Sonuncu görüş
(Sənədli hekayə)
"Ah, o, niyə belə etdi, bu, nə
qubardı
Nə zamansa bu nişanda bir
atam vardı".
Əli Kərim
Atamla xudahafizləşib ayrılanda gecə saat on ikinin
yarısı olardı. Blokdan çıxıb yenicə həyətə
çıxmışdım ki, birdən-birə elə bil ki,
üstümə su atdılar. Sonra yerə
nəsə bir saxsı qab düşdü. Qab çilik-çilik oldu, içindəki su
üstümə töküldü. Cəld
yuxarı baxdım. Atam balkonda durub mənə
baxırdı. Sən demə, arxamca su
atmaq istəyirdi ki, qab əlindən çıxıb yerə
düşmüşdü. Köynəyim
bütün islanmışdı. Ona
baxıb gülümsündüm. Elə geri qayıtmaq
istəyirdim ki, - Yox, ay oğul qayıtma, qayıtma yolundan -
dedi.
- Yox...
eee.. Gəlirəm deyib bloka
girdim. O, yenə də balkondan baxa-baxa mənə nəsə
deyirdi. Səsini eşidirdim, amma heç nə
başa düşmürdüm. Qəhər
məni boğurdu. Atam adi saxsı qabı əlində
tuta bilmirdi. Axı niyə? Ax... Ata, axı sən həmişə hamıdan qüvvətli
idin. İndi nə oldu sənə? Bir qabı da əlində tuta bilmirsən.
Vaxtilə bir şillə ilə məni yerə yıxan ata...
Mən liftdən çıxanda gördüm ki, atam
qapının ağzında durub məni gözləyir. Bilmirəm, nəyə
görəsə qəhərlənmişdi. Gözləri dolmuşdu. Əl
açıb məni yenidən bərk-bərk qucaqladı.
- Axı,
niyə yolundan qayıtdın - dedi. Adam yarı
yoldan qayıtmaz. Özün də bu gecə
yola çıxırsan. Dedim axı, qayıtma.
Mən də onu bərk-bərk qucaqlamışdım. Elə bil ki,
çoxdandır bir-birimizi görmürdük. Amma
halbuki heç beş dəqiqə yox idi
ki, ayrılmışdıq. Mən də zarafatla dedim ki:
- Yox, ay
ata, geri qayıtdım ki, bir də səninlə xudahafizləşim,
bir də arxamca su atasan.
Mən həmin gecə səhərə yaxın yenidən
işlədiyim xarici ölkəyə uçmalı idim. Həmin tarix
indiyə kimi dəqiq yadımdadır. 2007-ci il iyul ayının yeddisi (Bu, bizim
axırıncı görüşümüz idi. Özüm qəsdən Bakıya tez-tez gəlmirdim
ki, gəlib atamı belə xəstəhal görməyim.
İstəmirdim. İstəyirdim ki,
atamı həmişə vaxtilə olduğu kimi qüvvətli,
ötkəm, möhkəm, üstümə
çığıran, lap belə yeri gələndə mənə
əl də qaldıran bir atanı görüm, onun indiki vəziyyətini
görməyim. Vəziyyətlə
barışmaq istəmirdim. O, xəstə idi. Tez-tez telefonla danışırdıq. Telefonla danışanda üzünü
görmürdüm deyə, özüm-özümü
aldadırdım ki, atamda hər şey yaxşıdır, o, xəstə
deyil). Hər il may ayından Şəkiyə
gedib ta sentyabr ayına qədər Şəkidə qalan istiyə
qətiyən dözümü olmayan atam eşidəndə
ki, mən iyulun 3-də 3-4 günlük Bakıya gəlirəm
yaman sevinmişdi. Demişdi ki, yox e... 3-4 günlük Bakıya
gedib uşaqla hökmən görüşməliyəm
(Uşaq ha... O zaman uşağın 51 yaşı vardı).
-
Əşi, uşaq özü Şəkiyə gələr də...
