Tanıyaq və tanıdaq!
Əziz oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya"
adlı guşə açılıb.
Guşədə İran İslam
İnqilabından (1979) sonra
ədəbiyyata gəlmiş,
Güney Azərbaycanda
1960-cı ildə və
daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan,
incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün
Güney ədəbiyyatında
baş verən yeniliklərin, ədəbi
prosesin incəliklərini
bir az
da yaxından izləmək, həyata, insanlığa, yazarların
ictimai-siyasi və milli məsələlərə
baxışlarını öyrənmək
baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi.
Güney Azərbaycanda son çağın
dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda
burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı,
kitab mədəniyyəti,
sözyaratma qüdrətinin
nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Esmira Fuad,
Filologiya elmləri doktoru
İsmayıl Əfxəmi (Aydın
Baxış) 1975-ci il Təbriz şəhərində anadan
olub.
Orta təhsil
haqqında şəhadətnaməni
Təbrizdə aldıqdan
sonra, Təbriz Universitetində magistraturada
oxuyub.
"Tanı məni"
silsiləsindən 2 kitabı
çıxıb, 3-cü isə
çapa hazırlanır.
Ulduzlar
Bizə
xoş gələr yaşam,
Hər gün gələndə axşam
Göydür bizə ev-eşik
Göyə köz səpilmişik.
Ya kökük, ya da arıq,
Gahdan göydə axarıq,
On milyonlar sayımız,
Bizim ömür
payımız.
Tanıyarsız Günəşi
Bizim böyük
qardaşı.
O gəlsə, biz gedərik,
Onun yolun güdərik,
Gecə
göyə dad-duzuq,
Biz parlayan Ulduzuq.
Günəş
Canım
çıraqtək yanar,
Yer başıma dolanar,
İstiyəm, işıqlıyam,
Gözəl, yaraşıqlıyam.
Mən olmasam, yer üzü
Kor qalar, sözün düzü,
Həm qaranlıq, həm şaxta
Yer dönər
qara baxta.
Yaşayıram qədimdən,
Heç
şey çıxmaz
yadımdan,
Necə varam? Necə yox?
Gündüz varam, gecə yox.
Yanmaqdır işim-peşəm
Göy üzündə Günəşəm
Ay
Mən gözələm, mən arın,
Məni göydə axtarın.
Gah arığam, gah kökəm,
Bişər Günəşdən kökəm.
Mən gecələr oyağam,
İşıqlıyam parlağam.
Göydə yanan bir topam,
Sevmirəm göydən qopam
Ulduzlar yoldaşımdır.
Mənə gəlibdir insan,
Adı Nil Armestranq.
Gözəlliyim əlimdə,
On dörd gecəliyimdə
Sarı
ya, ağdır boyam,
Doğru
bildiz, mən Ayam!
Yaz
Məndə bitər çiçəklər,
Uçar
naz kəpənəklər,
Gələr quşların səsi,
Yeni həyat
nəfəsi.
Yağış yağar çay
dolar,
Yerin üz-gözün yuyar,
Yoxumdur kinəm-kinim,
Üç aylıq ömrüm, günüm.
Nə soyuq, nə istiyəm,
Təbiətin dostuyam,
Qışdan sonra mən varam,
Əvvəl günümdür Bayram.
Al-əlvanam, yaşılam,
Gəldim
sizə qoşulam,
Fəsillərin nazıyam
Mən Tanrının Yazıyam.
Yay
Məndə nələr var, nələr?!
Məndə çıxar meyvələr:
Qovun, qarpız, üzüm, nar,
Alma, armud, gilənar.
Sərinlik axtarar yer,
İşlənər yelpik, kuler,
Uşaqlar getməz dərsə,
Tətil olar mədrəsə.
Oynamaq, deyib, gülmək,
Öyrənmək, bilgi bilmək,
Uşaqlara əyləncə,
Hələ payız gəlincə.
Mənəm isti nəfəsli,
Gəzib,
dolanmaq fəsli,
Ömrüm azdır - üç
ayam,
Yaxşı bildiz, mən Yayam.
Güz (Payız)
Yavaş-yavaş havalar,
Soyumağa başlayar,
Buludlar çilər yağış,
Sonra gələr
qırov, qış.
Çay-dərədən sel axar,
Göydən ildırım şaxar,
Köçəri quşlar köçər,
Ağaclar yapraq tökər.
Sarı,
yaşıl, qırmızı,
Gəlir
şaxtanın izi,
Dərs
oxumaq başlanar,
Yeni-yeni yoldaşlar.
Bəh-bəh, savad və bilim,
Kitab, dəftər, müəllim,
Məni də tanıdınız?
Mən Payızam,
ya da Güz.
Qış
Həmişə danlaqdayam,
Soyuqqanlı, şaxtayam,
Məndə yağar qar-külək,
Yatar bütün
bör-böcək.
Yemək
tapanmaz quşlar,
Hamı
istini xoşlar,
Donar sular, donar yer,
Ağ geyinər
çöl-bayır.
Üşüyər əl-ayaqlar,
Sonra deyər uşaqlar:
Gəlin
gedək düzəldək
Qar adamı,
züyüldək.
Gecələr yuxu şirin,
Portağal, lumu şirin,
Gəldim
sizə danışam,
İstədim deyəm - Qışam.
Su
Başlanır ömrüm qışdan,
Yarandım qar-yağışdan,
Aydınlığam aynayam,
Çox sevərəm oynayam.
Axam gedəm çöllərə,
Dənizlərə göllərə,
Mən sizə sizdən yaxın,
Nemətiyəm Allahın.
Mənlə dünyanı yuyun,
Məni
artıq qoruyun,
İşlədin ayın-şayın,
Çox hədər axıtmayın.
Adım
yaşayış adı,
Mənəm təmizlik dadı,
Bulaqlar mənim yuvam,
Dum-duruyam, mən
Suyam.
Dağ
Mən ucalardan uca,
Yaşım milyonlar, qoca,
Məndən çaylar başlanar,
Qışda şəpə boşlanar.
Qartal uçar başımda,
Qurd yuvası daşımda,
Qaynar çeşmə, bulaqlar,
Yamaclarda yolaqlar.
Kəklikotu, tüklücə,
Məndə bitər bolluca,
Üstümdə çən, yağış,
qar
Adım dayanış, vüqar.
Əynim
yaşıl, başım
ağ,
Çağırarlar məni - Dağ.
Ağac
Meşə, orman əhliyəm,
Mən yaşıllıq şəhriyəm,
Yerdədir əslim, köküm
Yaşım, köynəyim, börküm.
Məndə olmaz kədər,
qəm,
Varımdır sərin kölgəm,
Tüstüləri boğaram,
Hey oksigen doğaram.
Sevdiklərim Günəş, Su
Olsun qucaq dolusu.
Yaddan çıxmamış yazın,
Bir də karbonik qazın.
Neçə qorxum var mənim,
Baltalardır düşmənim,
Bir də yanan kibritlər,
Partlayan dinamitlər.
Ay məni sındıranlar,
Od vurub yandıranlar,
Yoldaşınız Ağacam,
Məhəbbətə möhtacam.
525-ci qəzet.- 2020.- 10 yanvar.- S.15.