Misir Mərdanov:
"Heç bir internet resursu kitabı əvəz eləyə
bilməz"
Kulis.az-ın
"İşdən kənar" layihəsindən
AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika
İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla
müsahibəsini təqdim edirik. Xatırladaq
ki, layihədə müxtəlif peşə sahibləri ilə
ədəbiyyat söhbəti aparılır.
- Misir müəllim, Qərbi Azərbaycanda
doğulmusunuz, burada qədimdən bir ədəbi, mədəni
mühit mövcud olub. Bu region xüsusilə də
aşıq mədəniyyəti ilə seçilib. Bu mədəni mühitin
uşaqlığınıza təsirini necə qiymətləndirirsiniz?
- Tamamilə
doğru buyurursunuz, mən Qaraqoyunlu mahalında dünyaya gəlmişəm.
Qaraqoyunlu Göyçə mahalı ilə
qonşudur. Uşaqlığım əsasən
aşıq sənətilə bağlı olub. Yazda, yayda, payızın əvvəllərində
bizim insanlar kənd təsərrüfatı işləri ilə
məşğul olurdu. Ancaq zaman
üzü qışa dönəndə aşıq məclisləri
başlayırdı. Yaxşı
xatırlayıram, o zaman indiki kimi böyük klublar, zallar yox
idi. Çox sadə yerlərdə
yığışardı camaat və gecə səhərə
qədər aşıq məclisləri davam edirdi. Düzdür, o zaman mən uşaq idim. Mənim babam - atamın atası bu sənətə
yaxşı bələd idi.
Onu da xatırlayıram ki, aşıqlar dastan
danışarkən bəzən səhv eləyəndə,
babam deyərdi ki, aşıq, orda bir körpü qoydun. Babamla getdiyim
məclislərdə fikir verirdim, görürdüm,
aşıqlar özlərini yığışdırırlar.
Deyirlər, burada Alı kişi var! Bizim tərəfin adamları əsasən
aşıq musiqisinə qulaq asıblar. Təbii
ki, mənə də təsir edib və bu təsir bu gün də
yaşayır.
- Sevdiyiniz, indi də dinlədiyiniz
aşıqlar varmı?
- Əlbəttə. Əvvəl də olub, indi də
var. Mən onları hər zaman xatırlayıram. Aşıq
konsertlərində də iştirak edirəm. Məsələn,
ötən il Ulu öndər Heydər
Əliyevin adını daşıyan sarayda İran
aşıqlarından ibarət "Dalğa" qrupunun
böyük bir konsertində iştirak elədim. Düzdür, Çingiz Mehdipur son illər Bakıda
yaşayır. O, çox böyük sənətkardır.
Üç saat çəkən konsertdən
çox böyük zövq aldım. Bu sözümə
görə heç kim inciməsin, şəxsi
fikrimdir, İranda aşıq sənəti bizim
aşıqların sənətindən yüksəkdədir. Çünki mənim bildiyimə görə,
Çingiz Mehdipur aşıq musiqilərini nota alıb. Onun "Dalğa" ansamblını bizim orkestrlərlə
müqayisə etmək olar. Orda çox
sayda musiqiçilər iştirak edir. Biz
öyrəşmişik ki, aşıq saz çalar, oxuyar,
nağıl danışar, uzaq başı yanında bir
balabançı olar. İran
aşıqlarının ifası isə bizdən xeyri fərqlidir.
Mən bu gün də Aşıq Əkbəri,
Aşıq Yunusu, Aşıq Əsədi, Aşıq Mahmudu
xatırlayıram. Dediyiniz kimi, mənim
uşaqlığımda, Qərbi Azərbaycanda olanda bu
aşıqlar bizim evimizin hörmətli qonaqları idi.
- Orta məktəb dönəmində
mütaliə etdiyiniz bədii kitabları xatırlayırsınız?
-
Açığını deyim, orta məktəbdə
oxuduğum vaxtlarda mən daha çox riyaziyyata diqqət
ayırırdım. Bunun səbəbi də
bizim riyaziyyat müəllimimiz idi. Şagird
hansı müəllimi daha çox istəyirsə, onun
göstərdiyi yolla gedir. Mənim
riyaziyyat müəllimim Mürsəl Budaqovun
tapşırıqlarına daha çox vaxt
ayırmışam. Bir də Fizika.
