Naxçıvanın qış turizminin
ideal məkanı – Ağbulaq
Qeyri-neft sektorunun inkişafına mühüm töhfə
olan “Şahdağ” Turizm Kompleksi Azərbaycan tarixində ilk
dağ-xizək kurortudur.
2012-ci ildən fəaliyyətə başlayan mərkəzə
üz tutan turistlərin sayı ilbəil artır. Hər bir
ölkənin iqtisadi tərəqqisi həm də həmin
ölkədə turizmin inkişaf göstəricisi ilə
ölçülə bilər. Bəs bu
göstərici nədir? Həmin ölkəyə turist
axınının ilbəil artması, otellərin və
istirahət mərkəzlərinin tikintisi və ən əsası
bu sektorun gəlir
gətirən sahələrdən birinə çevrilməsi.
Bu mənada gəlir gətirən sahələrdən
birinə çevrilən “Şahdağ” Turizm Mərkəzinin
fəaliyyət istiqamətlərinin və xidmət
çeşidlərinin artırılması dövlətin
diqqət mərkəzindədir. Dekabrın
27-də ölkə başçısının
“Şahdağ” Turizm Mərkəzində görülən
işlərlə maraqlanması və Mərkəzin
üçüncü mərhələsi üzrə layihə
işləri ilə bağlı
tapşırıqlarını verməsi dediklərimizin əyani
sübutudur. Ağbulaq Xizək Mərkəzinin
də yaradılması muxtar respublikanın turizm sektoruna
mühüm töhfə olacaq. Naxçıvan
Muxtar Respublikasında turizm sektorunun inkişaf tarixi çox da
keçmişə dayanmasa da, qısa zaman kəsiyində
uğurlara nail olunub.
Muxtar respublika geniş turizm imkanlarına malikdir. 5 min illik
şəhər mədəniyyəti olan Naxçıvan hər
şeydən öncə Nuhun vətəni kimi turistləri cəlb
edir. Bəşər sivilizasiyasının
beşiyi olan bu qədim yurd yeri özündə Möminə
xatın, Qarabağlar Türbə Kompleksi kimi dünya əhəmiyyətli
abidələri hifz edir. 14 il Əmir Teymur kimi fatehə
baş əyməyən Əlincə qala, Nəsiminin müəllimi
Fəzlullah Nəiminin uyuduğu Xanəgah Türbə
Kompleksi, XII əsrin yadigarları Yusif Küseyr oğlu və
Gülüstan türbələri, Naxçıvan
xanlığının yadigarı olan “Xan Sarayı” Dövlət
Tarix- Memarlıq Muzeyi turizm həvəskarları
üçün cəlbedicidir. Bu mənada
tarixi yerləri görmək, gəzmək, tarixlə
baş-başa qalmaq üçün Naxçıvan zəngin
bir yerdir. Digər tərəfdən
sağlamlığın təbii ünvanları olan Duzdağ
möcuzəsi, Darıdağ Arsenli su müalicəxanası,
insanların inanc yeri Əshabi-Kəhf ziyarətgahı, təbiət
gözəli Batabat və sadalamadığımız onlarla məkan
Naxçıvanın zamanla formalaşan tarixi-mədəni,
sağlamlıq, dini, ekoturizm imkanlarını sərgiləyir.
Xizək Mərkəzinin yaradılması isə
bir ilkdir. Əgər bu günə qədər
turistlər daha çox yaz və yay aylarında
Naxçıvana gəlirdilərsə, artıq Xizək Mərkəzi
istifadəyə verildikdən sonra qış fəslini burada
keçirmək onlar üçün maraqlı olacaq. Təbii
ki, bu yalnız xarici turistlərin deyil, yerli əhalinin də
diqqətində olacaq və beləcə Ağbulaqda kənd
turizmi ilə yanaşı, yeni turizm növünün də
inkişafına zəmin yaranacaq. Eyni zamanda yeni
dağ-xizək turizminin təklif olunması bu məqsədlə
başqa yerlərə gedən turistləri yerli xidmətlərdən
istifadəyə yönəltmiş olacaq.
