Süveydaya məktublar - (kitabdan parçalar)

 

Mehmet Nuri PARMAKSIZ

 

30-cu məktub

 

Heyhat! İztirabınla bir başqa gözəldir həyat!

Nə qədər sevgilər yaşandı dünyada; hicran adlanan uçuruma düşən vüsal atəşiylə yanan neçə-neçə aşiq sevdiyinə qovuşmadan köçüb getdi əbədi aləmə.

Süveyda, mənim də taleyim onlar kimi olacaqmı, söylə mənə?

Bu qədər illik həsrətləmi qaçacağam üzü Yaradana?

Səsini eşitmədən, üzünü görmədən, qoxunu içimə doya-doya çəkmədən içimdə böyük bir dərdləmi ruhumu təslim edəcəyəm?

Söylə Sultanım, heyif deyiləmmi mən, heyif deyilmi sevgimiz?

Mehlika Sultanı bilirsənmi, Süveyda?

Mənim sənə aşiq olduğum kimi yeddi gəncin sevdikləri xəyalın arxasınca gedişini və varlıqda yoxluğa təslim olanların hekayəsini heç oxudunmu?

Sevgiliylə həmhal olub özündən keçən Nedim şanslı, amma iztirabdan zövq almağa çalışan Füzulinin günahı nə?

Heç düşündünmü, Mövlana və Şeyx Qalibə eşqə dair minlərlə beyti yazdıran nə idi? Eşqə və sənə aşiq olanların taleyi budurmu, Süveyda?

Söylə, sevgindən özünü itirmiş neçə mininci aşiqinəm sənin? Səndə heç bir mərhəmət, səndə heç insaf yoxdurmu?

Bir tək bunu tapa bilmədim, Sevgili, illərdir sənin üçün yazdıqlarımdan xəbərdarsansa, mənə qarşı necə bu qədər biganə qala bilirsən?

İstanbul doğulduğum və böyüdüyüm şəhərdir. İztirabım da onda gizlənib, vüsalım da.

Peyğəmbərimizin tərifinə layiq olan əfsunlu aləm. Hər kəsin fəth etmək istədiyi müvəffəqiyyətin gənc yaşda Fatehə nəsib olması və Allahın böyük lütfü.

Sən bu ülvi şəhərdəki bir çox məkana bənzəyirsən, Süveyda. Sən, tam olaraq özəlləşdirdiyim yer və məkan, Avropa və Asiyanın birləşdiyi yerdə olan, üstünə əfsanələrin, hekayələrin, rəvayətlərin deyildiyi və yazıldığı Qız Qalası.

Məndən narahat oldun, deyilmi, Sultanım? Mən də hər an sənə tamaşa edən Qalata Qülləsiyəm.

Hətta bir tərəfim Qalata Qülləsinin üstündəki məkan olan Qalata Mövlanaxanası və Şeyx Qalib.

Orda fərqli bir hava var; orda bizim kimi böyük bir eşq gizlənib Sultanım. Bu eşqdə məni Şeyx Qalib, səni I Səlimin qızı Beyhan Sultan təmsil edir.

Söylə, hansı məşuq aşiqi üçün Beyhan Sultanın etdiyini edə bilər və hansı aşiq 26 yaşında "Hüsnü Eşq" kimi böyük bir məsnəvi qələmə ala bilər.

Beynim, yaddaşım, məntiqim artıq həqiqəti rədd edir.

Xəyalın və könlün xidmətində çalışan ağlım və bədənim, anbaan sevginlə sərxoş bir halda gəzişir və bir dərman axtararkən o mövlanaxanada qarşılaşdım, Əsrar Dədəylə.

Həsb-halımızı daxili aləmin sevinc mürəkkəbiylə zəbt altına alan o mələklər, Mövlana ilə Şəmsin xəlvətini də yazan mələklərdir.

I Səlim-Beyhan Sultan; Topqapı Sarayı-Qalata Qülləsi; Mövlanə-Şəms; Şeyx Qalib-Əsrar Dədə; Mövləvilik-Musiqi...