Ancaq bununla yanaşı, tanınmış
yazıçı və şairlərimizin əsərlərini
də oxuyurdum.
Biz uşaq olanda daha çox Aşıq Ələsgərin,
Hüseyn Cavidin, Səməd Vurğunun, Mikayıl
Müşfiqin əsərlərini maraqla oxuyardıq, şeirlərini
əzbərləyərdik. Məncə, kitab bəşər
övladına verilən ən böyük hədiyyədir.
Hər nə qədər internet əsrində
yaşasaq da, nə qədər internet resursları icad olunsa
da, heç biri kitabı əvəz eləyə bilməz.
Biz kənddə yaşayanda həmişə
evimizdə "Qurani-Kərim" olurdu. Nənəmlə
babamın hər ikisinin ən möhkəm qoruduğu kitab
idi. Düzdür, biz o kitabı oxuya
bilmirdik, amma nənəm, babam həmişə namaz
qılır, o kitabdan muğayat olurdu. Eyni
zamanda, o kitabı gizli saxlayardılar ki, başqaları bilməsin,
görməsin.
- Ailənizdə ədəbiyyata,
humanitar sahəyə maraq necə idi?
- Bizim
mahalda 13 kənd var idi, bu kəndlər Ermənistana daxil olsa
da, hamısı Azərbaycan kəndləri idi. Çox
qəribədir, bu gün mən bunu müsbət hal
saymıram, çünki hamı riyaziyyatla, fizikayla, kimya ilə
məşğul olardı. Bizim kənddən
10 alim çıxıb. Bu alimlərin içində
çox az adam var ki, ədəbiyyat, incəsənətlə
əlaqəlidir. Bəlkə də bu, onunla
bağlıdır ki, bizim kənddən Niftəli Qocayev ilk dəfə
fizika-riyaziyyat elmləri namizədi oldu, biz də ona mayak kimi
baxıb irəlilədik. Bununla
yanaşı, kəndimizin vəziyyəti çətin olan
vaxtlarda da, çox gözəl kitabxanamız və bu
kitabxananın üzvləri vardı.
- Lomonosov, Eynşteyn, Azad Mirzəcanzadə...
Nədəndirsə, riyaziyyat, dəqiq elmlərlə məşğul
olanların içində təkzibedilməz bir ədəbiyyat
sevdası olub. Müsahibəmizdən sənət sahəsinə
münasibətiniz bəllidir, bu sevgi mətn yazmaq müstəvisində
olubmu? Nə isə yazmısınızmı?
- Hələlik
o həvəsdə olmamışam. Ancaq
şeirin həvəskarıyam. Çox
şeir oxumuşam, bəzilərini də yaddaşıma həkk
eləmişəm. Bu gün də məni
riyaziyyat yoranda əlimə ədəbiyyatı alıram.
Səməd Vurğunu, Rəsul Rzanı,
Hüseyn Cavidi oxuyuram. Mirzə Fətəli
Axundovun fikirlərini dəyərli sayıram, bu gün də
lazım gələndə təkrar oxuyuram. Əli bəy Hüseynzadəyə müraciət eləyirəm.
Hətta bəzən Əli bəy Hüseynzadənin
çəkdiyi şəkillərə baxıram, zövq
alıram. Həsən bəy Zərdabi mənim
idealımdır. Azərbaycan
üçün qapı-qapı düşüb dilənçilik
eləyib, təki Azərbaycanda məktəblər
açılsın. Haqqında daha
çox oxuduğum şəxsiyyətlərdən olan
Hacı Zeynalabdin Tağıyevi xatırlamaq istəyirəm.
Bildiyiniz kimi, mən Azərbaycanın təhsil naziri
olmuşam və o müddətdə dəfələrlə
Parisə getmişəm. Hər dəfə gedəndə orada yaşlı bir
adam var idi, onu tapırdım, onunla birgə Parisin "Sen
Klu" qəbiristanlığını ziyarət edir,
Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəylinin
qəbirlərinə baş çəkir, onları yad edirdim.
