Hər dəqiqəsi ədəbiyyatla dolu bir görüş
ŞAİR QİSMƏT IV GƏNC
ƏDİBLƏR MƏKTƏBİNİN QONAĞI OLDU
... Yanvarın 25-dir, "Azərkitab"
Mərkəzində IV Gənc
Ədiblər Məktəbi
(GƏM) müdavimlərinin tanınmış şair
və ədəbiyyatşünas,
özü də bir vaxt bu
Məktəbin məzunu
olmuş Qismət Rüstəmovla görüşü
var. Bu görüşə mən də qatılmalı və oradan reportaj hazırlamalıyam.
Tədbirin başlanmasına hələ
xeyli vaxt qalır, ancaq mən artıq "Azərkitab"ın qarşısındayam. Yəqin ki,
buraya ilk gəlişim
olmadığı üçün
bina mənə bir qədər doğma gəlir.
Ləngimədən içəri daxil oluram. Bu, mənim tələbə jurnalist olaraq qatıldığım
ilk tədbirdir. GƏM-in rəhbəri olan Azərbaycan Yazıçılar
Birliyinin (AYB) katibi,
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid məni bu yığıncağa dəvət edəndə keçən il
"Natəvan" klubundakı
görüşdə iştirakım,
həmin tədbirdə
yaşananlar yadıma
düşdü. Gənc ədiblərin
budəfəki qonağının
Qismət Rüstəmov
olacağını eşidəndə
marağım birə-beş
artmışdı. Ona
görə ki, "Bilirdim gələcəksən"
və "Birnəfəsə"
adlı çox sevdiyim şeirlərin müəllifi ilə ilk dəfə əyani tanış olacaqdım. İçəri
daxil olub salamlaşanda
illərdən bəri
yüzlərcə gəncin
ədəbi mühitdə
tanınmasına önəmli
təkan vermiş Rəşad Məcid məni xoş sözlərlə qarşılayıb
tədbir iştirakçıları
ilə tanış edir.
Ardınca giriş sözü ilə tədbiri açır. Əvvəlcə "Azərkitab"ın rəhbəri Sabir Həsənova bu tədbirin keçirilməsini
təşkil etdiyi üçün təşəkkürünü
bildirir, buranı gənc ədiblərin toplanacağı yeni bir ocaq adlandırır.
GƏM-in tarixindən və bu məktəbdə
yetişən ədiblərdən
danışmağı da
yaddan çıxarmır.
Nəhayət, tədbirin qonağı
- Azərbaycan Yaradıcılıq
Fondunun aparat rəhbəri olan dəyərli şair və ədəbiyyatçı
Qismət Rüstəmovu
ətraflı təqdim
edən Rəşad Məcid sözü qonağa ötürür.
Qismət sözə 2000-ci illərin
ədəbi-bədii ab-havasından
danışmaqla başlayır. Həmin vaxtlarda
kitab mərkəzlərinin
olmadığını və
ancaq qəzetlər arasında seçim etməyin mümkünlüyünü
vurğulayır. Kitab ticarətinin
inkişaf yollarından
bəhs edir. Bunun tək yolunun iqtisadi dayaqlara söykəndiyini diqqətə
çatdırır. Gənc Ədiblər
Məktəbində formalaşan
mühitin ədiblərin
yetişməsi üçün
münbit zəmin olduğunu və buradakı hər 50 nəfərdən ən azı 10-15-inin yaradıcılıqda
uğur qazandığını
qeyd edir. Onlardan Zərdüşt, Kəramət Böyükçöl,
Cavid Zeynallı, Elxan Qaraqan, Aysel Əlizadə kimi neçə-neçə
dəyərli imzanı
yada salır. Digər ölkələrdə ədəbi
dərgilərin daha çox olduğunu deyən Qismət Rüstəmov buna ən yaxın misal olaraq Türkiyəni
göstərir. Şair
deyir ki, jurnalların, kitabların
geniş mühitdə
yayılması daha rahatdır və Türkiyədə bu gün paytaxtda nəşr olunan kitab sabah
bölgələrə də
çatdırılır. Bizim isə
bu baxımdan, eləcə də ədəbi proseslər, bədii düşüncənin
inkişafı sarıdan
xeyli ləngidiyimizi təəssüflə vurğulayır.
Eyni zamanda, çıxış yolunu,
irəli getməyin mümkünlüyünü də
deyir və bunun yenə öz əlimizdə olduğunu qeyd edir: Təsəvvür edin ki, indi
telefonda müəyyən
bir tətbiq yükləməklə hər
şeyi əlçatan
edə bilərik. Belə bir zamanda kimsə
mənə yaxınlaşıb
deyəndə ki, dəstəyim yoxdur, qəribə qarşılayıram.
Çünki indi gənclərin
əlindəki imkanlar,
kimlərinsə dəstəyindən
daha çoxdur. Yazılarını saytlarda da yayımlaya bilərlər.
