Evi olmayan aktyorlar,
aktrisalar evlə təmin olunur.
Son vaxtlar vəziyyəti
yaxşı olmayan teatrlar
təmir edilir. Hazırda teatrın vəziyyətindən
çox razıyam.
-
Hansı aktyoru özünüzə ideal kimi
görürsünüz?
- Düşünürəm ki, insanların gözü tərəzidir. Tamaşaçılar hər şeyi yaxşı görür. Deməzdim, kimisə özümə ideal bilirəm, hər aktyorun öz yeri var.
- Bəs
müasir dövr aktyorlarından kimləri yaxşı aktyor
adlandırarsınız?
- Xətrini
istədiyim gənc aktyorlar həddindən artıq
çoxdur. Ona görə də bu barədə ayrıseçkilik etmək istəmirəm.
-
Yaxın gələcəkdə görəcəyiniz işlər
barədə nə deyə bilərsiniz?
- Bizə yeni əsərlər təqdim ediblər, hazırda onlarla məşğulam. Mövzuları gözdən keçirirəm. Bu il ərzində yeni proyektlərimiz olacaq. Xarici ölkələrə səyahətlər də gözlənilir. Elə Novruz bayramı münasibətilə bizi xarici ölkələrdən birinə tədbirə dəvət ediblər. Səfərlərimiz çoxdur. Tamaşaçılarımızdan həmişə olduğu kimi bizi izləmələrini istəyirəm. Çünki biz onların gözlədikləri, bəyənəcəkləri işlərə imza atmağa çalışırıq.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 29 yanvar.- S.18.