Köhnə düzəndən yeni düzənə
Dünya
tarixinin monqol-tatarlar dövrü kifayət qədər mükəmməl
araşdırmaların mövzusu olmuş, bu dövrün
möhtəşəm qəhrəmanı Çingiz xan
haqqında hər cəhətdən dəyərli əsərlər
yazılmışsa da, nə onun şəxsiyyətinə, nə
də yaratdığı imperiyanın xarakterinə dair
mübahisələrə son qoyulmadığı kimi,
mövzuya maraq da hiss ediləcək qədər
azalmamışdır.
Tarixi romanlar ustası Yunus Oğuzun "Çingiz
xan"ı bir daha təsdiq edir ki, monqol- tatarlar dövrü ədəbiyyatın
vaxtaşırı müraciət edəcəyi, ideya-estetik
potensialı heç zaman tükənməyəcək
mövzularındandır.
Roman proloqla başlayır. Və elə ilk sətirlərdəcə
müəllif predmetə öz yanaşma üsulunu təqdim
edir:
"Müharibə özü ilə
qarmaqarışıqlıq, xaos, başıpozuqluq gətirir. Hər şey
dağılır, sonra yenilənir. Hər
şey savaş qaydalarına və qanunlarına
uyğunlaşır. Bütün
bunların içində müharibə düzəni var. Adama
elə gəlir ki, qətllər, qarətlər bitib-tükənməyəcək.
Adına savaş deyilən bu xaos qətlləri, şəhərlərə,
kəndlərə, obalara od vurub atəşə
verilməsini qanunlaşdırır, bu savaşın
iştirakçıları olan əsgərləri, onların
hökmdarını, hətta xaosun,
qarmaqarışıqlığın özünü qəhrəmana
çevirir, etdikləri dildən dilə keçir...
... Bu dəfə xaosu dünyaya at belində yeni düzən
kimi Çingiz xan gətirdi".
Roman
müəllifi cəmiyyətin (dünyanın!) tarix fəlsəfəsini,
əslində, o qədər də yeni olmayan, ancaq tarixin
konkret bir dövrünə ? monqol-tatar erasına tətbiqdə özünəməxsus
çalarları ilə ortaya çıxan formulla izah etməyə
çalışır. Bu "harmoniya ? disharmoniya ? yeni harmoniya"
formulundan ibarətdir ki, burada inkişafın təkanverici
qüvvəsi məhz disharmoniyada əksini tapır. O
disharmoniyada ki, mahiyyət etibarilə yeni düzənin
başlanğıcı olmaqla elə ilk həmlələrindən
köhnə düzəni təhdid edir:
"Yeni düzənin sərhəddində köhnə
düzən - Xarəzmşah səltənəti mürgüləyirdi. Sultan hələ də
anlaya bilmirdi ki, ondan Şərqdə bir Çingiz xan
imperiyası yaranıb, təkcə Çini deyil, onun sərhədinə
bitişik olan bütün dövlətlərin, bəyliklərin
ömrünə son qoyulub. Xarəzmşah
Ələddin bunu ya anlamır, ya da anlamaq istəmirdi, çünki
çox güclü idi. Hətta o qədər
güclü idi ki, Bağdada, xəlifə ən Nasirə məktub
göndərərək bütün müsəlman
dünyasında onun adına xütbə
oxunmasını tələb etmişdi".
Əsərin adı hər nə qədər
"Çingiz xan" olsa da, yazıçı bu dahi
dövlət (və düzən!) qurucusundan daha çox onun
daşımış olduğu tarixi funksiya və ya
missiyanın portretini yaradır. Ona görə də
söhbətə Xarəzmşah xanədanının təmsil
etdiyi köhnə düzənin daxili faciəsinin təsvirindən
başlayır. Hökmdar-hakimləri
eyş-işrətə, mühafizə orqanları
quldurluğa qurşanmış, karvansarayları xəfiyyəçilik,
çuğulçuluq yuvasına çevrilmiş həmin
köhnə düzənin yaşamaq haqqının
olmadığı artıq heç bir şübhə
doğurmur. Müxtəlif dini dünyagörüşlər
arasındakı dialoqun, qarşılıqlı
anlaşmanın yüzillər boyu hökm sürdüyü
Orta Asiya indi nəinki dinlərin, eləcə də müxtəlif
islam təriqətlərinin münaqişə
meydanına çevrilmişdir. Halbuki Çingiz xanın
xaosla başlayan yeni düzəni bu cür münaqişələrdən
qurtuluş vəd edir:
"Türkan
xatun daha bir sual verdi:
- Bəs
orada müsəlmanlar təqib olunmurlar?
