Tanıyaq və tanıdaq: Vüqar Nemət

 

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

 

Esmira Fuad,

Filologiya elmləri doktoru

 

Vüqar NEMƏT

 

Qiyas Fətəli oğlu Nemətpur (Nemət) 1975-ci ilin iyununda Güney Azərbaycanın Kəleybər şəhərinin Ziryan kəndində dünyaya göz açıb.

Ali təhsil alıb, milli mədəniyyətimizi sevən öyrəncilərinə qopuz tar kimi xalq çalğı alətlərinin ifa sirlərini, musiqi sənətinin incəliklərini tədris edir. "Səni qayalara çağıracağam" adlı ilk şeir kitabı 2003-cü ildə yayımlanıb.

Bir vaxtlar "Yarpaq", "Çıraq", "Dilmac", "Azəri", "Yaşmaq", "Birlik", "Nəvide Azərbaycan", "Aftab Azərbaycan" kimi dərgi qəzetlərdə çıxış edib. Ədəbi-bədii yönümlü "Çıraq" dərgisinin baş yazarı redaktorudur.

 

Səni aradım

 

Səni ulduzların gecə şölənində,

Səni çiçəklərin qiyamında aradım.

Batan günəşin hüznlü qırmızısında

Nərgizin son türküsü idi gözlərin!..

 

Oysa birgə gəzərdik bu bulvarda

Güclü dirənmə biçimi idi sevişməmiz.

Gecəyə gündüzə inad -

yağmur yağardı tüm mahnılar üzərinə,

uçuşan martılardı qəlbimiz...

İndi isə boşluğun oturmuş bu bulvara

qar kimi sərin ağır...

qar kimi ağır...

qar kimi ...

qar kimi aaaa...

Martın şapkası başında

soyunur yanvarın əynində susqu...

Səni ulduzların gecə şölənində,

Səni çiçəklərin qiyamında aradım.

Batan günəşin hüznlü qırmızısında,

Nərgizin son türküsü idi gözlərin!..

İlahi, burda bir söyüd ağlayır...

Göylərin üzündən əli üzülüb,

Göy üzü, göylərin üzündə qalıb,

Gözləri bu axşam şeirlə dolub,

İlahi, burda bir söyüd ağlayır!..

 

Açsa da, göylərə o əllərini,

Küləklər apardı dualarını.

Yenə bir çiçəklə dilə tut onu,

İlahi, burda bir söyüd ağlayır!..

 

Özü özünə yad, özünə qərib,

Özü özünün əlində qalıb.

Səni , məni yuxuya verib

İlahi, burda bir söyüd ağlayır...

 

Kölgəsi ölümdür meyvəsi ağı,

Yıxılmış bayraqdır hər bir yarpağı.

Məndən bir az üstə, səndən aşağı

İlahi, burda bir söyüd ağlayır...

 

Onun budağından insan sallanır,

Bu ağac insanmı gətirib, nədi?!.

Bu meyvə yenə dəvaxtsız dərildi,

İlahi, burda bir söyüd ağlayır...

 

Bu axşam

 

Bu axşam alnından öpdüm ölümün,

Susdum yağışı dinlədim.

Başını yastığa qoyunca ay işığı,

Saçları ağarmışdı səhərin...

 

Bu son min ildə intihar etmədim isə,

Qorxunc gözəlliklərə qoşulub aldandım.

Bu üzdən heç bir yaza qızmadı ürəyim,

Oysa sənin adınla soruşdum hər qızı...

 

Baxışsız bir gözəl gördünmü sən?!

Gözəlsiz bir baxış necə?!

Ama mən erkən xortladım saatları,

Qüsurlu yaxşılıqlar etdim hər zaman...

Oysa kimə güvənəcəkdim bu adamsızlıqda?

 

Bu axşam alnından öpdüm ölümün,

Susdum yağışı söylədim.

Sözümün arasına girdi gözlərin

Tumançaq bir gecəydi, bizdik

gözdən qaçanlar sırasında zaman...

 

Sürmə

 

Sən son sözünü söylədikdə,

Mən gözlərini oxuyurdum sənin.

Çünkü sən,

Gözlərinin altını cızmışdın!..

 

İlk dəfə,

Bir yaz axşam üstüsündə sarıldım sənə...

Odur-budur,

Üst-başım şeir qoxuyur!..

Ələnir

Burada bir bayquş ötdü,

Quru bitdi, yaş ələnir!

Bu gedən hansı buluddu?!

Ondan yerə quş ələnir!..

 

Yerdən göyə yağış yağdı,

Tanrı ölü, insan sağdı.

Bu biçim ağlamaqdı?!

Gözlərimdən daş ələnir!..

 

Sabahın soy adı, dünən

Axşamın gerçək üzü, dan

Bu yolsuz yolları denən!

Başıma yoldaş ələnir!..

 

Gözlərim o qızı tutdu,

Yari insan, yarı atdı.

Ətəyimə kim daş atdı?

Əllərimdən boş ələnir!..

 

525-ci qəzet.- 2020.- 31 yanvar.- S.15.