"Bakinskiy listok" qəzetindən səhifələr

 

1871-ci il martın 6-da Bakıda rus dilində "Bakinskiy listok" qəzetinin birinci nömrəsi nəşr olundu.

Dünyada baş verən hadisələr haqqında Rusiya və Avropa mətbuatından istifadə etməklə öz səhifələrində məqalələr çap edən qəzet, həm də Azərbaycanda sənayeləşmə, gəmiçilik, balıqçılıq, kənd təsərrüfatı, neft sənayesi, mühəndislik, şəhər həyatı, adi məişət və s. onlarla sahəni işıqlandıran kiçikhəcmli yazılar da verirdi.

Qəzetin redaktoru mənşəcə alman olan Xristian Sink idi. O, 1868-ci ildə rus çarı II Aleksandrın sərəncamı ilə Sankt-Peterburqdan Bakı Realnı Gimnaziyasına alman dili müəllimi kimi göndərilmişdi. Qəzetdə zaman-zaman onun bu günümüz üçün də maraqlı olan yazıları dərc olunmuşdur. Belə yazılardan biri vaxtilə N.Nərimanovun "Millətin atası" adlandırdığı Zeynalabdin Tağıyev haqqındadır. Sözün həqiqi mənasında həmişə xalqına əl tutmuş milyonçu Tağıyev milyonları xalqı istismar etməklə izafi dəyərlə toplamamışdı. Onun torpaq sahəsindən neft tapılmış və uzun müddət bənnalıq edən Tağıyev milyonların sahibi olmuşdu. O, təxminən bir əsrə yaxın uzun ömür sürmüşdür və əli pula çatandan xeyriyyəçiliklə məşğul olmuşdur. Son dövrlərdə Hacı Zeynalabdin Tağyevin xeyriyyəçilik fəaliyyətini işıqlandıran xeyli əsərlər yazılmışdır. Lakin 1872-ci ildə alman Xristian Sinkin "Bakinskiy listok" qəzetində çap olunmuş məqaləsi yəqin ki, Tağıyevin xeyriyyəçiliyindən bəhs edən ilk yazıdır.

Keçən əsrin 60-cı illərində mən Zeynalabdin Tağıyevin qızı Sara xanımı lap yaxından görmüş, tanış olmuşdum. O, hərdən bir işlədiyim "Elm və həyat" jurnalının redaksiyasına gələrdi, jurnalın yaşlı əməkdaşları - Zahid Zeynallı, Məmmədiyyə Süleymanlı, xüsusilə baş redaktorumuz Rza Şahvələd əyni-başı son dərəcə nimdaş, görkəmindən səfillik yağan, lakin savadlı, keçmişi çox zəngin olan bu qadını çox böyük hörmətlə, səmimiyyətlə qarşılayar, ona bir stəkan çay təklif edərdilər. O, çayı içdikdən sonra iri, qara çantasından atasına aid bəzi sənədləri baş redaktorumuza göstərər, onlar xeyli söhbət edərdilər. Sonra Sara xanım həmin sənədləri asta-asta götürüb çantasına yığıb, sağollaşıb gedərdi. Həmin illərdə maraqlı felyetonları, təmsilləri ilə tanınan əməkdaşımız Zahid Zeynallı onu çox böyük hörmətlə qapıya qədər yola salardı. Biz, jurnalın gənc əməkdaşları isə dövranın sərt tənqidləri ilə istismarçı sinfin nümayəndəsi kimi tanıdılanlara tamamilə biganə, laqeyd idik. Lakin atalar demişkən, haqq nazilər, lakin üzülməz. Zaman dəyişdi, sovetlərin ağına-bozuna baxmadan qırıb çatdığı, varını-yoxunu əlindən alıb müsadirə etdiyi, həm özünü, həm övladlarını zəlil günə saldığı, sürgünlərdə məhv etdiyi, çox xeyirxah, milləti üçün faydalı işlər görmüş çoxları, çox gec də olsa layiq olduğu qiymətlərini aldılar. Belələrindən biri AMEA-nın müxbir üzvü Misir Mərdanovun 4 cildlik "Azərbaycan təhsili tarixi" kitabına adı düşmüş, aclıq illərində cavan yaşlarından millətin kasıblarına başqa şəhərlərdən baha qiymətə alıb ucuz çörək satmaqla yardım göstərən, onları ölümün pəncəsindən qurtaran Zeynalabdin Tağıyevdir. O, uzun ömrü boyu Bakı neftindən qazandığı pulları elə xalqın özünə xərcləməyi özünə borc bildi. Bu gün onun xeyriyyəçilik fəaliyyəti hərtərəfli tədqiq edilib, haqqında xeyli kitablar yazılıb. Yaxın zamanlarda isə bu xeyriyyəçi insanın Əməkdar rəssam, heykəltəraş Xanlar Əhmədov tərəfindən çox maraqlı bir kompozisiya ilə yaradılmış abidəsi bakılıları salamlayacaq.

