Monteneqrolu yazıçının əsəri
Azərbaycan dilində
Monteneqro
yazıçısı Mixaylo Laliçin "Toy" əsəri
Azərbaycan dilinə tərcümə olunaraq
"Azərnəşr"də çap
edilib. Kitab Monteneqro Elmlər və İncəsənət
Akademiyasının (MEİA) prezidenti, akademik Draqon Vukçeviçin tövsiyəsi, Azərbaycan
Respublikasının Serbiya, Monteneqro, Bosniya və
Herseqovinadakı səfiri, professor Eldar Həsənovun təşəbbüsü
və dəstəyi ilə işıq üzü
görüb.
AZƏRTAC
xəbər verir ki, kitabın redaktoru və "Ön
söz" müəllifi, Əməkdar jurnalist Əlövsət
Ağalarovdur.
MEİA-da
D.Vukçeviçlə səfirliyin müşaviri Mahir Cəfərov
arasında keçirilmiş görüşdə kitabın
bir nüsxəsi akademiyanın prezidentinə təqdim olunub. Monteneqrolu alim, Azərbaycan
oxucularının Mixaylo Laliç
yaradıcılığı ilə tanış
olacağından məmnunluğunu dilə gətirib. Azərbaycanın görkəmli dramaturqu
Hüseyn Cavid
yaradıcılığının ən parlaq
nümunələrindən olan "İblis" əsərinin ilk
dəfə Monteneqro dilinə çevrilərək
nəşr edilməsini və bu
münasibətlə 2019-cu ilin oktyabr ayında Podqoritsa
şəhərindəki Monteneqro
Universitetində kitabın geniş
müzakirə və təqdimatını
xatırladan alim, qarşılıqlı
şəkildə iki ölkənin
görkəmli yazıçılarının əsərlərinin
tərcümə edilərək nəşr olunmasının mühüm əhəmiyyət
daşıdığını və bunun
mədəni əlaqələrin güclənməsinə xüsusi töhfə verdiyini
söyləyib.
Keçən ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti əsasında Bakıya səfərini xatırladan akademiyanın prezidenti iki ölkənin elm ocaqları arasında anlaşma memorandumu imzalandığını söyləyərək bildirib ki, bu sənəd təkcə iki ölkənin elmi qurumları arasında deyil, həmçinin daha geniş sahəni əhatə edən münasibətlərin təşkili və möhkəmlənməsinə töhfə verəcək. O, Azərbaycan alimlərinin məqalələrinin MEİA-da nəşri, eləcə də Monteneqroda müasir Azərbaycanın elm və incəsənətinin inkişafına dair dərslərin təşkili ilə bağlı təklif irəli sürdüyünü bildirərək, görüşlərdə, elmin müxtəlif sahələri üzrə müzakirələr aparıldığını, əməkdaşlığa dair ortaq qərarlar qəbul edildiyini vurğulayıb.
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.13.