Day, sən niyə bu istidə Bakıya gedirsən?
- Yox...
Uşaq o boyda uzaq yoldan Bakıya gəlsin, sonra da Şəkiyə?... Yox, uşağa çətin
olar. Onsuz da onun işi çoxdur. Çatdıra bilmir. Özüm
gedirəm - demişdi.
- Həə...
Atam məni elə bərk-bərk
qucaqlamışdı ki, sanki buraxmaq istəmirdi. Biz 3 gün idi ki, bir yerdə idik. Hər gün görüşürdük. Mən səhər işimin dalıyca gedib birdə
axşam, bəzəndə gecə gəlib onunla
görüşürdüm. O isə balkonda oturub,
gözləri yol çəkə-çəkə məni
gözləyirdi. Söhbətləşirdik, dərdləşirdik,
onun mənə deyəcəyi çox məsələlər
var idi, hiss edirdim ki, boşalmaq istəyir, ürəyi doludur,
amma demir, deyə bilmir. Yoox... Bəzi məsələləri
deməyə demişdi. Mən də evə
gəlib heç kimin oxuya bilməməsi üçün,
onları ərəb əlifbası ilə yazırdım.
Amma onu da hiss edirdim ki, nəsə qlobal məsələləri
demək istəyir. Amma demirdi, susurdu.
Ayrılarkən, tək bircə bunu dedi:
-
Oğul, dediklərimə çox da elə fikir vermə. Demişəm, deməmiş olum. Elə bil ki, sənə heç nə deməmişəm.
Həə... Bir də heç nəyin fikrini
çəkmə. Bircə özündən
muğayat ol. Heç nəyi də ürəyinə
salma. Başa düş, mən
bütün bunları səndən yaxşı bilirəm.
Bütün bunlar hamısı boş-boş, mənasız
şeylərdir. Heç nəyin mənası
yoxdu. Mən indi başa düşürəm.
Bu yaşımda qanıram, dərk edirəm.
Təəccübləndim:
- Nə,
ay ata? Nə boş-boş şeylərdi? Hansı məsələlər boş-boş
şeylərdi?
... - Heç... Hm... Nə isə... Bir də gələndə
deyərəm. Sən özündən
muğayat ol, özünü qoru (Mən işlədiyim
ölkənin erməni diasporu, bir də "ASALA" erməni
terror təşkilatı məni öldürəcəkləri
barədə mənə məktub göndərmişdilər.
Həmin məktubların örijinalları mənim ev arxivimdədir. Həmin məktubları
mən XİN-də göstərmişdim. Atam da hardansa bundan xəbər tutmuşdu. Yəqin ki, onu nəzərdə tuturdu).
- Axı,
mənə nə ola bilər ki, ay ata? Bilirəm ki, arxamda dağ kimi durmusan. Əgər, başımdan bir tük əskik olsa, aləmi
bir-birinə qatarsan, dünyanı dağıdarsan.
- Əlbəttə, bəs necə.
Atam ikinci dəfə yenə də məni Quran
altından keçirərək yola saldı.
Bizdə bir-birimizə qarşı ata-oğul məhəbbəti
yox idi. Mən bunu dəfələrlə demişəm də,
yazmışam da. Mən ona heç vaxt,
bir ata kimi yox, həmişə bir ilahi qüvvə kimi
baxmışam. Ona qeyri-adi varlıq kimi
baxmışam. Ona səcdə etmişəm.
Onun dəlisi olmuşam. O da həmişə
mənə sağ tərəfində yerləşən
ürəyi kimi baxıb. Mən onun nəfəsi
idim. Həmişə də deyərdi ki, Allahdan başqa
bu dünyada heç kim məni nə əyə
bilər, nə də sındıra bilər. Sən
mənim həm arxamsan, həm də ən zəif, ən
narahat yerimsən. Məni vurmaq istəyən,
gərək əvvəlcə səni vursun ki, mən də əyiləm,
sınam. Bunu da Allah eləməsin.
