Canlı, oynaq və yumorla qanadlanan nağıllar

 

XALQ YAZIÇISI ELÇİNİN "MƏNƏ NİYƏ GÜLÜRLƏR" KİTABI HAQQINDA QEYDLƏR

 

Uşaqlar oxumaq istəmirlər! Uşaqlarımızın oxuması üçün bir şey yoxdur! Yaxşı kitabı hardan tapaq? Bu sual və nidalaların az qala hər gün eşidildiyi bir vaxtda "Təhsil" nəşriyyatı Xalq yazıçısı Elçinin "Mənə niyə gülürlər" adlı uşaq hekayələrini nəşr edib.

Rəssam Mələk Şimşək kitaba maraqlı illüstrasiyalar çəkib: canlı, oynaq və əsərlərin ruhuna uyğun - yumoristik. Səhifələrin ölçüsündən tutmuş şriftinəcən, rənglərin harmoniyasından tutmuş başlıqların yazılışına qədər; hər şey uşağın üzünə gülümsünür. Lakin kitaba daxil olan əsərlərin məzmunundakı ilıq təbəssüm olmasaydı, texniki vasitələrin yaratdığı yumor günəş doğan kimi uçub gedən səhər şehinə bənzəyərdi. "Mənə niyə gülürlər", "Gör necə top vuraram", "Mən lalə istəyirəm", "Belə də iş olar?", "Mən hər şeyi bilirəm" hekayələri yumoristik bir əhvalla yazılmışdır və kitabın adı da, rəssam və tərtibat işləri də bu ruhu əks etdirir. Bu silsilənin əsas qəhrəmanı üç yaşlı Səlimdir. O, balaca olduğu üçün buraxdığı səhvlərin mahiyyətini başa düşmür, etdiyi hərəkətlər gülüş doğurur. Səlim isə özünü çox yaşlı hesab edir. Axı bacısı ondan kiçikdir. Səlimin dili ilə desək, "onun hi, hi, adamın gülməyi gəlir, heç bir yaşı da yoxdur". Buna görə də Səlimə elə gəlir ki, o, çox böyükdür və hər şeyi bilir, hərəkətləri qətiyyən gülməli deyil. Buna görə də "Mənə niyə gülürlər" sualı onu daim narahat edir. Maraqlısı budur ki, Səlim başına gələnləri özü danışır, onu gülməli vəziyyətə salan epizodlara təəccüb edir. Oxucu uşaq Səlimin sadəlövh hərəkətlərini təbəssümlə qarşılayır, hekayənin sonunda Səlimin "mənə niyə gülürlər" sualı yumoru bir az da gücləndirir.

Bu hekayələr silsiləsinin gözəlliyi orasındadır ki, uşaq əsərlərimizin çoxunda olan quru cümləpərdazlıq, boğazdan yuxarı deyilmiş nəsihətamiz kəlamlar yoxdur. Hekayələrdəki yumor həyata məhəbbət, insana səmimiyyət hissini gücləndirir, uşaq aləminin gözəlliyi, özünəməxsus sadəlövh məntiqi, onları həyata bağlayan sevgi çeşməsinin gözünü açır, şən uşaq dünyasının daha gur, daha işıqlı olmasını təmin edir. Ustad yazıçı balaca Səlimi müxtəlif məqamlarda təsvir edir, amma bir kəlmə də nəsihətamiz söz işlətmir. Səlimin Firidun əmidən aldığı süd yerə tökülür. Uşaq qayıdıb satıcıdan qabı yenidən doldurmasını tələb edir:

"Firidun əmi dedi:

- Niyə qabı təzədən doldurmalıyam, əzizim?

- Axı bayaq qabı doldurmuşdun, yıxıldım, dağıldı. İndi boşdu. Yenə doldur, aparım evə.

 Firidun əmi bir az mənə baxdı. Sonra başladı gülməyə. O qədər güldü ki... Mən soruşdum:

- Nəyə gülürsən?

