Qaşqay musiqisinin fədakar xadimi Furud Gorginpur dünyadan
köçdü
Qaşqaylar
yayda yaylağa, qışda qışlağa köç etməyi
sevən bir türk toplumudur. İran hökuməti istər
şah devrində olsun, istər İslam İnqilabından
sonra onların düzənini pozmağa, köçlərini
durdurmağa çalışıb. Lakin istədiklərinə tam nail ola bilməyib.
Ötən ilin dekabrında tanıdığım, həmişə
hörmət və ehtiramla xatırladığım
üç nəfər də bu dünyadan köçdü. Onların
köçünü, nə ailələr, nə dostları,
nə də həkimlər durdura bildi.
30 il öncə Sovet-İran sərhəddindəki
tikanlı məftillərini sökülməsindən yaranan
bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik
Gününü qeyd etmək üçün dekabrın 31-də
saat 12-də Kiyevin mərkəzində, Meydanda türkiyəlilərin
açdığı "Mojito" restoranına
toplaşmışdıq. Nəzərdə tutmuşduq ki, həmin
toplantıda Milli Azadlıq hərəkatının fəallarından,
mühacirətdə yaşayan və dünyasını dəyişən,
Türkiyənin Kayseri şəhərindəki Erciyəz
Universitetinin bölüm başqanı, bəstəkar Müsəvvər
Əsgəroğlunun və Almaniyada vəfat edən Rafiq Həsənovun
xatirəsini yad edək.
Toplantıya Türkiyə türklərindən də,
qaqauzlardan da qatılanlar vardı. Yer 2
saatlığına kirələnsə də, ötən
günlərin xatirələri vaxtı bizə unutdurdu. Gələcək işlərimizdən çox
keçmişdən danışdıq. Oradan
ayrılandan təxminən bir saat sonra Türkiyədə
yaşayan, millətsevər qaşqay gənclərindən Səməd
Muğanlıdan telefonuma bir şəkil və kiçik xəbər
gəldi. Səməd bəy saat 14.00-da
ünlü qaşqay musiqiçisi Furud Gorginpur
dünyasını dəyişdiyini xəbər verirdi. Rəsmi şəkildə hakim dairələrin
musiqini qadağan etdiyi İran kimi bir ölkədə
yaşayan, özü də zəif görən, sonra da
gözləri tam tutulan qardaşların dövlət siyasətinə
qarşı qətiyyətlə dirəniş göstərərək
türk musiqisini öyrənmələri və təbliğ etmələri
qəhrəmanlıqdır.
Buna görə də Gorginpurlar ailəsini
qaşqayların da, xələclərin də,
qarapapaqların da, türkmənlərin də, bir sözlə,
İranda yaşayan türklərin millətsevər
övladları sevir və işlərini yüksək qiymətləndirirlər. Bu ailə
haqqında mənim də xeyli bilgim vardı. Furudun kiçik qardaşı Fərhadla
görüşüb söhbət etmişdik. Şiraz Universitetinin salonunda qaşqay musiqiçiləri
konsert təşkil etmişdilər. Salon
ağzınadək dolu idi. Konsertin əvvəlində
bir qocanın qolundan tutub səhnəyə gətirdilər.
Gözü görmürdü. Salondakılar onu ayaq üstə alqışlarla
qarşıladılar. Akkordeonda iki hava
çaldı. Səhnəyə gələndə
tamaşaçılar onu necə
qarşılamışdısa, səhnədən enəndə
də eləcə, ayaq üstə arasıkəsilməz
alqışladılar. Bu alqışlar sənətkara
xalqın verdiyi qiymət idi.
Səhnədən enəndə gətirib birinci
sırada mənim yanımda oturtdular. Qısa söhbətimizdən
dünyadan köçəcəyini anladım. Dost-tanışları ömrünü qaşqay
musiqisinə həsr etmiş bu insanı xəstə olsa da səhnəyə
çıxardılar. Bu, onun
tamaşaçılarla son görüşü, bəlkə
də son çalğısı idi. Aradan
üç ay keçəndən sonra təkrar Şiraza gedəndə
onu görmək istədim. Dedilər ki, vəziyyəti
ağırdı, görüşməyə halı
qalmayıb.
