Türk dünyasının "Abay ili" Bakıda başladı

 

Dünən Bakı Dövlət Universitetində (BDU) türk dünyasının önəmli şəxsiyyətlərindən biri, müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin türk dünyasında "Abay ili"nin açılış mərasimi keçirilib.

Tədbir Beynəlxalq Türk Akademiyasının, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin, L.Qumilyov adına Avrasiya Milli Universitetinin, Qazaxıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi nümayəndələri, Azərbaycan, Qırğızıstan Türkiyə Təhsil nazirlərinin müavinləri təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, üzv ölkələrin Bakıdakı səfirləri, müxtəlif ölkələrdən nüfuzlu alimlər ictimai xadimlər iştirak ediblər.

Mərasimdən əvvəl qonaqlar BDU-nun nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi mədəniyyəti mərkəzini ziyarət edib, kitab sərgisi ilə tanış olublar. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali tərəfindən 60-dək kitab, o cümlədən, Abaya həsr edilən akademiya tərəfindən nəşr olunan azərbaycanlı tədqiqatçı Turan Teymurovun "Muxtar Auezovun "Abay" romanında sənətkarlıq məsələləri", qazax alimi Mekemtas Mırzaxmetulının "Muxtar Auezov - abayşünas alim", "Abayı oxu, öyrən... " "Müdrik Abay mirasını öyrənmənin 125 illik tarixnaməsi" kitabları mərkəzə təqdim olunub.

Qeyd edilib ki, tədbirin əsas məqsədi türk dünyasının böyük şəxsiyyətlərinin bəşər sivilizasiyası üçün tarixi, ədəbi, mədəni şəxsi əhəmiyyətini önə çıxarmaq, onların dəyərli irsinin daha dərindən araşdırılmasına töhfə verməkdir.

BDU-nun rektoru Elçin Babayev mərasimi açaraq mötəbər tədbir münasibətilə iştirakçıları təbrik edib. Rektor 100 illik yubileyi qeyd olunan Bakı Dövlət Universitetinin tarixi, bu günü, o cümlədən, beynəlxalq əlaqələri Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlığından söz açıb. O, Azərbaycan Qazax xalqları arasında tarixən mövcud olan dostluq qardaşlığın möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. İki xalqın qardaşlığından söz açan rektor onların ortaq mədəniyyətə, tarixi köklərə malik olduqlarını qeyd edib: "Müasir qazax ədəbiyyatının banisi, görkəmli şair, nasir, tərcüməçi, bəstəkar Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə 2020-ci il Türk dünyasında "Abay ili" elan olunub. Bununla bağlı tədbirlər planında Abayın seçilmiş əsərlərinin qazax, rus, ingilis Çin dillərində nəşri, eləcə görkəmli şairin həyatı yaradıcılığına həsr olunmuş kitabların çap edilməsi mühüm əhəmiyyət kəsb edir.

Abay Kunanbayev gözəl şair, nasir olmaqla bərabər, həmçinin, tərcümələri bəstələdiyi musiqiləri ilə seçilib. O, bəzi şeirlərinə özü musiqi bəstələyib. Bu mənada həm sözləri, həm musiqisi özünə aid olan hazırda xalq mahnısına çevrilmiş "Gözlərinin qarası" mahnısı ona çox böyük şöhrət gətirib".

Rektor türkdilli xalqların ortaq mədəniyyətlərinin, ədəbiyyatlarının, eləcə tarixi şəxsiyyətlərinin tanınmasına xidmət edən bu səpkili tədbirlərin milli dəyərlərin inteqrasiyasını təmin etdiyini bildirib. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan Abayın dünyagörüşünün formalaşmasında humanist ideyaları təbliğ tərənnüm edən Şərq alim şairləri - Füzuli, Nizami, Firdovsi, Əlişir Nəvai kimi görkəmli şəxsiyyətlərlə yanaşı, Höte, Krılov, Bayron kimi Qərb mütəfəkkirlərin rolu olduğunu qeyd edib. E.Babayev nitqində deyib ki, BDU-da "Abay" kitabının təqdimat mərasimi, Qazax xanlığının yaranmasının 550 illiyi Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib. Eyni zamanda bildirib ki, Universitetin bir neçə fakültəsində qazaxıstanlı tələbələr təcrübə keçiblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva türkdilli ölkələrin elm təhsil sahəsində əməkdaşlığının əhəmiyyətindən danışıb. O bildirib ki, türk dünyası üçün mühüm xidmətləri olan şəxsiyyətlərin yubileylərinin keçirilməsi ortaq mədəniyyətlərin təbliği yolunda mühüm addımdır. Belə tədbirlər ölkələrimiz arasında təhsil sahəsində əlaqələri möhkəmləndirir.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali qazax xalqının mənəvi lideri sayılan Abay Kunanbayevin 175 illik yubileyinin keçirilməsini əlamətdar hadisə adlandırıb, "Abay ili"nin türk xalqları arasında mədəni əlaqələrin inkişafına yeni töhfələr verəcəyinə əmin olduğunu bildirib: "Abay ili"nin Azərbaycanda açılmasının simvolik mənası böyükdür. Bura Nizaminin, Füzulinin, Nəsiminin yurdudur. Abay da hər zaman bu böyük dahiləri özünə örnək aldığını qeyd edib, onlardan "pirim" deyə bəhs edib. Türk dünyasından mötəbər şəxslərin bu tədbirə qatılması dostluğumuzun, qardaşlığımızın gücləndirilməsində ən önəmli amildir. 1995-ci ildə Abayın Almatıda keçirilən yubiley tədbirində böyük siyasi xadim Heydər Əliyev çıxışında Abay haqqında yüksək fikirlər söyləmiş, onu bütün Türk dünyasının dahi şairi adlandırmışdı. Eyni zamanda qeyd etmişdi ki, Azərbaycan da Abayın yubileyinə önəm verir, bu mənada öz töhfələrindən qalmır. Həqiqətən Azərbaycanın Abaya eləcə Türk ədəbiyyatının önəmli şəxsiyyətlərinə verdiyi dəyər təqdirəlayqidir".