O dedi:

- Heç nəyə. Böyüyəndə özün bilərsən". Yazıçı hadisələrə müdaxilə etmir. "Mənə niyə gülürlər?" deyən Səlimin sualını da cavabsız qoyur və tamamilə doğru hərəkət edir. Əgər bircə kəlmə Səlimə nəsihət verilsəydi, həmin cümlə dərhal oxucu uşağın dilində ibarəyə çevrilərdi.

Bu silsilyə daxil olan hekayələrdəki əhvalatlar çox rəngarəngdir. Yazıçı Səlimi bir-birinə oxşamayan situasiyalarda təsvir edir. Bu hadisələrin hər birində yumor önə çıxır, uşaqların ovqatına xoş əhval gətirir. Səlim obrazı hekayədən hekayəyə yeni bir çalar alır. Əgər o, əvvəlki hekayədə adi bir şeyi - süd qabını ikinci dəfə dolduranda Firidun əmiyə pul ödəməli olduğunu bilmirdisə, "Gör necə top vuraram" hekayəsində - gizlənpaç oyunu zamanı -  nənəsini aldatmağa çalışır, amma yenə də gülüş obyekti olur.

"Nənəm gözlərini açdı. Ora baxdı, bura baxdı. Sonra yavaş-yavaş mənə tərəf gəlməyə başladı. Mən tez qışqırdım:

- Nənə, mən burda deyiləm, mətbəxdə gizlənmişəm.

Nənəm:

- Hə... - dedi. Amma bilmirəm heç niyə güldü..."

"Səlimin hekayələri" silsiləsinə daxil olan əsərlərin əsas qayəsi bu balaca oğlanın məzəli əhvalatlarının arxasında uşağın tez böyümək, özünü təsdiq etmək istəklərinin dayandığını göstərməkdir. Valideynləri işə, qonşu uşaqlar məktəbə gedir. Evdə təkcə balaca lalə və Səlim qalır. Amma Səlim bütün bunlarla barışmaq istəmir. Ətrafdakılara sübut etmək istəyir ki, o da həyatın bəzi işlərindən baş çıxarır, kiməsə kömək edə bilər. "Mən hər şeyi bilirəm" hekayəsində yağışın buxardan yarandığını söyləyir, kəndə gedəndə suyu qaynadıb buxara çevirəcəyinə, yağış yağdırıb, bağları suvaracağına söz verir. Səlim nə qədər gülüş obyektinə çevrilsə də, o, diri obrazdır. Onu gülünc hala salan əhvalatlar da Səlimin fəallığından irəli gəlir. Bu dirilik hekayələrin ümumi ruhunu müəyyənləşdirir və oxucuya nə dərəcədə təsir edəcəyi haqqında təsəvvür yaradır.

Kitaba daxil olan bölmələrdən biri "Balaca Qırmızı Çiçək və başqa hekayələr" adlanır. Bu hekayələr lirik ahəngi ilə seçilir. Balaca Qırmızı Çiçək çox balacadır. Cəmi bircə gündür ki, açılıb. Ətrafdakılar hərəkətdədir; kəpənəklər uçuşur, hamı sevinir, təkcə bu balaca çox qəmlidir. Çünki hamının anası var, amma o, özünü yetim kimi aparır. Onu başa salırlar ki, bütün bitkilərin anası torpaqdı, bir qədər sevinir, amma elə bir ana istəyir ki, onu qucağına götürsün, bağrına bassın, əzizləsin: "Bax o balaca qızın anası var. O balaca buzovun anası var. O balaca bülbülün anası var. Bəs mənim niyə anam yoxdu?"- deyə düşünür.

