Vətəni qürbətdə yaşamaq
20
Yanvar şəhidi şair Ülvi Bünyadzadənin anadan
olmasının 50 illiyi münasibətilə “525-ci qəzet”in
keçirdiyi, vətənpərvərlik mövzulu şeir və
esse müsabiqəsində 3-cüi mükafata layiq
görülmüş Nərgiz Qazi və Simran Qədimin esselərini
təqdim edirik.
Nərgiz Qazi
19 may
1998-ci ildə Bakıda
doğulub. Hal-hazırda İsveçdə
yaşayır. Lund universitetinin Logistics Service Management fakültəsində oxuyur.
Helsinqborq şəhərində yerləşən İkea
mağazasının logistika
departamentində işləyir.
Eyni zamanda da Birləşmiş
Millətlər Təşkilatının
Helsinqborq şəhərindəki
filialının sədridir.
Vətəni qürbətdə yaşamaq
“525-ci qəzet”in, 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadənin
anadan olmasının
50 illiyi münasibətilə
vətənpərvərlik mövzusunda şeir və esse müsabiqəsi
haqda elanı vaxtın bitməsinə bir gün qalmış
internetdə gözüm
aldı. İki ay imiş elan
olunduğu.
Baxıram, 21 saat qalıb müsabiqə vaxtının
bitməyinə. 21 illik vətən duyğularımı
21 saata necə sığışdırım axı, mən yazıq! Cəhd edəcəm, dedim.
Məncə, vətənin kökü
insanın ruhunda, qəlbindədir! Onu hərə
bir cür duyur. Vətən tək torpaq,
dağ-daş deyil, birinə ana qucağı, ata ocağı, birinə sadəcə doğulduğu
yer, böyüdüyü
evdir. O birinə
uşaq vaxtı üstündə min oyundan
çıxdığı xalı, gəbədir vətən. “O biri” dediyim özüməm elə. Saathesabı işlədiyim İKEA satış mərkəzində
xalılar satılan bölmədən hər dəfə keçəndə
uşaq vaxtı nənəmizin Qarabağda
toxuduğu gəbəni
xatırlayıram. İndi rəngi
qaçmış, neçə
yerdən süzülmüş
o xalının dəyərini
İKEA-nın palazları
anlatdı mənə.
Vətən bizi biz edəndir. Şəxsimizi, kimliyimizi formalaşdıran,
tamamlayandır. “Qürbət görməyən
vətən qədri bilməz”. Məncə,
qürbət görməyən
vətən anlayışını
tam dərk edə bilməz!
İndi 21 yaşım var, ömrümün çoxunu,
14 ilini Azərbaycanda yaşamışam. Geri qalan
7 ilini isə İsveçdə. Filosofların bir çoxu düşünür ki, vətən özünü
aid etdiyin yerdir. Mənimsə özümü
aid hiss etdiyim yer yoxdur. Azərbaycanda böyüdüyüm ev yoxdur artıq, İsveçdə
də köçhaköçlərimiz
çox oldu.
Özümü aid hiss etdiyim vətənim
xatirələrimdir. Bərdədə qohumlarımızın təndirdə
bişirdiyi çörəyin
ətrini İsveçdəkilərə
necə anlada bilərəm axı?
Qubada getdiyimiz hamamlardı mənim vətənim, di gəl Avropalıya
hamam kültürünü
izah elə. Mənim vətənim Xızı yollarındakı qırmızı
dağlardır, Mars planeti
tam bu dağlar olması gərək.
O qırmızı dağların
arasında yerləşən
Mikayıl Müşfiqin
evidir vətən.
Vətən yaddaşımın bir güncündə Beşbarmaq
dağı şəklində
qalıb. Bura dua etməyə
gəlir adamlar. Sanki tanrı adamı
dağ başında daha aydın eşidirmiş. İlk dəfə
ora gedəndə mənə dedilər ki, ziyarətdi bura, çoxlu dua elə. Sözün düzü, onda içimdən dua etmək gəlmədi, o gün ilk dəfə günəşin batmasını
seyr elədim sadəcə, dua yerinə. Dağın başına çatanda
anlamışdım bu
dağla bağlı çoxlu əfsanələrin
haradan doğduğunu.
Mənim vətənim Xınalıqdır
- nə qədər qonaqpərvər olduğumuzu
mənə anladan yerdir bura. Xatırlayıram, Xınalığa gələndə
təsadüfən toy üstünə
çıxdıq, yüz
ilin doğmasıymışıq
kimi böyük bir səmimiyyətlə bizi toya dəvət
elədilər. Tanımadığım
insanların arasında
özümü bir ailənin üzvü kimi hiss elədim. Avropalıya bu insani istiliyi
duydura bilərəmmi?
Anlayarmı məni?
