Nəsimi yaradıcılığına dair yeni kitab
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr və tərbiyə
işləri üzrə prorektoru, filologiya elmləri doktoru,
professor Gülşən Əliyeva-Kəngərlinin
"Hüsnü-cəmal, əqli kamal (Nəsimi
poetikasından incilər)" kitabı nəşr olunub.
Akademik
Teymur Kərimlinin elmi redaktorluğu ilə işıq
üzü görən kitaba tanınmış
füzulişünas alim Gülşən Əliyeva-Kəngərlinin
dahi Azərbaycan şairi İmadəddin Nəsimi haqqında
mülahizələri daxil edilib. Nəsimi poeziyası
heç bir ənənəvi estetik qəlibə sığdırmayan
müəllif onun şeirinin poetik özəlliklərini sufi və hürufizm nəzəriyyələri
kontekstində, Şərqə
məxsus "qəvaidi-ədəbiyyə"
əsasında açıb,
ecazkar Nəsimi poeziyasına yanaşmağın
yollarını göstərib.
O, türk-islam dünyasının
mütəfəkkiri İmadəddin
Nəsimi poeziya nəhrindən keçməyi,
mifik sehrli aləmindən, möcüzələrdən,
fikrin sehr dolu cəngəlliklərindən,
gerçəkliyin adiliklərindən,
hərflərin və
rəqəmlərin başgicəlləndirici
mühitindən, cadu və rəmzlərin dolanbac cığırlarından,
mistik düşüncənin
ziqzaqlarından, hüsnün
və eşqin durğunluğundan keçmək
kimi qiymətləndirir.
Nəsimi şeirinin bədii fəlsəfi dünyasına girmək üçün Azərbaycan
tarixini, İslam dini zənginliklərini, qədim türk əşirətlərini və
qədim türklərin
düşüncə tərzini
dərindən bilməyin
zəruriliyini, iki cahanı öz varlığına sığdıran,
əslində, yerlə
göy sərhədlərində
dayanan, Allahı insana endirən bir şair barəsində
yazmağın çox
mürəkkəb olduğunu
bildirir.
Kitabda Nəsiminin şəxsiyyətinə
və yaradıcılığına
həsr olunmuş
"Türk ruhunun poetik vüsəti",
"Şeirimizin "quş
dili", yaxud Nəsimi poeziyasında rəmz", "Nəsimi
poeziyasında "hüsnü-cəmal",
"Nəsimi poeziyasında
Can, Cahan, Canan (kosmik aləmin dərki)", "Nəsimi
şeirində vəhdət:
mürşid və mürid", "İki dahi: Nəsimi və Füzuli şeirində ədəbi
paralelizm" və
"Bütün zamanların
dahisi (nəticə əvəzinə)" sərlövhəli
məqalələr toplanıb.
525-ci qəzet.- 2020.- 10 yanvar.- S.8.