"Anası balaca qızını qucağına alıb çəmənlikdəki cığırla kəndə tərəf gedirdi. İnək buzovu yanına alıb qarşı dağın döşündən keçirdi... "Bu hekayədə nağılvari əhvalatdan daha çox hissə, duyğuya üstünlük verilir. Balaca Qırmızı Çiçək biləndə ki, onun da anası var. Torpaq bütün bitkilərin anasıdır, sevinir, amma onun üzündə, "özü kimi lap yüngül, lap zərif bir qəmginlik var idi. Çünki Balaca Qırmızı Çiçək istəyirdi ki, onu da anası qucaqlaya bilsin - xırdaca ləçəklərindən öpsün". Beləliklə, yazıçı hiss etdirir ki, ana - xüsusilə insanın anası - hər bir körpə üçün əvəzsiz nemətdir. Bu fikir həm də ona görə önəmlidir ki, silsiləyə daxil olan növbəti hekayələrdə oxucunu insanların xoşbəxt ailə sevgisinə həsr olunan əsərlər gözləyir.

"Küləyin, çinarın və qaranquş balasının hekayəti" əsəri təsvirlərinin reallığına, dilinin, əhvalatın sadəliyinə görə uşaq əsəridir, lakin fəlsəfi məzmununa görə böyüklər üçün yazılan bədii nümunə təsiri bağışlayır.

 

Uşaqlara nəyin pis, nəyin yaxşı olduğunu hisslər vasitəsi ilə qəbul etdirmək çox faydalıdır. Hissin inkişafi həyatın tamlığını təmin edir. Hekayədə Çinar ağacının lovğalanmasını eşidən Külək onu cəzalandırmaq fikrinə düşür.

Küləklə Çinarın qovğası başlayır. Bu, ətrafda yaşayan quşları, böcəkləri - hamını narahat edir. Külək tufana çevrilib Çinarın axırına çıxmaq istəyir. Lakin ani sükutda Küləyin qulağına yuvada titrəyən qaranquş balasıının səsi gəlir. "... külək o saat o cıqqılı ürəyin döyüntüsünü eşitdi, sonra da quşcuğazın yenicə dil açdığı qaranquş dilində nə ciyildədiyini eşitdi: - Mən qorxuram".

Bir tərəfdən hündürdən ətrafdakılara üstdən aşağı baxan Çinarın lovğalığı, başqa tərəfdən körpə quşcuğazın "Mən qorxuram" nidası:

"... külək bu civiltini eşitdi və birdən-birə tamam boşaldı, o qaranquş balasının ürəyinin eləcə tappıltısı içində daha qıy vura bilmədi". Külək nə qədər dəli-dolu olsa da, Çinarın lovğalığına qarşı hiddəti soyumasa da, qovğanı dayandırır. Deməli, təbiətin ən güclü varlığı belə körpə bir quşcuğaza görə gücünü göstərmək niyyətindən uzaqlaşır. Daha tufan qoparmır. Əgər Külək tufana çevrilsəydi, təkcə Çinar deyil, ətrafdakı canlıların çoxu zərər çəkəcəkdi. Deməli, Külək öz qəzəbinin deyil ətrafdakıların qayğısına qalır. Bu, əslində, təbiətin harmoniyasının tərənnümüdür. Harmoniya - xaos antonimi hekayənin metaforasına çevrilir.

Külək həm güclü, həm də ədalətlidir, Çinar da böyükdür. Amma ətrafdakıları saymır. Müəllif onun fiziki böyüklüyünü mənəvi kiçiklik kimi verir. Çinar keçmişini unudan insanlara bənzəyir. Unudur ki, bir zaman balaca ting olanda yanından ötən adi meh belə onu titrədirdi. O, Küləyin ürəyini yumşaldan o balaca quşcuğazı da, ətraf aləmi də vecinə almır.

İri projektorlar işıq saldığı ərazidə hər şeyi göstərdiyi kimi, yazıçı da ən kiçik təfərrüatları belə gözdən qaçırmır. Çinar öz lovğalığını yarpaqlarının dili ilə bəyan edir, Külək qəzəbini vıyıltısı ilə bildirir, körpə quşcuğaz ciyiltisi ilə fəqan edir.

