"Çörəklər şəhəri"ndə 30 gün

 

HƏR ADDIMBAŞI PLOV MƏRKƏZLƏRİ, SAMSAXANALAR...

 

"Nəsimi ili"nin 12 dekabr günü. Saat 16:35. Bakıdan Daşkəndə uçan, Özbəkistan hava yollarına aid "HY 756" nömrəli təyyarə Heydər Əliyev adına Beynəlxalq hava limanından yola düşür. 2 saat 5 dəqiqədən sonra İslam Kərimov adına Beynəlxalq hava limanındayam. Bakı vaxtı ilə saat 18:40, Daşkənd vaxtı ilə saat 19:40-dır. 1 dollar 9500 somdur. Onu da qeyd edim ki, gediş-gəliş uçuş biletinin qiyməti 500 dollardır...

Hava yağmurludur. Temperatur mənfi iki dərəcəni göstərir. İlk dəfə Daşkəndə 2016-cı ildə gəlmişdim. Üç ilə yaxın vaxt zamanında ölkənin inkişafında müsbət dəyişiklər olub. Yollar yenilənib, parklar salınıb,  körpülər, yeni binalar tikilib. Təkcə mərkəz deyil, hətta küçələrdəki ara yolların da çox hissəsi işıq dirəkləri ilə təmin olunub. Lövhələrdəki məlumat yazıları ötən illərə nisbətən latın qrafikası ilə əvəzlənib. Hündür, səliqəli boyanmış və budanmış ağaclar könül oxşayır...

Bakıya nisbətən Daşkənddə avtobuslara az rast gəlinir. Əsasən taksi xidmətlərinə üstünlük verilir. "General Motors-Uzbekistan"ın istehsal etdiyi "Chevrolet" markalı kiçik ölçülü avtomobillər çoxluq təşkil edir. Paytaxt avtomobillərinin seriya nömrəsi "01"-dir. Taksi xidmətinə zəng etsəniz, təxminən 4.5 km məsafəni 1.60 manata gedə bilərsiniz. Yanacaqdoldurma məntəqələrində "Ai-91"  benzinin 1 litrinin qiyməti 1.03 manatı (5800 som) göstərir. Ölkə seçki ərəfəsindədir. 22 dekabr Parlament seçkilərinə hazırlıqlar gedir...

Milli yeməklərinə sevgiləri yolboyu açıq-aşkar hiss olunur. "Plov mərkəz"lərinə ("Osh markazlari"), "Samsaxana"lara ("Somsaxonalar") az qala hər addımbaşı rast gəlinir.

"Tashkent City"nin gecə görünüşü gözəldir. Binanın üzlüyündə xüsusi rəngli işıqlar vasitəsilə Özbəkistan bayrağının dalğalanması əks olunub...

 

ÖZBƏKLƏRİN KÜRƏKƏN SEVGİSİ

 

13 dekabrın səhəri günəşi Daşkənddə salamlayıram. Bir azdan özbəkistanlı ailənin qonağı olacağam...

... Özbəklər adət-ənənələrinə, milli dəyərlərə bağlı xalqdırlar. Qədim tarixə malik olan bu türk dövləti zəngin mətbəxi, geyim mədəniyyəti ilə seçilir. Plov Azərbaycanda olduğu kimi, burda da mətbəxlərin şahı hesab olunur. Xəmir yeməklərindən "samsa", "xanım", "manti", "çuçvara", "lağman", "şilpildaq" süfrələrinin bəzəyidir. Özbək çörəyinin özünəməxsus gözəlliyi, qoxusu var. Əsasən təndirdə bişən çörəklərə üstünlük verilir. Yumru, ortası batıq, naxışlı, üzərində çörək otunun toxumları olan özbək çörəkləri...

Çoxlu çay içmək bizim ortaq cəhətlərimizdən sayıla bilər. Lakin özbəklər yaşıl çayı açıq rəngdə, "piyalə"yə yarımçıq süzüb qəndsiz içərlər. Çayla dolu piyaləni isə sevmədikləri qonaqlara verərlər. Süfrə başında yeməyə başlamamışdan öncə hər kəs birlikdə dualar edər, yeməkdən sonra şükranlarını bildirər. Qonaqpərvər özbəklər kürəkənlərinə hörmətlərini bildirərkən deyərlər: "Kürəkəni Peyğəmbərimiz də əzizləyib" (Burada Məhəmməd Peyğəmbərin Həzrəti Əliyə olan sevgisinə işarə edərlər).

