Beynəlxalq aləm: ziddiyyətlər,
münaqişələr, müharibələr
(Əvvəli
ötən şənbə sayımızda)
Rusiya
imperiyası sosialist inqilabı nəticəsində müharibənin
sona çatmasından bir il əvvəl ləğv
olundu, onun əsarətində olan Polşa və Finlandiya
imperiyadan ayrılmaqla müstəqil dövlətlərə
çevrildilər.
Osmanlı imperiyası da ağır zərbələrə
məruz qaldı. Almaniya ilə ittifaq ona baha başa gəldi.
Xeyli əvvəl azad olmuş Bolqarıstan, Serbiya,
Yunanıstan, Çernoqoriya hələ 1912-ci ildə
Türkiyəyə müharibə elan etmişdi, nəticədə
məğlub olan Türkiyə kiçik istisna ilə
Avropadakı bütün torpaqlarını itirmişdi. Lakin
heç bir ay keçməmiş onların xeyli hissəsini
geri ala bilmişdi. Dünya müharibəsindən sonra isə
ərazi itkilərinə artıq Şimali Afrikadakı və
Mesopotamiyadakı ərəb ölkələri əlavə
olundu. Onun geniş ərazisi şaqren dərisi kimi daraldı
və türk xalqı Avropanın təzyiqlərinə
baxmayaraq, müasir Türkiyənin ərazisi ilə kifayətlənərək,
imperiyadan bütünlüklə fərqlənən demokratik
respublika qurdu.
Müharibədən
daha çox qazanan, heç şübhəsiz, qalib gəlmiş
müttəfiqlər, Britaniya və Fransanın timsalında
Antanta dövlətləri oldu. Hər iki dövlət
dağılan imperiyaların cəsədi üzərində
ritual rəqsi oynayan ibtidai insanlara bənzəyirdi. Onlar
Afrikada daha da möhkəmləndilər və Yaxın Şərqdə
yeni icad edilən Mandat pərdəsi altında xeyli ərazilərə
sahib oldular. Böyük Britaniya İraq və Fələstin
üzərində, Fransa isə Suriya üzərində mandata
yiyələndi, onlar Cənubi-Şərqi Asiyada da öz
mövqelərini möhkəmləndirdilər.
Almaniya
müharibəyə başlayanda "parçala və
hökm sür" prinsipi ilə hərəkət etməyə
cəhd göstərdi. Lakin Afrikada yeni müstəmləkələr
qazanmaq əvəzinə, malik olduğunu da itirdi. Əvəzində
İngiltərə və Fransa öz imperiyalarını
genişləndirməklə, daha qüdrətli olmağa
müvəffəq oldular.
Almaniya
kayzeri II Vilhelm Bismarkdan sonra
Avropaya ağalıq etmək iddiasına düşdü,
avantürası baş tutmadığından öz ali vəzifəsi
ilə də vidalaşmaq məcburiyyətində qalmaqla,
1941-ci ildəki ölümünə qədər Niderlandda
sürgün həyatı yaşadı. Osmanlı imperatoru II Əbdülhəmid
də bundan 9 il əvvəl, İstanbuldan 7 arvadı ilə
birlikdə Makedoniyaya sürgünə yollanmışdı.
Avstriya-Macarıstan
imperatoru Frants İosif prints Frants Ferdinandın Sarayevoda gənc
serb millətçisi tərəfindən qətlə yetirilməsinə
görə təkcə Serbiyanı cəzalandırmaq barədə
deyil, həm də daha iri planlar haqqında
düşünürdü. Lakin o, müharibənin acı
sonluğunu görə bilmədi və 1916-cı ildə
öldü. Öz varisinə isə imperiyanın tabutu
yanında fəxri qarovulda dayanmaq kimi ağır bir mərasim
irsi qoyub getdi.
Osmanlı
imperiyası təkcə ləğv olunmadı. Mustafa Kamal
Atatürkün başçılığı altında
Türkiyəni etiraz dalğası bürüdü, orduda
qiyam baş verdi. Avropa dövlətlərinin təcavüzünə
baxmayaraq, türklər inadla müqavimət göstərdi və
1923-cü ildə Türkiyə Respublikasının əsası
qoyuldu.