2018-ci il avqustun 31-də Fərhad Gurginpur haqqa
qovuşdu. Azərbaycan oxucusuna bilgi vermək məqsədilə
onun haqqında bir məqalə yazıb "525-ci qəzet"də
çap etdirdim. Həmin məqaləni
qaşqay gəncləri sosial şəbəkələrdə
paylaşmaqla qalmadılar, qəzetin səhifəsinin surətini
çıxararaq dost-tanışları arasında
yaydılar.
Qaşqayların millətsevər gəncləri Azərbaycanla
çox maraqlanır, burada qaşqaylarla bağlı
yazılanları və deyilənləri böyük maraqla izləyir
və yayırlar. "525-ci qəzet"də qaşqaylar
haqqında məqalələr verdiyindən sevilir.
Fərhadın anası Məsumənin də 2019-cu ilin
dekabrın 1-də dünyasını dəyişdiyini
qaşqay gəncləri mənə xəbər vermişdilər. Əvvəllər
hətta xaric ölkələrdə yaşayan
qohumlarının, yaxınlarının ölümündən
5-6 aya xəbər tutmaq olmurdu. İndi
texniki tərəqqi bu problemləri aradan qaldırıb.
Mən Furud Gorginpur dünyadan köçməsindən
2-3 saat sora xəbər tutdum.
1-2 saat öncə bilsəydim,
toplantıda Furud Gorginpurun haqqında bilgi verər, xatirəsini
yad edərdik.
Qaşqaylar mübarizliyi, döyüşkənliyi,
qüruru ilə seçilirlər. Dünyadan
köçən Furudun ailəsi də qürurlu, millətsevər
bir ailədir. Atası Həbibullah xan
Əmələ tayfasından, anası Məsumə
(qaşqayların əksəriyyəti onu əzizləyərək
Məsi bibi deyirlər) xanım isə 5 böyük və
kiçik tayfan özündə birləşdirən Bəhmənbəyi
tayfasındandır. Hər iki ailənin
maddi durum yaxşı olub. Qaşqay mədəniyyətinin
yox olmaması, yaşaması və yayılması
üçün də böyük işlər görüblər.
Furudun atası Həbibullah xan döyüşkən,
cəsarətli bir insan olmaqla yanaşı, ustad musiqiçi
kimi də tanınıb. O, qaşqayların ustad sənətkarı,
mahir tar və setar ifaçısı Davud Süleyman
oğlunun şəyirdi olub. Ustadından öyrəndiklərini
yalnız öz övladlarında deyil, elinin istedadlı gənclərinə
də öyrədib.
Məsumə
xanımın qardaşı Məhəmməd Bəhmən Bəhmənbəyi
öz vəsaiti hesabına qaşqay uşaqları
üçün çadırlarda açdığı məktəblərlə
və Fars əyalətində yaylaq-qışlaq həyatı
sürən tayfalar haqqında yazdığ kitabla, məqalələrlə
məşhurlaşıb.
Həbibullah xanın ailəsi qışda Firuzabad şəhəri
yaxınlığındakı Zəncirvan
qışlağında, yayda isə Simurun şəhəri ətrafındakı
Qaleyi Muxtarxan yaylağında yaşayıb. Məsumə
xanımla ailə quran Həbibullah xanın
övladlarının sayı çox olsa da, onlardan bir
neçəsi uşaq ikən dünyasını dəyişib.
Altısı yaşayıb və boya-başa
çatıb. Xəstəlikdən Furud, Fərhad,
Mustafa Kamal (Rza şah rejiminin sərt vaxtında
övladına Mustafa Kamal adını qoymağı hər
valideyin cürət etməzdi), baçısı Pəricöhrənin
gözü zəif görüb.
Furud
1946-cı il martın 4-də Firuzabad
yaxınlığındakı Zəncirvan
qışlağında anadan olub.