 

7 YAŞINDA "QULAQ"LIQ EDİLİB, ÖMRÜNÜN 8 İLİNİ SÜRGÜNDƏ YAŞAYAN, 11 YAŞINDA ANASINI VƏ 3 YAŞLI BACISINI İTİRƏN 95 YAŞLI ƏBDÜRRƏHİM BABA

 

... Qonaq olduğum ailə ziyalı ailədir. İqtisadçılar ailəsinin ağsaqqalı 1924-cü il təvəllüdlü (95 yaşlı) Əbdürrəhim babadır. Ortikov Əbdürrəhim Qoşaq oğlu Daşkənddə varlı ailədə doğulub. 7 yaşı olarkən (1931-ci ildə) ailəsi (atası, anası və üç qardaşı),  o dövrün digər ziyalı və varlı ailələri ilə birlikdə "QULAQ" qurbanı olaraq Sovet hökuməti tərəfindən şaxtalı qış günlərində Ukraynanın Odessa vilayətinə sürgün edilib.  Sürgünə gedərkən dəmir vaqonda soyuğa dözə bilməyən körpə qardaşı Cəlaləddin dünyasını dəyişir...

Odessa vilayətinə çatan kimi dörd yaşlı qardaşı Abdullanı onlardan zorla ayırıb, yetimxanaya verirlər...

Üç ildən sonra, yetimxanada yaşayan uşaqları başqa bir ölkəyə göndərilmə xəbərini eşidən  7 yaşlı Abdulla ata-anasının yanına qaçmağı bacara bilir. Amma digər yetim uşaqların taleyi yenə üzlərinə gülmür. Onları başqa ölkəyə aparmaq adı ilə gəmiyə yığıb, müəyyən məsafə getdikdən sonra gəmini partladırlar...

1934-cü ildə Əbdürrəhimin Hacınisə adlı bacısı dünyaya gəlir...

Ömrünün ən gözəl illəri olan uşaqlıq illərinin səkkiz ilini sürgündə həddindən artıq ağır şəraitlərdə keçirən Əbdürrəhim bu müddət ərzində anasını, bacısını da itirir...

Belə ki, anası Mübarək sürgün vaxtı "qarayara" xəstəliyinə tutulur və müəyyən vaxtdan sonra ayaqları kəsilir. Bacısı Hacınisə çox balaca olduğu üçün anasına Əbdürrəhim baxır. Əzablı ömür sürən ananın ölümü övladları - 3 yaşlı qızı Hacınisənin, 11 yaşlı oğlu Əbdürrəhimin gözləri qarşısında baş verir. Anasının bu halından çox qorxan Hacınisə ağır xəstələnir və bir neçə gündən sonra üç il qonağı olduğu dünyaya əlvida deyir...

Həyatın ağır sınaqlarından keçən "QULAQ" damğası vurulan ailənin sayı getdikcə azalırdı. Artıq 6 il keçmişdi. Sovet hökumətinin illər öncə Daşkənddən qoparıb gətirdiyi o xoşbəxt yeddi nəfərlik ailədən cəmi dörd nəfəri - Əbdürrəhim, böyük qardaşı Əbdürrəhman, kiçik qardaşı Abdulla və ataları Qoşaq sağ qalmağı bacarmışdı...

 

VƏTƏNƏ QAYIDIŞ

 

Bağban işləyən Qoşaqın ən böyük arzusu öz doğma Vətəninə qayıtmaq idi. Amma maddi vəziyyəti acınacaqlı olduğundan hamısı birlikdə qayıda bilməzdi. Bunun üçün ilk olaraq böyük oğlunu Daşkəndə göndərir...

İki ildə sonra, 1939-cu ildə isə Əbdürrəhimi atası Daşkəndə, böyük qardaşı (böyük qardaşı artıq həmin vaxt texnikumda oxuyurdu) Əbdürrəhmanın yanına göndərməyi qərara alır.

