Anar: “Bu, Yazıçılar Birliyində çalışan namuslu insanların zəhmətlərini yerə vurmaqdır”

 

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN SƏDRİ, XALQ YAZIÇISI ANARIN BİRLİYİN MƏTBUAT XİDMƏTİNƏ AÇIQLAMASI

 

Son günlər sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəhbərliyi ilə bağlı məsələ müzakirə olunur. AYB-nin Mətbuat Xidməti Birliyin sədri, Xalq yazıçısı Anara müraciət edərək məsələyə onun münasibətini öyrənib. AYB sədrinin fikirlərini oxuculara təqdim edirik.

Adətən qurultayqabağı belə məsələlər müzakirə olunur. Lüzumsuz ajiotaj yaratmamaqçün mən bu barədə fikir söyləmək istəməzdim. Amma madam ki, bu məsələ gündəmə gəlib, mövqeyimi bildirməliyəm. Əvvəla, deyim, bu məsələ nədən başladı. Bu günlərdə Bakı-Moskva forumunun açılışında foyedə iki gənc jurnalist mənə yanaşıb qırsaqqız oldular ki, qurultay nə zaman keçiriləcək? Dedim ki, vaxtı hələ qəti müəyyənləşməyib. Yenə əl çəkmədilər. Axır mən salona girərkən qapıda “Sədrliyə namizədliyinizi verəcəksizmi?” - deyə soruşanda, ağızucu “hə” - deyib, içəri keçdim. Demə, bunlara da elə bu lazım imiş. Sensasion şəkildə saytlarda elə təqdim etdilər ki, guya mən bu barədə xüsusi bəyanat vermişəm. Dərhal da başqa «xeyirxahlarım» bəzi jurnalistlərə xas olan «nəcabətlə» mənim haqqımda yaxşı söz deməyəcəyinə əmin olduqları adamlara müraciət etdilər ki, mənfi rəy alsınlar. Sabahı gün səhər tezdən məni yuxudan telefon zəngi oyatdı, hansı saytdansa zəng edirdilər. “Filan qədər adam əleyhinizədir, niyə namizədliyinizi irəli sürürsünüz?” - dedi. “Filan qədər adam əleyhimədirsə, ondan yüz dəfə çox adam lehimədir, - dedim. - Niyə o beş-on nəfərin sözüylə durub oturmalıyam?”

Amma bununla onların təxribatçılıq həvəsi soyumadı: “Əkrəm Əylisli deyib ki, sizin namizədliyinizi irəli sürməniz mənəvi yoxsulluğunuzdandır” - dedi. Dedim ki, hamının yaxşı tanıdığı və vaxtaşırı hamını və hər şeyi satan adamın mənəviyyatdan danışmağı gülməlidir.

 Bəli, bundan sonra yenə Əkrəmə müraciət etdilər və o da açdı gül ağzını. Düşünürəm, yəni doğrudanmı jurnalist peşəsi ara vurmaqdan, bunun sözünü ona, onun sözünü buna çatdırmaqdan, yaşlı adamların əsəbləriylə, səhhətləriylə oynayıb ləzzət almaqdan ibarətdir? Yəni belələrinin çörəyi qan qaraltmaqdan, təxribat yaratmaqdan çıxır? Hər nə olur olsun, mənim dediklərim də, Əkrəmin dedikləri də məlumdur. Əkrəm kirvəmizin son dövr yaradıcılığı ancaq yeri gəldi-gəlmədi məni sancmaqdan ibarətdir. Bir dəfə də olsun mən ona birinci olaraq sataşmamışam, yalnız onun böhtan və yalanlarını təkzib etmişəm. Əkrəmdən fərqli olaraq, mənim ədəbi vicdanım var və mən Yazıçılar Birliyinə rəhbər seçiləndən sonra mənə qarşı bütün kin-küdurətinə rəğmən vaxtilə onun əsərləri haqqında Bakı və Moskva mətbuatında çap etdirdiyim dörd tərifli məqaləni indi də kitablarıma daxil edirəm və edəcəm. Növbəti ucuz atmacalarına cavab vermək fikrim yox idi. Amma madam ki, söhbət açılıb, bəzi şeyləri dəqiqləşdirməliyəm. Əkrəm elə bilir ki, onun ermənipərəst «daş yuxuları» unudulub və fikirləri yayındırmaqçün Anara söz atmaqla gündəmdə qalmaq istəyir. Yazıçıların yeganə nəşriyyatını dağıdıb, satıb aradan çıxmağı heç kəsə bağışlamazdılar, ona bağışladılar. Bütün xəyanətlərini sadalamaq uzun olardı. Yalnız ən son zamanda etdiyi dönüklüyünü yada salmaq yetər. Vaxtıyla onu himayə edən, hətta deputat keçirən adamlar vəzifədən gedən kimi Əkrəm əlüstü onlar haqqında ən təhqiramiz idbar sözlər dedi («idbar» sözünü onlara aid işlətdiyi üçün mən də bu sözdən istifadə edirəm). Vəzifə başında olarkən o adamlara güldən ağır söz deməyə cəsarət etməyən, onlardan hər cəhətdən bolluca faydalan adam bir anda sifətini yüz səksən faiz dəyişirsə, yəqin Əkrəmin anlamında «zəngin mənəviyyat» elə budur.