Folklorumuzda, klassik ədəbiyyatımızda bu tipli təmsillər çoxdur. Lakin onların ifadə tərzi nağılvaridir. Həmin təmsillərin yalnız ümumi məzmunundan çıxan nəticə ibrətamiz olur. Elçinin əsərində isə hər bir detalda məna var. Bu əsərdə məna yükü olmayan cümlə yoxdu. Buna görə də onu klassik təmsilçiliyimizin yeni, daha mükəmməl nümunəsi hesab etmək olar.

Uşaqlar da böcəklər kimidir. Saxta sözü sevmir. Yalançı səmimiyyətə də nifrət edirlər. Bu kitabda toplanan hekayələrin başlıca məziyyəti səmimiyyətdir. Bu silsiləyə daxil olan əsərlərin içərisində uşaq psixologiyasını çox dəqiq əks etdirən əsərlərdən biri "Nigar, Yalçın və onların Dədəsi" hekayəsidir. Hekayənin dili nəvələrinə şirin bir əda ilə nağıl danışan nənələrin, babaların dilidir. "Yumru-yumru qayalar yumruğudur çobanın. Yastı-yastı qayalar yastığıdır çobanın" - deyən xalqın dilidir. "Nigarın adı Nigar idi. Yalçının da adı Yalçın idi. Nigarın dörd yaşı vardı, Yalçının da iki yaşı. Nigar evcik-evcik oynayardı, Yalçın top-top. "Eyni sözlərin təkrarı hekayənin poetik dilinin özünəməxsus keyfiyyətidir (Bu barədə bir qədər sonra bəhs edəcəyik). Hekayənin şirinliyi birinci növbədə onun dilinin xəlqiliyi ilə bağlıdır.

Məlumdur ki, uşaq ədəbiyyatının başlıca məqsədi körpələrin tərbiyəsidir. Vətənə məhəbbət, cəmiyyətə məhəbbət, ətraf aləmə məhəbbət. Bunların hamısının mərkəzində ailə sevgisi dayanır. Öz ailəsini sevməyən vətənini də sevə bilməz. Adını çəkdiyimiz hekayədə ailə tərbiyəsi çox böyük ustalıqla əsərin dərin qatında gizlədilib. "Nigar istəyirdi ki, Dədə həmişə onunla oynasın, ona nağıl desin. Yalçın da istəyirdi ki, Dədə həmişə onunla oynasın, ona nağıl desin. İndi necə olsun? Axı Dədə bir nəfərdir". Uşaqların hər biri Dədəni bütöv İstəyir. Heç kəsin bu sevgiyə şərik olmağını istəmir. Bu, nəvə-baba sevgisinin tükənməzliyidir. Uşaqlar bu sevgidən bəhrələnməklə həyatın sirlərini öyrənmək istəyirlər.

Deyirlər bu yaşda uşaqlar hər şeylə maraqlanır, bir növ dünyanı tədqiq edirlər. Bu yolda ən yaxşı bələdçi məhz Dədə ola bilər.

Dədə isə təkdir. Onu ikiyə bölmək mümkün deyil. Maraqlı bir yol tapılır. Dədənin çıxışını lentə alıb televizorda göstərirlər. Bir Dədə çevrilib iki olur. Uşaqlar indi onu öz aralarında bölüşdürə bilərlər. Yeni problem! Evdəki Dədə kimin olsun, televizordakı Dədə kimin? "Yalçın Nigara baxdı, sonra otaqda çay içən Dədəyə.

... Yalçın dedi: - Yox, bu Dədə mənim olsun, o Dədə sənin olsun.

Necə oldu bu - televizorda danışan Dədə gülmədi, otaqda oturan Dədə güldü?"

Bu, əslində, ailə xoşbəxtliyinin bir fraqmenti kimi əvəzsizdir. İllər ötəcək, Nigar da, Yalçın da böyüyəcək, uşaqlıq illərinin bu gözəl xatirələrini yada salıb, doyunca güləcəklər. Ən başlıcası isə həmin illərdə - "Dədəli" günlərində necə də xoşbəxt olduqlarını xatırlayacaqlar. Onlar da öz körpələrini "Dədəli günlərdə" olduğu kimi, təbii bir sevgi ilə tərbiyə etməyə özlərində təpər tapacaqlar.