Rusiya
imperiyası 1917-ci ildə baş verən iki - burjua və
sosialist inqilabları nəticəsində məhv oldu. Onun
rusların, ukraynalıların yaşadığı əsas ərazilərdə
olan xarabalıqları üzərində Sovet Respublikası
yer aldı. Lakin bu dövlət hələ beşikdə
olanda Vətəndaş müharibəsi onun taleyini həll etmək
vəzifəsinə girişdi. Lakin gənc fəhlə-kəndli
hökuməti ağlar adlanan royalist qüvvələr üzərində
qələbə çalıb, sonra keçmiş
imperiyanın ətrafda yerləşən
qalıqlarını da yerli kommunistlərə kömək
göstərmək adı altında özünə birləşdirməyə
müvəffəq oldu, inqilabdan beş il sonra bu əsasda
SSRİ adlanan və gələcəkdə fövqəlqüvvəyə
çevriləcək dövlət yarandı.
İmperiyalar
silah gücünə qan tökməklə, özgə
xalqların torpaqlarını işğal etmək, geridə
qalmış Afrikada müstəmləkələr yaratmaq yolu
ilə meydana gəlmişdi.
Onların
bəzilərinin tarixi orta əsrlərə gedib
çıxırdı. Başlanğıc necə
olmuşdusa, sonluq da eyni qaydada həyata keçməli idi.
Birinci Dünya müharibəsi onlardan dördünün
mövcudluğuna son qoydu. Lakin bu o demək deyildir ki, imperiyapərəst
qüvvələr öz işğal siyasətlərindən
bütünlüklə əl çəkdilər. Bəzi
qüdrətli dövlətlər birbaşa işğal siyasətini
həyata keçirməsələr də, guya hansısa
xalqları, siyasətçiləri sakitləşdirmək,
"intizama cəlb etmək" adı altında
ayrı-ayrı ölkələrin ərazisini viran qoydular,
çoxlu qan axıtdılar. Bu tədbirlər həm də
onların davamı kimi dini, tayfa münasibətləri zəminində
yerli xalqlar arasında silahlı toqquşmalarla, vətəndaş
müharibəsi ilə müşayiət olundu.
Birinci
Dünya müharibəsi təkcə səngər və
tranşey müharibəsi deyildi, doğrudan da, Avropanın bədənini
dərin qazılmış tranşeylər şəbəkəsi
dəhşətli tunellər kimi çalın-çarpaz
bölmüşdü. Səngərlər, tranşeylər
guya vuruşan əsgərləri hədəfə almaqdan
qorumaq məqsədini yerinə yetirsə də, antisanitariya
ocağı kimi xəstəliklərin görünməmiş
qaydada çoxalmasına və bədbəxt insanların bu
mühafizə məkanında heç bir atəş
yarası almadan ölməsinə səbəb olurdu.
Birinci
Dünya müharibəsi bütün Avropaya
yayıldı,Yaxın Şərqi və Asiyanı, hətta
Afrikanı əhatə etdi. Kayzerləri, kralları, çarları
və sultanları taxt-tacdan saldı, bütöv
imperiyaları məhv etdi. I
Dünya müharibəsi ərzində ilk dəfə olaraq
kimyəvi silah, tanklar, hərbi aviasiya, pulemyotlar, alovatanlar,
sualtı qayıqlar meydana gəldi, beləliklə,
döyüş silahları görünməmiş bir şəkildə
xeyli inkişaf etdi.
Müharibədən sonrakı
dövr
Müharibənin
siyasi qəlpələri təkcə Paris müqavilələrinin
meydana gəlməsinə səbəb olmadı, həm də
dünyada qüvvələr nisbətini xeyli dəyişdi,
uzunmüddətli təsiri isə iqtisadi və sosial
böhranların yaranmasına səbəb oldu. Müharibə
dövründəki və ondan sonrakı bədbəxtliklər
seriyasına baxmayaraq, yeni dünya müharibəsinin meydana gəlməyəcəyinə,
əsası olmayan qəribə bir əminlik
yaranmışdı. Bu, əslində, illüziya xarakteri
daşıyırdı. Avropada və dünyada dövlətlər
arasında düşmənçilik yoxa
çıxmamışdı, əksinə, yeni formalar almaqla,
qarşılıqlı münasibətlərdə qalmaqda
davam edirdi. Müharibə məğlub olanları çox zəiflətdiyi
kimi, buna Paris konfransının nəticələri də
öz təsirini göstərmişdi, qaliblər daha da
güclənmiş və onların iştahası da
artmışdı. Versal müqaviləsi Almaniyaya, əslində,
ödənilməsi mümkün olmayan ağır təzminat
qoymuşdu, almanlar yoxsul, səfil həyat sürmək kimi
onlara yad olan həyat tərzi ilə üzləşmişdi.
