Sirlərin çoxqatlı sərgüzəşti
XALQ YAZIÇISI KAMAL ABDULLANIN
YENİ ROMANININ UĞURUNU ŞƏRTLƏNDİRƏN
MƏQAMLAR
Azərbaycanın Xalq yazıçısı Kamal Abdulla
özünün yeni romanı - "Sirlərin sərgüzəşti"
ilə bir daha təsdiqlədi ki, o, ədəbiyyatımızın
ağır yükünü öz çiynində
daşıyan görkəmli sənətkarlardandır.
Böyük nəsr ustası kimi də Kamal Abdulla daima ədəbiyyata
yeni nəzərlə baxıb, yeni dünyagörüşlə
yanaşıb.
Onun yaradıcılığında klassika, ənənə
müasir düşüncə və ifadə tərzi ilə,
modern sənət meyllərilə üzvi vəhdətdədir
və bu cəhət sənətkarlıqla, hadisələrin
təsvirinin orijinal ifadə tərzi ilə, fərqli deyimlə
təzahür tapır.
Kamal Abdulla bir yazıçı kimi yaradıcı fəaliyyətində
hər zaman öz şəxsiyyətinə sadiqdir. O, tarixi, zamanı dərk
etməklə yanaşı, ciddi və maraqlı
mövzuları bədiiləşdirərkən yalnız
öz qəlbinin səsini dinləyir. Bu yeni
roman da, necə deyərlər, onun qəlbindən dünyaya
bir baxışıdır və bu baxış bədii mətnlərdə
ifadə olunan fikirlərin son dərəcə
yığcamlığı və dərinliyində, ifadə
tərzinin şirinliyində əks olunur.
"Sirlərin
sərgüzəşti"ndə Kamal Abdullanın
yazıçı təfəkkürü və sənətkarlığı,
onun Özü və Sözü yenə də bütün əzəmətilə
görünür. Əslinə qalanda hər bir
romanda onu yazanın özü görünməlidir, əks-təqdirdə
yazıçının təqdimatı mənasız təsvirlərdən
ibarət olar. Adama elə gəlir ki, K.Abdullanın bu
romanında sirli həyatı, sehirlənmiş cəmiyyəti,
tora düşmüş dövrü, epoxanı, başqa
sözlə, tilisimləşmiş dünyanı dəyirman
kimi üyüdən bir təhkiyə var: "Oğuz elinin əsas
su mənbəyi Selləmə çayı idi. Bu
çay suyu, balığı bol bir çay idi. Mənşəyini Qaf dağlarından alıb gəlirdi
və Oğuz düzəngahına çatana qədər
aramsız və səbirsiz, dəli bir həvəslə
axırdı. Fəqət düzəngaha
çatdıqdan sonra çay kəməndə
düşüb məğlub olmuş at kimi sakitləşir,
arif bir insan kimi təmkin göstərirdi. Hətta
onun hansı səmtə axdığını belə bir
baxmaqla görmək mümkün olmurdu".
Roman tez bir müddətdə oxucular və mütəxəssislər
tərəfindən oxunaraq yüksək rəylə
qarşılandı, məzmun və ideya istiqamətinə və
bədii ifadə biçiminə görə müasir roman
janrının ən keyfiyyətli ənənələrinin
uğurlu təcəssümü, yeni nümunəsi kimi dəyərləndirildi.
Həqiqətən, bu əsər də mühüm ədəbi
hadisədir, taleyi isə uğurludur. Romanın bədii məziyyətlərindən
biri müxtəlif gizli sirlərin arasında güclü bədii-məntiqi
əlaqənin yaradılmasıdır. Müəllif,
sirr məfhumu vasitəsilə əsərdə özünəməxsus
bir orijinallıq və müdrikliklə təsvir elədiyi
mövzu haqqında açıq şəkildə və cəsarətlə
yenə də usta yazıçı sözünü deyib. Müxtəlif hadisələrdən, tarixi-mifoloji
yöndən gələn sirlər hərtərəfli və
aydın detalları ilə təsvir olunur.
