Güldürə-güldürə düşündürən yazıçı - Şahanə Müşfiqin yazısı

 

Yazıçı, publisist Xeyrəddin Qocanın 70 yaşına

 

Hələ 10 il öncə, 60 illik yubileyi münasibətilə verdiyi müsahibələrindən birində belə deyirdi Xeyrəddin Qoca: "Heç inanmağım gəlmir ki, 60 yaşa gəlib çatmışam. Öz-özümə təəccüblənirəm, 60 yaş nə tez gəldi? Bu ömrü nə vaxt yaşadım? Amma hər dəfə ürək ağrılarım tutanda, qan təzyiqim qalxanda hiss edirəm ki, ömür keçir... Məişət qayğıları, həyat ehtiyacları, mübarizələr içində bir də gördüm ki, 60 yaşa çatdım".

Yanvarın 29-da yazıçı, publisist, dəyərli ziyalı Xeyrəddin Qocanın 70 yaşı tamam olur. Əminəm, özündən soruşsaq, yenə də o müsahibədən bu günəcən keçən 10 ilin belə necə ötüb getdiyini deyə bilməyəcək. Yenə də yaradıcılığın, yazı-pozunun, ailə qayğılarının içərisində ötüb keçən 10 il... ümumilikdə 70 il. Amma Xeyrəddin müəllim özü bu illərin necə keçdiyini bilməsə də, tərcümeyi-halı onun şərəfli ömür yoluna çox gözəl ayna tutur. Tərcümeyi-halını, ömrünün ayrı-ayrı səhifələrini və müasirlərinin, qədirbilən ziyalılarımızın onun haqqındakı xatirələrini, fikirlərini oxuyarkən anlayırsan ki, həqiqətən də bu illər özünün dediyi kimi, bircə anda deyil, iz sala-sala keçib.

Xeyrəddin Qoca 1950-ci ildə Ağdaş rayonunun Qülbəndə kəndində müəllim ailəsində dünyaya göz açıb. 1967-ci ildə Qəsil kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinə qəbul olunub. Sonralar müxtəlif mətbuat orqanlarında müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. 1995-ci ildə millət vəkili seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin martına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsində çalışıb. Yazıçı "Filankəslər", "Hərə öz payını götürsün", "Marallar", "Bu dünyadan məktublar...", "Gərək yazam", "Hərənin öz payı", "Pyeslər", "Bu da belə həyatdır", "Yazdıqlarım... yazılanlar..." və digər kitablarının müəllifidir. X.Qoca böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirib. "Hərənin öz payı" adlı satirik komediyası Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. "Qonşulaşma, qohumlaşma, kirvələşmə" pyesi AzTV-nin efirində ekran həyatı tapıb. "Düzü düz, əyrini əyri", "Bu, bizim zamanədir", "Toy olacaq" pyesləri isə Azərbaycan radiosunda səsləndirilib.

X.Qoca indiyədək mətbuatdakı xidmətlərinə, səmərəli fəaliyyətinə, vətəndaşlıq mövqeyinə, satira və yumor janrında qələmə aldığı əsərlərinə görə "Qızıl qələm", "Dan ulduzu", "Araz" Ali Ədəbi Mükafatına layiq görülüb.

Yazıçı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Xeyrəddin Qoca adı çəkilərkən ilk növbədə yada satira, yumor düşür. Çünki yazıçı öz etirazını, ağrısını, kədərini, narazılığını məhz gülüş vasitəsilə çatdırır.

Bu yaxınlarda bir psixoloq söhbət zamanı belə bir fakt demişdi: "Bir hissin ən pik nöqtəsi əks qütbə keçiddir. Məsələn, bir insanın canı o qədər yanar, ağrı o dərəcədə şiddətlənər ki, insan o ağrının şiddətindən gülməyə başlayar. Bu gülmək əslində, ağlamağın ən pik həddidir". Bu faktı eşitdikdən sonra satirik yazıçıların yaradıcılığına bir az da fərqli yanaşmağa başladım. Deməli, onların yaradıcılığındakı gülüş ağrının ən pik həddidir, ən dözülməz zirvəsidir. Onların ürəyi o qədər ağlayır ki, artıq gülmək həddinə çatırlar. Xeyrəddin Qocanın ayrı-ayrı satirik əsərlərində də məhz bu ağrıdan qopan gülüş var. O gülüş ki, oxucunun da dodaqlarına yayılıb ürəyini ağrıda, düşüncələrini məşğul edə bilir.