Anladım ki, sonunda hamısı bir tərəfə, könül adlanan şamın yanması deyilmiş əsl olan; səni yandıracaq olanın ruh bərabəri olmasıymış əslində.

Süveyda, Qalata Mevlixanasının bağçasındakı Hamuşanda yatanlarla söhbətləşdim və dərdləşdim. Sükutun dərman olduğundan bəhs etdilər; səssizliyə bürünmədən söyləyəcəklərimi söyləməni, yazacaqlarımı yazmanı məsləhət etdilər mənə.

Şeyx Qaliblə ülfətimiz onun türbəsində başladı və zamanla söhbətimiz dərinləşdi.

Bir söhbətimizdə Qalib mənə, "qələbə istəyirsənsə, qalib olmaq istəyirsənsə, eşqə məğlub olacaqsan əvvəlcə, sonra sükut zəhərini içəcək və min bir gün əziyyət çəkəcəksən; ağzından bir kəlmə şikayət, bir nəfəs ah; bir az belə giley çıxmayacaq.

Bunlar yetməz, kamil insan olmaq istəyirsənsə, dua sarayını hər gün ziyarət edəcək və əşrəfi-məxluqat olan insanı sevəcəksən, lakin Uca Yaradanı unutmamaq şərtilə. Şükür-zikr; təvəkkül-səbr; qənaətkarlıq-bilgi iman dəryasına çatan çaylar; bu çaylarda yuyuna bilər və dua adlı gəmini şükür adlı bir damla suda üzdürə bilərsən; Yusifin quyusuna düşüb zülmət zindanlarında çiləni tamamlaya bilərsən, Süveydanı, nöqtəni, vergülü, Züleyxanı xülasə, mütləq olanı tapacaqsan" dedi və əlavə etdi:

"Əbədi xoşbəxtlik və rahatlığın sevgiylə var olduğunu və könül deyilən gülzarda olduğunu anlayacaqsan sonunda".

İstanbul mənim üçün sənsən, Süveyda.

Mən də Yəhya Kamalın, "İstanbulu duydum daha bir kərə səsində" sözünə qatılıram və hər kəsin eşitmədiyini sənin səsində duyuram.

Sultanım, sənsizlik imtahanında uğurlu olacağam; çünki iztirabınla yaşamaq da gözəl...

 

31-ci məktub

 

Tanışlardan mürəkkəb bu şəhər

seyr edər içimdəki xəyalı.

Rəmzlər, simvollar, rəqəmlər və şəkillər...

 

Süveyda, Uca Yaradan heç bir şeyi mənasız və səbəbsiz buraxmamışdır dünyaya.

Varlığın özündəki mənanı anlamaq və tapmaq üçün maddəyə, əşyaya və bütün varlıqlara başqa bir gözlə, başqa bir nəzərlə baxa bilənlər əslində, ortada olan həqiqəti qavraya bilənlərdir.

Səndən xəbərdar olan bəşəriyyət mənə qədər sənin sirrini tapa bilmədi Süveyda. Cazibənə qapılan hər kəs səndə eşqi gördü, lakin səndən əks olunanların yaratdığı ardıcıllığın fərqini hiss etmədilər Sevgili.

Sən ki, ürəyin içindəki qara nöqtəsən; sən ki, könlün içindəki dairənin mərkəzi, sən ki, tutduğun sahəylə bütün aləmi birləşdirən bir çevrəsən.

Həndəsi şəkillər səninlə məna tapır. Görə bilən üçün sən dairə, çevrə, kvadrat, düzbucaqlı, kub, ümumilikdə hər formada gizli olansan.

Rəsmdə, riyaziyyatda və sənətdə xülasə, hər şeyin hesabında olan sənsən; hətta sən Leonardo da Vinçinin işarə etdiyi "Qızıl Nisbət"sən.

Səni bilmədən, sənin sevgini dadmadan gözəlliyə sahib olmaq mümkün deyil. Rəqəmlər, rənglər və misralar səninlə məna qazanır; memarlar, şairlər və sənətkarlar səndən ilham alır.