Onların fotolarını çəkib bura
qayıdanda məqalələr yazırdım. Məsələn, hazırda oturduğumuz yerdə mənim
kitablarım var, onları yazanda adını çəkdiyim və
çəkmədiyim böyük şəxsiyyətlərdən
bəhrələnmişəm. Bir neçə
dəfə Zərdabi haqqında yazılan kitabları
oxumuşam. Keçən il ABŞ-a
getmişdim. Orada yaşayan çoxsaylı azərbaycanlılarla
söhbət edəndə onlara Zərdabi haqqında
danışdım, yerlərindən qalxıb məni öpmək
istəyirdilər. Düşünürəm
ki, oxuyub susmaq yox, əxz etdiklərini bölüşmək
lazımdır.
- Təcrübə göstərir ki,
yazıçılar siyasətlə məşğul olanda adətən
yaradıcılıqlarında axsama baş verir, özlərini
sırf estetik müstəvidə ifadə etməkdə
çətinlik çəkirlər. Siyasətdən
kənar qalanda da bəzən oxucular yazıçıları
ictimai-siyasi proseslərə münasibət bildirməməkdə
qınayırlar. Sizin fikrinizcə,
yazıçı-hakimiyyət münasibətləri necə
olmalıdır?
- Fikrimcə,
həm elmə, həm sənətə siyasət nə qədər
daxil olmasa, həmin məhsul daha oxunaqlı, maraqlı olur. Şəxsən belə düşünürəm
ki, elm milli deyil, elm dünyəvidir, eyni zamanda, ədəbiyyat
da, sənət də dünyəvidir. Amma
hökmən milli xüsusiyyətlər nəzərə
alınmalıdır. Bu sahələr siyasətdən
nə qədər uzaq qalmağı bacarsa, o qədər
yaxşıdır.
- Misir müəllim, az
əvvəl "elm milli deyil" ifadəsini işlətdiniz,
amma rəhbəri olduğunuz institutun da daxil olduğu
akademiyanın adı Milli Elmlər Akademiyasıdır.
- Bəlkə
də bunu deməyim yerinə düşməz, çünki
özüm Milli Elmlər Akademiyasının müxbir
üzvüyəm. Amma yenə də
sözümün üstündə dayanıram ki, elm milli
olmamalıdır. Elm dünyəvidir.
Demirəm, ad səhvdir. Ukraynada
da Milli Elmlər Akademiyası var. Amma Rusiyada adı elə
deyil, Elmlər Akademiyasıdır. Məsələn,
milli riyaziyyat elmi, milli fizika elmi ola bilərmi?
Yox.
- Yazıçıların vəzifədə
olması onların yaradıcılığına necə təsir
edir?
-
Baxır yazıçıya. Məsələn, Elçin. Uzun illər Baş nazirin müavini olub, onun
"Baş" romanını birnəfəsə oxumuşam,
özü də bir neçə dəfə. Tarixi hadisələri çox gözəl təsvir
edib. Mən o romanda siyasi tərəf
görmədim. Eyni zamanda, Anar. Uzun illərdir AYB-nin sədridir, düzdür,
bütün əsərlərini oxumamışam, əksəriyyətindən
xəbərim var, demirəm siyasətdən uzaqdır, ancaq
öz yoluyla gedən böyük yazıçıdır.
Anar müəllimə bir ağsaqqal kimi hörmət
edirəm.
- Etiraf edək ki, müəllimlik son
illər çox da prestijli, arzuolunan bir peşə deyil.
Uşaqlar, yeniyetmələr sovet dönəmində olduğu
qədər müəllim olmağa can atmırlar. Bu reallıqda müəllimin şagirdlərə
çox ciddi nəsnələrdən - məsələn,
Nizamidən, Füzulidən danışması effektivdirmi?
-
Düzdür, indi müəllim sözü hörmətdən
düşüb. Amma əsl müəllim həmişə
hörmətdədir, əsl müəllim həmişə
axtarılır. Bu gün də şahidəm
- indi mənim nəvələrim məktəbdə,
universitetdə oxuyur. Biz də yaxşı
müəllim axtarırıq. Biz hamıya
müəllim deməklə, müəllimi hörmətdən
salmışıq. Düşünürəm
ki, bu gün də nümunəvi müəllimlərimiz var.