Ağbulaq Şahbuz rayonunun ucqar dağ kəndidir. Dəniz səviyyəsindən
2000 metr yüksəklikdə Dərələyəz və
Zəngəzur dağ silsilələri arasında yerləşir.
Büllur kimi saf, təmiz bulağın
adından götürülən Ağbulaq gözəl təbiəti
ilə fərqlənir. Təsadüfi deyil
ki, ötən əsrin 70-ci illərində burada “Araz” pioner
düşərgəsi fəaliyyət göstərib. Dörd bir tərəfdən kəndi əhatələmiş
dağlarının qoynunu-kəklikotu, dazotu, həmərsün,
çobanyastığı, böyrəkotu kimi min bir dərdə şəfa
bitkilər bəzəyər. Buz bulaqlari, təmiz
havası ilə tanınan Ağbulaq kənd turizminin ən
yaxşı ünvanı kimi diqqətdə olub. 2013-cü ildə kənddə aparılan kompleks
quruculuq işləri, yollarının abadlaşması, eləcə
də turistləri qarşılaya biləcək xidmət
obyektinin-Ağbulaq İstirahət Mərkəzinin istifadəyə
verilməsi yeni mərhələnin başlanğıcı
oldu. 2 yaşayış korpusundan və 1 yeməkxana
binasından ibarət olan mərkəzdə ikimərtəbəli
və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. İstirahət mərkəzində kənd məhsullarının
satışı mağazası da fəaliyyət göstərir.
Artıq mərkəzdə hər il gənclərin
“Yay məktəbi”, eləcə də dövlət
qulluqçularının şənbə, bazar günləri
mənalı istirahəti təşkil olunur. Zamanla
yerli və xarici turistlərin diqqətini cəlb edən mərkəzin
fəaliyyət istiqamətlərinin genişləndirilməsi
zərurəti yarandı. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd
Turizm-İstirahət Bölgəsinin yaradılması
haqqında Sərəncam imzalayıb. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı
ilə təsdiq edilən “2018-2022-ci illərdə
Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına
dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd
və dağ-xizək turizminin inkişafı üçün
kompleks işlər görülür. Xizək mərkəzinin
yaradılmasına 2018-ci ilin iyul ayından
başlanılıb. Mərkəzdə
ümumi uzunluğu 1590, eni isə 30 metr olan dağ-xizək
enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə
və uşaq parkları turistlərin xidmətində olacaq.
Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq
quraşdırılacaqdır ki, bu da saatda 1000-dən artıq
insana xidmət etməyə imkan verəcəkdir.
Ərazinin relyefi və iqlim xüsusiyyətləri
dağ xizəkçiliyinin inkişafı üçün
geniş imkanlar açır. Burada Ağbulaq Xizək
Mərkəzi üçün inzibati bina inşa olunub, həmçinin
yeni xidmət sahələri yaradılıb. Mərkəzdə turistlərə ayaqüstü
(fastfood) və təndir yeməkləri təklif
olunacaqdır. Ərazidə hər biri iki nəfərlik
olmaqla 3 kottec də
tikilib.
Azərbaycan
Turizm və Menecment universitetinin Turizm və qonaqpərvərlik
fakültəsinin dekanı, turizm sahəsi üzrə ekspert
Bahadur Bilalov Ağbulaq Xizək Mərkəzinin
yaradılmasını Naxçıvan turizmi üçün
yeni perspektivlər vəd etdiyini bildirir: “Müxtəlif tədbirlərlə
əlaqədar dəfələrlə muxtar respublikada
olmuşam. Hər səfərimdə
Naxçıvanın müstəqillik illərində sürətlə
abadlaşdığının şahidinə
çevrilmişəm. Ölkə
Prezidenti İlham Əliyev cənablarının turizmə
verdiyi xüsusi önəm Naxçıvanda əməli
işlərlə həyata keçirilir. Muxtar respublika
öz füsunkar təbiəti və landşaftı ilə
ekoturistləri, möhtəşəm Möminə xatın
türbəsi və digər memarlıq nümunələri, həmçinin
əyilməzliyin simvolu olan Əlincə qalası ilə
tarixi-mədəni abidələrə maraq göstərənləri,
Duzdağ və Darıdağı ilə müalicə həvəskarlarını,
Əshabi-Kəhf mağarası və İmamzadələri ilə
inanclı insanları özünə cəlb edir. Ağbulaq xizəkçilik mərkəzinin
yaradılması isə Naxçıvan turizmi
üçün yeni perspektivlər vəd edir. Faktiki olaraq bununla muxtar respublikada turizmin ilboyu
olacağına əminəm. Qonşu
İran və Türkiyədən turistlər qış
mövsümündə Naxçıvana axın edəcək,
bu isə yerli büdcəyə xeyli valyutanın daxıl
olmasına səbəb olacaqdır”.