Mahmud
Yalavac yenə də başını qaldırmadan cavab verdi:
- Xeyr, həzrət!
Çingiz xanın dövlətində heç
bir din təqib olunmur, istəyirsən xristian, ya
tanrıçı ol, istəyirsən müsəlman, yaxud
buddaçı. Orada dövlət dini
baxışlara görə qurulmayıb. Dövlət
törələrin və Çingiz xanın
yazdığı Yasa əsasında qurulub və qoyulan
qaydaları kim pozarsa, hətta xanın
övladları olsa belə ciddi şəkildə cəzalandırılır".
Qanunsuzluğun qanunla, münaqişələrin birgəyaşayışla,
ətalətin canlı həyat enerjisilə əvəzlənməsi,
əlbəttə, qaçılmazdır. Və bu,
Çingiz xanın Xarəzmşahlığa münasibətində
bütün kəskinliyilə təzahür edir. Hadisələrin
gedişindən aydın görünür ki, VII- IX əsrlər
ərəb xilafəti kimi XI- XII əsrlər türk islam dövlətləri də Zamanın tələbləri
qarşısında çox aciz durumdadırlar... Həmin
durum- düzənin aradan qaldırılması
üçün təkanı XIII əsrin əvvəlləri
verdi...
Bizə
elə gəlir ki, əsərin ilk səhifələrində
müəyyənləşdirilmiş ideya miqyası
aşağıdakı sətirlərdə xeyli dərəcədə
daraldılır və nəticə etibarilə,
yazıçı böyük ictimai-siyasi məsələlərin
kökünü hansısa şəxsi və ya psixoloji motivlərdə
axtarmaq səviyyəsinə enir:
"Bu balaca oğlan Çingiz xan olana qədər
tayfalararası müharibədə böyüdü. O, uşaq ikən qətlin,
xəyanətin, köləliyin nə olduğunu bildi. O,
bunların içində yaşayırdı. Yaşadıqca
köhnə düzənin bu nizamı ilə heç cürə
barışmaq istəmədi... İnsanlar onun ailəsini
ucsuz-bucaqsız çöllərdə ölümə
atdılar...
... Gəncliyindəki dostluq və düşmənçilik
münasibətləri, sevgi və nifrət, yaşamaq
uğrunda mübarizə yetkin çağında onun xasiyyətini
müəyyənləşdirəcəkdi.
Bu qıyıq göy gözlü, üzündə
almacıqları qabaran, sağlam bədənli və
hündür boylu Çingiz xan şəxsi və xüsusi məqsəd
qorxusu olmadan dünya meydanına atıldı və dünya
onu qəbul etməyə, onun düzəni ilə
yaşamağa məcbur oldu".
Lakin çox yaxşı ki, "Çingiz xan"
müəllifi qəhrəmanın tərcümeyi-halının
bu cür təfərrüatlarına aludə olub qalmır. Və təhkiyəni yenidən
layihə miqyası ilə davam etdirir:
"Bir zamanlar Türkeşlərin və Göy
türklərin paytaxtı olan Qaraqorum indi Çingiz xanın
baş şəhərinə çevrilmişdi. Bunun da səbəbləri
yalnız onun özünə məlum idi. O, beş
yüz il bundan əvvəlki Göy türklərin qələbə
uğurlarını təkrarlamaq istəyirdi, amma
özünün gətirdiyi yeni düzənlə".
Yasa qanunlarının Zamanla nə qədər
ayaqlaşdığı, öz həyatiliyi,
reallığı, faydalılığı ilə cəmiyyəti
nə qədər mütəşəkkil vəziyyətə
gətirib çıxardığı və onun
fütuhatında nə qədər geniş meydan
açdığı barədə deyilənlər
Çingiz xanın tarixi funksiya və ya missiyasının əsas
cizgilərini verir. Ümumiyyətlə, Yunus Oğuz
bütün romanlarında olduğu kimi, "Çingiz
xan"da da tarixi faktlara son dərəcə sədaqətlidir.
