İlk "Azərbaycanca-özbəkcə,
özbəkcə-azərbaycanca lüğət"
Dilçilik tarixində leksikoqrafiyanın
yaşı qədim olsa da, Azərbaycan
dilçiliyi tarixində
bu sahə XIX əsrin son onilliyinə təsadüf edir. Belə ki,
Sultan Məcid Qənizadənin
"Lüğəti-rusi və
türki" adlı lüğəti ilk dəfə
olaraq 1890-cı ildə
çap olunmuşdur.
Həmin
lüğət 1922-ci il də daxil olmaqla, 6 dəfə təkrar nəşr olunmuşdur. Bundan sonra Üzeyir Hacıbəylinin 1907-ci ildə
"Türki-rus və
rus-türki", Qarabəy
Qarabəyovun 1912-ci ildə
"Qamusi türki"
adlı lüğətləri
işıq üzü
görmüşdür.
Hazırda leksikoqrafiyamızda hələ
ki, altı dəfə çap olunmuş üçcildlik
"Rusca-azərbaycanca" və iki dəfə
çap olunmuş dördcildlik "Azərbaycanca-rusca"
əsas lüğətlərdəndir.
Lakin Azərbaycan
lüğətçiliyinin əsl inkişafı və yaranması 1920-ci ildən başlasa da, onun əsaslı
dönüş və
canlanması 1930-cu ildən
sonraya təsadüf edir. Həmin dövrdə lüğətçilik
işini yaxşılaşdırmaq
məqsədilə İnstitut
- Lüğətlər və
Ensiklopediyalar İnstitutu
da yaradılmışdır.
Bu vaxtlar, əsasən,
ikidilli lüğətlər
və ikidilli terminoloji lüğətlər
çap olunurdu.
İstər sovet rejimi vaxtında,
istərsə də respublikamızın müstəqillik
qazandığı dövrdə
tədqiqatçıların, həm də oxucuların ehtiyacını
ödəmək üçün
ciddi və mükəmməl araşdırmalar,
işlər aparılmışdır. Odur ki, hazırda müxtəlif
elm və sosial sahələrə həsr
olunmuş 300-dən artıq
birdilli, ikidilli və habelə çoxdilli lüğətlər
işıq üzü
görməkdədir.
Bu lüğətlər içərisində tərcümə
lüğətlərinin xüsusi
yeri vardır. Odur ki, tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün ana dilimizdən xarici dillərə, yaxud xarici dillərdən ana dilimizə ikidilli lüğətlər
hazırlanaraq çap
olunmuşdur. İndinin
özündə də
bu proses davam etdirilir. Məsələn, ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə, rusca-azərbaycanca,
azərbaycanca-rusca, almanca-azərbaycanca,
azərbaycanca-almanca, fransızca-azərbaycanca,
azərbaycanca-fransızca, farsca-azərbaycanca,
azərbaycanca-farsca, gürcücə-azərbaycanca,
azərbaycanca-gürcücə, italyanca-azərbaycanca, ispanca-azərbaycanca
və başqa lüğətlər nəşr
olunur.
Göründüyü kimi, lüğətçilik
tarixində tərtib olunub nəşr edilən sözlüklərdən
əksəriyyətini tərcümə
lüğətləri təşkil
edir. Bu, əlbəttə,
vacib məsələlərdən
idi. Çünki tərcümə lüğətləri digər
hər hansı bir dili öyrənmək
üçün ehtiyacı
ödəmək məqsədi
ilə daha zəruri idi. Əsas məsələlərdən
biri ondan ibarətdir ki, ilk olaraq öz ana dilini yüksək
səviyyədə mənimsəyə
biləsən.
Bunlarla yanaşı,
həmin siyahıya yenicə çapdan çıxan ilk dəfə
hazırlanmış "Azərbaycanca-özbəkcə,
özbəkcə-azərbaycanca lüğət" - "Ozarbayjoncha-o`zbekcha,
o`zbekcha-ozarbayjoncha lug`at"
(Bakı - "SAVAD" 2019) kitabını da əlavə etmək olar.