Ailənin ahəngindən yaranan - ürəkaçan hadisələrlə, incə yumorla zəngin olan "Mən yaman qoçağam" hekayəsi əvvəlki əsərin davamı təsirini bağışlayr. Təkcə ona görə yox ki, bu hekayənin də obrazları Dədələrini sona kimi bölüşdürə bilməyən Nigarla Yalçındır. Bir də ona görə ki, bu obrazların məzəli "kələkləri" bu əsərdə yeni şəkildə davam edir.

Nigar xəstələndiyi üçün, hər şey ağzında acı dadır. Bundan istifadə edən Yalçın Dədənin aldığı gilənarları "hə, acıdır" deyə-deyə, bir-bir yeyir. Sonda bunu qoçaqlıq kimi qələmə verir. "Yalçın gilənarların hamısını yedi qurtardı. Sonra Dədəyə baxdı, Nigara baxdı, sonra Günaya dedi: - Gördün Günay, gördün, mən necə qoçağam?! Acı gilənarın hamısını yedim!" Hekayənin üçüncü obrazı olan Günay çox körpədir. Hələ danışa bilmir. Yalçın yaxşı başa düşür ki, bu evdə ondan başqa heç kəsi aldada bilməz. 

Günay isə "- İ... ı... ı... - dedi, yəni ki, Yalçın, doğrudan da sən yaman qoçaqsan! Lap qoçaq!"

Bu hekayələrdə diqqəti çəkən məsələlərdən biri də budur ki, yazıçı sanki bütün əsər boyu obrazları ilə söz oyununa çıxır, onlarla zarafat edir. Onların gülüş doğura biləcək hər kəlməsini nəzərdən qaçırmır.

Hekayələrin çoxu eyni bir ahənglə yazılsa da, yumor ayrı-ayrı situasiyalarda fərqli şəkildə üzə çıxır - birində oxucunun dodaqları qaçır - yəni üzdə olur, birində oxucunun simasında görünür - nikbin bir ruh kimi meydana çıxır, birində düşündürür - nəticə çıxarmağa sövq edir, birində isə mətnin altında gizlənir. Amma oxucu həmişə onun yaxında olduğunu duyur. Ümumiyyətlə, bu əsərlərin başlıca vəzifələrindən biri oxucuya təqdim etmək istədiyi estetik qayəni xoş əhval şəklində verməkdir. Yazıçı hadisələrin qeyri-adiliyi ilə yanaşı, təhkiyənin şirinliyinə xüsusi önəm verir. Bunlar əsərlərin maraqla oxunmasını təmin edən əsas cəhətlərdir.

