Qələmsiz
yazılanlar
"Zamanın tələblərinə uyğun"
şüarı hər dövrdə aktual olub.
***
"Namizədlər bir-biriylə hansısa formada dil
taparsa, buna seçicilər və media narahat
olmamalıdır. Burda qeyri-qanuni bir şey yoxdur".
MSK sədri
bugünkü tədbirdə təxminən belə dedi.
***
Bakıdakı Yunus Əmrə İnstitutu Türkiyədə
nəşr olunan "Qələmsiz yazılanlar"
kitabımın təqdimatını keçirdi. Tədbirə
qatılan bütün dəyərli insanlara təşəkkürümü
bildirirəm. Tədbirdən sonra öyrəndim
ki, İnstitutun rəhbəri Cihan Özdəmirin artıq fəaliyyət
müddəti bitib və bir neçə gündən sonra
Bakıya vida edəcək. Cihan Özdəmir iki il ərzində gərəkli işlərə
imza atdı. Sonuncu tədbirlə isə məni
lap çox duyğulandırdı. Bir daha
Cihan bəyə təşəkkürümü bildirir, gələcək
fəaliyətində uğurlar arzulayıram.
***
"Ağsaqqal, ağsaqqal" deyirlərsə, deməli, qocalmısan?!
***
Əhədi kəsilmiş atları güllələyirlər?! Nəfəsi təngimiş adamları bəs?!
***
Plakatlardakı şəkillərdə nə qəşəng düşmüsüz!.. :)
***
Tərpənməyən tıxacda tıncıxmaq...
***
Özünüz yəqin ki, dəyişəcəksiniz...
***
Namizəd seçicilərsiz şəkil çəkdirməz! Səhv başa düşərlər! Deyərlər, bunu dəstəkləyən yoxdur!? :)
***
30 il qabaq bu dəqiqələrdə AzTV-nin yayımı kəsildi...
***
20 yanvar səhəri də eynən belə
havaydı - tutqun, azca dumanlı...
Fövqəladə vəziyyətin tətbiqi barədə məlumat yazılmış vərəqələr küçələrə səpələnmişdi. Hərbi maşınlardakı səsgücləndiricilərdən komendantın əmri oxunurdu...
***
Yaddaşı oyatmaq istəyi...
***
Soruşur ki, Ayna Sultanova kim olub?!
***
Kreativ namizəd onlayn səsvermədən tanınar.
***
Hamı
bu şəhərə dipdiri gəlir
Şəhər
dünyasıdı...
gündə meydana
ağıllısı çıxır,
dəlisi
çıxır.
Hərənin
bir cürə
nəfəs kəsəni,
Hərənin
bir cürə
zəlisi
çıxır.
Hamı
bu şəhərə
dipdiri gəlir,
Hamının
şəhərdən
ölüsü çıxır.
Doğum günündə, 70 yaşında Zəlimxan Yaqubu
xatırlayaq.
***
Aqil Abbasın təbliğata ehtiyacı varmı?!
Sosial
şəbəkələrdə, saytlarda deputatlığa
namizədlərin təbliğat-təşviqat
materiallarına rast gələndə, seçicilərlə
görüşlər zamanı çəkilmiş foto və
videoları görəndə yadıma istər-istəməz
Aqil Abbas düşür və qeyri-ixtiyari öz-özümə
sual verirəm: Aqilin belə bir təbliğata ehtiyacı
varmı?!
Bu
dilsiz-ağızsız təbliğat fotoları, videolar
seçicilərini yalnız seçkidən-seçkiyə
yada salan namizədlər haqqında, əslində, çox
söz deyir: onların ahıl kənd adamları ilə,
cavanlarla, hətta uşaqlarla ünsiyyəti elə ilk
baxışdan qurama, qeyri-səmimi təsir
bağışlayır. Bu mənzərə ilə üzləşəndə
ona görə ilk növbədə Aqil Abbas yadıma
düşür ki, zəhmətkeş, əlləri
qabarlı kənd camaatına belə mövsümi iltifat
göstərən həmin namizədlərdən fərqli
olaraq mən onu həmişə kənd-kəsəkdə, sadə
adamların arasında, onların dərdinə yanan, dadına
çatan , uşaqla uşaq, böyüklə böyük
görmüşəm və nə gizlədim, çox vaxt bu
aşırı səmimiyyətə heyran qalmışam.
Mənim
bu müşahidələrimin bir çoxu illər əvvəl
Aqil haqda yazdığım "Unikal adam"
yazısında yer almışdı. İndi bu
seçki fotolarının yaratdığı təəssüratın
havasında o yazıdakı bir neçə məqamı yenidən
xatırladım.
Aqil
üçün Qarabağa - Ağdama, Ağcabədiyə, Fizuliyə , Bərdəyə səfər etmək
həmişə böyük sevinc və rahatlıqdır. Aqillə xarici ölkələrdə çox səfərlərdə
olmuşuq, amma həmişə hiss eləmişəm ki, onun
Qarabağa gedəndə tapdığı rahatlığı
heç nə əvəz eləyə bilməz. Aqilin adamlarla kənddə-kəsəkdə,
çayxanada, müxtəlif məclislərdə lap belə
ayaqüstü elədiyi söhbətlər heç vaxt millət
vəkili, yazıçı kimi görüntü yaratmaq cəhdi
olmayıb, həmişə ürəkdən, içdən gəlib.
