Türkiyədə Bəxtiyar Vahabzadə
haqqında xüsusi nəşr
hazırlanıb
Türkiyədə
nəşr edilən nüfuzlu "Təmrin" dərgisinin
2020-ci il ilk nömrəsi Azərbaycan ədəbiyyatının,
eləcə də bütün türkdilli poeziyanın
ustadlarından olan, Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr
edilib.
AZƏRTAC
xəbər verir ki, dərginin baş yazarı Hasan Parlakın
"baş redaktor"dan giriş yazısı ilə
açılan jurnalda daha sonra Azərbaycanın Mədəniyyət
naziri Əbülfəs Qarayevin türkiyəli oxucunu
"salamlama mətni" yer alıb. Sonra isə Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anarın ("Bəxtiyarlıq"),
Millət vəkili Cavanşir Feyziyevin ("Türk
dünyasının sönməyən ulduzu"), akademik
Nizami Cəfərovun ("Millet şairi Bəxtiyar Vahabzadə"),
akademik İsa Həbibbəylinin ("Milli istiqlal şairi Bəxtiyar
Vahabzadə"), "Ədəbiyyat qəzeti"nin baş
redaktoru Azər Turanın ("Bəxtiyar Vahabzadə ilə
bağlı oxunmamış səhifələrdən
parçalar"), professor Cavanşir Yusiflinin ("Bir
şeirin dedikləri və eşqə dair"), filologiya elmləri
doktoru Elnarə Akimovanın ("Bəxtiyaram mən")
yazıları, habelə şairin öz dilindən
danışılan "Həyatım və sənətim"
xatiratının parçaları, Şəkidəki
ev-muzeyindən kiçik fotoreportaj yer alır.
Dərgidəki bütün materialların
Türkiyə türkcəsinə
tərcüməçisi, yazıçı Ömər
Mehmetoğlunun "Azərbaycanın
ölümsüz şairi
Bəxtiyar Vahabzadə"
məqaləsi də
var. Bundan əlavə,
Azərbaycanın və
Türkiyənin, eləcə
də bütün türk dünyasının
dövlət adamlarının
- Azərbaycanın Ümummilli
lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin, Türkiyə Cümhuriyyətinin
IX prezidenti Süleyman
Dəmirəlin, eləcə
də görkəmli ədəbiyyat və mədəniyyət adamlarının
- Rəsul Rza, Çingiz Aytmatov, Lev Qumilyov, Oljas Süleymenov, Yavuz Akpınar, Cavad Heyət, Əhməd Ercilasun, Mehmet Kaplan, Yavuz Akpınar, Yevgeni Yevtuşenko, Rimma Kazakova, Pavlo Movçan, Yavuz Bülən Bakilər, İmamverdi Əbilovun qısa fikirləri də dərgidə xüsusi bölümlərdə təqdim
edilib.
Dərgini oxucular üçün
maraqlı edən daha bir xüsusi
məqam Bəxtiyar Vahabzadənin dillər əzbəri olar şeirlərinin ("Ana dili",
"Axı dünya fırlanır", "Vətən
marşı", "Bir
sirdaş istəyirəm",
"Azərbaycan-Türkiyə", "Şəhidlər", "Mən
türkəm" və
b.) təqdimatıdır.
Qeyd edək
ki, dərgi millət vəkili Cavanşir Feyziyevin yaxından iştirakı və dəstəyi ilə ərsəyə gəlib. Mətnlər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzində seçilib
və tərcümə edilib. Layihənin
rəhbəri Bədii Tərcümə Mərkəzinin sədri
Səlim Babullaoğlu, koordinatoru
Bəxtiyar Səlimov və Ömər Küçükmehmetoğludur.
525-ci qəzet.- 2020.- 10 yanvar.- S.8.