B12 əskikliyi
və ya unutmaq...
İki gün əvvəl komputerimdə
bir yazı axtarırdım. Nə vaxt və hansı məqsədlə
yaratdığımı unutduğum
şifrəli qovluqlardan
biri açıldı.
İçərisində günü, ayı, ili,
hətta saatına qədər qeyd etdiyim və internet üzərindən göndərdiyim
məktublar çıxdı.
O an dəyərli Ramiz Rövşənin “Köhnə məktublar” şeirinin aşağıdakı
bəndini dilimdə dolaşdırmağa başladım.
Bu nə sevgi məktubudu,
İlahi,
İndiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, İlahi,
Yaddan çıxıb sifəti
də, üzü də!
Vaxt ayıraraq
bir neçəsini oxumağa başladım. Gözlərimə inana bilmirdim. Bu yazılanların müəllifi mən idim? Bu sətirləri
hansısa şəxsə
mən toxumuşdum?
Bəlkə də yazdığım
sözlərin çoxu
bundan əvvəl heç vaxt eyni cümlədə yan-yana gəlməmişdi.
Yaxşı, görəsən, belə dopdolu məktub yazan dönəmlərdə sevginin
hansı həddini yaşayırmışam? Necə olur ki, bu
cür misralar həsr edilən şəxsin adının
nə olduğunu sətrləri oxuduqca xatırlayıram?! Nə üzünü,
nə gözlərinin
rəngini yadıma sala bilirəm. Yazdığım bütün məktublarda
səsindən, qoxusundan,
həsrətindən, onun
üçün necə
darıxmağımdan danışdığım
adamın varlığını
təsadüfən barmağım
toxunaraq açılan
qovluqdan öyrənirəm.
Görəsən, onu hansısa
palazın altına, hansısa divarın küncünə süpürüb
yığmağıma səbəb
nə idi? Nə etmişdi ki, varlığını ölüm
kimi unutmuşam?!
Halbuki az
qalsın hər məktubun sonunda “səni həmişə sevəcəm, heç vaxt unutmayacam” demişəm. Aman Allahım, necə
də ürküdücüdür.
İnsan
nə qədər unutqan olarmış.
Sözlər necə də
etibarsız olurmuş.
Unutmaq dəhşətli qavramdır.
Bunun bir daha şahidi
oldum. Zaman içində nələr
baş vermir. Dünənə qədər ayağını
qucaqlayıb, “getmə”
deyib yalvardığımız,
yollarına sərildiyimiz
insanların bu gün adını belə xatırlamırıq.
Ondan ötrü divanə olmağımız, dəlicəsinə
sevməyimiz belə illuziya kimi görünür.
Yeni öyrənmişəm, B12 əskikliyi
insanlarda unutqanlıq yaradırmış. Amma bunu
yaxşı xatırlayıram.
Kimisə unutmağımın səbəbi heç vaxt vitamin əskikliyi ucbatından olmayıb.
Riyakarlıqları, artıq sevgi,
dəyər görəndə
havalanmaqlarına görə
olub.
Bütün kişilər eyni
deyil...
Rəfiqəm sevgilisi ilə mütəmadi problemlər
yaşayırdı. Addım atdıqca
qarşı tərəf
qaçırdı, ona
yaxın olmaq istədikcə geri çəkilirdi. Həmişə belə davam etmirdi. Yaxşı anlar da olurdu. Məsələn, bir saat xoşbəxtlikdən özünü
fəzada hiss edərkən,
geri qalan 23 saatı yerin dibinə girmiş kimi nəfəssiz, havasız hiss edirdi. Ortada heç nə olmurdu, amma sevgilisi qarışqadan fil düzəltməkdə usta
idi. Bir gün sözləri
çəp gəldi,
üç gün danışmadılar. İçindəki həsrət anbaan böyüdü. Axırda dayana
bilməyib mesaj yazdı. Yarım saat sonra cavab
gəldi: “Sənə
istədiyini verə bilməyəcəm. Yaxşısı budur ayrılaq”.