Ağır zəhmətlə topladığı pulların hamısını Əbdürrəhimin paltarının astarına tikir. Sonradan bu pullar oğluna Daşkəndə yaşayan qardaşı və nənəsini tapmasına lazım olacaqdı...

Qardaşı və nənəsini tapan Əbdürrəhim elə həmin il Pedaqogika texnikumuna da daxil olur...

 

BEKABAD METALLURGİYA ZAVODU

 

1942-ci ilin fevral ayında texnikum rəhbərliyinin göstərişi ilə Bekabad metallurgiya zavodunun nəzdində fəaliyyət göstərən məktəbə müəllim təyin olunur. Havanın zəhərli olması, məktəbin ağır şəraiti 16 yaşlı müəllimin xəstələnməsinə səbəb olur və yenidən Daşkəndə dönür...

 Bir neçə aydan sonra, həmin ilin sentyabr ayında Daşkənd Nəqliyyat Universitetinə daxil olur. 1943-cü ilin aprel ayında bütün qrup yoldaşları müharibə cəbhəsinə göndərilir, "QULAQ" damğası vurulan Əbdürrəhim isə yenidən Bekabad metallurgiya zavoduna, bu dəfə isə fəhlə kimi göndərilir. Üç il davamında arxa cəbhədə xidmət edərək, metalqayırma ilə məşğul olur. 1946-cı ilin sentyabrında Daşkənd maliyyə Universitetinə qəbul olur. Universiteti yüksək qiymətə bitirir və öz elmi səlahiyyətini göstərdiyinə görə 1950-ci ildə Özbəkistan Elmlər Akademiyasının İqtisadiyyat institutu aspiranturasına tövsiyə edilir. Əbdürrəhim Artikov 25 il (1950-1975) İqtisadiyyat institutunda fəaliyyət göstərir. İqtisadiyyat elmləri üzrə namizədlik üçün dissertasiyasını müdafiə edir...

ÖZBƏKİSTANIN BİRİNCİ PREZİDENTİNİN ELMİ MƏSLƏHƏTÇİSİ

 

1957-1965-ci illərdə İqtisadiyyat institutunda doktorluq və namizədlik dissertasiyalarının müdafiəsini sistemləşdirən elmi şura katibi olaraq fəaliyyət göstərir. O dövrdə onlarla gəncin namizədlik dissertasiyasının hazırlanmasında elmi məsləhətçi olaraq yaxından köməklik göstərir...

İllər keçəcək, həmin gənclərdən biri də Özbəkistan Respublikasının birinci Prezidenti olacaqdı.

Elmdə göstərdiyi xidmətlərə görə Əbdürrəhim babaya əmək medalını da İslam Kərimov şəxsən təqdim edib. Həmin anın fotosunu qürur hissi ilə bizə təqdim edir.

Azərbaycanlı Tağıyev adlı iki qardaşın da namizədlik dissertasiyalarının elmi rəhbəri olduğunu bildirir...

 

İNSANLIĞIN ƏN GÖZƏL NÜMUNƏSİNİ TARİXƏ YAZAN DƏMİRÇİ AİLƏ VƏ YAXUD ON ALTI YETİM UŞAĞI ÖVLADLIĞA GÖTÜRƏN ÖZBƏKİSTANLI AİLƏ

 

14 dekabr. "Ədiblər Xiyabanı"ndayıq. Xiyaban yeni dizaynda təmir olunub. Xiyabanın içərisində iki mərtəbəli, yaraşıqlı Özbəkistan Yazıçılar Birliyinin binası və Əlişir Nəvainin məşhur heykəli yerləşir. Hal-hazırda təmir işləri getdiyi üçün heykəli ziyarət edə bilmirik. Xiyabanın ətrafında sıra ilə Özbəkistan Ali Məclisi, "Xalqlar dostluğu sarayı" və "Bayraq meydanı" yerləşir...

