Folklorumuzun "Azərbaycan ədəbiyyatı
tarixi"ndəki mənzərəsi
Tarixi
yazmaq, tarixdən yazmaq hər zaman çətin və məsuliyyətli
iş olub. Təkcə
ona görə yox ki, haqqında yazılan dövrlə
bağlı materialların sayından asılı olaraq dəqiqlik
və həyatiliyə sadiq qalmaq çətinləşir, həm
də ona görə ki, oxucu üstündə "tarix"
yazılmış vəsaitlərin demək olar ki,
hamısına haqlı olaraq inanmaq məcburiyyətindədir.
Ədəbiyyat tarixini yazmaq isə bundan dəfələrlə
çətin və məsuliyyətlidir. Çünki ədəbiyyat
tarixi həm məşğul olduğu dövrü, həm də
həmin dövrün haqqında söhbət gedən nümayəndəsi(lər)ni real tarixi
faktlardan əlavə, onların əsərləri vasitəsiylə
də öyrənir. Yəni, ədəbiyyat
tarixi kitabında oxuduqlarımız həm digər tarix və
coğrafiya kitablarıyla, həm də əsərlərlə
səsləşməlidir.
Hələ tələbə olduğumuz dövrdə Azərbaycan
ədəbiyyatı tarixinin yazılmaları ilə
bağlı fərqli-fərqli kitablar və variantlar öyrənmişdik. Bu fərqlilik
ən çox 70 illik Sovet dövrünün nəticələri
idi. Çünki SSRİ-nin soyuq əlləri
təkcə Azərbaycanın dövlətçilik tarixini
deyil, eləcə də ədəbiyyat tarixini
saxtalaşdırmaq, fürsət tapanda isə hətta müəyyən
dövrləri silib tozlu kitab səhifələrindən yox etməyə
çalışıb. Əlbəttə,
xalqın və bir sıra ziyalıların iti yaddaşı,
poetik ruhu, dözümlü sədaqəti bu mədəniyyət,
tarix ovçularınə əməllərini genişləndirməkdə,
niyyətlərinə çatmaqda mane olub.
Bütün bunları nəzərə alaraq, hər
zaman Azərbaycan ədəbiyyatının yenidən,
başdan yazılması arzuolunan idi. Ona görə də ədəbiyyatçıların
gözü Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda idi. Çünki son illərdə
akademik İsa Həbibbəylinin rəhbərliyi altında
institut bir sıra fundamental araşdırmalara, ədəbiyyat
tarixi və ədəbiyyatşünaslığımız
üçün mühüm əhəmiyyət kəsb edən
fundamental kitabların və çoxcildliklərin nəşrinə
nail olub.
İnstitut ədəbiyyatla bağlı bütün məsələlərə
olduğu kimi, buna da biganə yanaşmır, xüsusən
akademik İsa Həbibbəylinin rəhbərliyi ilə
fundamental bir çoxcildliyin oxucuların ixtiyarına veriləcəyi
ilə müjdələyirdilər. Deyilirdi ki, bir neçə ildir
Ədəbiyyat İnstitutunda 10 cilddən ibarət
çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin hazırlanmasına başlanılıb və
nəzərdə tutulmuş 10 cildlikdə ədəbiyyatımızın
bütün dövrlərini əhatə edən mərhələlər
üzrə icmallar veriləcək, onun inkişaf və zənginləşməsində
xüsusi xidmətləri olan ədəbi simalar haqqında
oçerklər təqdim ediləcək.
Nəhayət,
ötən il sözügedən
çoxcildliyin birinci cildi işıq üzü gördü.
Əlbəttə, İnstitut Elmi Şurasının 15 oktyabr
2018-ci il tarixli 12 saylı iclas protokolunun qərarı ilə nəşr
olunan ədəbiyyat tarixinin ilk cildi xronoloji akpektdə ilkin
olan və yazılı ədəbiyyatımızın əsas
mənbəyi rolunu oynayan "Şifahi xalq ədəbiyyatı"na
həsr edildi. Kitabın təqdimat mərasimi
ötən ilin iyun ayında AMEA Ədəbiyyat İnstitutunda
keçirildikdən sonra həm mətbuatda, həm də ədəbi
mühitdə müsbət mənada rezonansa səbəb oldu.
Akademik
İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
adlı geniş həcmli tədqimatı ilə başlayan
kitabda milli ədəbiyyatımızın mifoloji
qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı
örnəkləri, mənşə etibarilə etnosdan bədii
təfəkkür baxımından eposa qədərki təkamül
prosesləri və aşıq yaradıcılığı
yüksək elmi-nəzəri səviyyədə
yazılmış oçerklər əsasında oxuculara
çatdırılır.