Mənim üçün vətən
“Razin”də yaşayan
xalamgildə keçirdiyim
Novruz bayramıdır. Xalam uşaqları
ilə qapı pusmağımdı vətən.
Məndən yaşca böyük
olan uşaqların məni kiçik gördükləri üçün
küsdüyüm şıltaqlıqdır
vətən.
Burnumun ucunun göynədiyi ən gözəl anılarımdan
biri də məktəb illərimdir. İncəsənət gimnaziyasından ruhuma hopdurduqlarım. İmtahan
vaxtı hər riskə rəğmən bir-birimizə kömək
etdiyimiz anlardı vətən! Birliyin, birgəliyin gördüyüm
ən böyük təntənəsi idi bu. İsveç məktəbində
isə hər şey fərqlidir.
Yayda bəzən
qohumlar Xızıdakı
balaca evimizə yığışardı, 30-40 nəfər olardıq. Yer olmadığından
o gecələr yatdığım
stolun altı idi yurd yerim.
Bəzən dünyaları dəyişmərəm
o gecəyə, o balaca
küncə.
Mənim üçün vətən
babamın dinlədiyi
Qədir Rüstəmovun
səsidir. Babam sağ olanda anlamazdım bunu, indi vətən olub o səs mənə. Əslində, mənim stilim
deyil onun oxumaları, bəs, niyə hər dəfəsində ətim
ürpəşir?!
Mənim
üçün Ağcakənddir
vətən! Buranı mənə
Qarabağ deyə göstərdilər. Atamın, anamın
gənclik oylağı
Şuşanı, Ağdamı
gəzən kimi gəzdim oranı. Niyə hər dəfə Qarabağın adı gələndə nənəmin,
babamın köks ötürdüyünü bu
gözəlliklər anlatdı
mənə.
Ömrümdə ən dadlı çiyəni, qaymağı
və bir də kababı yediyim yerdən danışıram sizə. Azərbaycana gəldiyimizdə işlərini
kənara qoyaraq, neçə yüz kilometr yol sürüb
bizə Ağcakənd
qarışıq vətənin
necə gözəl yerlərini gəzdirən
dayımın bizə
sevgisidir vətən.
Çox
uzatdım deyəsən!
Demək istəyirəm
ki, mənim vətənlə bağlı
olan bütün anılarım Azərbaycandadır,
çünki vətənimdir
ora!
İsveçdə məni başqa gəlmələr kimi “köçkün” yox, “Azərbaycandan olan qız” deyə çağırırlar. Bu, mənə olmazın fərəhin verir. Baxmayın yaşımın azlığına,
BMT-nin Helsinqborq şəhər nümayəndəliyinin
rəhbəri təyin
olunmuşam bir ildir. Stokholmdan üzü bəri
neçə şəhərdə
keçirilən tədbirdə
qlobal iqlim dəyişikliyi, gender bərabərliyi,
miqrasiya problemləri və başqa dünya problemləri öz yerində, Qarabağın işğalından
da söz salıram yeri gəldikcə. Bəzən
lap yeri olmasa belə. Niyə? Niyəsi haqda heç
vaxt düşünməmişəm.
İndi,
məhz bu sətirləri yazanda düşündüm - mənə
bunları etdirən nədir? Elə bilirsiniz, bilirəm?
Bir gün İsveçin Karlskrona şəhər bələdiyyəsi
Çindən gəlmiş
nümayəndə heyəti
üçün konsert
proqramı təşkil
eləmişdi. Məni də ora pianoçu olaraq dəvət etmişdilər.
O gün Vaqif Mustafazədənin doğum
günü idi. Mən çinli müsafirlərə
Vaqifi qısaca tanıdıb onun “Bayatı Şiraz” əsərini ifa etdim. O alqışlar
mənə yox, Mustafazadə üçün
idi. O an o səhnədə
vətənim Vaqif Mustafazadə idi.
Bir il keçdi. Bleking
Torpağı üzrə musiqi müsabiqəsinin
qalibi oldum. Dünya klassikləri ilə yanaşı, bizim Tofiq Quliyevin
“Sənə də qalmaz”ını ifa elədim.
O gecə dinləyicilər məni yox, Azərbaycanı
soraqlayırdı. Həyatımda yaşadığım ən
sınaq dolu bir axşamda gücü mənə
vətən verdi - Tofiq
Quliyevin simasında.
İndi
20 yanvarda şəhid olmuş Ülvi Bünyadzadənin
adına elan olunmuş müsabiqənin bitməsinə dəqiqələr
qalıb... Və mən vətən haqda nəsə
yazmalıyam.
Nədir
vətən? Bilmirəm axı! Vətəni bilməklə
anlada bilmərəm! Vətəni duymaqla duyduraram. Bilmirəm,
bu dar macalda
duydura bildimmi vətəni
sizə?!
Helsinqborq, İsveç
525-ci qəzet.-
2020.- 31 yanvar.- S.4.