"Təhsil terminlərinin izahlı
lüğəti"
BU YAXINLARDA
ÇAPDAN ÇIXMIŞ EYNİADLI KİTAB HAQQINDA QEYDLƏR
Kitabların tipoloji sistemində
lüğət, yəqin
ki, hər zaman birinci sırada
dayanır: işləklik
dərəcəsinə, hər
kəsə gərəklik
keyfiyyətinə görə.
Lüğətlər də çeşidli tipoloji sistemə sahibdir: hər hansı ögey dildən doğma dilə tərcümə lüğətləri,
ensiklopedik lüğətlər,
izahlı lüğətlər,
hər hansı sahəni əhatə edən izahlı lüğətlər. Bütün
tip lüğətlər anlayışları
dərk etmək işində hər kəsin yaxın köməkçisi, yol göstərənidir. Ensiklopedik izahlı
lüğət hər
yerdə - işdə,
məktəbdə, xüsusilə
ailədə gərəkli
kitab formatı kimi çox qiymətlidir. Qloballaşma şəraitində dillərin
bir-birinə inteqrasiyası,
yeni terminlərin meydana çıxması bir tərəfdən hər bir dilin
lüğət tərkibinin
zənginləşməsinə xidmət edirsə, digər tərəfdən
güc dövlətlərinin
dilinə müəyyət
ehtiyac yaradaraq doğma dilin zəifləməsini, bir sıra hallarda bu dilə etinasızlığı
meydana çıxarmaqdadır.
Bütün bu narahatlıqlara
görədir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin xüsusi sərəncamları ilə
milli dilimizin yad təsirlərdən qorunması, milli resurslar hesabına zənginləşdirilməsi, teleradiolarda
dilimizin yüksək şəkildə tətbiqi
və digər məsələlərlə bağlı
proqramların həyata
keçirilməsi prosesi
gündəmdədir. Bu
sahədə, yenə
təkrar edirik, müxtəlif tipli lüğətlərin hazırlanması
və nəşr edilməsi vacib şərtlərdən biridir.
Son vaxtlar AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun
hazırladığı müxtəlif
səpkili lüğətlər
dilimizin qorunması, zənginləşdirilməsi və
nəhayət, hər
kəsin anında istifadəsinə şərait
yaratmasına çox
kömək etməkdədir.
Bu sırada "Zərdabi Nəşr"
MMC-nin nəşr etdiyi "Təhsil terminlərinin izahlı lüğəti" çox
mühüm əhəmiyyətə
malikdir. İlk növbədə onu deyək ki, bu lüğəti Azərbaycan Respublikası
Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin
böyük məsləhətçisi
Hüseyn Mirzəyev, Azərbaycan Respublikasının
Əməkdar müəllimi
Sevda Quliyeva, AMEA Dilçilik İnstitutunun
tətbiqi dilçilik
şöbəsinin elmi
işçisi Sevinc Səfərova kimi tanınmış mütəxəssislərdir.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı
elmi işçisi Aytən Bəylərova, rəyçiləri filologiya
üzrə elmlər doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin
baş elmi işçisi Nəriman Seyidəliyev və yenə də həmin institutun tətbiqi dilçilik şöbəsinin böyük
elmi işçisi Arzu Hüseynovadır. Biz bu müəlliflərin,
redaktor və rəyçilərin ünvanlarını
ona görə dəqiq təqdim edirik ki, oxucu
bu izahlı lüğətin birbaşa
təhsil və dilçilik sahəsi ilə bağlı olduğunu görsün və kitabın məhz buna görə də çox keyfiyyətli hazırlandığına əmin
olsun.
Hər kəsin gözü qarşısındadır ki,
indi dünya az qala hər gün dəyişməkdə, yeniləşməkdədir.
İnformasiya texnologiyasının
sürətli inkişafı
bizi də bu dəyişmələrlə
tanış edir. Bu dəyişmələr,
əslində, XXI əsrin
çağırışları kontekstində baş verir və biz belə bir qənaətə
gəlirik ki, XXI əsrin çağırışlarının
əsas ünvanlarından
biri təhsil sistemidir. Azərbaycanda təhsil sistemi
daim dövlət qayğısı ilə əhatə olunmaqdadır
və bu qayğıya, bu diqqətə cavab kimi təhsil nazirliyinin qlobal işi göz qabağındadır. Adını çəkdiyimiz
müəlliflərin "Təhsil
terminlərinin izahlı
lüğəti" kitabı
həmin çağırışlara
bir cavab kimi də qiymətləndirilə
bilər. Çünki
təhsilimizin dünya
təhsil sisteminə sürətli inteqrasiyası
orta məktəbdən
başlamış ali təhsil sisteminədək hər yerdə həm də yeni sözlər,
yeni terminlərlə üzləşməkdədir. Hər hansı
bir elm sahəsini anlamaq isə ilk növbədə o sahənin
terminlərinə bələdlikdən
başlayır. "Təhsil terminlərinin izahlı lüğəti"
məhz bu ideyaya, bu gerçəkliyə
xidmət edir.