Yuxarıda sitat gətirdiyim müsahibənin başqa bir yerində yazıçı özü haqqında danışarkən, həm də onun haqqındakı bu düşüncələrimizi də təsdiqləmiş olur: "Başqalarına nikbin təsir bağışlasam da, əslində, hər dərdi ürəyimdə çəkirəm. İnsanları çox sevirəm. Mənim tənqidim də insanlara olan hədsiz sevgimdən irəli gəlir. İstəyirəm ki, cəmiyyətimizdə nöqsansız, eyibsiz insanlar çox olsun. Onu da deyim ki, kövrək, hissiyatlı adamam. Məsələn, "Segah" muğamını dinləyərkən həmişə kövrəlirəm. Heç vaxt satiralarımı gülüş naminə yazmıram. Ona görə yazıram ki, yazmaya bilmirəm".

 

***

 

Yazıçı haqqında professorlar Pənah Xəlilov, Nizami Cəfərov, Xalq yazıçısı Anar, Xalq şairləri Qabil, Cabir Novruz, Zəlimxan Yaqub, türkiyəli yazıçılar və alimlər dəyərli fikirlər söyləyiblər. Bu günlərdə akademik İsa Həbibbəylinin mətbuatda çıxan məqaləsində Xeyrəddin Qoca müstəqillik dövründə Azərbaycan satirik nəsrinin görkəmli yaradıcısı və təmsilçisi kimi xarakterizə edilib: "Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq yazıçının satirik nəsrinin ana xətləridir. Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın "marallarının" bədii obrazını yaratmağa müvəffəq olub. Onun yaratdığı personajlar Molla Nəsrəddinin marallarının davamçıları, xələfləridir. Bütövlükdə Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanıb".

Professor Pənah Xəlilov X.Qocanın satirasını klassik satira ustadlarımızın ədəbi tərzi ilə müqayisə edərək yazır: "Xeyrəddin Qocanın yumorlu istehzası öz tərzinə görə klassiklərimizin istehza tərzinə söykənirsə, onun istər təmsillərinin, istər atmacalarının, istərsə süjetli hekayələrinin məzmunu təzədir, günümüzün adamlarıdır, idarələridir, cəmiyyətidir, ailəsi, məktəbi, jurnalistlər, yazıçılar aləmidir".

Akademik Nizami Cəfərov Xeyrəddin Qocanın "Bu dünyadan məktublar" kitabı haqqındakı yazısında müəllifdən bəhs edərkən deyir: "Xeyrəddin Qocanın yumoristik hekayələrində Mixail Zoşşenkodan da, Əziz Nesindən də, Cəlil Məmmədquluzadədən də, Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var. Lakin bu hekayələrin, lətifələrin, zarafatların müəllifi onun özüdür - Xeyrəddin Qocadır.

Xeyrəddin Qoca xüsusi olaraq qeyd etmək istərdim ki, təbiətən narahat, haqq-ədalət danılan yerdə susmağı bacarmayan, sözünü deməkdən qorxub çəkinməyən bir insandır. Həmin şəxsi fərdi cəhət yazıçı-publisist üçün, heç şübhəsiz, çox gərəklidir.

Xeyrəddin Qocanın tənqid hədəfləri olduqca rəngarəngdir, cəmiyyətin müəyyən təbəqələrinin, ayrı-ayrı insanların xarakterində özünü göstərən qüsurlu cəhətlər: bir sıra sosial, siyasi, mənəvi-əxlaqi tendensiyalar, vərdişlər həssas bir yazıçı qələmi ilə ortaya çıxarılır, gülüş obyektinə çevrilir. Lakin qeyd etmək lazımdır ki, bu, ifşaedici, yaxud sərt satirik gülüş deyil. "Bu dünyadan məktublar"ın müəllifi həssas olduğu qdər də ciddi, sosial-mənəvi normaları bir maarifçi səliqəsi ilə gözləyən insandır. Onun estetik idrak üsulu daha çox incə zarafatdır, zəif eyhamdır".

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar isə Xeyrəddin Qocanın xarakterindəki cəsarəti, qorxmazlığı qısa və lakonik şəkildə belə şərh edir: "Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur".

Xalq şairi Cabir Novruzun Xeyrəddin Qoca ilə bağlı dost mövqeyi onun yaradıcılığına peşəkar bir ədəbiyyatçı kimi baxmağına dəlalət edir. Onun xatirələri eyni zamanda, Xeyrəddin Qocanın Milli Məclisdəki fəaliyyət dövrü haqqında da bilgilər verir: "Beş il deputat olduğum Milli Məclisdə qazandıqlarımdan biri (şübhəsiz ki, mənəvi dəyərlər mənasında) X.Qoca ilə dostluğum olub. Əvvəllər mən onun adını eşitmişdim, imzasını tanıyırdım, xalqımızın böyük oğlu Heydər Əliyevin ağır günlərində, cəsarətlə, qorxmadan öz publisistik yazıları ilə müdafiəsinə qalxdığını bilirdim. Onu da bilirdim ki, Xeyrəddin həm də satirik, yumoristik hekayələr müəllifidir. Milli Məclisə deputat seçildiyi ilk gündən şəxsi tanışlığımız başladı. Daha doğrusu, onunla 5 il bir sırada əyləşdik və mən onu daha yaxından tanıdım. Və gördüm ki, o, yazılarında olduğu kimi cəsarətli, dostluqda etibarlı, mehriban, səliqə-sahmanlı, sözündə düz, həssas və xalqını üərkdən sevən bir insandır".