Romanda bəlli tarixi informasiyaların yeniləşmiş
variantları var. Yazıçı müşahidələrinin,
iti düşüncələrin məhsulu da o cümlədən.
Bu
romanı "Gizli Dədə Qorqud"un
müəyyən mənada davamı, yeni mərhələsi də
saymaq olar. Kamal Abdullanın bu romanı da onun digər nəsr əsərləri
kimi dərin qatlardan baş qaldıran həyat həqiqətlərini
yüksək sənətkarlıq keyfiyyətlərilə əks
etdirir.
Sirr kələfi roman boyu çözələnir,
oxucunu düşünməyə vadar edir. Sirlər barədə
axtarışlar apararkən də Kamal Abdulla fərdi müəllif
üslubunu qoruyur, özünəməxsus ustalıq göstərir.
Kamal Abdulla hamının bilmədiyi, başqalarından
gizli saxladığı "Ev bizim, sirr bizim" prinsipindən
çıxış edir. Hələ ağıla gəlməmiş,
açılmamış, dərk edilməmiş, öyrənilməmiş
bir müəmma, təbiətin sirləri, kosmosun sirləri təsəvvürə
gəlir, dünyanın bütün sirlərini öz arzu və
əməllərinə görə açan, şərh edən
müəllif kimi özünü burada da çox sirrə
vaqif olan yaradıcı şəxsiyyət səviyyəsində
təqdim edir. Başqalarının bilmədiyi
məlumat, bilik, üsul, yol bu romanda bir aradadırsa, deməli,
müəllif sənətin və dünyanın sirlərini
kamil bilir, bədii sirləri dərindən öyrəndiyi
üçün öyrətməyə də qadir
yazıçı olaraq diqqət mərkəzinə
çıxır.
Romanın
əsas qəhrəmanı Hacı Mir Həsən ağa Səyyah
risalə yazmaqdan ötrü "Sirri-Xudadan" deyil,
qonşularının, tacir-tüccarların,
padşahların, şeyxlərin... sirlərinə bələd
olub onların sərgüzəştlərindən (mənası:
birinin başına gələn hadisə, qəziyyə, əhvalat,
macəra) yazmağı öhdəsinə götürür və
uğurla istədiyinə nail olur. Oduncu Əhmədin
sirrindən tutmuş, Həsən müəllimin ailə sirlərinə
qədər sirlərin sərgüzəşti oxucunu əsrarəngiz
dünyalara çəkib aparır. Oxucu yorulmur, həsrətlə
o biri səhifələrə keçmək, digər sirlərlə
tanış olmaq istəyir.
Səyyah hər yerdə ehtiramla qarşılanır,
insanlar onunla sidq-ürəklə sirr və dərdlərini
bölüşür, camaat ona yazdıqları məktubların
cavabını səbirsizliklə gözləyir. Yazıçı
seçib təqdim etdiyi bu obrazı hərtərəfli
inkişafda göstərir. Günlərin bir günü
adamlar çox hörmətlə yanaşdıqları,
baş əydikləri bu "uzun adlı adam"dan
üz döndərirlər. İsti münasibət
soyuqluqla əvəzlənir. Sevgi, məhəbbət
nifrət və təhqirə çevrilir. Səbəbi:
hər kəs Səyyahın yazdığı risalədə
öz sirrinin faş olunacağından (üzə
çıxacağından) qorxur, bədgüman olur. Sirlərin
faş olması xəbəri ilə "Müqəddimə"nin sonucu birdən-birə dəyişir:
"Dünya-aləm öz sərgüzəştində idi. İnsanlar həm düzənə, həm də
düzənsizliyə doğru eyni zamanda, eyni
çoşqunluqla, eyni əzmlə yol gedirdi. İnsanlar
dünyanın hansı yerində, nöqtəsində
olmasından, yaxşı, yaxud pis olmasından, qara, ağ, yoxsa sarı olmasından
qeyri-asılı hər an eyni işi görürdülər
- onlar yaşlanırdılar. Macəra dolu sirləri
ilə, qandonduran hadisələri ilə, ruh silkələyən
məqamları ilə qəlbi dolu olan Hacı Mir Həsən
ağa Səyyah da onların içində idi".