Bayraq meydanında bir abidə diqqətimi cəlb edir. Tarixi ilə maraqlanıram. Bildirirlər ki, bu abidə özbəklərin yüksək insanpərvərliklərini ifadə edir. Belə ki, ikinci dünya müharibəsi səbəbindən yetim qalan uşaqların taleyi özbək analarını narahat edir. Daşkəndli qadınların bütün özbəkistanlı qadınlara Özbəkistana başqa ölkələrdən məcburi köçürülən yetim uşaqların övladlığa götürülməsi ilə bağlı 1942-ci ilin yanvar ayındakı müraciətini eşidən bir dəmirçi ailə buna duyarsız qala bilmir. Dəmirçi Şahəhməd Şamahmudov və həyat yoldaşı Bahri Akramova həmin məcburi köçkünlərin yaşadığı yetimxanaya gedirlər. Müxtəlif millətlərdən, belarus, rus, moldova, çuvaş, yəhudi, qazax və qalan 4-ü özbək olmaqla 13 uşağı övladlığa götürürlər. Bu ailənin xeyirxah əməlləri təkcə bununla bitmir. Müharibə bitəndən sonra daha üç uşağı da himayələrinə alırlar.

 

Burada Tolstoyun bir fikri yadıma düşür: "Əgər bir insan acı duyarsa canlıdır, başqasının acısını duyarsa İnsandır".

İnsanpərvərliyin ən gözəl nümunəsini göstərən bu özbək ailə haqqında film ("Sen yetim deyilsən" bədii film) çəkilib, roman ("Həzrəti İnsan" romanı) yazılıb. Hal-hazırda Şamahmudovlar ailəsinin övladlığa götürdüyü uşaqlardan birinin yaşadığını internetdə Özbəkistan televiziyalarından birinə verdiyi müsahibəsindən öyrənirəm...

 

VII ƏSRƏ AİD QURANİ - KƏRİM və yaxud "OSMANIN QURANI"

 

17 dekabr 2019. Artıq beş gündür Daşkənddəyəm. Havanın temperaturu müsbət 8 dərəcəni göstərir. Qış fəslində bu temperatur paytaxt şəhərdə gəzinti üçün əla şərait sayılır...

... Daşkəndin ən gözəl yerlərindən olan "Hast İmom" kompleksi yerləşən ərazidəyik. Muzeyə daxil oluruq. Giriş yerli əhali üçün 20 qəpik (1000 som), Orta Asiya ölkələri (qonşu ölkələr) üçün 2 manat (10 000 som), digər ölkələr, eləcə də, azərbaycanlılar üçün 3 manatdır (15 000 som). Foto və video çəkilişlərinə icazə verilmir. VII əsrə aid olan "Qurani Kərim"in əsli buradakı muzeydə qorunub saxlanılır. Xəlifə Osman İbn Əffan bu Quranı oxuduğu zaman başı kəsilərək şəhid edilir. Həmin kitabın "Bəqərə" surəsinin 137-ci ayəsində qan izləri hələ də qalır...

Əmir Teymur VII əsrin yadigarı olan Quranı XIV əsrdə İraqdan Səmərqəndə gətirir. Çar Rusiyası Türkistanı işğal etdiyi zaman Qubernator tərəfindən 1869-cu ildə həmin Quranı Sankt-Peterburqa göndərir. 1924-cü ildə din alimlərinin  tələbilə yenidən Özbəkistana (Daşkəndə) gətirilir...

"Osmanın Quranı"ı Almaniyadan gətirilmiş havanı xüsusi tənzimləyən şüşə sandıqcada saxlanılır. Kitabın vərəqlərinin sayı 338, ölçüsü 53 sm x 68 sm-dir.

Muzeyin digər otaqlarında da müxtəlif illərə aid olan Quranlar saxlanılır... 

 

SALYANLININ ƏSGƏR YOLDAŞI

 

Minarədən azan səsi ucalır. İnsanlar günorta namazına tələsir. Kompleksin meydanında bizə bir balaca boy, nurani kişi yaxınlaşır. Dərviş olduğunu öyrənirəm. Azərbaycanlı olduğumu biləndə sevinir, əsgər yoldaşlarından birinin Salyan rayonundan olduğunu söyləyir. Azərbaycanlıların mərd, qorxmaz olduğundan ağızdolusu danışır, xalqımıza sağlamlıq, dövlətimizə əmin-amanlıq arzulayır, dua edib, yoluna davam edir...

