"ASAN"dan
başlayan yol - Azərbaycanda "Könüllülər
ili"
Məlum
olduğu kimi, Prezident İlham Əliyev dekabrın 30-da "Azərbaycan
Respublikasında 2020-ci ilin "Könüllülər
ili" elan edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama
əsasən, gənclərin fərdi inkişafına təkan
vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin
potensialından xalqın rifahı və ölkəmizin
dayanıqlı inkişafı üçün səmərəli
istifadə etmək məqsədilə 2020-ci il
Azərbaycanda "Könüllülər ili" elan edilib.
Nazirlər Kabinetinə bununla bağlı tədbirlər
planını bir ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək
tapşırılıb.
Sərəncamda qeyd olunur ki, könüllülük
insanları vahid niyyət ətrafında birləşdirən,
vətəndaş, cəmiyyət və dövlətin birgə
fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük
həm də vətənpərvərlik məktəbi, öz
xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə
bağlılıq və xidmət örnəyidir.
Bu fəaliyyətin təşviqi məqsədilə
dövlətimiz tərəfindən zəruri addımlar
atılıb, normativ hüquqi baza təkmilləşdirilib,
dövlət dəstəyi mexanizmləri
formalaşdırılıb. Könüllülük
bir çox fəaliyyət sahələrinə nüfuz edərək
ümummilli hərəkata çevrilib, ölkəmizin hər
bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə
yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini
əhatə edib, gənclərimizin həyat tərzinə
çevrilib. ASAN, "Regional
İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə
könüllüləri və digər könüllü hərəkatları
yaranıb, mərkəzi və yerli icra hakimiyyəti
orqanlarında on minlərlə gənci birləşdirən
könüllü qrupları formalaşıb.
Könüllülərimiz
öz kreativliyi, təşəbbüskarlığı,
innovativ düşüncə tərzi və müasir
dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə
yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı
Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1"
yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi
irimiqyaslı beynəlxalq tədbirlərin həyata
keçirilməsində əvəzsiz rol oynayıblar.
Bu il 5 dekabr - Beynəlxalq Könüllü
Günü ərəfəsində Azərbaycanda ilk dəfə
keçirilmiş və bütün könüllüləri əhatə
etmiş Könüllülük Həftəsi ölkəmizdə
könüllülüyün yeni mərhələyə qədəm
qoyduğunu və böyük potensiala malik olduğunu
nümayiş etdirib.
Qeyd etmək lazımdır ki, Azərbaycanda xüsusilə
son illər könüllülər hərəkatının
geniş vüsət aldığını müşahidə
etmək mümkündür. Ölkəmizdə
keçirilən mühüm beynəlxalq tədbirlərdə
könüllülər öz rollarını layiqincə yerinə
yetirirlər.
Azərbaycan
Prezidenti İlham Əliyev ötən il Gənclər
günü münasibətilə keçirilən tədbirdə
çıxışı zamanı könüllülərin
fəaliyyətinə müsbət qiymət verib. Dövlət
başçısı deyib ki, Azərbaycanda
könüllülər hərəkatı geniş vüsət
alıb: "Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq
çalışmış və indi müxtəlif təşkilatlarda
müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir".
Ölkə başçısı
bildirib ki, Könüllülər hərəkatının
xüsusi əhəmiyyəti var: "Bu, cəmiyyətdə
xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ
edir və təsadüfi deyil ki, bu sahədə gənclər
öz rolunu oynayır. Könüllülər hərəkatı
"ASAN xidmət"dən başladı və "ASAN xidmət"də
işləyənlərin mütləq əksəriyyəti gənclərdir.
Bu gün "ASAN xidmət" bizim milli
intellektual, innovasiya məhsulumuzdur. Artıq
bir neçə ölkə bizim köməyimizlə bu sistemi
tətbiq etməyə başlayıb. "ASAN
xidmət" yeni bir xidmət növüdür və təsadüfi
deyil ki, vətəndaşların bəyənmə əmsalı
100 faizə yaxınlaşır".
Millət vəkili Aydın Mirzəzadə bildirib ki,
könüllülük öz iradəsi və sərbəst
seçimi əsasında əvəzi ödənilməyən
fəaliyyətdir növüdür. Onun sözlərinə görə,
bu fəaliyyət cəmiyyətin müxtəlif sahələrində
ola bilər: "Mühüm dövlət tədbirlərinin
və idman yarışlarının keçirilməsində
könüllülük əsasında iştirakla
yanaşı, könüllülük əlillərə, əhalinin
aztəminatlı təbəqəsinə, qocalara,
qaçqın və məcburi köçkünlərə
kömək edilməsini, uşaqlar və gənclərlə
işlərin aparılmasını, ətraf mühitin
mühafizəsi və ekoloji tarazlığın saxlanması
və sairə sahələri də əhatə edə bilər.
Bu gün dünyada cəmiyyət maraqları
naminə təmənnasız əmək sərf edən
milyonlarla insan var".
O deyib ki,
könüllülük hərəkatında iştirak
insanlara, xüsusən də gənclərə insanlarla iş
təcrübəsi qazanmaq, özünü sınaqdan keçirmək, ilk iş təcrübəsinə
malik olmağa imkan verir: "Cənab Prezidentin Sərəncamında
vurğulandığı kimi, "könüllülük
insanları vahid niyyət ətrafında birləşdirən,
vətəndaş, cəmiyyət və dövlətin birgə
fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik
məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi
dəyərlərə bağlılıq və xidmət
örnəyidir".