Harda işləməyindən asılı olmayaraq, ay oğul,
elə işlə ki, məni heç kim
sındıra bilməsin. (Həə, ay ata... Mən
də sənə qulaq asıb elə işlədim ki, indi
heç adi bir maşınım da yoxdu).
Mənə həmişə elə gələrdi ki,
heç zaman xəstələnə bilmərəm. Mənə
heç vaxt heç nə olmaz. Və ola
da bilməz. Hətta 1979-cu ildə İran İslam
İnqilabından sağ-salamat geri qayıdanda da, 1986-cı
ildə Əfqanıstan müharibəsindən geri dönəndə də
özümü inandırmışdım ki, əgər
haradasa mənə qarşı tərəfdən tuşlanan
qüllələri atam elə havadaca, göydə tutub əks
tərəfə tullayıb. Baxmayaraq ki, mən qürbət
ölkələrdəyəm, atamdan ayrıyam, atam bunların
hamısını görür, hiss edir. Onun nəzəri
həmişə mənim üstümdədir. Göydə
Allah, yerdə atam məni qoruyur. Ona görə
də, mənə heç nə olmayıb. Amma Türkiyədə olduğum vaxtlarda (hələ
Sovetin Sovet vaxtlarında atam deyərdi ki, mən zərrə qədər
də olsun səndən nigaran deyiləm. Çünki
sən orada idin, qürbətdə deyildin. Öz vətənində idin, Türkiyədə
idin.
***
Amma sonralar mən Pakistanda diplomatik xidmətlə
olduğum vaxtlarda birdən-birə gözlərimdə problemlər
çıxdı. Gözlərim get-gedə zəifləməyə,
işığını itirməyə başladı. Əvvəl-əvvəl çox da elə fikir
vermirdim. Düşündüm ki,
keçib gedər. Nədir ki? Adi
göz xəstəliyidir də... Amma keçmədi.
Daha da şiddətləndi. O zaman diplomatik
xidmətlər birbaşa idi. İndiki kimi
deyildi. Diplomatlara ezamiyyət vermirdilər.
Ona görə də, Bakıya gəlmək elə
də sən deyən asan məsələ deyildi. Fikirləşdim ki, elə Pakistanda müalicə
olunaram. Amma... Yox... mümkün olmadı.
Müayinə vaxtı pakistanlı həkimlər
nədənsə şübhələnmişdilər. Mərkəzlə razılaşdırıb qısa
müddətliyə Bakıya gəldim. Düşündüm
ki, bir-iki həftəyə müalicə olunub geri dönərəm.
Nə qısa müddətlik ezamiyyət? Nə
müalicə? Ay-hay... Hər şey daha qəliz,
daha mürəkkəb imiş. Müayinə-müayinə
dalıyca, konsilium-konsilium dalıyca. Və məlum oldu ki, ... Həkimlərin ümumi rəyi. Beyin xərçəngi...
Həm də hər şey artıq gecdi. Çox gecdi. Səhlənkarlıq
etmişəm. Vaxtında üstünə
düşmək lazım idi. Həkimlər
deyirdilər ki, günah özümdədir.
Gecikdirmişəm... Qəribədir, axı mən bunu hardan
bilə-bilərdim ki... Axı, mən həkim deyiləm ki...
Aman
Allah... Atam dəliyə dönmüşdü.
Bir saatdan artıq çəkən konsiliumun nəticəsi.
Əlacsızdı. Vəssalam.
Hər şey artıq çox gecdi. Mən ölümə məhkumam (Mən isə həqiqətən
heç nəyə inanmırdım. Çünki
qapının o biri tayında atam məni gözləyirdi.
Mən ona arxayın idim. O, məni xilas edəcəkdi).
Mən həmişə bu dünyada bir Allahdan
qorxmuşam, bir də atamdan. Ölümdən
qorxub eləyən deyiləm. Yooox... Heç
vaxtda qorxmamışam. Həmişə
ölümün gözünə dik baxmışam.
