"Azərbaycan"ın ötən ildəki son sayında...

 

"Azərbaycan" jurnalının ötən ilin sonuncu - 12-ci sayı işıq üzü görüb. Jurnalın "Poeziya" rubrikasında Əlizadə Nuri, Rəfail Tağızadə, Kəmalə Abiyeva Yusif Həsənbəyin şeirləri oxuculara fərqli ovqat vəd edir.

Nəsrdə isə "Aydın Talıbzadə" imzası bu dəfə son dərəcə maraqlı "Ramana" romanının birinci kitabı ilə bir təkrarsız zövq yaşadacaq. Vüsal Nurunun "Qaraqaşlı" romanının davamını gözləyənlərin intizarına son qoyulsa da, Qarabağa yol davam edir.

Dekabr nömrəsində unudulmaz şairlər Sərdar Əsəd, Məmməd Aslan yad olunur. Ədəbiyyatşünas alim Vaqif Yusifli "Dünya, səndən kimlər keçdi..." təəssüfü ilə onları yad edib.

Şair Vaqif Bəhmənli "Düşüncələr"də müasirinə üz tutub deyir ki: "Yaddaş aynasını hər gün sil, keçmiş bir az da aydın görünəcək".

Günel Natiq Nobel mükafatlı yazıçı Toni Morrisonu oxuculara təqdim edir.

"Ömrün dolaylarında"kı tanış sima" - Aleksandr Qriç Bakı nostaljisini andırır.

Ədəbiyyatşünas alim Nizami Tağısoy Tofiq Bayramdan dinlədiyi ustad tövsiyəsini tərcüməçilərlə bölüşür. Xanəhməd Novruzovun ziyalı nigaranlığı ana dilinə biganəliklə bağlıdır.

Ənənəvi "Tənqid ədəbiyyatşünaslıq" rubrikasında Baba Babayev Nəsimi yaradıcılığını araşdırır: "...Arada xar olmasın".

Hüseyn Hüseynli böyük Hüseyn Cavidin kodlarını açmağa çalışır: "İnsan gah bir şeytan, gah bir mələkdir". Allah hamımızı şeytan xislətlilərdən qorusun!

Aynur Həsənova "Repressiya ədəbiyyat" mövzusundan yazıb.

Yola saldığımız ilin "Biblioqrafik yaddaş"ı işinizi asanlaşdıracaq. 2019-cu ildə jurnalda dərc olunmuş materiallarla bağlı bütün məlumatlar bir arada yer alıb.

 

525-ci qəzet.- 2020.- 8 yanvar.- S.12.