Bu mətn parçasının məzmununda təkrar
olunan bağlayıcılar (həm, həm də), təyinetmə
xüsusiyyətinə malik "eyni" sözü aid
olduğu ismin məna hüdudunu, dairəsini şərtləndirir. Aid olduğu
anlayışlara kəmiyyət hüdudu qoyur. Nəzərdə
tutulan eynicinsli əşyaların hər biri fərdi
biçimdə eynicinslilərin hamısını əhatə
edir (eyni coşqunluq, eyni əzm), yaxşı, pis; qara, ağ, sarı antonimləri ilə
dünyanın, insanların arasında olan ziddiyyətlər həmin
nəzərdə tutulan sərgüzəştlərdən
biri idi.
Romanda həmin macəra dolu həyat və insana xas olan
sirlər 4 fəsildə faş olunur. Bu fəsillərin -
payızın, yayın, yazın və qışın burada
öz dərin rəmzi mənası var.
Yazıçının yaratdığı Hacı Mir Həsən
ağa Səyyah obrazı istəyir ki, elə bir risalə yazıb
ərsəyə gətirsin, onun içində hər şəxs
öz sirrinə, ən vacibi isə bu sirrin səbəb və
nəticəsinə vaqif olsun.
"Bir var Sirri-əzəm, sirri-Xuda, sirri-ali. Bir də var
qonşu Həzrətqulunun sirri".
Buradakı sirlər donmuş, yatmış vəziyyətdə
deyildir, onlar həmişə dinamikada, hərəkətdə,
fəaliyyətdədir. Yazıçıya görə, hamı
bilməlidir ki, bu sirlərin öz macərası, sərgüzəşti
mövcuddur. "Adı uzun qəhrəman"
Tanrıdan bir güc diləyir ki, ona imkan versin, bu macəranı,
sirlərin sərgüzəştini heç nə əlavə
edib etmədən, olduğu kimi qələmə alsın.
Daim uca olan Allahın adı ilə..."
Uca olan Tanrı onun könlünə ilham verir, həvəslə
risaləni yazmağa başlayır.
Romanda
sirr anlayışı ilə bağlı son dərəcə
dəyərli yozumlar diqqət çəkir: Sirr də
tufandır. Tufan kimi çox şiddətlidir.
Tufan keşməkeşli ağır həyat təcrübəsidir,
ağır sınaqdır. Sirr də insan kimi doğulur,
adam kimi yaşayır və adam kimi yox
olur...
Müəllif
daha vacib olan məsələni ustalıqla xatırladır:
risalədə təsvir olunan şəxslərin, kollektivin
sirlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi
var, qarşı münasibətlər mövcuddur və bu
münasibətlər ayrı-ayrı adamlara məxsus olan sirlərin
ağlagəlməz sərgüzəşti fonunda
mövcuddur. Sirlərdən yeni sirlər yaranır...
Digər sirr Əhməd adlı bir odunçu ilə əlaqədar
verilir. Burada nağılvari tərzdə Əhməd
adlı bir kişinin (arvadı cadugər idi) meşədən
odun gətirib bazarda satması və ailəsini,
dolanışığını təmin etməyi təsir
olunur. Amma bir gün elə gətirir ki, o,
evinə tez qayıdır. Tez qayıtmağın sirrini
açıb heç kəsə demir. Arvad isə
bu sirri öyrənmək qərarına gəlir. Əcəba, meşədə hansı hadisə
baş verib ki, Əhməd onu gizlədir? Məlum
olur ki, Əhməd bir qollu-budaqlı cökə
ağacını kəsmək məqamında ağac insan kimə
dil açmış, ona yalvarmışdı ki, onu kəsməsin.