Çünki o qədər təhlükəli ölkələrdə,
o qədər qaynar nöqtələrdə ölümlə
üz-üzə gəlmişəm ki (güllə atan bilmir
ki, atacağı güllə Bəxtiyarın oğluna dəyəcək,
yoxsa İvanın), ölümü hər an
gözümün önünə gətirmişəm. Amma bu diaqnozu mənim gözümün içinə
deyəndə (hərçəndi atama arxayın olub buna da
inanmamışdım) bir qədər tutuldum, məyus oldum ki,
uşaqlarım hələ balacadırlar. Heyif, onları
bir yana çıxarda bilmədim. Mən
özüm heç... Mən
gördüyümü görmüşəm. İndi pis, ya yaxşı...
yaşadığımı yaşamışam (o vaxtı mənim
43-44 yaşım olardı). Amma uşaqlarımın ali məktəbə qəbul olmalarını,
bitirmələrini, xeyir işlərini görə bilmədim.
Deməli, mənimki də bu qədər
imiş. Heyif, çox heyif.
Həkimlər əsas məsələni atamdan gizlətmişdilər. Beyin xərçəngi
məsələsini atama deməmişdilər. Atama demişdilər ki, gözlərini itirə bilər.
Atam yerlə-göylə əlləşirdi.
Əəə... Necə yəni gözlərini
itirə bilər? Bu nə deməkdi?
Özünə yer tapmırdı. Mən bunu sonralar bildim. İndi də
yadıma düşəndə kövrəlirəm. Bunu mənə sonralar dedilər. Dedilər
ki... Atan o boyda kişi həkimlərin
qarşısında diz çökürdü,
yalvarırdı ki, amandır, oğluma bir əlac edin. Onu gün işığına həsrət
qoymayın, xahiş edirəm, yalvarıram - deyirdi. Deyirdi ki, mənim gözlərimi
çıxardın, oğlumun gözlərinə qoyun. Hər nə desəniz verirəm. (Aman Allah, ay ata, axı sənin qələmindən
başqa nəyin var ki, nə də verəsən. Bir həsirsən, bir də məmmədnəsir).
Atamın gözlərinin yaşı qurumurdu.
Mən isə əsas məsələdən xəbərdar
idim. Bunu məndən gizlətməmişdilər.
Açıq-aydın demişdilər. Demişdilər ki, sən rəsmi adamsan, onsuz da sənin
xəstəliyin barədə yuxarıya məlumat verməliyik.
Sən ordan da xəbər tuta bilərsən.
Amma nə fərqi var ki... Elə indidən də
sənin diaqnozunu deyirik. Onsuz da beş
gün tez, beş gün gec deyəsi idik. Əgər,
ümid yeri olsa idi, bunu səndən gizlədərdik, indi isə
heç bir ümid yeri yoxdu. Mən də
xahiş etdim ki, bu barədə atama heç nə deməsinlər.
Yaşlı adamdır, ürəyi tab gətirməz, dözməz,
həə... Demək, belə. Əsas diaqnozu bir mən bilirəm, bir də
yoldaşım. Konsiliumdan çıxıb evə gələn
kimi (daha doğrusu, demək olar ki, xəstəxanadan
qaçdım) dərhal bir neçə usta
çağırıb evin oboylarını və xarab olan bəzi
şeylərin təmirinə başladım ki, birdən bu
gün-sabah nəsə ola bilər,
yoldaşım özünü itirməsin. Evə
gedib-gələn olar, ayıbdı (kimdən və nədən?)
evi belə görməsinlər.
Atam evdə qərar tuta bilmirdi. Axşamüstü bizə
gəldi. Evdə təmir işlərini
görəndə birdən-birə tutuldu. Gözləri
doldu. Diqqətlə evə baxmağa
başladı. Mənim gözlərim zəif
görürdü deyə, bunu mənə sonra yoldaşım
danışdı. Atam diqqətlə evə baxıb bircə
kəlmə, özü də az qala
pıçıltı ilə, boğuq, qəhərli bir səslə:
- Ay
oğul, mən heç fikir verməmişəm ki...