Xalq yazıçısı Elçin onun əsərlərini təkcə bir yazıçı kimi deyil, həm də vətəndaş kimi qiymətləndirir: "Xeyrəddin Qocanın bədii yaradıcılığı da, publisistik fəaliyyəti də həmişə xalqımızın istək və arzularını ifadə etmişdir. Onun satirası əyriliyə nifrət, eybəcərliklərə barışmaz yazıçı-vətəndaş münasibətini meydana çıxarır, xalqa məhəbbətini, xeyirə inamını ifadə edir".

Şair Hidayət Xeyrəddin Qocanın əsərlərindəki hadisələrin və obrazların həyatla bağlılığı haqqında özünəməxsus fikirdədir: "Xeyrəddin Qoca yüksək tərifə, xoş sözlərə layiq şəxsiyyətdir, layiq ziyalıdır, layiq yazıçıdır. Xeyrəddin gözəl publisistdir, gözəl jurnalistdir, gözəl nasirdir, gözəl satirikdir. Mənə elə gəlir ki, o, həyatdan bir sujet götürür və onu olduğu kimi verir. Bəlkə də Xeyrəddin bu sujeti həyatdan götürmür. Yazdıqları yaradıcılıq təxəyyülünün məhsuludur. Lakin mən həmişə Xeyrəddinin bədii yazılarında, publisistikasında təsvir etdiyi sujetlərdə bir bütövlük görmüşəm. Mənim diqqətimi o cəlb edir ki, Xeyrəddin bir süjeti götürür, yazır və sonra da deyir ki, "Hərə öz payını götürsün".

 

***

 

Xeyrəddin Qoca uzun illər Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında səmərəli fəaliyyət göstərib. Onun Türkiyədə çap olunan kitabları, əsərləri Azərbaycanla yanaşı, Türkiyənin, böyük Türk dünyasının da diqqət mərkəzində olub. Təsadüfi deyil ki, onun haqqında yüksək fikirlər səsləndirən ziyalılar arasında türkiyəli yazıçıların, publisistlərin də sözlərinə rast gəlirik. Adətən, onlar Xeyrəddin Qocanın satirasını Türk dünyasının böyük satiriki Əziz Nesinlə müqayisə edirlər. Türk professor Camal Anadol Xeyrəddin Qocanın Türkiyədə işıq üzü görən "Bu dünyadan məktublar" əsəri haqqında danışarkən deyib: "Budur, Azərbaycanın Əziz Nesini dediyimiz Xeyrəddin Qoca, bu əsəri ilə illərdən bəri cəmiyyətdəki müşahidələrinə dayanaraq hüzurlarınıza çıxır...

Azərbaycan ədəbiyyatında özəl yeri olan, əsərləri oxucuları tərəfindən həsrətlə gözlənilən Xeyrəddin Qoca, yaradıcılığının təməl qaynağını Azərbaycanda yumor və satira kimi incə janrların ustadları - ölməz Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev və Mirzə Ələkbər Sabirdən götürmüşdür.

Kitabdakı fikirlərin çoxu Türkiyə toplumuna da asanlıqla adaptasiya ola biləcək bir dəyər daşımaqdadır".

 

Türkiyəli professor İrfan Ülkünün sözügedən əsər haqqındakı: "Xeyrəddin Qocanın "Bu dünyadan məktublar"ını oxuyun, "Biz-bizə bənzəriz..." fikrinin nə qədər gerçək olduğunu görəcəksiniz" - fikirləri isə Camal Anadolun sözlərinin davamı kimi səslənir.

Xeyrəddin Qoca uzun illərdir öz satirik qələmi ilə müasir Azərbaycan ədəbiyyatına şərəflə xidmət edən sənətkardır. Onun ustadlarından əmanət aldığı qələm vicdanının səsinə bürünüb ədəbiyyat tariximizdə hələ çox-çox illər yaşayacaq əsərlər bir yazıçının, jurnalistin və nəhayət, bir vətəndaşın vətənə, cəmiyyətə və insanlığa xidmətidir. Dəyərli yazıçımızı yubileyi münasibətilə təbrik edir, sağlam can, yeni yaradıcılıq uğurları arzulayırıq!

 

525-ci qəzet.- 2020.- 10 yanvar.- S.7.