Səbəbi də bu olub ki, o, ağac deyildi,
bir gənc, gözəl qız idi, ona haçansa cadu edib bu
duruma salıblar. "Gəl, sən mənə
rəhm elə. Əvəzində mən də
sənə tükənməz bir sevgi, bir dünyalıq məhəbbət
verərəm" - cökə ağacı (gözəl
qız) demişdi.
Arvad bilir ki, ərinə cadu ediblər. "Əri
bir könüldən min könülə qız bildiyi həmən
cökə ağacına aşiq olub. Cadu
edən də həmən ağacın özüdür.
Ərini bu cadudan qurtarmağın yeganə yolu
gedib o ağacı kəsməyi idi, özü də Əhməd
gərək ağacı öz istəyilə kəsəydi.
Ərinin bu işi görməsi
üçün gərək ona öz sirrini açıb cadugər
olduğunu əyan edəydi. Cökə
ağacına çevrilmiş gözəl qız.
Yazıçı əsərdə Əhmədin sərgüzəştini
bir qəmli və sirli hekayə kimi canlandırır. Həmin hekayənin
sirri onda idi ki, sənin sirr kimi bildiyin bir şey, əslində,
sirlikdən çıxmışdı. Çünki
artıq bu sirri arvadlar da bilir... Yazıçı burada həm
də belə bir mənaya işarə vurur: Bir sirr ki, onu
üçüncü adam bildi, deməli,
onun faş olma ehtimalı hər an artır.
Odunçunun tilsimdən
çıxıb-çıxmamasını müəllif,
cümlələrin mövqeyini dəyişməklə ifadə
edir. Onun yaratdığı obraz (konkret olaraq Həsən
müəllim) dediyi cümlələrin intonasiyasını dəyişir
(bu, dildə transpozisiya hadisəsidir). Həsən müəllimin
qəribə yataq otağındakılar - qızı Həlimə,
Tutuquşunun alabəzək müqqəvası, "Əsrlərin
müqaviməti" adlı kitabı, eləcə də onun
səliqəsizliyi, Tutuquşu ilə dialoqu (- Bu işin
axırı necə oldu? Odunçu tilsimdən
çıxa bildi?) və
düşüncələri danışanın söylədiyi
fikrə, obyektiv gerçəkliyə münasibətini ifadə
edən "elə bil" feilindən təcrid olunmuş
modal sözün qətilik məzmununun gümanlı,
şübhəli məzmunla əvəz edildiyini açıb
göstərir. Mətnin bir təsiri də
"el bil"in təkrarı ilə yaranır.
Çökə
ağacı ilə (ağac adam kimi danışır)
odunçu Əhmədin qarşılaşmasında bir
çox məna ilə rastlaşırıq: Ağac
ömrü yaşamaqdan bezmək, ağac ömrü bəxş
etmək, yenə öz sevgilisi olan o gözəl qızı
görmək, həqiqətin əyan olması, gözəl
bir göyərçin; O zaman haradansa uçub gəlmiş o
göyərçin də eynən bu ağac kimi sehirdən
çıxıb bir qıza dönmüşdü; bu sirrin
açılması, bu sirli vaqiə. Müəllifin,
risaləsi bu cür başlayır və Səyyahın
yazdığı kimi davamı bizi hələ
çox-çox qədim dövrlərə aparıb
çıxarır.
Hər risalədə bir sirdən söhbət gedir. İkinci risalədə
qədim Oğuz elinin say-seçmə igidi olan Bozatlı alp
Beyrəkdən danışılır. Bu
o Beyrəkdir ki, həyatının ən cavan çağlarını
düşmən qalasında əsirlikdə, elindən-obasından
ayrılıqda keçirmiş, nişanlısının,
ata-anasının, doğmalarının,
yar-yoldaşının həsrəti onun qəlbini bərkitmiş,
zindan həyatının dözümsüzlüyünü əqli,
zəkası, fərasəti hesabına özü
üçün firvan bir həyata çevirə bilmişdir.