Yollar, körpülər, gəmilər, mədənlər, şeirlər, rəsmlər və kompozisiyalarda sən varsan. Simulyasiyada və kibernetikada da istifadə edilən sənsən. İnteqral də sənsən; törəmə də sən. Cəbrdə də sən varsan, triqonometriyada da sən.

Sən, Süveyda, bütün sənətkarların dilində, rəngində, notunda, fırçasında və bütün elm adamlarının araşdırmalarında olan marağın özüsən.

Pifaqor da, Arximed də, bütün riyaziyyatçılar səni həll etməyə çalışdı; əslində, sən tam olaraq, həll olunmayan Pi (sabit) sayısan. Dəyərin ölçülmür və sənin dəyərindəki gizli ardıcıllıq həll edilə bilmir.

Sən, Süveyda, qəlbin içindəki gizli əfsun, ürəyin içindəki mənəvi gözsən.

Ölçünü bir nöqtə qədər görənlər aldanır; sən ki, bütün qalaktikanı əhatə edən və Uca Yaradanın aləmləri yaratmasına səbəb olansan; yəni sabit sayın içinə gizlənən sevgisən.

Eyler adlı elm adamı sənə, səni işarə edib "Məhəbbətin" sayı, eşqin sayı olaraq qəbul etmədimi?

İndi daha yaxşı anlayıram ki, Pi (sabit) sayının sonsuzluğa uzanan yolunda da gizli olansan. 5N1K deyə adlandırılan da sənsən. 5N, nə, harada, necə, niyə və nə zaman sualları 1K, yəni kim sualı ilə məna tapmırmı?

Kim sualının bütün cavablarını araşdırdım və gördüm ki, bütün yollar sənə çıxır, Süveyda.

Sən göz önündə olan sirsən, sənin eşqin gözümdəki pərdəni qaldırdı və səndə əks olunan saflıq, duruluq və nurla mən hər kəsin görmədiyi həqiqəti gördüm.

Bəli, Süveyda, rəmzlərdə, rəqəmlərdə, simvollarda və şəkillərdə gizli olan sənsən. Sən könlümün sultanı, yaşama səbəbim və nəfəsilə mənə həyat üfürən sevgisən.

Sənsiz mən tamamlanmayan bir formulam; sənsiz mən yarımam; sənsiz mən əksiyəm. Süveyda, sənlə bütünləşir hər şey və sənlə məna qazanır bu aləm.

Bir yerdə oxumuşam ki, "Pi sayını kəşf etmək, kainatı kəşf etmək kimidir" deyirdi biri.

O zaman diqqət etməmişdim, amma indi başa düşürəm ki, səni kəşf etməyə çalışmaq, səni öyrənməyə çalışmaq, kainatı öyrənməyə bərabərdir.

Mən səni gördüm, mən səni tapdım, Sevgili. Sən Uca Allahın Qəmər surəsində "Şübhəsiz ki, biz hər şeyi taleylə, bir ölçü ilə yaratdıq" sözündəki mənim taleyimsən.

Rəqəmləri, simvolları və şəkilləri sənin ölçünlə mühakimə edənlər həqiqətə çatır və "Eşqinlə" həll edilməyənlər həll edilir. Sən hər şeyin kvadratında, sən hər şeyin özündəsən.

Bu günə qədər mən səni həmişə çöldə, bir yerlərdə və müxtəlif coğrafiyalarda axtardım, amma indi başa düşürəm ki, sən mənim qəlbimdəsən, Süveyda.

Cismani varlığın bir yerlərdə ola bilər, sən başqa-başqa coğrafiyalarda nəfəs ala bilərsən, amma sənin yaşadığın ölkə əslində, mənim içimdə, ürəyimdədir.

Sən mənim könül gülüstanımda həyat sürməkdəsən. Sultanım, mənim bu halımı anlamayanlar, əslində, səni başa düşmürlər; məndəki bu eşqin təzahürlərini görməyənlər, həqiqətdə içimdəki xəyalı seyr edirlər.

 

525-ci qəzet.- 2020.- 31 yanvar.- S.16.