İsa Həbibbəylinin "Ədəbiyyat,
zaman və müasirlik"
kitabı Moskvada
Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəylinin Moskvadakı "Xudojestvennaya
literatura" nəşriyyatında
"Ədəbiyyat, zaman
və müasirlik"
adlı kitabı nəşr olunub.
"Ədəbiyyat və zaman" adlı giriş məqaləsi ilə açılan kitabın "Ədəbiyyat
nəzəriyyəsi" bölməsində
Azərbaycan ədəbiyyatındakı
ədəbi cərəyanların
tarixi təkamül prosesləri, estetikası və poetikasından, habelə əsas yaradıcılarının xidmətlərindən
geniş bəhs olunub. Bu bölmədə
eyni zamanda, ədəbi növlərin
və janrların təsnifatı məsələsinə
yenidən baxılaraq
satiradan ədəbi növlərdən biri kimi söz açılır.
Azərbaycan ədəbiyyatı tarixinə
həsr edilmiş portret-oçerklər akademik
İsa Həbibbəylinin
müəllifi olduğu
dövrləşdirmə konsepsiyası
əsasında və xronoloji qaydada təqdim edilib. Kitabda intibah dövrü Azərbaycan ədəbiyyatı
Nizami Gəncəvi, orta əsrlər İmadəddin Nəsimi, erkən yeni dövr Molla Pənah Vaqif, tənqidi realizm epoxası Cəlil Məmmədquluzadə və
Eynəli bəy Sultanov, romantizm Hüseyn Cavid, sovet dövrü ədəbiyyatı isə
Səməd Vurğun
kimi sənətkarlarla,
müstəqillik mərhələsi
Rəşad Məcidlə
təmsil olunub.
Monoqrafik
tədqiqatın "Folklorşünaslıq
və mədəniyyət"
bölməsində "Kitabi-Dədə
Qorqud" dastanlarındakı
Təpəgöz boyunun
tipologiyası izah edilib, Gəmiqaya-Qobustan mədəniyyəti, Orxon-Yenisey
abidələri təhlildən
keçirilib.
"Rusiya ictimai-ədəbi
mühiti" bölməsində
"Mixail Şoloxov və Azərbaycan ədəbiyyatı" oçerki
yerləşdirilib, Nobel mükafatı
laureatı, məşhur
fizik, akademik Jores Alfyorovla müsahibə oxuculara çatdırılıb.
"Dünya ədəbiyyatı"
bölməsində Azərbaycan-Çin
ədəbi-mədəni və
elmi əlaqələrindən,
"Oxşar ədəbi
talelər" rubrikasında
isə türk xalqları ədəbiyyatlarının
dövrləşdirilməsindən, Azərbaycan-qazax və türkmən ədəbi
əlaqələrindən bəhs
edilir, dünya şöhrətli qırğız
yazıçısı Çingiz
Aytmatov "ədəbi
mogikan" adlandırılır.
Kitabda Azərbaycan
Elmlər Akademiyasının
təsis edilməsi və fəaliyyətinin
ilk mərhələsinə, fizika və lirikanın qarşılıqlı
əlaqələrinə, ədəbiyyatda
multikultural dəyərlərin
bədii ifadəsinə
dair məqalələr
"Elmin üfüqləri"
bölməsində yer
alıb.
"Ədəbiyyat, zaman
və müasirlik"
kitabının elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran
Mustafayev, məsul redaktoru isə Azərbaycan Yazıçılar
Birliyi Moskva Bölməsinin məsul katibi, filologiya elmləri doktoru Abuzər Bağırovdur.
Kitab Azərbaycan
ədəbiyyatının tarixi
və nəzəriyyəsinin,
görkəmli yaradıcılarının,
böyük ənənələrinin
rusdilli məkanda elmi səviyyədə təbliği üçün
zəngin mənbədir.
Şahanə
525-ci qəzet.- 2020.- 10 yanvar.- S.9.