Ona görə də "Sosial şəbəkələrdə parlayanlar"
rubrikası mənə
maraqlıdır" (Bunu
eşidəndə istər-istəməz
üzümdə xəfif
bir təbəssüm
yaranır və fərəhlənirəm. Çünki
daima yeniliyə açıq və inkişafa yardımçı
olan Rəşad Məcidin artıq bir neçə həftədir ki,
"525-ci qəzet"də yaratdığı "Sosial
şəbəkələrdə parlayanlar" rubrikasının
oxucular tərəfindən
maraqla qarşılanması
məni çox sevindirir. Axı həmin rubrika
üçün müsahibələri
mən hazırlayıram).
Növbə suallara çatır. Rəvan
Cavidin "Şeirdə
terminlərin çox
istifadə edilməsi
onun bədii ruhunu öldürmür ki?" sualına ustalıqla cavab verən şair "Əslində, bütün
məsələ peşəkarlıqla
bağlıdır, əgər
bunları bilirsənsə
termindən istifadə
edərək, onun bədii ruhunu olduğu kimi saxlaya bilərsən",
- deyir.
Aydın Cavad çap məhdudiyyətinin və
"Facebook"da gedən
təbliğatın ədəbiyyatın
təsirini azaldıb-azaltmadığı
ilə maraqlanır. Qismət
bu sualı belə cavablandırır:
"Ədəbiyyatı ondan
xəbəri olanlar onsuz da seçib
ayırd edir. Bunun əleyhinə bir şey təklif etmək hardasa imkansızdır. "Nə oxuyaq?" - deyə sual
verənlərə təklifim
odur ki, antologiya oxusunlar. Burada öz istədikləri yazıçını və
əsəri müəyyən
edəcəklərinə inanıram".
Kitablardan söz salan
şair səmimi bir təvazökarlıqla
onu da qeyd
edir ki, oxumadığı üçün
heyfisləndiyi kitablar
çoxdur. Halbuki Qismətin
Azərbaycanda ən mütaliəli insanlardan olduğu əksəriyyətə
məlumdur.
Aytac Sahədin "Hardasa bir qadın var" şeirinizdə söhbət bir qadından gedir, yoxsa müxtəlif qadınları bir obrazda birləşdirmisiniz?"
sualına da maraqlı bir cavab gəlir: "Əslində, o bir qadın təkə endirilmiş çoxluqlardan
yaranır. Ədəbiyyatçı
çox olanı aza, az olanı çoxa çevirməyi bacarmalıdır.
Bu, "modernləşdirilmə"
adlanır. Elə mənim
bu şeirimdə də ayrı-ayrı obrazlara aid məsələlər,
hətta fərqli ölkələrdə baş
verən qadın qətlləri bir obrazda birləşir".
Sonra şair
GƏM rəhbərinin və
iştirakçıların xahişi ilə özünün bir neçə şeirini səsləndirir.
Ardınca gənclərdən Rəhman
Mirzəlizadə, Cavid
Bədəlov və Nuranə öz şeirlərini söyləyirlər.
Qeyd edim ki, IV GƏM-də bu günə qədər iki koordinator - Şəfaqət
Cavanşir və Ümid Oruc fəaliyyət göstərib. Bu tədbirdə Ümid Oruc təhsili ilə bağlı olaraq koordinatorluqdan çıxmaq istədiyini
bildirdiyi üçün
ikinci koordinator BDU-nun Jurnalistika fakültəsinin
tələbəsi Rəhman
Mirzəlizadə oldu və ona bu
işdə uğurlar
arzu edirik.
Hər zamankı kimi gənclərin kitaba bağlı olmağını
istəyən Rəşad
Məcid onlara Əjdər Olun
"Lo" adlı kitabını
hədiyyə edərək
tapşırır ki,
gələn dəfə
üçün bu kitabı hökmən oxusunlar, çünki onun müzakirəsini keçirəcəyik.
"Azərkitab"ın rəhbəri Sabir Həsənov çağdaş
ədəbi mühit haqqında öz fikirlərini bölüşür,
tələbələrin inkişafı
üçün burada
olan şəraitdən
danışır. Onları müxtəlif
tədbirlərdə iştiraka
dəvət edir.
Təvazökar bir üslubda,
istəyən hər bir gəncə təmənnasız şəkildə
kitablarının təqdimatını
keçirəcəyini də
qeyd edir. Hətta onların kitablarının
artıq satışa
buraxılmasının lazım
olduğu haqqında da fikirlərini irəli sürür.
Tək məqsədinin isə Azərbaycanın gələcəyi
üçün savadlı
gənc kadr yetişdirmək olduğunu
vurğulayır.
Olduqca maraqlı
keçən görüşdə
zamanın necə ötüb keçdiyini bilmədən, bir də baxdıq ki, artıq ənənəvi sonluq kimi, xatirə şəkilləri çəkdiririk. Beləcə, GƏM-də şair Qismətin qonaq olduğu misilsiz bir görüş unudulmaz təəssüratlarla
yaddaşımıza yazılır.
Günel ABBAS
525-ci qəzet.- 2020.- 29 yanvar.- S.12.