Mikayıl Müşfiq anılıb
Yanvarın 6-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, repressiya
qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, ənənəvi
mərasim şairin Bakıdakı abidəsi önündə başlayıb
və Xızıdakı
"Müşfiq ocağı"nda
davam etdirilib.
Tədbirdə bildirilib ki, ölümündən 82 il ötən Mikayıl Müşfiq həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi
ilə dolu lirik nümunələr qoyub. Sovet imperiyasının
repressiya dalğasına
tuş gələn Mikayıl Müşfiq
1938-ci il yanvarın 6-da amansızlıqla
güllələnib. Nakam şair
Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini
yadigar qoyub, eyni zamanda, böyük
bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
Diqqətə çatdırılıb ki, Mikayıl Müşfiqin ilk mətbu
əsəri olan
"Bu gün" şeiri
1926-cı ildə "Gənc
işçi" qəzetində,
"Duyğu yarpaqları"
adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti"ndə
dərc edilib. Məhsuldar yaradıcılığı
sayəsində 1930-cu ildən
başlayaraq onun "Küləklər", "Günün
səsləri", "Buruqlar
arasında", "Bir
may", "Pambıq", "Vuruşmalar", "Şeirlər",
"Şəngül, Şüngül,
Məngül", "Qaya",
"Kəndli və ilan" kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq "Seçilmiş əsərləri",
"Əsərləri", "Duyğu yarpaqları",
"Əbədiyyət nəğməsi",
"Könlümün dedikləri",
"Həyat sevgisi"
və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə
"Müşfiqli günlərim"
adlı xatirələr
kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri
2005-ci ildə işıq
üzü görüb.
Mikayıl Müşfiq tərcümə
ilə də məşğul olub. A.Puşkinin
"Qaraçılar" (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun
"Demon" poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın
"Huşsuza bax, huşsuza" şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın
və başqa şairlərin irsindən
nümunələri, eləcə
də M.F.Axundzadənin
"Şərq poeması"nı Azərbaycan dilinə çevirib.
Şairin
zəngin ədəbi
irsinə şeirdən
tutmuş poemayadək
("Çoban", "Mənim
dostum", "Qaya",
"Sındırılan saz",
"Səhər", "Azadlıq dastanı") lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq,
yığcamlıq Mikayıl
Müşfiq poeziyasının
əsas bədii keyfiyyətləridir. O, lirik-epik
lövhələrin, peyzajların
ən mükəmməl
nümunələrini yaradıb.
Builki tədbir
maraqlı yeniliklə
yadda qalıb. Belə ki,
"Müşfiq ocağı"nda
şair Tofiq Nurəlinin yeni çapdan çıxmış,
yalnız sevgi şeirlərinin toplandığı
"Darıxan nəğmələr"
kitabı oxuculara təqdim edilib. Bu, iştirakçılar tərəfindən Tofiq Nurəlidən Mikayıl Müşfiqin ruhuna töhfə kimi qiymətləndirilib.
Tofiq Nurəlinin
"Darıxan nəğmələr"
kitabının təqdimatı
ilə Müşfiq günləri üçün
yeni ənənənin
əsası qoyulub. Bundan
sonra belə tədbirlərdə Müşfiq ruhlu təzə
şeir kitablarının təqdimatı
qərara alınıb. Yenilik tədbir
iştirakçıları tərəfindən müsbət
qarşılanıb.
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.13.