O
vurğulayıb ki, müasir Azərbaycanda
könüllülük sahəsində ilk addımlar Ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra başlayıb: "Belə ki,
1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT
İnkişaf Proqramı və BMT Könüllüləri
Proqramının birgə layihəsi fəaliyyətə
başladı. Həmin proqram əsas
götürülərək 1998-2000-ci illərdən
başlayaraq ölkədə könüllülük prinsiplərinin
geniş təbliğinə başlanıldı.
2009-cu ildə
Milli Məclisin "Könüllü fəaliyyət
haqqında" Qanun qəbulu Azərbaycanda
könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsinə
güclü təkan verdi. Ancaq 2013-cü il qədər könüllülük ölkədə
kiçik komandalarla fəaliyyət göstərirdi. Ancaq həmin
il Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət)
yanında aktiv və konstant könüllü təşkilat
olan ASAN Könüllüləri Təşkilatı (AKT)
yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin
iş təcrübəsi toplamasına, öz peşəsinin
incəliklərini öyrənməsinə, ən əsası
isə özünü tanımağa geniş imkan verdi.
Son illərdə
ölkəmizin ev sahibliyi etdiyi Avroviziya Mahnı Müsabiqəsi,
I Avropa Oyunları, "Formula 1" yarışları, IV
İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq
tədbirlərin həyata keçirilməsində və digər
mötəbər və irimiqyaslı tədbirlərə on
minlərlə könüllü əvəzsiz rol oynayıb.
Azərbaycanda dövlətin ciddi dəstəyi və cəmiyyətin
sosial sifarişi nəticəsində ASAN, "Regional
İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə
könüllülüləri, Aqrar İnkişaf
könüllüləri və digər könüllü hərəkatları
yaranıb, onlar gəncliyin inam mərkəzlərinə
çevirlə biliblər.
Bu il 5 dekabr Beynəlxalq Könüllü
Günü ərəfəsində Azərbaycanda ilk dəfə
Könüllülük Həftəsi keçirilmiş və
ölkəmizdə könüllülük hərəkatının
gücü və perspektivləri nümayiş etdirilib. Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycanda
"Könüllülər ili" elan edilməsi barədə
Sərəncamı gənclərin müstəqil dövlətimiz
üçün sosial məsuliyyət hissinin güclənməsinə,
gəncliyin öz potensialına inamının artmasına səbəb
olacaq".
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İnsan resursları və təlim şöbəsinin
müdir müavini, "ASAN Könüllülük" Məktəbinin
rəhbəri Cahangir Hacıyev isə bildirib ki, Azərbaycanda
könüllülüyün tarixi kifayət qədərdir və
bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda,
sülhsevən və ümumbəşəri dəyərlərə
nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər
salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin
yarandığını və insanlarımızın burada
könüllülük prinsipi ilə müəllim, tibb
bacısı və digər sahələrdə
çalışdığını görə bilərik.
Ölkəmiz müstəqillik əldə etdikdən
sonra isə ictimai-siyasi proseslərdə könüllülərin
kifayət qədər rolu olub. İlk
yaranan könüllü özünümüdafiə dəstələrini,
müharibəyə könüllü gedən həkim və
tibb bacılarını misal kimi göstərmək olar.
Qanlı 20 Yanvar hadisələri zamanı
insanların xəstəxanalara könüllü gedərək
qan verməsi də xalqımızın
könüllülük dəyərlərinin bariz nümunələrindəndir.
Onun
sözlərinə görə, 2012-ci il dekabrın 29-da 1
saylı Bakı "ASAN xidmət" mərkəzinin
açılışı zamanı bir qrup "ASAN
könüllüsü" ilə görüşən
Prezident İlham Əliyev "ASAN"
könüllülük hərəkatına öz xeyir
duasını verib: "Bildirim ki, "ASAN"a qədər
müstəqillik əldə olunandan sonra müxtəlif
qeyri-hökumət və beynəlxalq təşkilatlarda
yüzlərlə Azərbaycan gənci könüllü olub.
Lakin bir könüllülük hərəkatı
olaraq bu fəaliyyət "ASAN"dan başlayır".
"ASAN"
könüllülük hərəkatının respublikadakı
könüllülük fəaliyyətinə nə kimi təsirinə
gəlincə o deyib ki, "ASAN" könüllülük hərəkatı
könüllülükdə yeni yanaşmanı ortaya qoydu və
bunun bütün tərəflər üçün səmərəli
bir fəaliyyət olduğunu sübuta yetirdi:
"Respublikadakı könüllülük fəaliyyətinə
bir daha nəzər yetirsək görərik ki, "ASAN"
könüllülük hərəkatı digər
könüllülük fəaliyyətlərinin də
yaranmasına müəyyən təsir edib. Misal olaraq, KOB və
"Bir" Tələbə-Könüllü
proqramının könüllülərini, daha sonra isə
2019-cu il yanvarın 24-də Kənd Təsərrüfatı
Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat
İnstitutunun və "Kartof və tərəvəz
toxumları istehsalı" kompleksinin
açılışı zamanı dövlət
başçısına təqdim olunan "Aqrar
İnkişaf Könüllüləri" hərəkatını
da göstərmək olar. Ölkə
başçısının tövsiyəsinə əsasən
artıq prokurorluq orqanlarında "ictimai köməkçilər"
qismində hüquqşünaslıq ixtisası üzrə təhsil
alan gənclər könüllü kimi fəaliyyət
göstərəcəklər. Eyni zamanda, ədliyyə
və digər dövlət orqanlarında da gənclərin
könüllü kimi müvafiq proseslərə cəlb
olunmasına başlanılıb. Bunun
hamısı gənclərə və onların
inkişafına nə qədər önəm verildiyindən
xəbər verir".
PƏRVANƏ
525-ci qəzet.- 2020.- 8 yanvar.- S.6.