Məktəbdən, mədəni mərkəzlərdən
uzaqda olsalar da valideynləri var gücü ilə
övladlarını oxudublar. Əvvəl
İsfahandakı zəif görən uşaqlar
üçün açılmış məktəbə
qoyublar. Lakin məktəbdəki
baxımsızlıq valideynləri rahatsız edib. Şiraz şəhərində zəif görən
uşaqlar üçün xüsusi məktəb
olmadığından məcbur qalıb Zəncivan
qışlağında açılmış ibtidai məktəbdə
oxudublar.
Sonra da təhsillərini davam etdirmək
üçün Tehrana göndəriblər. Əhalisi və
nəqliyyatı sıx bir şəhərdə zəif görən
övladlarının sərbəst hərəkət edə
bilmədiklərini görən valideynlər peşəkar
musiqiçiləri evlərinə dəvət edib
uşaqlarını oxudublar. Qaşqay
musiqi alətlərində çalmağı atalarından
öyrənən Furud və Fərhad 1957-ci ildən
başlayaraq Əmirəzidi Salmanpurdan akkordeon dərsi
almağa başlayıb. Sonra da Tehranın
peşəkar musiqiçilərindən-ustad Şenavərdən,
Aləm Ohaniandan, Ənişuravan Ruhanidən, kor Dudangədən
dərs alıblar. Az bir zamanda
qardaşlar istedadları ilə diqqəti cəlb ediblər. Onların bacarığından Şiraz radiosunun əməkdaşları
da xəbər tutub. 1958-ci ildən
Şiraz radiosunun uşaq verilişlərində
çıxış etməyə başlayırlar.
Oğlanlarınun uğuru atanı bərk sevindirib. Onların gələcəyi
üçün ailəsini 1963-də Tehrana
köçürüb.
Şirazda yaşadıqları vaxtdan başlayaraq xalq
musiqisini öyrənən və yadında saxlamağa
çalışan Furud Tehranda musiqi təhsili
aldığı illərdə qaşqay mahnı və rəqslərini
nota köçürməyə başlayır. Ədəbiyyat
fakültəsini bitirsə də, musiqidən
uzaqlaşmır. Tehran Universitetinin Sənət
(incəsənət) Fakültəsinə qəbul olunub və
oranı 1978-ci ildə bitirib. Beləcə
Furud Tehranda müxtəlif musiqi alətlərinin gözəl
ifaçısı vəqaşqay musiqisinin
toplayıcısı kimi məşhurlaşıb.
Elə buna görə də ölkənin ən
nüfuzlu incəsənət toplusu olan "Mahe nur"
jurnalının araşdırıcı qrupu onunla
görüşüb. Furud Gorginpurla etdikləri söhbət əsasında
jurnalın 1977-ci ildə nəşr edilən sayında
"Qaşqaylarda musiqi" məqaləsini çap etdiriblər.
Jurnalın ən böyük məqaləsi olan
"Qaşqaylarda musiqi" bu gün də öz
aktuallığını itirməyib. Xalq
musiqisindən bəhs edən araşdırıcılar qaynaq
kimi Furud Gorginpurun fikirlərinə dayanırlar.
Jurnalın
araşdırıcılar qrupunun Qaşqay aşıqları
ilə bağlı verdikləri suala Furud Gorginpur belə cavab
verib: "Qaşqay aşıqlarının sayı olduqca
çox idi. 1953-cü ildə el quruluşunun dağıdılması
aşıqlara da ağır zərbə vurdu. Onların dolanışığı çətinliyindən,
yoxsullaşdıqlarından sənətlərini, peşələrini
buraxmağa məcbur oldular. Sayları
gündən-günə azaldı. Hazırda
on, on beş aşıq ailəsi el içində
dolanır".
Araşdırıcıların
qaşqay aşıqlarının Azərbaycan
aşıqları ilə əlaqəsi haqqında verdikləri
sualı Furud Gorginpur belə cavablandırıb: "Qaşqay
musiqisi xüsusi müstəqilliyə malikdir. O, başqa xalqın, elin,
tayfanın musiqisinin təsirində deyil. Lakin
Qaşqay aşıq musiqisi Azərbaycan aşıq musiqisilə
bağlı olub, demək olar ki, onun eynidir. Aşıqların musiqisi geniş
yayılmış qədim musiqidir. Aşıqlar
şənlik, şadlıq və qəm gətirən hər
hansı bir hadisəyə münasibətlərini şeir və
mahnı ilə bildiriblər. Onlar məclislərdə
dastan danışmağı çox sevirlər...
