"Əsrə
bərabər ömür"ün işıqlı səhifələri
Əməkdar
müəllim Səlim Əzimovun 90 illik yubileyi ərəfəsində
çap etdirdiyi "Əsrə bərabər
ömür" kitabı "Bir insan ömrünü girov
qoymuşam, Bir müəllim ömrünü yaşatmaq
üçün" misralarıyla başlayır.
Bundan öncə "Müəllim
ömür", "Kamillik
zirvəsi", "Yurd
yeri", "Həyat
hekayələri", "Ömür
deyir yaşa hələ", "Ağdama
gedən yol",
"Ömrün işığı",
"Ömür keçir,
gün keçir",
"Xatirələrdə yaşanan
ömür" kitabları
çap olunan, ömrünün 56 ilini orta məktəb rəhbəri işləmiş
Əməkdar müəllim
Səlim Əzimovun
son kitabında keçdiyi
fədakar əmək
yolundan bəhs edilir. Eyni zamanda,
kitabda görkəmli
elm adamlarının mənalı
həyatları, Qarabağ
hadisələri haqqında
məlumatlar, sənət
adamları, şairlər,
yazıçılar, ziyalılar,
milli-mənəvi dəyərlər,
maraqlı hadisələr,
rəvayətlər, xatirələr,
Ağdamın Novruzlu kəndinin dünəni, bu günü haqqında rəsmi məlumatlar mühüm yer tutur.
Geniş
oxucu kütləsi üçün nəzərdə
tutulan kitabın redaktoru filologiya üzrə fəlsəfə
doktoru, "Qızıl
Qələm" mükafatı
laureatı Sadıq Murtuzayev, rəyçisi Əməkdar jurnalist Bəbir Hüseynov, korrektoru Humay Mahmudovadır.
S.Murtuzayevin kitaba ön söz kimi verilmiş
"Bütövlük mücəssəməsi"
yazısında oxuyuruq:
"...Bütöv şəxsiyyət
fenomeni çox mürəkkəb bir anlayışdır və
onun mahiyyətinə varmaq üçün elə keyfiyyətlər var ki, bunları
saf-çürük etmək
də çox böyük axtarış
tələb edir. Səlim müəllimin nəşrinə
hazırladığı bu
kitabını məhz
belə bir axtarış üçün
zəngin mənbə
kimi dəyərləndirmək
olar. Kitabda özünə yer
tapan 35 yazının hər biri Səlim
müəllimin bu və ya digər
keyfiyyətinə işıq
salıb onu bu bütövlüyə yaxınlaşdırır və
sonda tamamlayır".
S.Murtuzayev deyir ki, kitabın epiqrafı elə bu bütövlüyün
başlanğıcıdır: "Kitab gözəl şairimiz və publisistik yazılarında
məndə çox görkəmli bir ədəbiyyatşünmas alim
təəssüratı yaradan
dostumuz Ramiz Məmmədzadənin "Dostluğun
dirijoru" yazısı
ilə başlayır
ki, bunun üçün də Səlim müəllimə
əhsən demək olar. Bu yazı
kitabın ən dəyərli və Səlim Əzimov şəxsiyyətini işıqlandırmaq
baxımından ən
tutarlı yazısı
olduğuna görə
yəqin ki, belə seçim edilib.
Ramiz Məmmədzadənin yazısı
Səlim müəllimin
"Əsrə bərabər
ömür" kitabına
verdiyi şərhdir və bu kitabına
da həmin adı seçməsi (bu yerdə dünyaca
böyük qırğız
yazıçısı Çingiz
Aytmatovun sovetlər dönəminin ən ali mükafatına
- Lenin mükafatına layiq
görülən kitabına
nəzirə kimi səsləndiyini də dilə gətirmək olar) də diqqətəlayiqdir.
Səlim
müəllimin ömür
yolunun 90 illiyi olsa da, o, bəlkə
də öz məzmununa görə bir neçə belə ömür yaşamışdır".
Məqalənin müəllifi kitabda
yer alan
ayrı-ayrı yazılara
diqqət ayırır,
bəziləri haqqında
şərhlərini əsirgəmir.
Kitab ümumilikdə
dörd fəsildən
ibarətdir. Fəsillər sırayla belə adlanır: "Publisistik məqalələr", "Poeziya
nümunələri", "Mustafa həkimin dedikləri və maraqlı məlumatlar", "Novruzlu
kəndi dünən,
bu gün".
Əmək və müharibə veteranı Seyid Kamran Ağamirov kitabın təqdimatı və Səlim Əzimovun şəxsiyyəti haqqındakı yazısında yeni nəşr haqqında bu fikirləri vurğulayır: "Səlim müəllimin "Əsrə bərabər ömür" kitabı gənclərin öz tarixini, keçmişini öyrənmək nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Bu kitab rayonun bir kəndinin nəyə qadir olduğunu göstərməklə Ağdam və ağdamlılara verilən ən yüksək qiymətin təzahürüdür".
S.Əzimovun
"Əsrə bərabər ömür" kitabı
çap olunan ərəfədə Həşim Həsənoğlunun
"525-ci qəzet"də çıxan "Müəllimlik
zirvəsi" adlı yazısında onun şərəfli, əzmkar
pedaqoq yolundan sayğıyla bəhs edilir: "Ağdamda bir
çox böyük pedaqoqların öz məktəbləri
olub: Surxay Qurbanov məktəbi, Kərrar Mikayılov məktəbi,
Qara Hüseynov məktəbi və s. Rayonumuzun bu dəyərli,
işıqlı ziyalılarının hərəsi öz dəst-xəttilə
tanınıb. Səlim müəllimin məktəbi isə
keçmişimizi bu
günümüzə bağlayan maarif ocağıdır. Fərq
isə ondadır ki, bu
məktəbin taleyinə qaçqınlıq, didərginlik
yazıldı. O, çöllərdə, çadır şəhərciklərdə,
qəsəbələrdə, şəraitsiz, dar,
taxta, dəmir otaqlarda
balalarımıza elm verdi,
dərs öyrətdi, vətənə məhəbbət,
düşmənə nifrət hissləri
aşıladı.
Bütün
məclislərdə, görüşlərində, söhbətlərində
əzəli mövzusu Qarabağ, yalnız Qarabağdır. Ərsəyə
gətirdiyi kitablarında, məqalələrində Qarabağ həsrəti daima
qırmızı xətt kimi keçir. O, Ağdamın
qayıdacağına inanır və bu inamla da yaşayır,
yaradır. Məclislərimizin
yaraşığı, camaatımızın güvənc yeri, müdrik
ağsaqqalı, əvəzedilməz pedaqoq
və dəyərli ziyalımız Səlim müəllim minlərlə
həmyerliləri kimi bu
gün ağır qaçqınlıq həyatı
yaşayır. Amma bir
gün işğal
altındakı torpaqlarımızın mütləq azad olunacağına inanır. Onu
yaşadan da elə bu ümid, bu
inancdır".
Özünün
mətbuatda çap olunan "Dostlara açıq məktub"unda
da yubilyarın 90 yaşını Ağdamdan, Novruzludan uzaqda-
Bakıda keçirməyinin nisgili hiss olunur.
Biz də,
"525-ci qəzet" olaraq, əzizimiz Səlim Əzimovu
yubileyi və yeni kitabı münasibətilə təbrik edir,
möhkəm cansağlığı, doğma yurd həsrətinin
tezliklə bitməsini diləyirik!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 29 yanvar.- S.17.