Lüğətin layihə rəhbəri
Özbəkistandakı Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasovdur. Kitabın azərbaycanca-özbəkcə
hissəsinin tərtibçiləri
AMEA Nəsimi adına
Dilçilik İnstitutu
Tətbiqi Dilçilik
şöbəsinin müdiri,
professor İsmayıl Oruc
oğlu Məmmədli
və professor Almaz Ülvi Binnətova, özbəkcə-azərbaycanca hissəsinin tərtibçiləri
isə ədəbiyyatşünas,
dil-şünas Babaxan
Məhəmməd Şərif
və şərqşünas-filoloq
Şahista Kamranlıdır;
elmi məsləhətçilər
akademik İsa Həbibbəyli və
professor Şuhrat Siracəddinovdur.
Rəyçilər akademik Möhsün
Nağısoylu və
dosent Abduvahab Mədvəliyevdir.
Kitaba Samir Abbasov "Ön söz" yazmışdır. Boboxon Muhammad Sharifin isə lüğətdə "Aziz kitobxon!"
adlı essesi də verilmişdir.
Lüğətin hər iki hissəsində
12 mindən çox leksik vahid yer
almışdır. Əlavə kimi
onu qeyd edək ki, həm
Azərbaycan dili, həm də özbək dili Altay dilləri ailəsinin türk dilləri qrupuna daxildir. Tarixi inkişaf və linqvistik özəlliklər baxımından
da türk dilləri beş
yarımqrupa bölünür:
Oğuz dilləri yarımqrupu, Qıpçaq
dilləri yarımqrupu,
Bulqar dilləri yarımqrupu, Qarluq dilləri yarımqrupu və Tukyuy dilləri yarımqrupu. Azərbaycan dili Oğuz dilləri, özbək dili isə Qarluq
dilləri yarımqruplarına
daxildir.
Göründüyü kimi, hər iki dil ayrı-ayrı
yarımqruplara daxildir. Buna görə də hər iki türk
xalqının dillərində
həm oxşar, həm də fərqli cəhətlər
özünü göstərməkdədir.
Bəlli olduğu kimi, hər iki dilin
ayrı-ayrı yarımqruplara
aid olduğuna baxmayaraq,
Azərbaycan və özbək dillərinin qədim, zəngin, ortaq tarixi kökləri
vardır və öz mədəniyyətlərini,
dil xüsusiyyətlərini
qoruyub saxlamaqdadır. Hətta hər
iki xalq öz mədəniyyətləri,
incəsənətləri ilə
qürur duyur. Çünki Azərbaycan və
özbək xalqları
ədəbiyyatının, onlara məxsus sənət və elmin müxtəlif sahələrində özlərinə
layiq bir yer tutmuş dünya şöhrətli
korifeylər, şairlər,
ədiblər, hikmət
sahibləri, dövlət
xadimləri yetirmişlər.
Həmçinin, hər bir sahədə Azərbaycan-özbək
əlaqələri yüksək
vüsət almışdır.
İstər qədimdə, istər
yaşamış olduğumuz
sovet rejimi döv-ründə, hazırda
da - müstəqillik illərində hər iki xalq arasında
möhkəm və qırılmaz əlaqələr
olmuş, indi də bu mədəni,
ədəbi əlaqələr
davam etməkdədir.
Kitabda "Ön
söz"ün müəllifi
Samir Abbasov doğru olaraq yazır ki, Azərbaycan və özbək xalqlarının
tarixləri, mədəniyyətləri
ortaq bir kökə malik olduğu kimi, bu iki xalqın
dili də eyni kökə əsaslanır. Fərqli tarixi inkişaf
yolları keçmələrinə
baxmayaraq, bu iki dilin kökü,
özəyi ümumtürk
dilidir.
Müəllif onu da nəzərə
çarpdırır ki,
müxtəlif coğrafi
ərazilərdə yerləşən
və siyasi mövqelərlə fərqlənən
bu dillər zaman-zaman işğallar, qonşu mədəniyyətlərin
repressiya və istilaların təsirləri
ilə seçilən
inkişaf yolları keçmiş və nəticədə də bu iki doğma
dil arasında müəyyən leksik fərqlər ortaya çıxmışdır.
Doğrudan da, "Azərbaycanca-özbəkcə,
özbəkcə-azərbaycanca lüğət"i vərəqlədikcə
həmin oxşarlıqları
və ayrılmaları
görmək olur. Elə leksik
vahidlər vardır ki, eynilə bir-birinə oxşayır;
burada olsa-olsa yalnız fonetik fərqlər mövcuddur.
