Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər

 

 “Bütün seqmentlərdə həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli şəkildə yaxşılaşdırıb, dünyanın ən islahatçı ölkələri arasında ön sıralarda yer alıb”.

Bunu Təhsil naziri  Ceyhun Bayramov deyib. Ölkədə həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna da öz müsbət təsirini göstərdiyini vurğulayan nazir bildirib ki, son illərdə təhsilin inkişafı sahəsində mühüm strategiya və proqramlar qəbul edilib, təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biri olub.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən ötən dövr ərzində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlib. Nəticədə uşaq və gənclərin təhsilalma imkanları genişləndirilib, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilib. Ötən müddət ərzində ümumi təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib.

Ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi tədbirlərinin bu il də uğurla davam etdirildiyini vurğulayan nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən  50-si modul tipli olmaqla, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb: "Prezident İlham Əliyevin  davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb. Bu da ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enməsi ilə nəticələnib".

Bu il ümumi təhsildə məzmun islahatlarının bir mərhələsi başa çatıb. Nəticədə yeni təhsil proqramlarına uyğun olaraq buraxılış siniflərində beynəlxalq təcrübəyə əsaslanan, təhsilalanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verən yeni imtahan modelinə keçilib. Ümumi təhsildə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatıb.

Nazir vurğulayıb ki, istedadlı uşaqlarla bağlı həyata keçirilən ardıcıl tədbirlər öz müsbət nəticəsini verib: "Belə ki, respublika və beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşıb. Cari ildə fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Bu da əvvəlki illərə nisbətən 5 dəfə çoxdur. 2019-cu ildə beynəlxalq olimpiadalarda məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib. Halbuki 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla, ümumilikdə 180 medal qazanılıb".

Son illərdə əldə edilən ən böyük nailiyyətlərdən biri müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı olub: "Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artaraq 54 min nəfəri keçib. Son iki tədris ilində mərkəzləşdirilmiş müsabiqə nəticəsində 20 minə yaxın müəllim işə qəbul edilib, vakant yerlərin 100 faiz tutulması təmin edilib, uzun illər ərzində ixtisaslı kadr çatışmazlığı olan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilib. Hökumətin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib".

Təhsil naziri ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə də toxunub. Hansı ki, bu prosesin sonunda ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb: "Bu tədbirlərin davamı kimi, Prezidentin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılmış və beləliklə orta aylıq əməkhaqqı 600 manata çatmışdır. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər  təşkil edib".

Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı dəfələrlə artıb: "Bu il 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri müəllimlik ixtisaslarını seçib ki, bu da istər müəllim peşəsinin rəqabətliliyi, istərsə də təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. İnanırıq ki, bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına, yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcək".

Bilik iqtisadiyyatı və innovasiya cəmiyyəti ilə xarakterizə olunan müasir dünyada davamlı və hərtərəfli inkişafın təmin edilməsində ali təhsilin rolu sürətlə artır. Bunun nəticəsidir ki, Azərbaycanda da ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində Prezident tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub. Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncamı xatırladan Təhsil naziri bildirib ki, sadəcə bu qərara əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb. Nəticədə təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb. Növbəti - 2020-2021-ci tədris ilində isə bu göstəricinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də artıb. İndi tələbələr orta hesabla 20 faiz daha çox pul alır. Bu tədbirlər 110 mindən çox tələbəni əhatə edib.

Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə AMEA-da yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi nəticəsində hər bir təhsilalana düşən təhsil xərcləri orta hesabla 30 faiz artırılıb. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişli yerlərin sayı da indi 66 faiz daha çoxdur. Son 5 il ərzində ali məktəblərə qəbul olunan tələbələrin sayında isə təxminən 21 faiz artım olub.

Hazırda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan həssas sosial qruplardan olan 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Həmin tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan 100-dən çox tələbəyə Prezident təqaüdünün verilməsi "hər bir gəncin təhsil ala bilməsi" konseptinin reallaşdırılmasına şərait yaradır.

Ali təhsilin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin müasir inkişaf səviyyəsinə adekvat olan yüksəkixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların hazırlanmasından ibarətdir. Bu baxımdan, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın əhəmiyyətini xüsusi vurğulayan nazir Ceyhun Bayramov Proqram çərçivəsində görülən tədbirlərə diqqət çəkib: "Proqram çərçivəsində iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Birinci istiqamət üzrə ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, ikinci istiqamət üzrə isə yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi və onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək".

Proqram çərçivəsində, ilkin mərhələdə, 5 beynəlxalq ikili diplom proqramının təsis olunması ilə bağlı hazırlıq işlərinin görüldüyünü deyən C.Bayramov xaricdə doktorantura təhsili üçün prioritet ixtisasların artıq müəyyən edildiyini, seçim məqsədilə müvafiq elanın verildiyini deyib.

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişir. Təhsil sistemi gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Bu istiqamətdə cari tədris ilində ilk dəfə olaraq 42 məktəbdə 6 mindən artıq şagird əhatə edilməklə STEAM layihəsinə başlanılıb. Belə ki, təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın ayrı-ayrılıqda deyil, inteqrativ tədrisinə başlanıb. Bu yanaşma şagirdlərdə "XXI əsr bacarıqları"nın formalaşdırılmasını, məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqini nəzərdə tutur. Bu, məzmun islahatları baxımından yenilikdir. İxtiraçılığın, innovasiyaların və yaradıcılığın şagirdlər arasında təşviq edilməsi layihənin əsas məqsədlərindəndir. Növbəti illərdə 20 mindən artıq şagirdin STEAM layihəsinə cəlb edilməsi, 10 bölgədə isə regional tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2020.- 8 yanvar.- S.7.