Maraqlı eksponatlarla zəngin
Təbiət Muzeyi
Son
25 ildə qədim Naxçıvanın həyatındakı
canlanma yalnız burada aparılan tikinti, quruculuq, abadlıq
işləri ilə deyil, eyni zamanda, həyatımızın
bütün sahələrində yeniliklər ilə xarakterizə
olunur.
Şübhəsiz, ilk növbədə böyük
məhəbbətlə görülən
işlər hər bir kəsi valeh
edir. Bununla yanaşı, muxtar
respublikanın qədim
və zəngin tarixinin, mədəniyyətinin,
təbiətinin təbliği
istiqamətində həyata
keçirilən tədbirlər
bu təəssüratı
daha da unudulmaz
edir.
Naxçıvan Muxtar Respublikasında
uğurla həyata keçirilən diqqətəlayiq
tədbirlərdən biri
də xalqımızın
qədim dövrlərdən
günümüzə kimi
olan tarixini, mədəniyyətini, milli-mədəni
dəyərlərini, o cümlədən,
fauna və florasını
parlaq şəkildə
işıqlandıran muzeylərimizdir
ki, burada toplanılıb gələcək
nəsillər üçün
qorunub saxlanılan eksponatlar şəhərimizə
gələn yerli, xarici turist və
qonaqların da böyük marağına
səbəb olur.
Ərazinin zənginliklərini əyani
surətdə geniş
təbliğ edən muzeylərdən biri də AMEA-nın Naxçıvan Bölməsinin
Bioresurslar İnstitutunun
nəzdində yaradılan
Təbiət muzeyidir. Özünəməxsusluğu ilə seçilən
muzey haqqında ətraflı məlumat almaq üçün institutun Zooloji tədqiqatlar şöbəsinin
müdiri, biologiya üzrə fəlsəfə
doktoru, dosent Akif Bayramovla həmsöhbət olduq.
O bildirdi ki, flora və faunamızın növ müxtəlifliyi, maraq doğuran canlılar, o cümlədən,
nadir və nəsli kəsilmək təhlükəsi
ilə üzləşən
növlərin geniş
təbliği, xüsusən
gənc nəsildə
təbiətə və
təbii sərvətlərimizə
doğma münasibət
hissi və ekoloji mədəniyyət
aşılamaq muzeyin əsas məqsədini təşkil edir. Ekspozisiya zalında nümayiş etdirilən eksponatlar da ərazinin zəngin flora və fauna nümunələrindən ibarətdir.
2003-cü
ildən fəaliyyət
göstərən muzeyin
ekspozisiya və kolleksiya fondunun zənginləşməsində institut əməkdaşları
ilə yanaşı, təbiətsevər vətəndaşların
da əməyini xüsusi vurğulayan şöbə müdiri qeyd etdi ki,
müxtəlif canlıların
daşlaşmış qalıqları,
skeletləri, qədim
insanların əmək
alətləri, quşların
müxtəlifliyi ilə
seçilən yuvaları
və başqa eksponatlar muzeyin zənginliyini daha da artırıb.
Muzeydə səliqə ilə divarboyu düzülmüş
vitrinlərdə Naxçıvan
Muxtar Respublikasının
təbiətini əks
etdirən çoxsaylı
eksponatlar, sanki canlı təəssürat
bağışlayan müqəvva
ekspozisiyaları tamaşaçının
diqqətini ilk baxışdan
cəlb edir.
Bu elmi-mədəni ocağın
girişində muxtar respublikanın özünəməxsus
torpaq-iqlim şəraitində
yüksək məhsuldarlığı
ilə seçilən
yeni buğda hibridlərinin və seleksiya sortlarının sərgisinə xüsusi guşə ayrılıb. Guşədə institutun elmi əməkdaşlarının illərlə
gərgin əməyi
nəticəsində alınmış
bərk və yumşaq buğda sortlarının dənlə
dolu iri sünbüllü nümunələri
nümayiş etdirilir.
Burada əməkdaşların buğdadan
hazırladıqları Naxçıvan
Muxtar Respublikasının
xəritəsi xüsusi
ilə diqqəti cəlb edir. Qeyd edək ki, strateji
məhsul kimi buğdanın sərgilənən
nümunələrinin sayı
50-ni keçib.