İzahlı lüğət özündə
iki mühüm aspekti ehtiva edir: birincisi, ana dilimizin hesabına
tarixən yaranmış
və müntəzəm
olaraq yaranmaqda davam edən terminlərin geniş semantikası; ikincisi, alınma sözlərlə
tarixən dilimizə keçmiş və bu gün də
keçməkdə olan
alınma terminlərin
məna tutumunun izah edilməsi;
Xüsusi qeyd edək ki, yuxarıda dediyimiz kimi, təhsil sahəsinin getdikcə dəyişməsi,
yeniləşməsi, Azərbaycan
təhsil sisteminin dünya təcrübəsinə
transformasiyası bu sahədə işlənən
beynəlxalq terminlərlə
bağlı alınma
sözləri qaçılmaz
edir. Məsələn, bu
gün istər orta məktəbdə,
istərsə də ali təhsil sistemində
işlədilən alt-standart, summativ qiymətləndirmə, diaqnostik
test, fakültətiv, innovasiya,
interaktiv təlim, kampus,
kollokvium, boloniya kredit (təhsillə bağlı), kurikulum, magistratura, sillabus, test, tyutor və s. kimi çoxsaylı terminlər alınmalara aiddir ki, onların
izahlı lüğəti çox vacib bir vəsait kimi bizə gərəkdir.
Lüğətdə
izahı verilən bir sıra terminlər var ki, ilk
baxışda onları təhsil sahəsinə aid olmayan
anlayışlar kimi düşünmək olar. Məsələn,
adaptasiya, adekvat, elita, evristika, kommunikasiya, kontekst, multimedia və digər bu kimi anlayışlar nəzərdə tutula bilər. Lakin əvvəla belə bir adi həqiqət var ki, əslində, dilimizdə təhsilə
bağlı olmayan söz
yoxdur. Çünki orta məktəb, ali məktəb
bədii ədəbiyyat nümunələrindən tutmuş, fizikadan, lirikadan tutmuş triqonometriyaya, riyaziyyatdan bütün istiqamətlərdə minlərlə
sözün bu və ya digər məqsədlə işləndiyi
yerdir. Amma "Təhsil terminlərinin izahlı lüğəti"nin
müəllifləri bu böyük
söz baqajını, əlbəttə, əsasən
"Azərbaycan dilinin izahlı
lüğəti" milli ensiklopediya
kimi fundamental vəsaitlərin
öhdəsinə buraxmaqla, çox doğru olaraq, özləri də təhsildə özünü mütləq göstərən
ümumişlək söz və
terminlərdən də yan keçməmişlər.
İzahlı lüğətin müəllifləri kitaba çox qısa, amma çox aydın bir formatda yazdıqları "Ön söz"də tamamilə doğru qeyd edirlər ki, "bu lüğət öz elmi dəyəri ilə bərabər, həm də tətbiqi mahiyyət daşıması ilə seçilir. Bu lüğətdən respublikamızın tədris və təhsil sistemi ilə bağlı olan, ixtisasından asılı olmayaraq ali və orta məktəblərdə çalışan bütün mütəxəssislər, peşəkarlar, həmin tədris ocaqlarında oxuyan tələbə və şagirdlər faydalanacaqlar". Biz də əlavə edək ki, bu kitab çoxsaylı media işçiləri, jurnalistlər üçün də maraqlı söz mənbəyi rolunu oynayacaq. Sonda bu kiçik qeydlərimizi Ulu öndər Heydər Əliyevin tarixlərə düşəcək aşağıdakı sözləri ilə bitirmək istərdik: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babamızdan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı gözbəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".
Şəlalə
RƏHİMOVA,
Heydər
Əliyev adına liseyin müəllimi,
qabaqcıl təhsil
işçisi
525-ci qəzet.- 2020.- 10 yanvar.- S.8.