Azərbaycan
Sağlamlıq və Termal turizminə Dəstək
Assosiasiyasının Sədri, turizm üzrə beynəlxalq
ekspert Ruslan Quliyev: “Çox
sevindirici haldır. Artıq 3-cü dağ-xizək mərkəzinin
yaradılması
təbii ki, ölkəyə gələn turistlərin
sayına da çox müsbət təsirini göstərəcəkdir.
Əsas məsələlərdən biri də
mövsümilik məsələsinin aradan
qaldırılmasıdır. Bilirsiniz ki,
digər ölkələrlə müqayisədə bizdə
dağ-xizək turizmi son illər yaradılıb. Belə
bir təcrübə var ki, turistlər açılan yeni mərkəzlərə
səyahət etməyə daha çox üstünlük
verirlər və bir neçə il həmin
yer onların ənənəvi istirahət mərkəzinə
çevrilir. Ümumilikdə, Naxçıvan
turizm üçün olduqca əlverişlidir. Biz inanırıq ki, açıq səma
konsepsiyası da Naxçıvana gələn turistlərin
sayına öz təsirini göstərəcəkdir. Naxçıvan illərdir ki, sağlamlıq,
ekoturizim, dini, işgüzar baxımından ildən-ilə
daha çox turist qəbul edir. Naxçıvan
festivallar və beynəlxalq əhəmiyyətli tədbirlərin
keçirildiyi mərkəz kimi də turizm şirkətlərinin
diqqətindədir”.
Azərbaycan
Sağlamlıq və Termal Turizmə Dəstək
Assosiasiyasının icraçı direktoru Tərlan Quliyev
fikirlərini belə çatdırdı: “Naxçıvan
bildiyimiz kimi məşhur sağlamlıq mərkəzi kimi
tanınır. Duz mağaralarına dünya
ölkələrindən, xüsusən də MDB-dən
pasientlərin axını müşahidə olunur. Naxçıvan bölgə olaraq çox maraqlı
bir diyardır. İstər yay fəslində,
istərsə də qış fəslində Naxçıvan
turistlərə öz qucağını aça bilər.
Ağbulaq Xizək Mərkəzinə gəlincə, bilirsiniz
ki, Şahdağ və Tufandağda dağ-xizək mərkəzləri
vardır və kifayət qədər də turistlər
üçün populyar yerlərdir. Naxçıvanda
yeni yaradılmış xizək mərkəzi isə
Naxçıvana yeni imkan gətirmiş olur ki, bu da bölgəyə
sadəcə yaz-yay fəslində deyil, həmçinin
qış fəslində də turistlərin axını deməkdir”.
Bəli, Ağbulaq Xizək Mərkəzinin yaxın
zamanda istifadəyə verilməsi yalnız turistlərin deyil,
yerli əhalinin də maraqlarını təmin etmiş olacaq. Turizmin yeni istiqaməti-qış
turizmi burada da genişlənəcək. Dağ xizəkçiliyi
həvəskarları üçün: “Qış fəslində
istirahətimi necə təşkil edə bilərəm?”
sualına cavab -Ağbulaq Xizək Mərkəzi olacaq.
Ruhiyyə RƏSULOVA,
Naxçıvan Televiziyasının
baş redaktoru
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.10.