Bu əsərlərin xeyli hissəsi Sovet dönəmində qələmə alınıb. Amma onlarda Sovet ideologiyasının nişanəsi belə yoxdu. Çünki o zaman da yazıçı əsərlərində uşaq dünyasının gözəlliyini tərənnüm edirdi, bu gün də həmin yolla gedir. Əsərlərin uzunömürlü olmasının bir səbəbi də budur. Sovet dönəmində yaranan "Humayın yuxusu" hekayəsi orijinal bir əsərdir. Burada yazıçı "Qoğal", "Turp" nağıllarının təhkiyə ənənələrindən yaradıcı şəkildə bəhrələnir. Balaca Humay, dostları ilə oynamaq istəyir. Amma gecə vaxtı onları necə çağırsın? Humay yatandan sonra onun topu qızın arzusunu həyata keçirməyi qərara alır. Yola düşür. Qarşısına çıxanlar da ona qoşulur. Uzun bir dəstə yaranır. "Humayın topu düşdü qabağa Cıqqılı siçan Humayın topunun dalınca, Bığlı pişik Cıqqılı siçanın dalınca, Uzunboy zürafə Bığlı pişiyin dalınca, Yaşıl karandaş Uzunboy zürafənin dalınca". Dəstə çox uzun olduğuna görə yolda tıxac yaranır. Onları yolda milis (indiki yol polisi) saxlayır. Humayın topu izahat verir: "Biz Humayın dostlarıyıq, gedirik onun yanına, onunla oynamağa. Milis də onlara qoşulur. Yenə də siyahı həmin ardıcıllıqla verilir. Hər dəfə dəstəyə yeni qoşulan personajın adı sonda qoşulan şəxsdə sonra gəlir. Bu isə oxucunun yaddaşını daim oyaq saxlayır. Beləliklə, folklorun təhkiyə ənənəsi yazılı ədəbiyyatda yeni məzmun qazanır. Yazıçı xalq ədəbiyyatında eyni sözün təkrarından yaranan bədii keyfiyyət ənənəsindən də məharətlə bəhrələnir. "Günay, Humay, bir dənə Günəbaxan və qırt toyuğun cücələri" hekayəsində oxuyuruq: "Günəbaxan hər gün bir balaca, hər gün bir balaca böyüyürdü". Və ya: "Günlər keçdi, günəbaxan yekə, lap yekə, lap gözəl bir günəbaxan oldu". Belə misalları çox gətirmək olar. Bu, əslində, Elçinin uşaq hekayələrində yalnız ona məxsus uğurlu bir üslubdur. O, nəinki sözlərin təkrarından qorxmur, bəzi məqamlarda hekayənin dilinin nağıl təhkiyəsindən uzaqlaşacağından sanki ehtiyat etdiyi üçün sözləri bilərəkdən təkrar- təkrar işlədir. "Gilas ağacının üstündə qırmızı gilaslar var idi, bir gilas, iki gilas, üç gilas", "Aysu o gilasları da yemək istəyirdi, çünki Aysu gilası çox xoşlayırdı, ona görə də o gilası da çox yemək istəyirdi, amma o gilaslar çox gözəl idi", "Günayla Humay bilmirdi ki, bu boy-buxunda, bu uzunluğunda, bu girdəliyində, bu sarılığında bu nə güldü belə" və s.

Həyat da, bədii ədəbiyyat da inkişaf qanunları ilə yaşayır. Yazıçılıq sənəti də, onun ayrı-ayrı cəhətləri də bir yerdə qala bilməz. Elçinin xalq ədəbiyyatından bəhrələnərək yaratdığı bədii üslub da onun qələmində daim yeniləşir, hər hekayədə yeni bir çalarla üzə çıxır.

"Mənə niyə gülürlər" kitabına toplanan hekayələrin hər biri ayrıca təhlilə layiqdir. Biz bunu daha iri həcmli tədqiqat əsərlərimizdə genişliyi ilə nəzərdən keçirəcəyik. Lakin kitaba daxil edilən "Sözlər, yanıltmaclar, tapmacalar" bölməsi haqqında bir neçə kəlmə danışmağı özümüzə borc bilirik. Bu hissədə verilən kiçik həcmli əsərlər daha çox ibtidai sinif şagirdlərinə ünvanlanıb. Görkəmli bir xalq yazıçısının üzünü ibtidai siniflərin problemlərinə çevirməsini görəndə, qürur hissi keçirdim. Mənim üçün uşaq ədəbiyyatının dəyəri onun məktəb həyatı ilə nə qədər bağlı olmasındadır. Bu nöqtədə pedaqokika ilə ədəbiyyatın məqsəd birliyi yaranır. İnsanı təhsil yolu ilə dəyişdirmək (mütaliə etmək onun ən vacib komponentidir) ibtidai düşüncədən kamillik zirvəsinə çatdırmaq cəmiyyəti həmişə düşündürüb. Təhsil mühitinin daim yeniləşməsində ədəbiyyatın da üzərinə böyük vəzifələr düşür. Elmləri yalnız dərsliklərdən öyrənmək azdır. Müxtəlif səpgili əlavə ədəbiyyat oxucunun əlinin altında olmalıdır. Bu boşluğa bir hədiyyə kimi "Mənə niyə gülürlər?" kitabına yazıçı "Sözlər, yanıltmaclar, tapmacalar" bölməsini əlavə etmişdir.