Kitab
İ.Həbibbəylinin məqaləsindəki Azərbaycan ədəbiyyatıyla
bağlı dəyərli xaraktristikası ilə
başlayır: "Azərbaycan ədəbiyyatı - uzun bir
dövr ərzində Azərbaycan xalqının bədii
dühasının yaratdığı çoxəsrlik və
zəngin ədəbiyyatdır. Azərbaycan
xalqının milli-mənəvi dəyərləri, adət-ənənəsi,
mənəviyyatı, mübarizəsi və idealları bu ədəbiyyatın
ana xəttini, əsas qayəsini təşkil edir. Bu -
böyük ənənələri olan, Azərbaycan
xalqının milli varlığını əks etdirən və
onu dünyaya təqdim edən ədəbiyyatdır. Bu - Azərbaycan
xalqının milli özünəməxsusluğunun ədəbi
kimliyidir. Bu - ümummilli idealları əsrdən əsrə
yaşadan və inkişaf etdirən böyük ədəbiyyatdır.
Bu - Azərbaycançılıq
idealının ədəbi manifestidir!"
Araşdırmanın
başqa bir yerində akademik Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsinin zəruriliyindən
söz açır: "Müasir Azərbaycan ədəbiyyatşünaslığının
qarşısında duran ən zəruri vəzifələrdən
biri milli ədəbiyyat tarixinin çoxəsrlik inkişaf
yolunun sistemli şəkildə dövrləşdirilməsinin
elmi təsnifatını hazırlamaqdan ibarətdir. Ədəbiyyat tarixinin dövrləşdirilməsi
geniş anlayış olub, bütövlükdə Azərbaycan
xalqının ictimai-tarixi və mənəvi təkamül
proseslərini obyektiv şəkildə mərhələlər
üzrə dərk və şərh etməyə imkan yaradan əhəmiyyətli
vəzifədir. Ədəbiyyat
tarixçiliyi baxımından da dövrləşdirmə Azərbaycan
ədəbiyyatının keçdiyi inkişaf yolunun cəmiyyətin
inkişaf dialektikası ilə yanaşı, həm də ədəbiyyatda
gedən proseslərin daxili qanunauyğunluqları ilə
üzvi əlaqədə öyrənilməsini şərtləndirir".
Demək ki, İsa Həbibbəyli kimi Azərbaycan ədəbi
prosesini çox yaxından izləyən, Azərbaycan ədəbiyyatı
tarixçiliyinə yaxından bələd olan bir akademikin digər
ədəbiyyatşünaslar və professorlarla birgə məhz
bu ehtiyacın fərqindəliyinin nəticəsidir bu
fundamental nəşr.
Cilddə araşdırmalar professor Məhərrəm
Qasımlının "Azərbaycan folkloru" məqaləsi
ilə başlayır. Müəllif məqalədə şifahi
xalq ədəbiyyatının ümumi mənzərəsini
dolğun və sistemli şəkildə canlandırır.
Daha sonra folklorun ayrı-ayrı növləri və
nümayəndələri, ustad aşıqların həyat və
yaradıcılığı ayrı-ayrı alimlərin qələmləri
vasitəsilə xronoloji ardıcıllıqla təqdim olunur.
Folklora yeni yanaşma tərzi sərgiləyən, milli-tarixi
kimlik amilini, mənəvi-mədəni sərvətimizin mahiyyətini
önə çəkən kitabda - mifologiya (Arif Acaloğlu),
arxaik folklor janrları, mərasim folkloru, əmək nəğmələri
(Bəhlul Abdulla), qədim türk eposu (Nizami Cəfərov,
Kamil Vəliyev), oğuznamələr (Əfzələddin
Əsgər), "Kitabi-Dədə Qorqud" (Tofiq Hacıyev),
xalq gülüşü, qaravəllilər (Muxtar İmanov),
dastanlar (Məmməd Hüseyn Təhmasib, Məhərrəm
Qasımlı), bayatılar, qam-şaman kompleksi, ozan-qopuz ənənəsi,
aşıq sənəti, aşıq mühitləri (Məhərrəm
Qasımlı), "Koroğlu" eposu (Nizami Cəfərov, Məmməd
Əliyev, İsrafil Abbaslı), lətifələr (Təhmasib
Fərzəliyev, Muxtar İmanov), nağıllar, atalar
sözü və məsəllər, tapmacalar (Oruc Əliyev), əfsanələr,
rəvayətlər, aşıq rəvayətləri (Aynur Xəlilova),
xalq dramları, uşaq folkloru (Ramazan Qafarlı), meydan
tamaşaları (Azad Nəbiyev) ilə bağlı dəyərli
araşdırmalar təqdim olunmuş, aşıq sənətinin
görkəmli nümayəndələri olan ustad
aşıqlara - Qurbani (Qəzənfər Kazımov),
Aşıq Alı (Məmməd Əliyev), Aşıq Ələsgər
(İslam Ələsgər), Abbas Tufarqanlı, Sarı
Aşıq, Xəstə Qasım, Abdalgülablı Valeh, Molla
Cuma, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir
(Məhərrəm Qasımlı), Aşıq Hüseyn Şəmkirli
(Sədnik Paşa Pirsultanlı, Məhərrəm
Qasımlı), Mikayıl Azaflı (Qəzənfər
Paşayev) - ayrıca oçerklər həsr edilib. Həmçinin, Azərbaycan folklorunun öyrənilməsi,
toplanılması və nəşr edilməsi məsələləri,
folklorşünaslığımızın inkişafında
böyük xidmətləri olan alimlərin bu istiqamətdəki
fəaliyyətləri tədqiqata cəlb olunub,
ayrı-ayrı folklorşünaslarımız haqqında
yığcam məlumatlar verilib
("Folklorşünaslıq", Qəzənfər
Paşayev, İsrafil Abbaslı, Aynur Xəlilova).