Tanıdığım
bu illər ərzində Aqillə bağlı çox hadisələrin
şahidi olmuşam - xaricdə təhsil alan tələbədən
"Allah Aqil müəllimdən razı olsun, mənə
neçə ay öz cibindən təqaüd göndərib,
onun hesabına oxuya bilmişəm" sözlərindən
kövrəlmişəm, Qarabağda bir kəndli
qadının camaatın arasından çıxıb Aqilin
üstünə gəlməsini, onu bağrına basaraq
loppadan öpüb "Sənə qurban olum, balam sənin
hesabına oxuyur" deməsindən qəhərlənmişəm,
yol qırağında əkinini suvaran kəndlinin əlindəki
beli kənara atıb əllərini üstünə silə-silə
Aqilə yaxınlaşdığını, onu qucaqlayıb
"Sənin hesabına sulayırıq buranı,
artezianları sən düzəltdirdin" dediyini eşidəndə
təəccüblənmişəm.
Aqilin
insanları depressiyada saxlayan o qədər problemləri
anında, bir zənglə, bir xahişlə, bir "Sən
allah"la həll elədiyinin şahidi olmuşam ki! - "Rəis, xahiş edirəm",
"Başçı, sən allah", "Prokuror, kasıb
adamdır, imkanı yoxdur". Və məsələ
anındaca həll olunub.
Aqil məmurlarla da rahat oturur, danışır,
gülür, sonra onlardan ayrılıb eyni coşqu ilə
çayxanada ən sadə adamlarla söhbətini davam etdirir. Parlamentdə də eyni tonda
çıxış edir, ordan çıxıb
özünü hansısa tədbirə çatdırır,
sonra hansısa ziyafət,daha sonra
çayçıda domino... Yas mərasimində
, toy məclisində də ona qulaq kəsilirlər,
maraqla dinləyirlər.Amma fərqi yoxdur, bu dinamikanın
içərisində o, həmişə elə həmin
Aqildir - dəyişməyən, özünə xas , səmimi...
Aqil Abbas həmişə belədir - orijinal xarakteri,
böyük qəlbi, xeyirxahlıq və yaxşılıq eləməyə
daima açıq ürəyi ilə. Və məncə, bütün
ömrünü insanlara xeyirxahlıq eləmək təşnəsi
ilə yaşayan, el-obanın qayğısına qalan, həmişə
ona üz tutanların heç birini naümid geri
qaytarmamağa çalışan bir adamın - Aqil Abbasın
10-15 günlük kampaniya dönəmində şablon və
şit təbliğata heç bir ehtiyacı yoxdur.
***
Bir neçə günlük sosial şəbəkə
təbliğatı Sizi hansı qənaətə gətirib?! Ən simpatik
və kreativ namizəd kimi hesab edirsiniz?!
***
Atı itin quyruğuna bağlamaq deyimi düzdür,
yoxsa iti atın quyruğuna bağlamaq? İtin quyruğu olur ki?!. :)
***
Siyasəti şahmata bənzədirlər. Bizdə isə
daha çox nərd dəbdədir. Namizədlərin
seçicilərin könlünü (səsini)
almaqçün onlarla nərd oynaması da yəqin incə,
mental siyasətdir.
***
Hava meteoroloqları da çaşdırır.
***
Feysbuk rəsmiləşir... :)
***
Kreativ, fərqli
təbliğatat aparanlar olduğu kimi standart, şablon,
primitiv, düşük təbliğat aparanlar da var...
(Adlarını da deyəcəm :)
***
Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşovun bu seçkidə öz namizədliyini
yenidən irəli sürməməsindən çox təəssüfləndim. Ötən parlament
seçkisində 62 saylı Saatlı seçki dairəsindən
Milli Məclisin üzvü seçilən Əflatun Amaşov
deputat kimi fəaliyyət göstərdiyi bu illər ərzində
ölkənin qanunverici orqanında təmsil etdiyi seçicilərinin
təkcə millət vəkili yox, həm də sözün həqiqi
anlamında dostu, yoldaşı olmağı bacardı.