Kitabın bu bölməsinin qarşısında dayanan əsas məqsəd şagirdlərə sözün daxilində gizlənən və ilk baxışda nəzərə çarpmayan gözəlliyi, poeziyanı göstərməkdir. Bu isə başlıca məsələdir. Biz körpəlikdən dilin poetik sirlərini öyrənməyi uşaqlarda vərdişə çevirə bilsək, sonra onlar, cəmiyyətin biliklə idarə olunması, tənzimlənməsi qanunlarını da mənimsəyəcəklər. Cəmiyyətdə layiqli yerlərini tutacaqlar.

Bu bölmədə verilən nümunələrin içərisində omonimlər vasitəsi ilə sözün üzərində düşünmək və hər sözün mənasını tapmaq üçün axtarış aparmaq tələb olunur:

 

1. "Düyünü "SÜZ!" Bu nə "SÜZ"dü belə? Dur ayağa "SÜZ!" Bəs bu nə "SÜZ"dü belə?

2. - Qardaşım SAZ çalır

- SAZ SAZdı?

- Hə, lap SAZdı.

Birinci nümunədə "SÜZ" sözü qaynadılmış düyünü aşsüzənə töküb suyundan ayır, ikinci "SÜZ" isə "oyna", "rəqs et" mənasındadır.

İkinci nümunədə "SAZ SAZDI?" cümləsində sazın sınıq olub olmadığı soruşulur, ikinci cümlədə anoloji cavab verilir.

Bu nümunələrin hamısı eyni yaş qrupu üçün deyil. Onlardan istifadə edərkən uşaqların yaşını nəzərə almaq lazımdır. "Mən nə oxuyuram", "Mən nə oynayıram", "Mən necə qaçıram" və sair kimi bir sözün yalnız üç mənasını öyrədən sadə hekayələri ikinci və ya üçüncü siniflərə vermək olar. Digər əsərlərdən yuxarı siniflər bəhrələnə bilər.

Kitabdakı miniatürlərin eləsi var ki, həcm etibarı ilə çox balacadır. Amma öyrətmək istədiyi mətləb böyükdür. Məsələn: Birdən külək əsdi. Birdən də pırıldayıb bir qaranquş UÇDU. Mənim ürəyim UÇUNDU. Elə bildim qaranquşun yuvası UÇDU. Amma yox. Qaranquşun yuvası UÇMADI, özü UÇDU. Mənim də ürəyim daha UÇUNMADI.

Bu mətndə "uçmaq" sözünün müxtəlif mənalarının verilməsi öz yerində. Müəllif fikrimizi "UÇUNMAQ" sözünə cəlb edir və onun "UÇMAQ" feilindən əmələ gəldiyi fikrinə yönəldir. Bunun isə doğru və ya yanlış olduğunu araşdırmaq üçün şagirdin dilin nəzəriyyəsinə dair müəyyən bilgisi olmalıdır. Belə nümunələr yuxarı sinif şagirdləri üçün daha anlaşıqlı olar.

Böyüklər üçün ibrətamiz romanlar, gənclər üçün kövrək povest və hekayələr yazan Azərbaycanın xalq yazıçısı Elçinin "Mənə niyə gülürlər?" kitabı uşaq ədəbiyyatımızı zənginləşdirən, onun inkişafına yeni nəfəs verən bir nümunə kimi çox qiymətlidir. Bizə isə təkcə o qalır deyək: Uşaq ədəbiyyatında xoş gördük Sizi, Elçin müəllim!

 

Zahid XƏLİL

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2020.- 18 yanvar.- S. 16; 23.