Ürəyinin səsi sanki sümüklərini bir-bir
qırırmış kimi
qulağında eşidildi. Belə cavab
gözləmirdi. Çünki onun istəyi azacıq diqqət və qayğı idi.
Baş verənlərə
baxmayaraq, rəfiqəm
münasibətin bitdiyini
qəbul etmək istəmirdi. Onu ya ölsə, ya
da yaddaşını itirsə,
unudacağını deyirdi. Özünü israrla
sevildiyinə inandırırdı. Dəli kimi
suallar verir, “sevməyən
insan onu edərdi, bunu edərdi” deyə-deyə keçmişi
eşələyib ortalığa tökməyə
başlayırdı. Özünü daşa, divara vura-vura hər xırdalığı düşünürdü.
İşlərin bu həddə necə
çatdığını fikirləşirdi. Ən gözəl
anlarını gözündə canlandırırdı. Hətta
bunları bir az da şişirdərək edirdi.
Ayrılığın altında başqa
səbəblər axtarırdı. Sonra onu yenidən qaytaracağına inanıb təkrar
hərəkətə keçərək görüşmək
istəmişdi. Nəticə əldə edə bilməyib virus kimi yayılan kəlimələrə
o da yoluxmuşdu:
“bütün kişilər eynidir” deyib, qəlbinin
qapısını hər kəsə bağlı elan etmişdi. Təbii ki, hirsi bir
müddət sonra keçdi
və o da unudaraq yaşamağa
başladı.
Əslində,
rəfiqəmin xətası mənimkindən çox da fərqlənmirdi.
Qovluqda tapdığım məktubları
yazarkən mən də onun kimi etmişdim, sevməyi bir kənara qoyaraq bağlanmaqla məşğul olmuşdum.
Ona görə indi həmin
dönəmə dair heç
bir şey
xatırlamırdım. Can Yücel
boş yerə “bağlanmayacaksın” deməmişdi!
Bu, ən təhlükəli hissdir. İnsanın gözünü
yumur, onu iynə ucu boyda olan
deşikdən baxmağa vadar
edir və həmin an
yalnız xoş məqamlar gözə görünür. Ayrılmalı olduğunu, münasibətin sağlam
olmadığını bilirsən. Fəqət, köklənib
qaldığın xırda para xoşbəxtliklər
buna mane olur. Bağlananda beynində
qurulan ssenarilərin ardı-arası kəsilmir.
Burada anormal heç nə yoxdur. Problem bu düşüncənin
insanı yanlış yönləndirməsindədir.
Qurtuluş:
Ayrılıq kəlməsini qəbul edəndə xaos bitir. Aradan bir müddət keçir, bağlanan tellər
qırılıb, ürək soyuyanda
gerçəkləri daha aydın görə
bilirsən. Duyğular canlı olanda həqiqəti görmək olmur. Gerçəyi bilirsən, hiss edirsən, amma rədd
edirsən. Özünü sevirsənsə,
çatmaq istədiyin hədəflərin
varsa, yaşadığın acı nə
qədər böyük olursa
olsun bu mərhələ
daha rahat keçir. Demirəm ki,
birlikdə içdiyiniz bəyaz şərab,
sahildəki balıq evi, ayın hansısa
günləri, ağ zambaqlar
onu sənə xatırlatmayacaq. Bu, qaçınılmazdır. Heç qaçmağa da gərək yoxdur. Çünki qaçanda daha çox hücuma məruz qalırsan. Ona
görə də məğrur dayanmaq
lazımdır.
Tövsiyə:
Öncəliklər listində birinci sıranı əsla
sevgilinə vermə. İlk sıra sənin həyatındır.
Ümid:
Nə yaşayırsansa yaşa, bütün acılar müvəqqətidir.
Son: Onsuz
da dəli kimi sevdiyimiz hər kəs bir gün ya Ramiz
Rövşənin məktubundakı küllərlə, ya da komputerimdəki unutduğum qovluq kimi “delete” düyməsi
ilə sonlanır!
Türkan Turan,
Yazar
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.12.