Hansısa
problemlə bağlı seçicilərin müraciətinə
onun necə həssaslıqla, qayğı ilə
yanaşmasının, məsələ həllini tapana qədər
necə narahatlıq, gərginlik keçirməsinin dəfələrlə
özüm də şahidi olmuşam, seçicisinə belə
diqqətli münasibətin bir mandat öhdəliyindən yox,
sirdaş, həmdəm, simsar qayğıkeşliyindən
doğduğunu görmüşəm. Əxlaqi və mənəvi
dəyərləri həmişə üstün tutan dostumun
ona pənah aparan, onu ümid yeri bilən vətəndaşlara
göstərdiyi belə münasibətin kökündə
heç vaxt kənardan baxanların gözündə
yaxşı görünmək niyyəti durmayıb, o, bu
addımları səmimi şəkildə, cani-dildən
atıb, o insanların ağrılarını,
qayğılarını onlarla birgə yaşayıb,
içdən yaşayıb. Bax, təəssüfümün
də səbəbi bununla bağlıdır. Onun öz namizədliyini yenidən irəli sürməməsi
ilə o insanlar - seçicilər, məncə, təkcə
dar ayaqda köməklərinə yetəcək bir millət vəkilindən
yox, həm də bir əzizlərindən, bir
doğmalarından, bir simsarlarından oldular.
Amma bir
yandan da təxminən bu beşillik ünsiyyət onlara
etibarlı, hər zaman güvəniləsi bir dost, bir insan
qazandırdı.
***
Elif Şəfəq
və Sezen Aksu yaradıcılığındakı ruh
oxşarlığından yazmaq lazımdır...
***
İpək deyir, baba, yenə tədbirə gedirsən?! :)
***
Seçicilərlə
şəkil çəkdirməli havadır...
***
Süni intellekt, informasiya texnologiyaları hər şeyə
qadirdisə, niyə bu koronavirusun qarşısını
almırlar?! Bəlkə, özləri yaratdığına
görə?!
***
Deyir, koronavirusun arxasında banan davası durur.
***
Namizədlərdən biri lap qurd ürəyi yeyib. Deyir, Qənirə
Paşayevanı debata çağırıram
- Ay bala,
ay oğul... Coşma, duza getmə! Adamla
heç türk dünyasında söz güləşdirən
tapılmayıb, sən nə karəsən ki... :)
Hələ
Tovuzda Qənirə xanımın görüşdüyü
seçicilərin yüzdə biriylə görüş,
gördüyü işlərlə tanış
ol, çəkdirdiyi yollardan keç, ora dəvət etdiyi
qonaqların adlarını yadında saxlamağa
çalış, sakitcə oturub bir-iki
çıxışını dinlə... sonra debat barədə
düşünərsən də...
***
Nəvələr Elit Şəfəqə qalib gəldilər. Son romanını - "On dəqiqə
otuz səkkiz saniyə"ni
yarımçıq saxladım.
***
Ağdamlısan?..
Gecə 10-u keçib, Şahbaz Xuduoğlu ilə
sağollaşıb ayrılandan sonra Əjdər Olla səkidə
söhbət edə-edə ətrafdakı taksilərə
baxıram. Yəqin ki, maşın axtarmağım hiss olunur.
Elə bu vaxt üzbəüzdə bir mikroavtobus dayanır,
sürücü bizə tərəf baxıb səslənir:
-
Maşın axtarırsız? Taksi
lazımdı? Boşam... Gözləyim?!
Onun canfəşanlığını görüb deyirəm
ki, elə bununla gedək.
İki nəfər
üçün bir az böyük
maşın olsa da, otururuq. İçərisində
üz-üzə oturacaqlar var. Elə maşına əyləşib
təzəcə ünvanı demişdik ki, sürücü
başlayır:
- Bu
oturacaqları beş min verib düzəltdirmişəm
e... Bax, ortada balaca stol var, onu açanda,
istəsəz, lap üz-üzə oturub nərd, domino da oynaya
bilərsiz. Ərəblərlə işləyirəm,
ona görə belə düzəltdirmişəm. Onlar rayona-filan gedirlər deyə, belə
maşın sərfəlidi.
Bir azdan Əjdər Olu evinin yanında
düşürüb yola davam edirik. Sürücü yenə
dil-dil ötür. Bakı Əyləncə Mərkəzinin
qarşısından keçəndə deyir: - Dayı,
heç burda toyda olmusan? Mən bir dəfə
olmuşdum. Orda içəridə hovuz var. Toyda bir kişi möhkəm içib keflənmişdi,
birdən getdi düşdü həmin hovuza...
Mən də, həvəssiz halda, BƏM-də toyda
olduğumu deyib susuram.
Qısa
sükutdan sonra ağlımdan keçən fikirin təsiriylə
qəfil soruşuram:
- Ağdamlısan?
- Hə, dayı, ağdamlıyam. Filankəsin
(tanış və tanınmış bir sənətkarın
adını çəkir) maması oğluyam. Yaxşı səsim
vardı, oxuyurdum. O vaxt müsabiqədə yer də
tutmuşdum. Sonra əsgərliyə getdim, orda xəstələndim,
səsimə nəsə oldu. Ona görə sənəti
yarımçıq qoydum. İndi də belə...
Çörəyim taksidən çıxır... Dayı,
hardan bildin ağdamlıyam? Ləhcəmdən?
- Yox, ləhcəndən hiss olunmur.
- Bəs
hardan bildin axı?
- Nə
bilim, özün tap. Düşün də, səncə,
hardan bilərəm?!
Bəs
sizcə?..
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar
Birliyinin
gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2020.- 29 yanvar.- S.11.