Ölkədə sosial vəziyyət çox
ağırlaşmışdı, milli valyuta olan alman
markası öz dəyərini elə itirmişdi ki az qala qiymətsiz
kağız parçasına çevrilmişdi. Çörək
almaq üçün ağıla sığmayan məbləğdə
pul vermək lazım gəlirdi. Böyük işsizlər
ordusu meydana gəlmişdi. Əhali ümidsizlik dənizində
boğulurdu. Veymar respublikası vəziyyəti düzəltməkdə
gücsüz idi. Bu vaxt adamlar arasında revanşizm meylləri
böyüməyə başladı, bu dalğada qatı millətçilər
meydana gəldi. Almanlar müharibənin başlanmasında
öz kayzerlərinin mühüm rol oynadığını
unudub, ağır vəziyyətlərinə görə qalib
gəlmiş dövlətləri lənətləyirdilər.
Sarsıntıların
bürüdüyü ölkədə Hitlerin və
natsional-sosial partiyasının timsalında ifrat revanşist
qüvvənin rüşeymi kimi meydana gəlməsi heç
də təəccüblü deyildi. Hitler 1923-cü ildəki
uğursuz Münhen putsundan sonra bir müddət həbsxanada
qalmış, vaxtından əvvəl azad olunduqda daha
böyük enerji ilə öz bədnam ideyalarının təntənəsinə
yol açacaq mübarizəyə girişmişdi. Bu ideyalar
isə onun həbsxanada yazdığı "Mayn Kampf" -
"Mənim mübarizəm" kitabında fikir
qarışıqlığı şəklində də olsa,
öz əksini tapmışdı. Bu ideyalar irqçilik,
şovinizm toxumu səpmək kimi eybəcər təbliğata
yol açırdı.
O, cürbəcür ideoloji vasitələrdən,
simvolikadan ustalıqla istifadə edir, populist bəyanatlardan,
bol-bol vədlər verməkdən yorulmurdu. O, Veymar
Respublikasını məhv etmək, özünün hakimiyyətə
gəlməsi üçün bütün maneələri
aradan qaldırmağa hazır idi. Bu məqsədlə gənclərdən
ibarət silahlı hücumçular dəstəsi
yaratmışdı, onlar adamları təqib, terrorizə etmək
vasitəsinə çevrilmişdilər. O, məqsədinə
çatmaqda ona mane olan və rəqibə çevrilən
silahdaşlarını da fiziki cəhətdən aradan
götürməyə müvəffəq olurdu.
Ümidini
bütünlüklə itirmiş, ağır həyat şəraitinin
sındırdığı adamlar Hitlerə bir xilas kəməri,
az qala messiya kimi baxırdılar. Təbliğat, xüsusən
hücumçu dəstələr tərəddüd edənləri
və inanmayanları qorxudur, təqib edir və tabe olmağa
sövq edirdilər. Natsist partiyasının ölkədəki
geniş yayılmış şəbəkəsi Hitler kultunun
təşəkkül tapması və böyüdülməsi
üçün geniş təşkilatçılıq
işi aparırdı.
Belə
bir atmosferdə natsional-sosialist partiyası 1932-ci il parlament
seçkilərində qalib gəldi və ahıl
yaşlı prezident, general-feldmarşal Hindenburq 1933-cü ilin
yanvarında Hitlerə kansler vəzifəsini təklif etdi. Bir
il sonra Hindenburq öləndə o, dövlətin rəhbərliyini
bütünlüklə ələ keçirdi,
özünü isə nə prezident, nə kansler deyil, almanca
"rəhbər" mənasını verən
"fürer" adlandırdı. Hitlerə sitayiş
günü-gündən artmağa başladı və ölkədə
salam jesti kimi sağ əli yuxarı qaldırıb "Xayl
Hitler!" sözləri ucadan deyilirdi. Dövlətin
özü də artıq fürerdə təmsil olunurdu.