Yazıçı Bayburd qalasında Beyrəyin on altı il həbsi ilə bağlı sirli hadisəni
Hacı Mir Həsən ağa Səyyah Düzəngah yolunda
bir çobanın dilindən qələmə
almışdır.
Oğuzda
nə çox igid... Yad ellər - yadellilər.
Dədə Qorqud dili risalədəki əhvalatların ifadəsində
xüsusi vasitədir: Qızı görçək Beyrəyin
ağlı başından getmədimi, getdi, bu gənclər
bir könüldən min könülə bir-birinə aşiq
oldular. Yolunu gözləməkdən gözlərimin
qarası getdi.
Qəhrəmanların qarşılaşması, söhbətləri
Oğuz ellərinin oğlan və qızlarının təmiz
sevgilərini, məhəbbətlərinə sədaqətlərini,
talelərini, onları birləşdirən xətlərin
saflığını nümayiş etdirir. "Oxlar
göydə üzü yuxarı artıq yanaşı
süzürdülər. Sonra
Banuçiçəyin oxu Beyrəyin oxunu özündən
irəli buraxdı və arxadan həmlə edib onu ikiyə
böldü. Bundan sonra hər üç
ox parçası geriyə yol aldı və gəlib
oğlanla qızın qarşısında yerə
düşdü". Yaxud: "Qız götürüb
bir badalaq vurdu, bir badalaq vurdu ki, Beyrək binəva iki kürəyi
üstə yerə dəydi. Az qaldı canı
ağzından çıxa".
Bütün sınaqlardan sonra Banuçiçək həqiqəti
deməyin zamanı çatdığını görür.
"Sirr saxlaya bilirsənmi, canım oğlan? Səni görən kimi mən
də sənə bir könüldən min könülə
aşiq oldum... Sirr saxlaya bilirsənmi, o zaman
öpə də bilərsən".
Kamal Abdulla "Kitabi-Dədə Qorqud"
dastanını mükəmməl bilən ustad alimdir. Amma necə
olub ki, dastan haqqında dəyərli yazılar yazmış
digər alimlər Beyrək və Banuçiçək
münasibətlərindəki bu vacib məqama fikir verməmişlər?!
Həqiqətən də, bu iki gəncin
yarışmasında əsl qalib hansı olmuşdur?!
Şübhələri yaradan bu idi: dastanın hər iki qədim
mətni və bu mətnlər əsasında hazırlanan
bütün nəşrlər diktə edirdi ki, bu
yarışların qalibi Beyrək olmuşdur.
Sirlərin
cəlb olunduğu sərgüzəşt qəribə mətləbləri,
maraqlı həqiqətləri üzə çıxarır:
...Bu yeni həqiqət Həsən müəllimin həqiqəti
deyildi, bu yeni həqiqət göz qabağında
öz-özünə doğulan ağ
kağızlardakı qara hərflərin həqiqəti idi. Hacı Mir Həsən ağa Səyyahın həqiqəti
idi və bu həqiqətlərin (yeni və köhnə həqiqətlərin)
toqquşmasından yenə də sirr yaranırdı. Dastanda deyilənlərlə uyğun gəlməyən
fikirlər sirr təşkil edirdi. Bu yeni
fikirlərin arxasında ciddi elmi dəlillər, sübutlar
dayanırdı. Bu yazılar öz sözünü hələ
sonra deyəcəkdi...
Çıxan
nəticə, məntiq onu göstərir ki, insan, tədqiqatçı
köhnə fikirlərin içərisində qalmamalı, məşğul
olduğu sənətin yolunu davam etdirərək yeni fikirləri
ortaya qoymalıdır...
Bunu qəbul etməyin əsl məntiqi səbəbi barədə
bu yazılar öz sözünü hələ sonra deyəcəkdi. Beyrək
nişanlısı Banuçiçəyin toyuna gəlib
çıxandan sonra (Dastan belə deyir) onların
arasındakı mükalimənin dərin qatında yatan sirr məhz
o zaman aşkar olacaqdı. Və yeni həqiqətin həqiqiliyinə
daha heç bir şübhə qalmayacaqdı...