Bütün bu illər uzunu sən elə ikiotaqlı evdə
yaşamısan ki... Namizədiyini, doktorluğunu, elə bu
ikiotaqlı evdə yazmısan ki, ... (bu evi
mənə Əfqanıstan müharibəsi
iştirakçı olduğuma görə vermişdilər).
Bəs mən indiyə kimi niyə bunu görməmişəm?
Buna niyə fikir verməmişəm? Ay
oğul, evin də pis gündədir ki... Bəs,
mən niyə bunu bilmirdim? Bəs, sən
bütün bu illər uzunu xarici ölkələrdə nə
etmisən? Niyə özünə bir
gün ağlamamısan?
- Ay ata,
hamıya elə gəlir ki, xarici ölkələrdə pullar
yerə səpələnib, biz də gedib torba ilə
yığırıq. İndi kim nəyi
bacarırsa, onu da edir. Mən belə-belə
işləri elə əvvəlcədən nə
bacarmamışam, nə də bilməmişəm. Əlimə gələn pullarla da
övladlarımı oxutmuşam. Onlara hər
sahədən müəllimlər tutmuşam. Onların təhsilinə xərcləmişəm.
... Hiss
etdim ki, atamı qəhər boğur. Dərindən
nəfəs aldı. Heç nə demədi.
Heç çay da içmədi. Oturduğu yerdən durub getdi.
Sonra... daha sonra isə deyilənlərə görə
atam öz otağına çəkilib ordan çölə
çıxmırdı. Gecə-gündüz Quran əlində səhərə
kimi yatmırdı. Üzünü Allaha tutub: "Ya Rəbbim,
sən mənim oğluma qıyma - deyirdi. -
"O İsfəndiyarı əlimdən aldın (müharibədən
qayıtmayan böyük qardaşı İsfəndiyarı nəzərdə
tuturdu), bu İsfəndiyara qıyma" deyirdi,
yalvarırdı. Sonra atam deyirdi ki, bir dəfə
sübh tezdən, azan vaxtı, özü də noyabr ayı,
hava da çox soyuq idi. Balkonda dayanıb səhərə
kimi Quran əlimdə elə bil ki, Allahla söhbət edirdim.
Bir də gördüm ki, öz-özümə
şeir deyirəm. Sonra atam həmin
şeiri heç bir əl gəzdirmədən yazdı.
Rəhm
eylə özün sən mənim övladıma, ya Rəbb,
Rəhm eylə mənim naləmə, fəryadıma, ya
Rəbb.
Məhrum
eləmə sən onu dünya işığından,
Sənsən pənahım, sən yetiş imdadıma,
ya Rəbb".
Mən
İranda işlədiyim vaxtlarda, inqilabın ən çətin
illərində mənə görə qan təzyiqi xəstəliyi
tapan atam, mən Əfqanıstanda müharibə illərində
olanda mənə görə şəkər xəstəliyi
tapan atam, bir gün, bir saat dərmansız qala bilməyən
atam, üzünü Allaha tutub əhd eləyirdi ki, Ya Rəbbim,
dərmansız da qalaram, ac da qalaram, susuz da qalaram,
özümdə güc tapıb oruc tutaram, təki sən mənim
oğluma qıyma... Və tutdu da. Həkimlərin israrlı, təkidli etirazlarına
baxmayaraq, dediyindən dönmədi. Sanki
atama güc gəlmişdi. Çox
böyük zülmlə əhdini yerinə yetirdi. Mən bunu çox-çox sonralar bildim. Əgər o məqamda xəbər tutsaydım, qətiyyən
buna imkan verməzdim.