 

ÇARSU BAZARI. DAŞKƏND METROLARI

 

23 dekabr. Ölkədə seçkilər bitib. Həyat öz axarında davam edir. Xəbərlərdə seçkidə əhalinin 71%-nin iştirak etdiyini bildirirlər. Parlamentdə Hakim (Liberal) Partiyanın namizədləri üstünlük təşkil edəcək...

Əhalinin həyat fəaliyyətini müşahidə etmək üçün piyada gəzməyə qərar verirəm. Daşkəndin küçələrindən, parklarından keçərkən gördüklərim məni sevindirir. İnsanlar bir-biriləri ilə qarşılaşanda tanış olmasalar belə salamlaşırlar. Salamlaşmayanda sizi heç də yaxşı qarşılamazlar. Paytaxt yollarının, küçələrinin səliqəli, təmiz olması, burdakı insanların mədəniyyətindən xəbər verir. Skamyalarda əyləşən gənclərin kitab oxumasına rast gəlirəm...

 

Çarşı bazarındayam. Bu bazarın tarixi də qədimdir. Bu ada "Avesta"da da rast gəlinir. "Dörd yol", "dörd tərəf" mənalarını verir. Daşkəndin ən böyük bazarlarındandır. İstədiyiniz nə varsa, demək olar ki, bu gümbəzli bazardan tapa bilərsiniz. Milli suvenirlər, milli geyimlərdən tutmuş gündəlik ərzaq məhsullarına qədər...

Bazarın ətrafında XVI əsrin yadigarı olan 2 mərtəbəli Kokaldaş mədrəsəsi yerləşir. Mədrəsəyə giriş xarici vətəndaşlar üçün 2 manatdır. Muzeydə xəttatlıq, üslubiyyat, qirayət və s. fəaliyyət göstərir...

Yaxınlıqda Çor su adlanan metro stansiya yerləşir. Metroya daxil oluruq. Burada stansiyaya giriş jetonladır. Gediş haqqı bizim pulla 0.25 manatdır (1400 som). Bakıdakı metrolara nisbətən burada stansiyalar o qədər də dərin deyil. Qatarlar əsasən sovet vaxtından qalandır. Stansiyalar arası məsafə qısa, təxminən 1.30-3 dəqiqədir.

İki stansiyadan sonra, Əlişir Nəvai stansiyasında düşüb, növbəti qatara minmək üçün qarşı tərəfdəki stansiyaya, Paxtakar stansiyasına keçirik...

Burdakı stansiyaların divarı və tavanı Özbəkistan təsviri sənətinə aid xüsusi naxışlarla bəzənib. Göz oxşayan bu naxışlar əksər stansiyalarda (Əlişir Nəvai, Kosmonavtlar, Özbəkistan və s.) da öz əksini tapıb...

 

TEYMURLƏNG YOX, ƏMİR TEYMUR

 

Əmir Teymur Xiyabanı stansiyasında düşüb, nisbətən uzun tunelə giririk. Tuneldən çıxanda qarşımızda gözəl mənzərə canlanır. Qarşı tərəfdə Türkün məğlubolunmaz hökmdarı Əmir Teymurun möhtəşəm heykəli və yolun əks istiqamətində, sağ tərəfdə muzeyi yerləşir (Məzarı isə Səmərqənddə yerləşir).

Özbəklər Teymurləng ifadəsini sevmirlər. Onlar bildirirlər ki, bu söz farsların Əmir Teymura olan nifrətinin göstəricisidir. Heykəlin önündə aşağı sinif şagirdlərinə müəllimləri Əmir Teymurun şərəfli tarixindən danışır. Eyni mənzərəni muzeydə də gördüm. Özbək xalqının keçmişinə bağlılıqları, tarixlərinə vurğunluqları görünür, hələ əsrlər boyu da yaşayacaq.