Və yazıçının bədii təxəyyülü
ən vüsətli məqamlarında belə, tarixin
gedişatının, xronologiyanın nüfuzuna xələl gətirmir.
Başını itirmiş, bir vaxtlar yaratdığı ucsuz-
bucaqsız dövlətin idarəçiliyini artıq əldən
vermiş Xarəzmşah sultanın fateh Çingiz xanın təzyiqləri
qarşısındakı düşüncələri
romanın ideya-məzmununun ifadəsi baxımından
maraqlıdır:
"Sultan Ələddin çıxılmaz vəziyyətdə
qalmışdı, bilmirdi neyləsin. Ona həm də təkəbbürü,
özündən razılığı imkan vermirdi ki, hələ
islam dünyasında, bütövlükdə
Qərbdə tanınmayan Çingiz xanın şərtlərini
qəbul etsin, yerinə yetirsin. Hardasa qəlbinin
dərinliyində başa düşürdü ki, ticarət
karvanını qarət edib insanları qətlə yetirmək
olmaz. Bu, bütün dünyada qəbuledilməzdir".
Bu düşüncələr də göstərir ki,
Xarəzmşah dövləti artıq süquta doğru gedir. Və qarşıdakı
müharibələrdə onun məğlubiyyəti
qaçılmazdır... İstər Çingiz xanın ticarət
karvanının qarət olunması, istərsə də
elçisinin qətlə yetirilməsi hərəkətə
gəlmiş "xaos"un yalnız ilk
addım səsləridir... Ağ paltar geyinmiş
şamanın keçirdiyi mərasim, yaxud Çingiz xanın
Tanrı dağındakı mağarada üç gün
Göy Tanrı ilə söhbəti ona nə qədər
mistik çalarlar gətirsə də, roman müəllifi
tamamilə əmindir ki, monqol-tatar yürüşləri
tarixin sosial-siyasi reallığının təzahürü
kimi ortaya çıxmışdı.
Qaraqorumdan başlayan yürüş əvvəl
Otrarın, sonra Buxaranın süqutu ilə başa
çatır.
"... Ağ atın belində, Cəbə, Sabutay, Toluy və
başqa noyonlarla, bahadırlarla birlikdə Buxaranın şərq
qapısından yorğa yerişlə içəri girdi.
Əhali indiyə qədər görmədiyi
tatarlara, moğollara təəccüb və heyrətlə
baxırdı. Dünyanı dəhşətə
gətirən, adı gələndə hamının tük
saldığı, sultanı qorxudub qaçırdan,
haqqında əfsanələr danışılan Çingiz
xan bu imiş. O, heç də bədheybətə, cinə,
divə bənzəmirmiş. O, heç də şeytanla
dostluq edənə də oxşamırdı.
... Çingiz xanın üstünlüyü onda idi ki,
o, müharibə qaydaları ilə
döyüşmürdü. O qaydaları özü
yaradır, onu böyüdür, şişirdir, sonra lazım
gələndə bu qaydaları ləğv edib yeni
yaratdığı qaydalarla müharibəni davam etdirirdi".
Növbə Səmərqəndə çatır.
"Böyük şaman dəstəsi davulları
döyəcləyib tonqallar ətrafında rəqs etməyə
başladılar. Şamanlar dəstəsini belə
çoxluqla davullara döyəcləməsini xan ilk dəfə
idi ki, tətbiq edirdi. Çoxsaylı
tonqalların qalanması, davulların gur səslə döyəclənməsi
şəhərdə eşidilirdi. Əhali
bu səsdən vahiməyə düşürdü. Eyni vaxtda guruldayan davullar adamı qorxuya
salırdı. Hücumdan öncə belə
vahimə yaratmaq tatarları ruhlandırır,
qaladakıların isə müqavimətini azaldırdı.
... Şamanlar eyni vaxtda davullara sonuncu zərbəni vurub
susdular. Aralığa ölü sükut
çökdü, amma bu uzun çəkmədi. Eyni vaxtda bir əmrlə yüzlərlə
mancanaqlardan şəhərə daşlar yağmağa
başladı".
Və Səmərqənd
də süqut edir...