"Bakinskiy listok" qəzetinin 11 mart 1872-ci il tarixli nömrəsində çap olunmuş Zeynal Tağıyevin xeyriyyəçilikdən bəhs edən "Bakinskaə letopis" yazısını oxucuların diqqətinə çatdırırıq.

Məqalə filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyevanın 2013-cü ildə "Elm və təhsil" nəşriyyatı tərəfindən nəşr olunmuş "Bakinskiy listok" kitabından götürülmüşdür. Lalə Osman qızı Hacıyeva qəzetin komplektini Sankt-Peterburqdan gətirərək nəşr etdirmişdir.

 

Bakı salnaməsi

 

Bahalıq, aclıq, yanğınlar və digər fəlakətlər zamanı demək olar ki, hər yerdə xalqın, ölkənin bu ağır günlərində dözülməz vəziyyətdən öz mənfəətləri, qazancları üçün istifadə etməyi bacaran insanlar peyda olur, lakin onlarla bərabər həmişə öz canları, qanları ilə xalqı bu fəlakətdən qurtarmağa, yaxud heç olmazsa bu dərdi bacardıqları qədər yüngülləşdirməyə cəhd edənlər də olur. Qismən inkişaf edən ölkələrdə onlarla belə xeyirxah insanlar vardır, onların şərəfinə bu ölkələrdə abidələr ucaldılır, onları şöhrətləndirilərək müqəddəslər sırasına daxil edirlər. Bizdə belə insanlar tək-təkdir, ən acınacaqlısı isə odur ki, onlar öz fədakarlıqlarına, əziyyətlərinə görə yaşadıqları cəmiyyətdən mənəvi dəstək də görmürlər. Keçən ilin oktyabrında (1871) İrandakı aclığın nəticəsində bizdə yaranmış bahalıq Bakının çörək istehsalçılarının tamahını artırdı, onlar kasıbların əzabı hesabına öz ciblərini daha çox doldurmaq arzusu ilə bahalaşmanı son həddə çatdırmaqda maraqlı oldular. Onlar öz anbarlarının ağzını bağladılar, yükdaşıma dayandı və bizim şəhər çörəksiz qaldı. "Uğur" alverçilərin gözlədiyindən də qat-qat artıq oldu. Çörəyin qiyməti sürətlə qalxdı, tağar 12 manatdan 40 manat və ondan da artıq bahalaşdı. Bu zaman qubernator, rəhmətlik M.P.Kolyubakinin yanına Bakı sakini, müsəlman Zeynal Tağıyev gəldi və təklif etdi ki, şəhərdə ucuz qiymətə kasıblara çörək satan dükanlar açılsın. Təklif əlbəttə ki, qəbul edildi; təcili başqa şəhərlərə çörək almaq üçün adamlar göndərildi. Bakının mərkəzində dükan tikildi, burada çörəyin tağarı 22-28 manata satılırdı, halbuki həmin çörək yerində 25-31 manata alınırdı. Bu qiymətlə satış 4 ay - noyabr, dekabr, yanvar, fevral aylarına qədər davam etdi. Bədbəxtlikdən Bakı qubernatoru xəstələnib öldü və Tağıyevin düşmənlərinin əlinə girəvə düşdü, onlar bu arzuolunmaz rəqiblərinə quyu qazdılar. Halbuki Tağıyevin aldırdığı çörək elə həmin yerli çörək istehsalçılarının anbarlarına yığılıb satılırdı. Söyləyirlər ki, şəhərdəki yüksək nüfuzlu, sözükeçən, müsəlman olmayan birisi Tağıyevin düşmənlərinin tərəfini saxlayıb, hətta bazarda hamının yanında ona qışqırıb ki, dayan, bambılı, sənin dükanını gör necə dağıdacağıq. Bir tərəfdən minlərlə təhqir, xoşagəlməz hadisələr, digər tərəfdən cəmiyyətin biganəliyi Tağıyevin iradəsini sındırdı, gücünü aldı və o, göz yaşları ilə dükanını dağıtdı. Bizmi onu başladığı işi davam etdirib axıra çatdırmağa gücü çatmadığına görə ittiham etməliyik? Ümumi fəlakət zamanı aclığın qarşısını almaq üçün bəs biz nə etdik? Halbuki Zeynal Tağıyev heç vaxt, heç yerdə təhsil almayıb, Bakıdan başqa bir yerdə olmayıb, üstəlik də müsəlmandır. Eşitmişik ki, o, başqa ölkələri gəzmək, başqa xalqların həyat şəraitini görməyi çox arzulayır və yay aylarında Rusiyaya getmək niyyətindədir. Sənə uğurlar və yaxşı yol! Allah eləsin ki, o, Rusiyada insanlara itirdiyi inamını qaytara bilsin.

 

"Bakinskiy listok" № 11, 11 mart 1872-ci il

 

Ülkər HÜSEYNOVA

 

525-ci qəzet.- 2020.- 18 yanvar.- S.21.