Bir
neçə ay ötdü... Sonra... Daha sonra möcüzə
baş verdi. Tədricən
qram-qram gözlərimin işığı özünə
qayıtmağa başladı. Mən dəfələrlə
bu barədə demişəm də, yazmışam da. Mən
dindar adam deyiləm. Mövhumaçtı
deyiləm. Amma Allaha böyük inamım
var. Dilimdəki də, həmişə La İləha İlləllah
kəlməsi olub. Bu nə möcüzə
idi? Nə baş verdi ki?
Yenə həkimlər, həkimlər, yenə konsilium,
konsilium. Axı, mənə həm Pakistanda, həm Bakıda,
həm də Almaniyada (müalicə üçün Almaniyaya
da getmişdim) eyni (əlacsızdır) diaqnozu qoymuşdular.
Üst-üstə ən azı 50-55 ən
sanballı həkimlər, professorlar mənə
baxmışdı. Təəssüflə
başlarını bulamışdılar. Hmm...
Yaxşı, deyək ki, bunların biri səhv
etsin, 5-i səhv etsin, 15-i səhv etsin, axı hamısı səhv
edə bilməz. Yəni doğrudanmı
hamısı, bütün həkimlər bisavaddır? Bu boyda səhv etmək olmaz axı? Qoyulan diaqnoz özünü doğrultmadı
(Bağışlayın, səhv etmişik). Bu boyda səhv
ola bilər? Axı mən hər
gün, hər saat, hər dəqiqə demək olar ki,
ölümümü gözləyirdim. Atam
da mənlə bərabər ölüb-dirilirdi. Sən
demə... Gözlərimə gedən qan damarları
Pakistanın o dəhşətli istisinə tab gətirməyib
qapanıb. Gözlərimin sinirinə qan
sızıb. Həm də o qan ləkələri
aparatda şiş kimi göstərilib (İndi mən bilmirəm,
tibbi terminlərlə bunu necə izah edim. Nə isə...).
Pakistanla Hindistan müharibəyə hazır vəziyyətdə
idilər. Demək olar ki, ölkə
müharibə şəraitində yaşayırdı. Ona görə də qaş qaralandan sonra elektriki kəsirdilər.
Kondisionerlər işləmirdi. Mən də bəzən maşında kondisioneri
yandırıb gecələyirdim. Bəzən
də istiliyin əlindən yata bilməyib oyaq qalırdım.
O istilərdə ailəmi geri qaytarmışdım. Özüm tək qalırdım.
Diaqnozu müəyyənləşdirdilər. Mən
müalicə olundum, sağaldım. Həm
də, tam sağaldım. Həkimlər məsləhət
gördülər ki, bir müddət istiyə düşməyim,
bir müddət ağır şey qaldırmayım, bir
müddət isti sudan istifadə etməyim
və sair...
Yenidən Pakistana qayıdıram. Atamın and
verməsinə, yalvarmasına baxmayaraq, yolumdan dönmədim.
Axı heç qala da bilməzdim. Əmr yox, göstəriş yox, fərman yox. Mənim qalmağa ixtiyarım yox idi. Bu, dövlət işidir. Amma sözün
düzü, bir az da ehtiyat edirdim. İstəyirdim ki, İslamabada çatan kimi səfirliyə
kiçik bir generator alım. Çünki
isti həmin istidir. Səfirlik isə
büdcə təşkilatı olduğundan smetadan artıq xərcləməyə
ixtiyarımız yoxdu. Yox, olmadı, ala
bilmədim. Görünür, bu, atamın
ürəyinə dammışdı. Mən
İslamabada gəlib çatandan düz iki həftə sonra
atam diplomatik kuryerlə mənə 2 min dollar pul göndərdi.
Atam məktubunda yazırdı: "Gözümün nuru,
amanın günüdür, gözlərindən muğayat ol.
Bu pulu da geri qaytarma. Səni
Allaha and verirəm, bu pula orada özünə bir generator
al".
Həə...
İndi bütün bu olub keçənləri
xatırlayanda məni dəhşət götürür.