Qaşqay aşıqları ilə Azərbaycan
aşıqları arasında müştərək
mahnılar vardır. Məsələn, Qaşqay
aşıqlarının Koroğlu dastanındakı
şücaət, igidlik, mərdlik, qəhrəmanlıq məsələlərində
Azərbaycan aşıqlarının Koroğlusu ilə
eynidir. Qaşqayların "Kərəm", "Məsum",
"Mahmud" mahnılarını çox cüzi fərqlə
Azərbaycan aşıqlarının ifasında eşitmək
olar... "Səhər avazı", "Cəngnamə",
"Məhəmməd Tahir bəy", "Samsam"
mahnıları köhnə aşıq melodyalarıdır.
"Koroğlu", "Mahmud və Sənəm", "Mahmud və Nigar",
"Baş Xosrov", "Həlilə Xosrov",
"Büsutun", "Gəraylı", "Baş gəraylı"
qaşqay aşıqlarının hazırda istifadə etdikləri
mahnılar və qoşmalardır".
Qaşqay aşıqlarından danışan Furud
Gorginpur deyir ki, qaşqay aşıqları da Həmədan,
Savə, Xələc aşıqları kimi çəkur,
çökur dedikləri sazda çalıb oxuyurlar. Qaşqay
aşıqlarından Aşıq Səyyad və Aşıq
İsmayılı yüksək qiymətləndirən musiqi
araşdırıcısı
Ustad Samsamın, Ustad Davudun, müğənnilərdən
Mahpərvizin, Məhəmmədhüseynin, Təhmuraz Kəşkülünün,
Mahmud İskəndərinin və başqalarının
adlarını çəkir. Ustad Davud haqqında deyir:
"Onun adına bəstələnmiş
mahnı hələ də el içərisində oxunur".
Şərq musiqi alətləri ilə yanaşı,
Avropanın simli musiqi alətlərində də mahir
fiaçı kimi tanınan Furud Gurginpur 1993-cü ildə
Tehranda keçirilən beynəlxalq musiqi festivalında
kamança çalanlar arasında birinci yeri tutaraq mükafat
almışdı.
2007-ci ildə
dünyasını dəyişən Həbibullah xanın gəlinləri
də elə bil seçilib. Furudun xanımı
Əfsanə Cahangiri oxuduğu xalq mahnıları ilə
yalnız qaşqaylar arasında deyil, İranda məşhurlaşıb.
Furud oğlanlarına Saba və Kavə,
qızına isə qaşqayların yaylağında olan,
şəninə şeir və poemalar yazılan Dena
dağının adını verib. Hər
üçü də musiqi ilə məşğul olur.
Furud Gurginpurun hazırladığı musiqi
albomlarından "Qaşqay musiqisi" (6 ədəd), "Qərib-Sənəm",
"Koroğlu", "Türkmənsəhra",
"Hicran" müəllifinə yalnız musiqiçilər
arasında deyil, İranda yaşayan türk xalqları
arasında da geniş şöhrət qazandırıb.
Ölkənin
idarəedilməsində aparıcı rol oynayan din xadimləri
musiqini qadağan etmələrinə baxmayaraq, Furud Gurginpurun
anadan olmasının 70 illiyi münasibətilə 2016-cı
ilin yanvarın 31-də Tehranda təşkil edilmiş mərasimə
İranın məşhur musiqiçiləri ilə
yanaşı, yazıçı və şairləri, siyasətçiləri
də qatılıb.
Furud
Gurginpurun cənazəsi 10 yanvar 2020-ci ildə Abadeh şəhərindəki
ailə məzarlığında dəfn edilib.
Əli ŞAMİL
525-ci qəzet.- 2020.- 10 yanvar.- S.16.