Muzeydə diqqəti özünə
çəkən digər
bölmə floramızın
yüksək müalicəvi
xassələri ilə
fərqlənən dərman
bitkiləridir. Burada cövhərlər, qoz, badam, acı
badam, ərik və şaftalı çəyirdəklərindən alınmış yağlar
xüsusi germetik qablara doldurulub və etiketlənmiş şəkildə nümayiş
etdirilir. Həmin
bölmədə floramızda
zəngin bioloji ehtiyata malik 60 rəsmi dərman bitkisinin bir çox xəstəliklərin
müalicəsində uğurla
tətbiq edilən 20 uyğun kombinasiyalı qarışıqlar tərkib
hissələri və
istifadə qaydasının
təlimatı ilə
birlikdə nəfis qutularda sərgilənir.
Fauna nümunələri eksponatları və ekspozisiyalarının sərgilənməsi
muzeydə böyük
sahəni əhatə
edir. Vəhşi cütdırnaqlılardan qaya keçisinin, dağ qoyununun və Pişikkimilər fəsiləsindən olan vaşağın skeletlərinin
müxtəlif hissələrindən
hazırlanmış ekspozisiyalar,
qonur ayının nümayiş etdirilən dərisi maraqla qarşılanır.
Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış
38 növ ilanın və kərtənkələnin,
demək olar ki, hamısının
formalin məhlulunda təsbit
edilmiş eksponatları
muzeyə gələnlərlə
bərabər, mütəxəssislərin
də diqqətini xüsusi cəlb edir. Eksponatlar arasında təbiətdə
olduqca nadir rast gəlinən, tapılmasına
illər sərf ediləcək növlər
muzeyin digər bir bölməsinin ekspozisiyasını təşkil
edir.
Burada eyni zamanda, sututarlarımızda
yayılmış və
elmi işçilər
tərəfindən faunaya
yeni daxil edilmiş balıq növləri, xüsusən
Kür uzunburunu, qızılxallı balıq,
qambuziya və başqa nümunələr
nümayiş etdirilir
ki, bu eksponatlar
da tamaşaçılarda,
həmçinin, mütəxəssislərdə
sonsuz maraq və bəzən də təəccüb hissi doğurur. Sərgilənən balıqların əksəriyyəti
vətəgə əhəmiyyəti
daşıyır.
Muzeydə həmçinin, bütün
Qafqazda ən iri fərdlərinə Araz su anbarında
rast gəlinən uzunbarmaq çay xərçənginin və
krevetin fərdləri
nümayiş etdirilir.
Onurğasız heyvanlara aid çoxlu sayda eksponat muzeyin növbəti bölməsinin ekspozisiyasını
təşkil edir. Burada insan və heyvanlarda
parazitlik edən dəyirmi və yastı qurdlar, o cümlədən, həşəratlar
sinfinə daxil olan sərtqanadlılar, kəpənəklər, vəhşi
arılar, müxtəlif
hörümçəkkimilər, xüsusilə molyusk növləri, ali xərçənglərin nümayəndələri
və su həyat tərzi keçirən müxtəlif
orqanizmlərin sərgisi
bölgənin zəngin
onurğasız faunası
haqqında təəssürat
yaradır.
Öyrəndik ki, muzeydə bəzi eksponatlar həm nümayiş olunur, həm də tədqiqatlara cəlb ediliblər. Belə ki,
muzeyə tamaşaçılarla
yanaşı, müxtəlif
heyvan qrupları ilə bağlı tədqiqat aparan mütəxəssislər gəlir,
sərgilənən nüsxələrdən
ilkin material kimi istifadə edir, təsvir və ölçmə işləri
yerinə yetirirlər.
Akif Bayramov bildirdi ki, tədqiqat
aparmaq məqsədilə
ötən illərdə
muxtar respublikamıza Fransadan, Rusiyadan, Macarıstandan, Hollandiyadan,
Portuqaliyadan və digər xarici ölkələrdən gələn
qonaqlar sözügedən
muzeyin ekspozisiyasının
zəngin nümunələri
ilə əyani tanışlıqdan zövq
alıblar.
Təbiətsevərlərin, ali
təhsil müəssisələrində
təhsil alan tələbələrin və
orta məktəb şagirdlərinin üzünə
həmişə açıq
olan muzeydə son illər açıq dərslər təşkil
edilir, müxtəlif mövzularda tədbirlər
keçirilir. Burada tələbə və şagirdlər ərazinin
fauna və florası ilə yaxından tanış edilir, onlara zəngin təbii sərvətlərimizin qorunması,
ekologiyaya aid tövsiyələr
verilir.
Türkanə
BƏYLƏRLİ
AMEA
Naxçıvan Bölməsinin İnformasiya
şöbəsinin əməkdaşı
525-ci qəzet.- 2020.- 29 yanvar.- S.13.