Qələmsiz yazılanlar

 

"Nəsimi ili” bitir, 2020 nə ili ola bilər, sizin məntiqlə?"

Jurnalist sual verdi, düşünürəm...

 

***

 

"525-ci qəzet"in keçirdiyi "Ülvi Bünyadzadə-50" şeir və esse müsabiqəsi yekunlaşdı. Bütün iştirakçılara təşəkkür edirəm. Mükafatsız qalan olmayacaq. Adlar bu günlərdə açıqlanacaq. Qaliblərdən biri - İsveçdə yaşayan həmvətənimiz Nərgiz Qazi Bakıda olduğundan fürsətdən yararlanıb redaksiyaya dəvət etdik, münsiflərin iştirakıyla onu mükafatlandırdıq.

Müsabiqənin münsiflər heyətinin üzvlərinə - hörmətli professor Cahangir Məmmədliyə, AMEA-nın müxbir üzvü Könül xanım Bünyadzadəyə və "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynliyə dərin minnətdarlığımı bildirir, bütün qalibləri təbrik edir, Ülvi Bunyadzadəyə Allahdan rəhmət diləyirəm.

 

***

 

Qar hər yerdə qəhətə çıxıb, deyəsən. Qlobal istiləşmədir.

 

***

 

İnsanları sevindirmək gözəl hissdir. Həm də özünü sevməkdir?!

 

***

 

Seçkinin favoriti Kamil Həmidov (Həmzəoğlu) oldu. :) Bütün xəbərləri operativ çatdırdı.

 

***

 

Əflatun Amaşova orijinal yeni il təbrikinə görə təşəkkürümü bildirirəm. Nə yazıb, nədən yazıb, necə təbrik edib - oxusanız biləcəksiniz!..

 

***

 

"ŞUŞA və ya QARABAĞ ili olsun!" deyənlər azacıq üstünlük təşkil etdilər. Kədərlidir...

Nə qədər ki, AZACIQ arzulayacağıq, DƏLİCƏSİNƏ və ÇOX istəməyəcəyik, nə ŞUŞAya əlimiz çatacaq, nə QARABAĞa... :(

 

***

 

Nəsimi ruhunda qəfəsləri sındırmaq, çərçivələri dağıtmaq var! Gördük də...

Könüllülük isə nizam-intizam, çərçivə, qayda-qanun tələb edir.

Yeni ildə nizamınızı qoruyun, çərçivələrdən muğayat olun, qaydalara əməl edin...

İki-iki gəzin, 20-20 addımlayın... :)

 

İki 20-niz mübarək!..

 

***

 

Saat 12-ni gözləyənlər var... :)

 

***

 

Biri var həqiqi sadəlövhlər, biri var özünü sadəlövhlüyə vuranlar, biri də var ətrafdakıları sadəlövh yerinə qoyanlar.

Sonra düşündüm ki, "sadəlövh" yerinə onun sinonimi və hətta antonimi olan xeyli söz  - saf, gic, avam və s.  qoymaq olar.

 

***

 

Qəpikdən hamı canın qurtarmaq istəyir.

 

***

 

Bayram adi günlərdə də olur...

 

***

 

Aleksandr Soljenitsına heykəl qoyublar...

 

***

 

Kiçik, sakit şəhərlərin meqapolislərə səssiz müqaviməti...

 

***

 

"İran müharibədə heç vaxt qalib gəlməyib. Danışıqlarda isə heç zaman uduzmayıb". Trampın bu tviti heç Bağdad əməliyatından geri qalmır. Gücünü göstərəndən sonra açıq deyir ki, sənin müharibəyə hünərin çatmaz, gəl danışaq. Tvitin ikinci hissəsiylə həm də şirnikləndirir, ümidləndirir. Görünür, Trampın tvitlərini də son hərbi əməliyyatı kimi istedadlı və peşəkar komanda hazırlayır.

Trampın "Süleymani çoxdan yox edilməliydi və İran xalqı bu hadisəyə liderləri kimi üzgün deyil" fikirlərinin arxasında da qətiyyət, cəsarət, həm də incə siyasət - İran xalqına məkrli (ya xoş?) mesaj dayanır. Qətiyyət isə rəğbət və heyranlıq yaradır.

 

Donald Tramp indi reytinqinin zirvəsindədir. Görək sonrası necə olur.

 

***

 

Əzələ nümayişi... Əsəblərin savaşı...

 

***

 

Xurma-badam sevgisi

Bizdə bəzilərinin aşırı İran sevgisinə baxmayın, İranın özündə mövcud rejimin əlindən cana doyanlar çoxdur.

Tramp elə-belə, havadan demir ki, Süleymaninin məhvinə İran xalqı liderləri qədər üzgün deyil. Ölkədəki ovqatı bilir ki, deyir. Heç rəy sorğusuna ehtiyac yoxdur. Azca diqqətli müşahidəçi İran xalqının ölkədə hökm sürən sərt qadağalardan boğaza yığıldığını hiss edə bilər. Bir az boşluq yaransa, xalq özü bu rejimə qarşı mübarizəyə səfərbər olar.

İndiki matəm görüntüsünə gəlincə, xalqı vay-şivən, ağlaşma, yas içində saxlamaq hakim ideologiyanın, molla rejiminin məqsədyönlü siyasəti, cana doymuş əhalinin qəzəbini başqa istiqamətə yönəltməyə hesablanmış və uzun illərdən bəri sınaqdan keçirilən vasitədir.

 

Bizimkilərin sevgisi isə gözüyumulu, bir az da cəhalətdən doğan sevgidir.