Dəfələrlə bəyan edib və indi də bəyan edir ki, «Azərbaycan Yazıçılar Birliyi mənə o qədər yadlaşıb ki, nəinki işlərinə qarışmaq, heç danışmaq belə ürəyimə gəlmir».

«Danışmaq ürəyinə gəlmir», amma elə hey bu barədə danışır. Özün öz xoşunla Yazıçılar Birliyindən çıxmısan, uzaqlaşmısan, bəs onda niyə fikrin-zikrin burda kimin sədr olmasıdır? Bu təşkilat sənə yaddırsa, nə borcuna kim sədr olacaq?! Aydındır ki, burda məqsəd ayrıdır, kim olur-olsun Anar olmasın, bəlkə onda ürəyi soyudu. Qarşısına qoyduğu məqsəd gözlərini yumub, qulaqlarını tıxayıb Yazıçılar Birliyinin illər boyu gördüyü vacib, faydalı, xeyirli işləri, gənclərə qayğını və hər cür şərait yaratmasını danmaq, Azərbaycanın da, xarici ölkələrin də nüfuzlu yazıçıları tərəfindən, ölkə rəhbərliyi tərəfindən işimizə verilən yüksək qiyməti saya salmamaq burda çalışan namuslu insanların zəhmətini yerə vurmaqdır. Qaraçı arvadlar kimi mənə qarğış edir: «Anarı elə yandırıb yaxacam ki, külü Fəxri Xiyabana gedib çatmasın» - deyir. Deyəsən, indidən özünə Fəxri Xiyabanda yer rezerv edir. Guya ki, onun yaşaması məni yandırıb yaxır. Belə yerdə deyiblər: «Adımı sənə qoyum, səni doğrudan da yana-yana qoyum». O ki qaldı köhnə dostumun məni yandırıb-yaxmasına, şair demiş, «sən yanmasan, mən yanmasam, biz yanmasaq, nasıl çıxar qaranlıqlar aydınlığa