 

ÖZBƏKİSTANDAKI HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ

 

Dekabr ayının 26-sı Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən "31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü"nə həsr olunmuş möhtəşəm tədbirdə iştirak etdik. Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda dəyərli ziyalılarımızın çıxışından sonra, Azərbaycan əsilli müğənni Sami Yusifin azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında yeddi dəqiqəlik kompozisiyasına baxdıq. Daha sonra, 2019-cu ildə Özbəkistan Azərbaycan əlaqələrinin inkişafında xüsusi xidməti olan şəxslərin mükafatlandırması başlandı. Tədbirin sonunda Azərbaycanın mədəniyyətindən, tarixindən, milli mətbəxtindən, Bakının gözəl gəzməli yerlərindən, milli musiqilərimizdən, unudulmaz sənətkarlarımızdan, kinolarımızdan bəhs edən özbəklərin çəkdiyi təxminən 30 dəqiqəlik veriliş numayiş olundu. Tədbir bitməsinə baxmayaraq, zaldakı insanlar getmək istəmirdi...

 

"DƏRDLİ ANA" VƏ "XOŞBƏXT ANA" HEYKƏLLƏRİ

 

İlin son ayının 28-ci günü. Paytaxt Daşkəndin Müstəqillik meydanındayıq. Meydanın girişindəki sütunların üzərində yerli xalqın xoşbəxtlik, bərəkət, bolluq, sülh quşu olmasına inandıqları və adlandırdıqları "Humay quşu"nun simvolları əks olunub. Meydanın bir tərəfində gözləri yol çəkən "dərdli ana" abidəsi, digər tərəfində isə körpəsini bağrına basan "xoşbəxt ana" abidəsi ucaldılıb.

Müharibənin ağrı-acıları bu qardaş xalqın da tarixində silinməz izlər qoymuş, qəlblərində sağalmaz yaralar bəxş etmişdir. Onu da qeyd edim ki, ikinci dünya müharibəsində ruslar və ukraynalılardan sonra ən çox itki verən özbəklər olub. İkinci dünya müharibəsi başlayan zaman Özbəkistanın əhalisi 6 milyon imiş. Onun 1,5 milyonu müharibədə iştirak etmişdir. Müharibədə 500 mindən çox  insan həlak olmuş, 133 mindən çoxu itkin düşmüş, 66 mindən çoxu əlil qalmışdır. Həlak olan və itkin düşən türk qardaşlarımızın kimlikləri parkın içindəki açıq muzeydəki metal vərəqlər üzərində əks olunmuşdur.

"Dərdli ana" abidəsi də həmin odlu-alovlu illərin xatirəsini özündə yaşadır. Susqunluğuna qulaq asıram. Bu dərdli ananın ürəyində nələr yaşayırmış, İlahi! Xəyallara qapılıram. Bəlkə də insanlar doğru danışmağı, günahsız olmağı heykəllərdən öyrənməlidir...

Oğlunun müharibədən qayıtmasını uzun illər gözləyən, sonunda şəhid xəbərini alan ananın üz-gözündən anlaşılır nələr çəkdikləri...

Ananın “Sən hər zaman qəlbimdəsən, Ciyərim" sözləri isə insanı təsirləndirir, duyğulandırır.

Heykəlin qarşısında səkkizguşəli ulduzun içərisindən alov ucalır, ətrafındakı daşların üzərində “Vətənimizin azadlığı, xoşbəxtliyi və səadəti üçün canını qurban verən vətəndaşlarımızın xatirəsi əbədidir" sözləri yazılıb...

1991-ci il sentyabrın 1-də Özbəkistan müstəqillik qazanır. "Xoşbəxt ana" heykəli isə müstəqillikdən sonrakı illəri əks etdirir.

 

ƏLİŞİR NƏVAİ ADINA ƏDƏBİYYAT MUZEYİ

 

Həftənin şənbə günü olduğundan muzey saat 14:00-a kimi fəaliyyət göstərir. Biz ora çatanda artıq iş saatı başa çatmışdı. Muzeyə giriş hara vətəndaşlığından asılı olmayaraq bir manatdır. Azərbaycandan gəldiyimizi bildikdə bizi gülərüzlə qarşılayıb əlavə bir saatlarını da bizimlə keçirdilər...

Dörd mərtəbəli muzeyin qarşısında şairin adını daşıyan park, heykəl və metrostansiya yerləşir. Birinci mərtəbədə qədim və klassik ədəbiyyat nümayəndələri və onların yazı nümunələri ilə tanış ola bilərsiniz. Beləliklə, hər mərtəbə müxtəlif dövrləri əhatə edir. Dördüncü mərtəbədə isə müstəqillik dövrü nümayəndələrinin əsərləri qorunur...