"Beş ay ərzində Çingiz xan minə qədər
şəhər və qala, özü də çoxusunu
müqavimətsiz fəth etdi. İnsanlar, əhali
başa düşəndə ki, yeni düzənin
üstünlükləri daha çoxdur, qaçqın
düşənlər əzablarına, itkilərinə
baxmayaraq, yurdlarına, obalarına döndülər. Həm də onlar üçün yeni üfüqlər
açılırdı, çünki Çingiz xan yerli, dinə
bağlı olan zənginlərin və məmurların
ölümünə əmr verməklə boşluqlar
yaratmışdı və bu boşluqlar tezliklə
doldurulmalıydı. Yenidən şəhərə,
kəndə, obaya qayıdanlar üçün şərait
yaradılırdı ki, diribaşlar,
gözüaçıqlar tatarların istəyinə uyğun
işlər görsünlər və
yaşadıqlarıı yerlərdə əhalini idarə
etsinlər. Hər şey ona doğru gedirdi..."
Xarəzmşah dövlətini çökdürdükdən
sonra monqol-tatarların qərbə doğru yürüşləri
davam edir.
Əvvəl Çingiz xanın oğullarının, sonra isə
nəvələrinin komandanlığı ilə...
"Sabutay
sonuncu cümləni dəqiqləşdirmək istədi:
- Yəni
atlarımızı nə qədər irəli sürə bilərik?
Xan yerində qurcalandı, doğrusu, o, özü də
bilmirdi ki, onun ordusu qərbdə hara qədər irəliləyə
bilər, amma cavab verməliydi.
-
Düşünürəm, bunu özünüz dəqiqləşdirə
biləcəksiniz. Ancaq o məsafəyə qədər
gedin ki, əlaqələrimiz itməsin. Xəbərləri
çevik və vaxtında göndərə biləsiniz.
Nə vaxt görsəniz xəbərlərin göndərilməsində
lənglik yarandı, onda Xəzərin şimalı ilə
geri dönün..."
Romanın epiloqu "xaos"dan sonra qərarlaşmış
yeni düzəndən bəhs edir. Və "Xaosun yeni
düzəni" hadisələrin cərəyanının nə
qədər davam-icmalıdırsa, əsərin
ideyasının da o qədər yekun- təsdiqidir.
"Xaos sona çatdı. Yeni
düzən özü ilə yeni qaydalar gətirdi və hər
kəs bu qaydalarla yaşamağa başladı. Yeni düzənin
ərazisi Göy türklərin fəth etdiyi ərazilər qədər,
yəni on bir-on iki milyon kvadrat kilometrə bərabər idi.
Çingiz
xan on üçüncü əsrdə yeni dünyanın sərhədlərini
cızdı.
Tatarların
birinci axını bitdikdən sonra 1231-ci ildə
dünyanı fəth etmək üçün ikinci
axını başladı. Bu, 1242-ci ilə qədər davam
etdi.
Üçüncü
axın isə 1251-ci ildə başladı və 1258-ci ildə
İslam xilafətinə son qoymaqla başa çatdı".
Kim düşünürsə ki, inkişaf prosesi anomaliyanın normaya çevrilməsindən ibarətdir, görünür, o qədər də haqlı deyil. Əslində, hər cür, o cümlədən də, ictimai inkişafa norma-anomaliya münasibətlərinin bir sistemdən digərinə çevrilməsi kimi baxmaq özünü daha çox doğruldur. Romanın (və Yunus Oğuzun) tarix fəlsəfəsində köhnə düzənin (normanın) "anomaliya"sı Xarəzmşahlığın gənc varisi Cəlaləddindir. Lakin onun fərdi passionarlığı Çingiz xanı öz baş qəhrəmanı kimi tarix səhnəsinə çıxarmış Zamanın (və Məkanın) ümumi passionarlığı ilə müqayisəyə gəlmədiyinə, yəni özünü Xəzərin şərqində deyil, qərbində təsdiq elədiyinə (onsuz da Zaman Çingiz xanı öz varislərinin timsalında Qərbə gətirirdi!) görə, sadəcə, gecikmiş xırdaçılıq idi.
Böyük bir "xaos"un tarixini böyük bir yazıçı qələmi ilə yaratmaqda Yunus Oğuz tərəddüd etməmişdir.
Nizami CƏFƏROV
525-ci qəzet.- 2020.- 31 yanvar.- S.12.