 Mən internetə girmirəm, saytları izləmirəm. Odur ki, məni sancmaqdan zövq alanlar nahaq yerə zəhmət çəkirlər, zəhmətləri hədərdir, onların yazdıqlarını oxumuram. Doğrudur, bəzi hallarda haqqımda yazılan hədyanları mənə çatdırırlar. Əkrəmin son yaradıcılıq uğuruyla, haqqımda dediyi düşük sözlərlə birlikdə cavan müəlliflərdən Tural Turanın dedikləriylə də tanış oldum. Gənc oğlanın incə qəlbini qırmaq istəmirəm. Güman edirəm ki, yaşlanar, müdrikləşər və dediklərinin peşmançılığını çəkər. Amma bir neçə fikrinə münasibətimi bildirmək istərdim. Deyir ki, Anar gəncləri tanımır. İstedadlı gəncləri tanıyıram da, dəstəkləyirəm də. Bu o demək deyil ki, tanımadıqlarımın hamısı istedadsızdırlar. İntəhası Yazıçılar Birliyinin 1800 üzvünün - cavanıyla, qocasıyla - hamısını şəxsən tanımaq təbii ki, mümkün deyil. Deyirlər, “necə tanımırsan ki, üzvlük biletlərinə qol çəkmisən”. Müəlliflər - qocası da, cavanı da yaddaşımda biletlərinə görə deyil, yazılarına görə qalırlar, ya qalmırlar. Tural Turanı ən azı ona görə tanıyıram ki, adı mənim «Dədə Qorqud» povestimdəndir və oğlumun adındandır. Tural Turan əvvəl deyir ki, Yazıçılar Birliyi ədəbi prosesə nəzarəti itirib, sonra da iddia edir ki, Anar diktatordur. Bu necə diktatordur ki, ədəbi prosesə nəzarət edə bilmir. Sonra deyir: «AYB-nin hazırkı İdarə Heyətinin orta statistik yaşı 70-dir. Bu o deməkdir ki, Anar özündən sonrakıları sadəcə olaraq «məhv» edib. Sözünü, fikrini əlindən alıb, manqurtlaşdırıb. Deməli, kimsə İdarə Heyətinə düşmürsə, «məhv» olur, fikri, sözü əlindən alınır, manqurtlaşır. İdarə Heyətinə üzv olmayan 1800 yazıçının hamısı manqurtlardır? Tural Turan özü, bizim təqdimatımızla Prezident təqaüdçüsü, Yazıçılar Birliyinin Gənclər Şurasnıın üzvüdür. Belə çıxır ki, bu Şuranın üzvü olmayan gənclərin hamısı «məhv» olub, fikri, sözü alınıb, manqurtlaşıblar. Görəsən, bu əməliyyat nə üsulla aparılır, adamın fikrini, sözünü əlindən nə sayaq alırlar?! Gənc müəllif yaşına uyğun mərifətlə məni Müqabeylə müqayisə edir. Mən doğrudan da Müqabe olsaydım, Tural Turan və onun kimilər çınqırını da çıxara bilməzdilər. Məhz Yazıçılar Birliyində hökm sürən demokratik, toleranslı, dözümlü ab-hava Birliyin rəhbərliyinə asilərin ədəbi orqanlarımızda gen-bol çap olunmasını təmin edir. Cavan oğlan deyir ki, Anar seçkilərə alternativsiz gedir. Ay əzizim, nuri-didəm, seçkilər olub ki, Anar da ora alternativsiz getsin? İnşallah, qurultay olar, Anar kimi Tural Turan da sədrliyə namizədliyini irəli sürər. O seçilsə, onu birinci təbrik edən mən olacam.

Dostlarım, həmkarlarım, balalarım, mən vəzifə hərisi deyiləm və heç vaxt da olmamışam, 33 ildir bu vəzifənin bütün əzab-əziyyətinə dözürəmsə, sizinçün dözürəm, təşkilatımızın parçalanmasına, dağılmasına imkan verməmək üçün dözürəm. Kimsədən quru bir təşəkkür də ummadan yüzlərlə yazıçının ən müxtəlif həyat, sağlamlıq, məişət, mənzil, maddi yardım problemlərini həll etməyə çalışıram. Elə gün olmur ki, bir neçə adam ən müxtəlif xahişlərlə, dərd-sərləriylə qəbuluma gəlməsin. Qapım hamının üzünə açıqdır. Bu otuz üç ildə nə etmişəmsə, özümçün yox, yazıçılarçün etmişəm - qocasıyla, cavanıyla. Əlbəttə, hamının bütün istəklərini - fəxri ad, mükafat, təqaüd, kitab, mənzil istəklərini dərhal həyata keçirmək mümkün deyil.

 Bir də niyə düşünmürsünüz ki, sədr yeri birdir, sədr olmaq istəyən ən azı iyirmi nəfər?! Bir nəfər - kim olur-olsun - cavan, ya yaşlı seçiləcək, on doqquzu umsuq qalacaq. Katib yeri dörddür, katib olmaq istəyən azı qırx nəfər. Dörd nəfər seçiləcək, 36 nəfər narazı qalacaq. Allaha şükür etsinlər ki, hələlik biz burdakı vəziyyəti tənzim edirik, intriqaların qabağını alırıq, bir-birinin ayağının altını qazmağa imkan vermirik. Mən bir dəfə demişdim ki, bu qurultayda seçilsəm, bu, mənim son müddətim olacaq. Əvvəla beş illik müddətin sonuna qədər qalıb-qalmayacağım, ya Əkrəm tərəfindən yandırılıb kül olmayacağım məlum deyil. İkincisi, başladığım və inadla həyata keçirə bildiyim bəzi məsələləri, xüsusilə Şüvəlanadakı Yaradıcılıq evinin, yazıçılarçün tikilən yaşayış binasının və Şabrandakı istirahət kompleksinin tamamlanmalarına nəzarət etmək istəyirəm.

Bir də vacib deyil ki, gələn qurultaya qədər qalım. Arada Plenumda da gedə bilərəm. O siz, o da belə can atdığınız Sədr vəzifəsi...

 Allah xeyir versin!

 

525-ci qəzet.- 2020.- 31 yanvar.- S.8.