Hitler
ölkənin iqtisadi problemlərini və sosial çətinlikləri
aradan qaldırmaq üçün müxtəlif layihələrə
əl atdı, ictimai işlərin həcmini genişləndirmək,
avtobanlar tikmək yolu ilə işsizliyi əsasən aradan
qaldırmağa müvəffəq oldu. Ölkə sənayesi,
xüsusən maşınqayırma inkişaf etdi və bu, hərbi-sənaye
kompleksinin bərpasına şərait yaratdı. Hitler
diktaturası iqtisadi böhranı aradan qaldırmağa nail
oldu. Ölkədə həm də sürətlə
militarizmin bərpası gedirdi, hərbi texnika, təyyarə istehsalı
genişlənirdi. Hitler hər ailəyə ucuz qiymətə
"Volkswagen" - "Xalq maşını"
satılacağını vəd etdi, lakin bu vəd
"halva-halva" deməkdən başqa bir şey olmadı.
1929-cu ildə
başlanan Depressiya ABŞ iqtisadiyyatına da böyük zərbə
vurmuşdu, nəhəng işsizlər ordusu meydana gəlmiş,
əhalinin maddi vəziyyəti olduqca çətinləşmişdi.
Respublikaçı prezident Herbert Huver - o, Amerika tarixində ən
uğursuz prezident hesab olunur, - ölkədəki ağır vəziyyətə
laqeydlik göstərir, onun təsirinin hətta zəifləməsi
üçün belə əsaslı bir tədbir həyata
keçirmirdi. Əhalinin sosial çətinliklərini aradan
qaldırmağa çalışmaq əvəzinə,
inhisarlara köməklik edir, Almaniyanın hərbi-sənaye
kompleksinin bərpasına hər cür yardım göstərirdi.
1932-ci il prezident seçkilərində demokrat Franklin Delano
Ruzvelt qalib gəlib, 1933-cü ilin əvvəlində bu vəzifədə
fəaliyyətə başladı. O, "Yeni Kurs" adlanan və
böhrandan çıxmaq yollarını müəyyən edən
nəhəng layihə hazırlayıb, onu
ardıcıllıqla həyata keçirdi. Əvvəllər dəbdə olan
"laissez faire" - "müdaxilə etməmək"
prinsipinin əksinə, Keyns nəzəriyyəsindən istifadə
edərək iqtisadiyyata birbaşa müdaxilə tədbirlərinə,
dövlət kapitalizmi metodlarına əl atdı. Ölkədə
iqtisadi və sosial həyat canlanmağa başladı,
işsizlik xeyli azaldı, iqtisadi inkişaf sürətləndi
və 1940-cı ildə ölkə artıq depressiyanın
ağır buxovundan xilas ola bilmişdi.
Almaniyada
böhrana son qoyulması ABŞ-a nisbətən daha tez baş
vermişdi. Əlbəttə, diktatura hakimiyyətinin
iqtisadiyyatı dəmir əllə, sərt metodlarla idarə
etməsi bütün eybəcərlikləri ilə
yanaşı, buna şərait yaratdı. Digər tərəfdən
Hitlerin bəxti onda gətirmişdi ki, bu əsaslı dəyişikliklərə
nail olmaq üçün onun idarəçiliyi altında
müqayisə olunmayan iti bir silah - işgüzar və
intizamlı, hakimiyyətə baş əyən və itaətə
məruz qalmış alman xalqı var idi. Hitler Birinci Dünya
müharibəsindən sonra baş verən görünməmiş
böhranı aradan qaldırsa da, əslində, onun
özü bu böhranın bəhrəsi idi. Əgər
depressiya, iqtisadi tənəzzül baş verməsəydi,
Hitler başqalarından o qədər də fərqlənməyən
orta səviyyəli bir siyasətçi olardı. Lakin
böhran dalğası onu siyasi Olimpə yüksəltdi və
burada onun əl atdığı tədbirlər mürəkkəb
zamana uyğun gəldiyindən, müəyyən uğur
qazandı. Böhran Hitleri yaratmışdı, Hitler də
üzdə qalmaq, özünü təsdiq etmək və nəticədə
dünyanı ağır sınaqlarla üzləşdirmək
üçün böhranı yatıra bildi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2020.- 18 yanvar.- S.22.