Ay aman... Mən nə yaman atama əziyyətlər
vermişəm. Sözəbaxan
olmamışam. Atamın dəlisi
olmuşam. Eyni zamanda, onun üzünə
də həsrət qalmışam. Nə
yubileylərində, nə ad günlərində, nə bayramlarda,
nə tamaşalarının premyeralarında onun yanında
olmuşam, onu təbrik etmişəm. İndi
isə qovruluram, göynəyirəm. Həmişə
orda-burda olmuşam. Ondan ayrı
düşmüşəm.
***
Kişinyov. 2009-cu il, 12 fevral. Möhkəm
qar yağır. İş başında
oturub, atamla telefonla danışıram. Onun
o gözəl, yatımlı səsi sanki məni isidir. İlyarım bundan əvvəl iyulun 7-də atamla
görüşüb ayrılmışam. Ondan sonra Bakıya gedə bilməmişəm.
Amma söz verirəm ki, Novruz Bayramına
hökmən yanına gələcəyəm. Birdən atam dərindən bir ah çəkdi.
Həmişə mənə qarşı ərkli,
tələbkar, hökmlü olan atam indi son dərəcə ərksiz,
tələbsiz idi. Sanki xahiş edirdi ki, ay oğul bəlkə
bir az tez gələsən, heç olmasa
2-3 günlük. Axı, səni çox
görmək istəyirəm. Sənə deyiləsi bəzi
məsələlər var e... Tək sənə
demək istəyirəm. Allah elə bil ki,
onun mənə qarşı olan tələbini də,
hökmünü də əlindən almışdı.
Bir qədər məyus oldum. Axı, o niyə belə ah çəkdi. Mən
də dedim ki, yaxşı, çalışaram bir şey
fikirləşim. Bəlkə tez gəldim.
Görüm nə edirəm.
-... Yaxşı, ay oğul, bax da. Amma
sənə deyiləsi çox sözüm var.
Elə belə də xudahafizləşib dəstəyi
asdıq. 5-10 dəqiqə keçmədi ki, atam yenə də
zəng etdi. Həmişə demişəm,
yenə də deyirəm, bu qəfil telefon zənglərindən
həmişə qorxmuşam, elə qorxmuşam ki... dəstəyə
yaxınlaşmağa belə qorxmuşam.
... - Bəli, ay ata.
- Ay, oğul, qurban olum, tələsib eləmə, işində ol... Elə-belə sözdü də dedim... Vaxtın olanda gələrsən, Novruzda deyirsən, qoy Novruzda olsun. Gələrsən, onda söhbətləşərik. Elə bu zaman yadıma ölməz şairimiz Əli Kərimin misraları gəldi. Əstəğfürullah, bu, hardan yadıma düşdü. Bəlkə də elə bu o deməkdir:
...Gələn zaman bir əbədi
ayrılıq dəmi
Gah
istəyib məni görə, gah deyib ki mən
Qoy
bilməyim, o utanıb öz ölümündən...
Yox, yox, Allah eləməsin. Bu nə axmaq fikirlərdi,
ağlıma gəldi. Dərhal köməkçimi
çağırıb ayın 15-ə Bakıya bilet
sifariş verdim.
Kişinyov. 2009-cu il. 13 Fevral. Həə.. Həmin əbədi olan ayrılıq dəmi gəldi.
***
İndi düz 11 ildir ki, sənsizəm, ay ata.
Məsləhətlərsiz, danlaqlarsız, nəsihətlərsiz
yaşayıram. Həmişə harda olduğumdan
asılı olmayaraq səni itirmək qorxusuna da həsrətəm.
Artıq bu qorxusuz yaşayıram. Sənin o qəfil telefon zənglərindən
də qorxmuşam. Amma bu qorxu nə gözəl qorxu imiş.
Bu qorxunun qədrini bilməmişəm. Kaş yenə də,
səninlə bağlı olan o qorxu hisslərini
yaşayaydım.
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet.- 2020.- 10 yanvar.-S.10.