Beyrəklə Banuçiçəyin ilk
görüşündə baş verən hadisələr sirrə
çevrilir və bu sirrin sonrakı sərgüzəşti
digər bir təsvirdə verilir. Bu təsvir Beyrəyin on altı il Bayburd zindanında həbsdə qalması ilə
başlayır. Beyrəyə xəbər
çatdırırlar ki, Oğuz elində onu hamı ölmüş
bilir, bu səbəbdən də nişanlısı
Banuçiçəyi başqasına ərə verməyə
hazırlaşırlar.
Saz
çalan Beyrəyi tanımadıqda Banuçiçək
"bu üzüyün sirri var, sən Beyrəksənsə
bu sirri bilməlisən... Sirr Beyrəyin onu
üç öpüb bir dişləməsinin (sevişmələrinin)
sirri idi ki, Beyrək bu vacib dəlili sonadək açıb
ortaya qoymur və verdiyi əhdə bivəfa
çıxmır. Hacı Mir Həsən
ağa Səyyah bu sirri sirlərin sirri sayır və Beyrəyin
sonrakı faciəli taleyini də qismən bu sirr ilə əlaqələndirir.
Romandakı
təsvirlər orijinal, ifadələr sərrastdır,
dolğundur: Həlimənin qəlbinə dəli bir ümid doldu; Həlimə ürəyi ata-ata
keçib oturdu; Sahil bağında Bəyim, elə bil, quş
olub qanad açmışdı; çünki o, əslində,
özünə yenicə əyan olmuş həqiqətin qum
sarayı kimi dağılmasını gözləyirdi. Ona elə gəlir ki, Həlimənin cavabı bu
müəmmanı alt-üst edəcək və o, yenə əvvəlki
kimi öz düzənli aləminə qayıda biləcəkdi.
İndiki həqiqət başdan-başa
şübhələrin və gümanların içində
idi və Həsən müəllimin düzəninə əməlli-başlı
xələl gətirdi. Onun
üçün bu ikinci həqiqəti, hardansa uzaq zamanlardan
özü öz ayağı ilə gəlib onun yazı
masasına quş kimi qonan həqiqəti qəbul etmək
çətin idi.
Çox da təsəvvürə gəlməyən
fikirlərin biri də o qədim zamanda oğlanla qızın
necə güləşə bilməsidir. Yazıçı
buna işarə vurur ki, bəzi hadisələr qəsdən,
yaxud da başqa formada şişirdilib, mümkün olmayan
müəmmalar, sirlər yaranıb.
Xalq yazıçısı dastandakı həqiqətlərlə
yeni yaranan fikirləri qarşılaşdırır,
obrazların düşüncəsində, eyni zamanda, sirlərin
qovşağında fərqli variantlar ortaya qoyur.
Yazıçı
Həsən müəllimin bütün xüsusiyyətlərinin
incə məqamlarını, onun nitqini, övladına,
yazısına münasibətini, keçmişlə
bağlılığını çox dəqiq boyalarla təsir
edir: Çox gözəl. Çox pakizə (bu "pakizə"
sözünü Həsən müəllim tez-tez və sevə-sevə
işlədirdi)...
Romanda həm real, həm də mifik obrazlar daxili təlaşı,
anlaşılmaz duyğular aləmi ilə təsvir olunur.