Mərhum Xalq şairi Vaqif Səmədoğlunun bir söhbəti yadıma düşür. Ötən əsrin 90-cı illərinin ortalarında İslam Partiyasının liderlərindən biri hökumətin qarasına gileylənirmiş: "Nə görüblər e bu Amerikada, bilmirəm. Xurma İranda, püstə-badam İranda, kişmiş İranda..."

O vaxt Vaqif Səmədoğlu dövlət başçımıza bu sözləri çatdıranda Prezident gülümsəmiş, bir müddət sonra həbsdə olan həmin "molla-siyasətçini" əfv etmişdi.

Bizimkilərin İran sevgisi elə xurma-badam səviyyəsində olub həmişə...

 

***

 

Nə yas tutub ağlamaq lazımdır, nə söymək, sevinmək. Qonşu, bizə dost olmayan ölkənin kədəridir. Bitərəf, neytral qalmaq ən yaxşısıdır...

 

***

 

Uzunmüddətli bayram günlərinin bir üstünlüyü var - mütaliə eləməyə imkan tapırsan. Bu təlatümlü və xəbərlə zəngin bayram günlərində vaxt eləyib iki kitab oxudum - Zülfü Livanelinin "Son Ada" və Salman Rüştinin "Peyğəmbərin tükü" kitablarını.

Livanelinin avtoqraflı bu kitabı bir ilə yaxındır, məndədir. Son illərdə yazdığı əsərlərini - "Serenad", "Qardaşımın hekayəsi", "Konstantiyə oteli" romanlarını , "Ədəbiyyat mutluluqdur", "Orta zəkalılar cənnəti" kitablarını oxuyub bəyənmişdim və fikirlərimi bildirmişdim.

"Son ada" adlarını çəkdiyim əsərlərdən daha əvvəl yazılıb. Ola bilsin, peşəkarlıq və yazı texnikası baxımından daha sadədir, amma mövzusu çox aktualdır. Avtoritar idarəetmənin gətirdiyi fəlakətlər, bir şəxsin iradəsinə söykənən "demokratiyanın" cənnət bir adanı necə cəhənnəmə çevirməsi barədə kədərli rekviyemdir. Düşündürür - istər-istəməz paralellər axtarır, müqayisələr aparırsan (Rastınıza çıxsa oxuyun).

Bu əsərdə müəllifin siyasi tərəfi daha qabarıq görünür. Bədiilik, yazıçı ustalığı və sehrbazlığı sonrakı romanlarında daha təkmil səviyyədədir.

Adı çəkilən kimi hər şeydən əvvəl məşhur əsəri yada düşən Salman Rüştinin kitabını isə Əkrəm Əylisli çevirib, "Qanun" nəşriyyatı çap edib. O, şövqlə, ürəkdən, peşəkarlıqla çevirdiyi əsər barədə qısa təəssüratlarını da yazıb: "Xaotik, fantasmaqorik süjet. Hipnotik-mifoloji ovqat... Anlaşılan anlaşılmazlıq. Düşünülmüş, məqsədli improvizə..."

Bu kiçik kitab elə tərcüməçinin də 2 səhifəlik xırda ön sözüylə əsl ədəbiyyat ovqatı yaradır. Tərcüməçi müəyyən ipucları versə də, müəllifin adı əvvəlcədən oxucunu yönləndirir.

Mənə belə gəldi ki, müəllifin demək istədiyi mətləb çox aydındır. Həmin mətləbi gizlətmək üçün süjeti qarışdırıb, çıxmaz (labirint ) yaradıb, xaos düzəltsə də, hətta ən hazırlıqsız oxucu belə, bu süni xaosun içində yazıçının məkrli məqsədini aydınca görə bilir. "Qanun"un "Modern mini klassika" seriyasından çap etdiyi bu əsər intriqa, qalmaqal yaratmağa da, əsl ədəbiyyat müzakirələrinə səbəb olmağa da qadirdir.

Bayramınız və vaxtınız olsun, oxuyasız!..

 

***

 

Uzaqda axtarmayın. Qismətdirsə, ayağınıza gələcək...

 

***

 

Bir neçə il qabaq mənə Astanadakı dostlar qalın dəri kürk bağışlamışdılar. Bakıda onu geyinməyə uyğun hava olmadı, heç getdiyim soyuq yerlərdə də.

Şimali Qafqazda köhnə sürücü tanışım, qaraçay Maratla görüşdük. Yenə yada saldı əsgərlik dostlarıyla Sovet vaxtı Ağdama getməyini, Şuşaya qalxmağını... Dostlarıyla gəzdiyi yerləri, dağlarımızı xatırladı. Sonra Dambay, Elbrus dağlarından, hündür zirvələrdəki kəndlərdə yaşayan qaraçay, balkar qohumlarından danışdı. Kürkü ona verdim, dağlarda yaşayan qaraçay qohumlarına bağışlayarsan - dedim. Və qəhərləndim.

 

Bir də ona:

- Dağlarınızı qoruyun! - dedim.

 

***

 

Ad bəzən təəssürat yaratmağa, şüuraltı informasiyanı oyatmağa bəs edir. Bəzən isə heç nə demir...

 

***

 

Yuxuda gördüm ki, YAP-ın hansısa rayon şöbəsinin yığıncağıdır. Media rəhbərləri, jurnalistlər də ordadır. Bir az da təəccüblənirlər ki, bizi nə yaxşı bura çağırıblar? Türkiyədən şair Aqşin də gəlib. Kəramət Böyükçöl də səliqəli geyimdə, kostyumda ordadır. Sonra məlum olur ki, Kəraməti şöbəyə sədr seçirlər, mətbuat işçilərini də ona görə dəvət ediblər.

Nə deyirsiz, necə yozaq bu yuxunu?! :)

 

Rəşad MƏCİD,

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi,

"525-ci qəzet"in baş redaktoru

 

 525-ci qəzet.- 2020.- 8 yanvar.- S.11.