"Elm"
nəşriyyatında işıq üzü görmüş
kitab "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci -
"Şifahi xalq ədəbiyyatı" cildinin Baş
redaksiya və Redaksiya şuraları aşağıdakı tərkibdə
müəyyənləşdirilib:
Baş
redaksiya şurasında akademik Akif Əlizadə (sədr),
akademik İsa Həbibbəyli (baş redaktor), akademik Teymur Kərimli,
professor Məhərrəm Qasımlı təmsil
olunurlar. Redaksiya şurasında isə akademik İsa Həbibbəyli
(baş redaktor), professor Məhərrəm Qasımlı (məsul
redaktor), dosent Aynur Xəlilova (məsul katib), professor Qəzənfər
Paşayev,
professor Əlizadə Əsgərli yer alıblar.
Azərbaycan, türk, rus dillərində 1061 sayında ədəbiyyat
siyahısını Təranə Vəliyeva və Vüsal Səfiyev
sistemləşdiriblər. Kitabda eyni zamanda, rus və
ingilis dillərində ətraflı xülasələr də
yer alıb.
1072 səhifəlik kitab AMEA-nın Ədəbiyyat,
Folklor, Dilçilik institutları, Bakı Dövlət
Universiteti və Azərbaycanda Atatürk Mərkəzinin birgə
əməkdaşlığı sayəsində işıq
üzü görüb. Kitabın hazırlanmasında üç
prinsip - elmi, ümummilli və dövlətçilik prinsipləri
əsas götürülüb.
Kitab bir dərslik,
elmi-fundamental əsər, araşdırma olsa da,
ayrı-ayrı oçerklərdə alimlərin bədii-koloritli
dili, mövzuya yanaşma tərzi, terminlərdən az və yerində istifadə onu daha oxunaqlı
edir. Məhz bu xüsusiyyətlərinə
görə inanırıq ki, kitabı təkcə ədəbiyyatşünaslar
və filologiya fakültəsinin tələbələri deyil,
Azərbaycan ədəbiyyatı ilə maraqlanan və
mütliə həvəskarı bütün oxucular
rahatlıqla oxuya və anlaya bilərlər.
Təqdirəlayiq haldır ki, burada bu günə qədər
ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi
kitablarında sadəcə adı keçən, ya da bir
neçə cümləylə mahiyyəti
açıqlanmağa çalışılsa da, yenə də
kifayət qədər məlumatlı
olmadığımız janrlar da geniş təfsilatla öz əksini
tapıb. Məsələn, meydan tamaşaları, uşaq
folkloru, qədim şaman kompleksi, qaravəllilər və sair
bu qəbildən olan nümunələrdir. Alimlərimiz hər biri stündə xüsusi diqqətlə
dayanmış və onların mahiyyətini, xalq arasında ən
çox yayılan nümunələrini, yaranma və işlənmə
areallarını oxuculara çatdırmışlar. Ayrı-ayrı oçerkləri sistemli şəkildə
oxuyarkən görürük ki, kitabın hazırlanması
zamanı ümumtürk etnocoğrafiyası nəzərə
alınıb, milli elmi istiqlal düşüncəsi bu
xüsusi yer alıb.
Beləliklə,
əminliklə deyə bilərik ki,
folklorşünaslığımızın elmi təcrübə
və nəticələrinə əsaslanan, kollektiv
elmi-yaradıcılıq məhsulu olan fundamental "Azərbaycan
ədəbiyyatı tarixi"nin I cildi Azərbaycan
folklorunun öyrənilməsi üçün böyük əhəmiyyətə
malik olan mühüm elmi mənbədir.
Bu əsər münasibətilə ədəbiyyatşünasları
və ədəbiyyat, xüsusilə folklor
sevdalılarını təbrik edir, zəhməti keçən
hər kəsə təşəkkür edirik.
Artıq bir müddətdir ki, "Azərbaycan ədəbiyyatı
tarixi" 10 cildlik nəşrinin "Azərbaycan
yazılı ədəbiyyatının ortaq başlanğıc
dövrü"nü əhatə edən ikinci cildi çapa
təqdim olunub. Yaxın zamanlarda kitabın ikinci cildi və gələcəkdə
də digər cildlərinin çap olunub oxucuların
ixtiyarına veriləcəyinə inanırıq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.14.