T.Mustafayinin "Ədəbiyyat söhbəti" kitab oldu

 

Bu günlərdə AMEA-nın müxbir üzvü, tənqidçi Tehran Əlişanoğlunun "T.Mustafayinin "Ədəbiyyat söhbəti" adlı ədəbi-tarixi essesi kitab şəklində "Alatoran" nəşriyyatında çap olunub.

Kitab müəllifin dilindən "60 yaşıma 25 il öncədən T.Mustafayinin "Ədəbiyyat söhbəti" ilə gəldim" epiqrafı ilə başlayır. Sözügedən ədəbi-tarixi esseni tənqidçi 1995-1997-ci illərdə qələmə alıb. İki "çevrə"dən, Azərbaycan ədəbiyyatının dünəninə, bugününə orijinal baxış sərgiləyən, bir-birindən doğan, biri digərini izləyən "100+1" yazıdan ibarət kitab filoloqların, ədəbiyyatçıların ədəbiyyatsevər oxucuların marağına hesablanıb.

Ön söz əvəzi çap olunan "T.Mustafayinin ədəbi proses divanı" adlı məqalədə qeyd olunur: "Bu gün bizdə "Ədəbiyyat söhbətləri" geniş yayılmışdır bu zaman çoxlarının heç yadına da gəlmir ki, ədəbi prosesə "ədəbiyyat söhbətləri"ni ilk daxil edən T.Mustafayi olmuşdur: "Ədəbiyyat söhbəti ədəbiyyat olan yerdə var, ya əksinə: ədəbiyyat söhbəti var isə, orda bəs ədəbiyyat var!" - manifestiyası ilə. Müəllif özü bu qənaətdədir ki, "Ədəbiyyat söhbəti"ni ümumən yeni bir janr, esse tipi kimi məhz o, ərsəyə gətirmişdir: "Mən janrı yaxşı bilirəm; və hətta həmişə o iddiadayam ki, məhz bu adla: ədəbiyyat söhbət ("ədəbi söhbət" yox ha!) - onu ədəbiyyatımıza mən gətirmiş, vaxtilə nə az, nə çox, yüz yazı yazmış və elə ilk yazıdaca düsturunu vermişəm..." Burada ədəbiyyat ətrafında, ədəbiyyatın cəmiyyətdə rezonansı haqqında olan ədəbi jurnalistika - "ədəbi söhbət"dən fərqli bir janrdan söz edilir. Bu, daha çox ədəbiyyat janrıdır, ədəbiyyatın içindən gələn, ədəbi prosesi ifadə edən ədəbi-tənqidi esseyə uyğundur...

T.Mustafayinin "Ədəbiyyat söhbəti"ndə müstəqillik dövrü ədəbiyyatının ilk gəlişmə çağlarını, 1990-cı illərdə böyük epoxalar sınmalar içrə olan milli ədəbiyyatın iç durumunu təsəvvür edir və dərk etmək cəhdlərini görürük; müstəqilliyin gətirdiyi "ələmdən nəşəyə" abhavası ilə yanaşı, eyni zamanda, total sınma prosesləri qarşısında həyəcan və narahatlıq notlarını da hiss edirik: necə etmək ki, əsrlərlə toplanmış ədəbi-nəzəri təcrübə və biliyi yeni əyyamlara ötürmək ola. Sanki "Ədəbiyyat söhbəti", uzun sovet dönəmində hardasa özünü qoruya bilmişsə də, hardasa da müstəqil gəlişmə mexanizmini yadırğamış, himayəyə, nəzarətə, ayrı-ayrı Adlara, İmzalara, Nüfuzlara sığınmış milli ədəbiyyat proseslərini "bərpa etmək", yaddaşına, özünə qaytarmaq qayğıları ilə alışıb-yanır. İddia böyükdür; əslində, bu, bütövlükdə müstəqilliyin gəlişdirməyə başlatdığı və gəlişdirdiyi ədəbiyyatın işıdır; sadəcə T.Mustafayi "Ədəbiyyat söhbəti"ndə həmin proseslərə güzgü tutmağa iddialıdır".

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 31 yanvar.- S.9.