Azərbaycan cəmiyyətində siyasi stabillik, tarazlıq
varsa, iqtisadi inkişaf mövcuddursa, digər amillərlə
yanaşı, müəllimlərin də bu işdə
böyük əziyyəti var.
Sevinirəm ki, son illərdə müəllim sənətinə
gedənlərin sayı xeyli artıb. Sevinirəm ki, orta məktəb
müəllimlərimizin əmək haqqı xeyli
artırılıb və bu artım davam edir. Əsl müəllim o müəllimdir ki, şagirdlər
onun dərsinə sevinə-sevinə gedir. Biz
belə müəllimlərdən danışmalıyıq,
onların portretlərini yaratmalıyıq, televiziya
ekranlarına çıxarmalıyıq, nümunə kimi
göstərməliyik. İnsan pisə
baxmaqla pis, yaxşıya baxmaqla yaxşı olur. Bax, bu yerdə kitabın çox böyük xidməti
var. Ən yaxşı müəllim də elə kitabdır.
- Yazıçı, şair
dostlarınız olubmu?
- Olub, bu
gün də var. Aralarında tez-tez görüşdüklərim
də var. Yaşasaq, yenə olacaq
- Düzdür, uzun müddət
yüksək vəzifədə olmusunuz, hazırda da yetərincə
məsuliyyətli vəzifədəsiniz, professiyanız da fərqlidir.
Bu şəraitdə gənc yazarları oxuya
bilirsinizmi?
-
Açığını deyim, gənc yazarlarla təmasda
olmamışam, onların kitabları ilə yaxından tanış deyiləm. Əsasən
özüm yaşda, bir az özümdən
cavan, bir az yaşlı yazarlarla təmasda olmuşam,
onların əsərlərini oxumuşam. Mən
"525-ci qəzet"in abunəçisiyəm. Orada gənc yazarların məqalələrini,
kiçik hekayələrini oxumuşam. Amma
hazırda adlarını unutmuşam, təəssüf. Çox bəyəndiyim mətnlərlə
rastlaşıram tez-tez.
- Ən çox sevdiyiniz,
xatırladığınız şeir.
- Səməd
Vurğunun "Azərbaycan" şeiri.
- Sevdiyiniz müəlliflər kimlərdir?
-
Elçin, Anar, Ramiz Rövşən, Rəşad Məcid, Pərvin...
Hamısını xatırlamıram...
- Fürsətdən istifadə edib
soruşum. Cəlil Məmmədquluzadənin heykəli
ucaldılarsa, məkan olaraq hansı yeri təklif edərdiniz?
Anar deyir, Sabirin heykəlinin yanında qoyulmalıdır. Razısınızmı?
- Mirzə Cəlil Azərbaycanın mədəni həyatında
ciddi işlər görmüş şəxsiyyətlərdəndir. Ancaq mən
onun heykəlinin Sabirin heykəlinin yanında qoyulması ilə
razı deyiləm. Başqa gözəl bir
yer seçilə bilər. Düşünürəm
ki, onun heykəli tək ucaldılmalıdır.
- Təşəkkür edirəm,
Misir müəllim.
- Mən
təşəkkür edirəm. Sonda böyüməkdə,
yetişməkdə olan Azərbaycan vətəndaşlarına,
gənclərə səslənirəm: istəyirəm onlar
bir daha hiss etsinlər ki, müstəqil ölkədə
yaşayırlar. Bizim babalarımız, nənələrimiz
uzun illər müstəqil ölkə istəyi ilə
yaşayıblar, lakin bu arzuya çatmayıblar. İstəyirəm
gənclərimiz Azərbaycanın müstəqilliyini qiymətləndirsinlər,
bu müstəqilliyin daha gözəl günlərini
görsünlər, mənəvi dəyərlərimizi
özüylə daşıyan kitablarımızla tanış olsunlar.
Sərdar AMİN
525-ci qəzet.- 2020.- 29 yanvar.- S.10.