Muzeyin təmirə ehtiyacı olsa da, gözəlliyini qoruyub saxlamışdır.  Geniş otaqları, divarlarında xüsusi əl işləri, boyalar, rəssamlıq nümunələri insanı valeh edir...

Milliyətcə azərbaycanlı olan şair, "iki xalqın qüruru" adlandırılan Maqsud Şeyxzadəyə aid şəxsi əşyaların qorunub saxlanıldığı guşə də bu muzeydədir.

 

QIZIL SUYUNA ÇƏKİLƏN XALÇA

 

"Xəmsə" otağı muzeyin ən yaraşıqlı otaqlarındandır. Burada "Xəmsə" yazan yazarların xalçalara toxunan şəkilləri və portretləri yer almışdır. Eləcə də, Nəvainin Xəmsə əsərindəki beş poemaya həsr olunmuş miniaturalar divarlara çəkilmişdir. Otağın bir başında "Azərbaycan xalqının hədiyyəsi" olaraq qəbul etdikləri, Nizami Gəncəvinin, o biri başında Əlişir Nəvainin şəkli toxunan böyük, məşhur xalçalar asılmışdır. Nizami Gəncəvinin şəkli əks olunan xalçanın hər iki tərəfində Xosrov Dəhləvi və Əbdürrəhman Caminin portretləri yer almışdır.

1968-ci ildə 14 nəfər xalçaçı qız tərəfindən bir il ərzində toxunub bitən, Nəvainin şəkli əks olunan xalçanın iplərinə qızıl suyu çəkilmişdir. Ona görə də xalça hələ də parlaqlığını itirməmişdir...

 

ŞƏHİDLƏR XATİRƏSİ YADİGARLIQ KOMPLEKSİ. ZİYALILARIN "QARA QARĞA" QORXUSU

 

Dekabr ayının 29-u Daşkəndin Bozsu kanalı yaxınlığında yerləşən Şəhidlər xiyabanındayıq. XX əsrin 20-ci illərində bu yerlər çöllük ərazilər idi. Yerli əhali arasında "üç qətlgah" kimi tanınırdı. Repressiya dövründə ən məşhur ziyalıları, yazıçıları, günahsız insanları burada qətlə yetirirdilər...

2000-ci ildə İslam Kərimovun təşəbbüsü ilə kompeks inşa olunub. Kompleksdə muzey 3 hissədən ibarətdir. Muzeyə giriş yerli əhali üçün 1 manat, xaricilər üçün 3 manatdır. Əgər siz muzeydə foto və video çəkilişləri aparacaqsınızsa, o zaman əlavə 6 manat da ödəməli olacaqsınız. Muzeyin birinci və ikinci hissəsində Çar Rusiyası işğalından  Sovetlər zülmünə qədər olan eksponatlar, tarixi materiallar qorunub saxlanılır. Üçüncü hissəsində isə müstəqillikdən sonra şəhidlər xatirələrinin necə yad olunması əksini tapmışdır.

Birinci və iki otaqlar zəif, üçüncü, yəni müstəqillik illərindən sonrakı otaq isə parlaq işıqlarla dizayn olunub.

Birinci hissədəki qara "Gaz-11-73" markalı avtomobil xüsusi olaraq diqqəti cəlb edir. Xalq arasında "Qara qarğa" (Çernıy voronok) adını alan bu maşın kütləvi repressiya dövrünün ən qorxunc və ən dəhşətli simvolu olmuşdur. Həmin maşında bir çox insanlar həbsə götürülmüş və bu maşında gedənlərin heç biri evinə qayıtmamışdır...

 

DAŞKƏNDDƏ YENİ İL

 

Daşkənd yeni il - 2020-ni qarşılayır. Milli kitabxananın qarşısındakı yollar şənliklərə görə müvəqqəti olaraq sürücülərin üzünə bağlanıb. Keçən ildən fərqli olaraq bu il dövlət səviyyəsində keçirilən "atəşfəşanlıq" ləğv edilib. Əvəzində dronlar paytaxt şəhərin səmasında lazerlər vasitəsilə müxtəlif göstərilər nümayiş etdirir...