Fəsillər üsulu da maraqlıdır, ilk
baxışda adama elə gəlir ki, oxucunu artıq
başlıqlar maraqlandırmır, hadisələr payızda,
ya qışda baş versin, fərqi yoxdur. Amma belə deyil... Müəllif göstərir ki, Mir Həsən
ağa Səyyahın payız qədər sevdiyi və ləzzət
aldığı başqa mövsüm yox idi. Elə bu
sevgisinə görə də risaləni "Payız" fəsli
ilə başlamışdı... Sirlər ən
çox payızda yaranır, payızda qorunub
saxlanılır. Payız ruhları
saflaşdırdığı üçün sirr saxlayan fəsildir,
məsələnin də canı budur. Payızda
özün öz içinə, özün özünə
qayıda bilirsən. Payızda
yalançı ümidlər, yalançı vədlər yox
olub gedir. Özün üçün
yaşamaq həvəsi payızla gəlir. Sonra qış gəlir və bunları dondurur.
Sonra bahar gəlir və bunları məhv edir.
Yay fəsli hər şeyi yenidən diriltməyə
çalışır, amma alınmır - çünki yay fəsli
huşsuzluq zamanıdır. Fəsil fəsli-payızdır
ki var.
Romanın dili oxunaqlıdır. Burada maraq doğuran cəhətlərdən
biri də yazıçının sintaktik vahidlərdən
kompleks halda istifadə etməklə mətnin, müxtəlif
dövrlərdə baş vermiş hadisələrin şərhində,
təqdimində özünəməxsus yeni üsul
tapmasıdır. Müəllif təhkiyəsində
müxtəlif tipli cümlə növləri məntiqi
biçimdə bir-birini əvəzləyərək mətndə
izahedicilik, aydınlaşdırıcılıq və əlavə
informasiya vermək funksiyası daşıyır. Belə
durumda yazıçı hətta durğu işarələrindən
də (çox nöqtədən) ardıcıl olaraq
yardımçı üslubi vasitə kimi istifadə edir:
Şahinin gözləri ora-bura qaçırdı,
üzünə isə sanki bu sözlər
yapışmışdı: "Belə-belə işlər..."
(üç nöqtəsilə bir yerdə).
Obrazın
adı mötərizə içərisində verilir: Onun (Həsən
müəllimin); Qoca kişi (Həsən müəllim);
"Keçmişin ilıq bir guşəsinə
sığınmış", "həyatından
razı", "ruhu ilə o uzaq məkana
sığınmış" (Həsən müəllim);
"Günlərin bir günü (bir risaləni yazmağa
başladığı zaman) yazdığı şəhər
əhli ona öz isti münasibətini tamamən dəyişdi...
"Bamazı köynək", "kartof
qızartması, sevimli sabah yeməyi, qara fincan, süd
kasası - bütün bunlar Həsən müəllimin
hobbisini digərlərindən seçib ayırır.
Paralel
cümlələrdən çox istifadə üslubi fiqur kimi
dəyərli cəhətlərdəndir: Bir xeylax beləcənə
sükut içində qız mənə, mən qıza
baxdım. Səsi özündən gözəl idi,
özü səsindən (s.34); Məhəmməd yenə də
təəccüb dolu baxışla atasına baxır,
atası da məlul-məlul Məhəmmədə baxır...
Bu əsərin dilini səciyyələndirən əlamətlərdən biri də ifadə tərzinin özünəməxsusluğudur. Romanda təhkiyə - ifadə tərzi fəlsəfi ümumiləşdirməni (sirr konseptini) bədii nəsr kontekstinə çəkir.
Yekun olaraq qeyd etməliyəm ki, Xalq yazıçısı Kamal Abdullanın ümumən yaradıcılığında və konkret olaraq bu yeni romanında sirrə, sirr anlayışına münasibətini tanınmış amerikalı mütəxəssis, professor Mark Statkiyeviçin (ABŞ) aşağıdakı fikri olduqca parlaq şəkildə əks etdirir: "Kamal Abdulla yazını və sirri bir araya gətirərkən insan məhkumluğunun xüsusi təyinatı haqqında fiki inkişaf etdirir. Onun roman təhkiyəçisi bilir ki, "əlyazmalar öz sirrini yazıda gizlədir".
İsmayıl
KAZIMOV
525-ci qəzet.- 2020.- 18 yanvar.-
S.17,23.