Bunu nəzərə alıb leksik layları üç yerə ayırmaq olar:
1. Fərqli leksik vahidlər
2. Oxşar leksik vahidlər
3. Qeyri-oxşar leksik vahidlər
Fərqli
leksik vahidlərə aşağıdakı sözlər
aid edilir: abad - obod, abidə - obida, acımaq - achimoq, qanadlı - qanotli, qəsr - qasr, qətl - qatl, qaçmaq - qochmoq, gəlmək - kelmoq, gözəl - go`zal, gül - gul, naz - noz,
nazir - nozir, fəxr - faxr, ayran - ayron, ayırmaq - ayirmoq, ilan - ilon, qız
- qiz və s.
Oxşar
leksik vahidlərə misal olaraq aşağıdakıları
göstərmək olar
(buraya dilə keçən bir çox sözləri də aid etmək olar): bel - bel,
ilik - ilik, ilikli - ilikli, iliksiz - iliksiz, qalay - qalay, taxta - taxta, şirin - shirin, rekord - rekord, reys - reys, stol
- stol, renta - renta, stul - stul,
reyd - reyd və s.
Müxtəlif sahələri əhatə
edən beynəlxalq terminlərdə də oxşarlıq əlamətləri
qalmaqdadır: qlobal - qlobal, avtobus - avtobus, şrift - shrift, ştab - shtab, ştamp - shtamp, ştat - shtat, taksi - taksi, okean - okean, relyef - relyef, rektor - rektor və s.
Bununla yanaşı,
ilin 12 ayında da heç bir
fərq yoxdur.
Qeyri-oxşar leksik vahidlərə
aid: heyva - behi, həbs - qamoq iftira - tuhmat, iftiraçı - tuhmatchi,
qardaş - aka (uka), nal - taqa, oxucu
- kitobxon, marıq - pistirmə, şalban - xoda, beyin - miya,
qarpız - tarvuz, qoxu - hid (is), qoğal - kulcha, ayı - ayiq, bacı - opa (sinqil), şişman
- semiz və s.
Kitabın məziyyətlərindən biri də budur ki,
sonda hər iki xalqı təmsil edən antroponimlərin - şəxs
adlarının sıralanmasıdır. Lüğətdə
verilən şəxs adları hissəsində fonetik baxımdan fərqlərə və
oxşarlıqlara də rast gəlirik.
Oxşarlıqlar:
Asim - Asim, Asif - Asif, Abdal - Abdal, Atlaz - Atlaz, Dadaş - Dadash, Elmira
- Elmira, Emil - Emil, İlkin - Ilkin, Tutu - Tutu və s.
Fərqlənmələr:
Ayaz - Ayoz, Azər - Ozar, Babək - Bobak, Bahar - Bahor, Eldar -
Eldor, Əkbər - Akbar, Əli - Ali, Habil - Hobil, Həqiqət
- Haqiqat, İbad - İbod, İsa - İso, Ömər - Umar və
s.
Yüzlərlə belə misallar göstərə bilərik. Bu cür mənzərə həm milli sözlərimizdə, həm də dilə keçən alınma sözlərdə özünü büruzə verir...
Nəfis
şəkildə nəşr olunmuş "Azərbaycanca-özbəkcə,
özbəkcə-azərbaycanca"
lüğət hər iki türk xalqının - Azərbaycan
və özbək xalqlarının həm tarixi dostluq
baxımından, həm də kökə bağlılıq cəhətdən
ayrılmaz birlik rəmzi kimi dəyərlidir.
Sonda onu vurğulamaq olar ki, lüğətin həm praktik, həm də elmi əhəmiyyəti böyükdür. Belə ki, hər iki dilin müqayisəli şəkildə araşdırılmasında mühüm bir vəsait kimi lüğətin böyük əhəmiyyəti vardır.
Nəriman
SEYİDƏLİYEV
AMEA Nəsimi
adına Dilçilik İnstitutunun
baş
elmi işçisi,
filologiya elmləri doktoru
525-ci qəzet.- 2020.- 31 yanvar.- S.11.