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək görkəmli qazax klassiki Abay Kunanbayevin 175 illik yubileyinin ölkəmizdə keçirilməsinin Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinin mühüm göstəricisi olduğunu önə çəkib. Vurğulayıb ki, qazax milli istiqlal ədəbiyyatının yaradıcısı olan Abayın irsinin yenidən tədqiqi Azərbaycan-Qazaxıstan elmi-mədəni inteqrasiyasının dərinləşməsinə töhfələr verəcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı başqaları çıxış edərək Abay Kunanbayev onun türk ədəbiyyatına verdiyi töhfələrdən söz açıblar.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, tanınmış qırğız türkoloq, professor Kadırali Konkobayev,  Türkiyənin Avrasiya Yazarlar Birliyinin başqanı Yakup Öməroğlu, Qazaxıstan Respublikası Avrasiya Milli Universitetinin professoru, türkoloq Amantay Şaripin Abay Kunanbayevin həyat yaradıcılığına həsr olunmuş məruzələri dinlənilib.

Xalq yazıçısı Anar məruzəsində qeyd edib ki, Abayın yubileyinin BDU kimi təhsil ocağında keçirilməsi təbiidir. Çünki o, böyük maarifçi idi: "Hər bir xalqın özünəməxsus şəxsiyyəti olur ki, onlardan danışanda ilk həmin ad yada düşür. Qazax xalqı deyəndə ilk xatırlanan Abay Kunanbayevdir. Onun atası feodal imiş. Oğluyla düşüncələri bir-birinə zidd olub. O, böyük çətinliklə oxuyub, özünü inkişaf etdirib. Mən onun şeirləri ilə tanış olan Azərbaycan ədəbiyyatı ilə səsləşən məqamlar görürəm. Bu da bu xalqların dilinin, taleyinin, kökünün bir olması ilə əlaqədardır".

 

Xalq yazıçısının çıxışından sonra Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Anara "Abay" plaketini təqdim edib.

Yakup Öməroğlunun çıxışı da diqqət çəkib. Abayın atasının özünün xeyriyyəçiliyindən söz açan natiq deyib ki, onlar onlarla tələbəyə təqaüdlər verib, məscidlər, məktəblər tikdiriblər. Hətta Abay atası Kunanbay rəhmətə gedəndə onun üçün dəbdəbəli ehsan verməyib. Bundan təəccüblənənlərə isə deyib: "Mən o ehsanın pulunun üstünə bir az da qoyub tələbələrə təqaüd verəcəyəm". Y.Öməroğlu dünyasını dəyişənlər üçün böyük ehsanlar verilməsinin bu gün Qazaxıstanda, Türkiyədə, Azərbaycanda başqa ölkələrdə dəb olduğuna diqqət çəkərək deyib: "Ümid edirəm ki, biz Abayın bu xeyirxahlığını örnək alacağıq böyük ehsan adəti yığışdırılacaq. Onun yerinə xeyriyyə işi görmək, ehtiyaclı tələbələrə təqaüdlər vermək ənənəyə çevriləcək".

Mərasim bədii hissə ilə davam edib. Qazaxıstanın Əməkdar artisti, professor Kenjeqali Mırjıkbayı onu müşayiət edən musiqiçi, beynəlxalq mükafatlar laureatı Elena Sahnonun çıxışları maraqla qarşılanıb.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 31 yanvar.- S.7.