Şəhər gəzintisindən sonra, özbək milli yeməklərini dadmaq üçün yaxınlıqdakı  restorana daxil oluruq. Budəfəki menyumuzda ən çox sevdiyim özbək yeməklərindən "manti" və "plov" var...

Bizdən bir az aralıda restoranın işçisi pianoda "Sarı gəlin"i ifa edir...

 

ZƏNGİATA KOMPLEKSİ

 

2020-ci il yanvar ayının 5-i. Ölkədə bəzi yeni qanunlar qəbul olunub. Artıq bu aydan başlayaraq yol polisləri xidmətləri zamanı yaxa kameralarından istifadə etməyə başlayıblar. Dövlət bu addımı məmur-vətəndaş arasında yersiz mübahisələrin,  rüşvətin qarşısını almaq üçün atdığını bildirir...

 

Daşkəndin Zəngiata rayonunda yerləşən XV-XX əsrlərə aid memarlıq abidəsi sayılan Zəngiata kompleksindəyik. Zəngiata, Ənbər bibi məqbərələri, darvazaxana, mədrəsə, məscid, xanəgah, minarə və hovuzdan ibarət olan bu məkanda insan ruhən durulanır.

Ətrafında xiyabanlıq yerləşən Zəngiata məqbərəsi onun ruhuna böyük ehtiram rəmzi olaraq Əmir Teymur tərəfindən inşa edilib (14-cü əsrin 80-ci illərində), Uluğbek dövründə isə (15-ci əsrin 20-ci illəri) bəzək işləri həyata keçirilib. 16-17-ci əsrlərdə isə gümbəz bərpa olunub...

Ənbər bibinin həyat yoldaşı Zəngiatanın övliya, təsəvvüf vəkillərindən biri olduğu bildirilir. Ərəb nəslindən, rəngi qara olduğu üçün ona zəngi (zənci) ləqəbini veriblər. O, Əhməd Yəssəvinin şagirdinə mürid olur və Yəssəviyə təriqətinin qaydalarını öyrənir...

İçəri daxil oluruq. Zəngiata qəbri olan otağın qapısı bağlıdır. Qapının üstündə "Nə istəyiniz olsa ancaq Allah təaladan istəyin, çünki hər şeyi görən və bilən yalnız Allahdır. Ziyarətə gələnlərdən ancaq Zəngiata ruhuna Quran oxuyub dua etmələrini xahiş edirik" sözləri yazılıb.

Bu cür qadağalar, maariflənmənin getdikcə artması, insanları günah işlərdən, yəni qəbirlərdən, pirlərdən kömək dilənməmələrinə, bidət və xürafatdan uzaq olmalarına gətirib çıxara bilmişdir...

 

AĞ MƏSCİD və ya MİNAR MƏSCİDİ

 

Zəngiata kompleksini ziyarətdən sonra  Özbəkistanda ən böyük müsəlman dini mərkəzlərindən biri olan Ağ məscidə gəlirik. Məscidin tikinti işləri 2013-cü ilin yay aylarında başlanmışdır. 2014-cü il oktyabrın 1-də Qurban bayramında Özbəkistanın birinci Prezidenti İslam Kərimovun iştirakı ilə açılışı baş tutmuşdu. Ənənəvi şərq və özbək üslubunda tikilən,  iki minarəsi və göy rəngli gümbəzi olan məsciddə eyni anda 2400-dən  çox insan namaz qıla bilər...

 

SALAMAT QAL, ÖZBƏKİSTAN!

 

"Könüllülər ili"nin 9-cu günü türklərin adlandırdıqları Ata Yurdla sağollaşıb, Ana yurda dönürük...

Təyyarəmiz Yerdən 11 km yüksəklikdə, türkçülüyün rəngiylə bəzənmiş göy üzündə topa-topa buludları yara-yara "Odlar yurdu"nun görüşünə tələsir...

"Küləklər şəhəri" xəfif mehiylə salamlayır, oxşayır saçlarımızı. Hələ "Xəzər" xəbərsizdir gəlişimizdən...

 

Sərvər KAMRANLI

BAKI-DAŞKƏND-BAKI

12 dekabr 2019-09 yanvar 2020

 

525-ci qəzet.- 2020.- 29 yanvar.- S.14-15.