Bədii mətndə dil və üslub
MUSTAFA
ÇƏMƏNLİNİN NƏSRİ ƏSASINDA
Ədəbiyyat dedikdə ilk öncə ağlımıza sözdən yaranan bədii mətn gəlir. Bədii mətni bütünlükdə
təhlil edərkən diqqətimizi mövzu, məzmun, ideya,
janr xüsusiyyətləri cəlb etməklə bərabər,
yazıçının dili və üslubu haqqında da
fikirləşməli oluruq. Çünki bədii
mətnin tutumu, ifadə və istifadə imkanları,
üslubi məqamları yazıçının mətnyaratma
bacarığını, sənətkarlıq xüsusiyyətlərini
dəyərləndirməyə imkan verir.
Deməli, hər bir yazıçının fəaliiyəti,
yaradıcılığı dildən başlayır. Əsərlərdə
təsvir və ifadə olunacaq mövzu, kompozisiya, problem, ideya
məhz bu dildən qaynaqlanır. Yəni
dili zəif olan yazıçının ifadə tərzi əsərin
natamamlığının əsas mənbəyidir.
Əsasən bədii mətnin dili lakonik, yüklənməmiş
olmalıdır. Lakin bu o demək deyildir ki, mətn
emosional ekspressivlikdən uzaq olmalıdır.
Bu baxımdan M.Çəmənlinin dili maraq doğurur. Onun əsərlərinin
dili təbii və səlis, səmimi və lakoniklik,
emosional-ekspressivlik kimi xüsusiyyətlərə malik bir
dildir. O, əsərlərində taftalogiyadan istifadə
etməsə də, lazımi məqamlarda dilinə
obrazlılıq, psixologizm, emosional ritoriklik verməklə
toxunduğu mövzuları açmaq üçün istifadə
etdiyi həyat hadisələri, obrazları incəliklə təsvir
və ifadə etməyi bacarır. Bəzən detallar, bəzən
də ümumiləşdirmə yolu ilə, bəzən nəql,
bəzən də şərh edərək lirizmlə, poetikliklə zəngin
bədii mətn yarada bilir.
Ümumiyyətlə, M.Çəmənli dili ədəbi
və xalq dilinin bütün qanunauyğunluqlarını
özündə təcəssüm etdirir. Yəni o,
obrazların nitqində, hadisələrin şərhində
dilin tarixi inkişaf yollarını yaşadan sözlərdən
- dialekt və şivə sözlər, ləhcələrdən
(çeştə, mətə, çəkil, tərni, sinsaf
və s.) istifadə edir. Bu da onun Azərbaycan
dilinə dərindən bələdliyinin göstəricisidir.
Eyni zamanda, sözün bədii-estetik səviyyəsini
yüksəldən frazeologizmlər, bədii təsvir və
ifadə vasitələri Mustafa Çəmənli
yaradıcılığında xüsusi yer tutur. Bu, onun qələminin, üslubunun, sənətkarlıq
xüsusiyyətinin göstəricisi olmaqla yanaşı, həm
də yazıçının düşüncəsini,
dünyagörüşünü təyin edən məziyyətdir. Bu halda haqlı olaraq demək olar
ki, yazıçı özünəməxsus üslubu -
canlı və cəlbedici təhkiyəsi vasitəsi ilə
aktual mövzular kontekstində janr, ideya və məzmun
müxtəlifliyinə nail ola bilən sənətkarlardandır.
Təhlil zamanı aydın olur ki, M.Çəmənlinin
yaradıcılığı folklor örnəkləri (atalar
sözü, məsəllər, tapmacalar, bayatılar,
aşıq yaradıcılığı nümunələri)
və motivləri ilə seçilir. Bu xüsusiyyət
yazıçının dilinə özünəməxsusluq,
kolorit, axıcılıq və səmimilik gətirir. Folklor poetikasından istifadə onun dilinə
özünəməxsus lirik-psixoloji çalar və xəlqilik
qatır.
Ədəbi dilin xalq dilindən təcrid şəkildə
inkişafı mümkünsüzdür. Çünki
xalq dilinin özünəməxsus xüsusiyyətləri ədəbi
dilin emosionallığını, fikir və düşüncələrin
zənginliyini, poetikliyini təminetmə imkanını
yaradır. Məhz bu qarşılıqlı
uyğunlaşma prosesində bədii fikir, ideya daha tez
aydınlaşılır.
Məcazlar sistemindən istifadə Mustafa Çəmənli
üçün məqsədyönlü xarakter
daşıyır. O, öz təxəyyülündən yola
çıxaraq obraz, hadisə və ya əşyanı
sözə, sözü də məcaza çevirə bilir. Bədii
təsvir və ifadə vasitələrindən istifadə onun
üslubunda əvəzolunmaz yaradıcı bir proses şəklindədir.
Yazıçının əsərlərində kifayət qədər
epitet, metafora, metonimiya, mübaliğə, təzad və s. görmək
olar.
Məsələn, yazıçı epitetlərdən
obrazların zahiri görünüşünü, psixoloji
durumunu izah etmək üçün istifadə edir. Sınıq qəlb, soyuq
bir gizilti, ala gözlüm, təmiz adam, şirin səs,
göynəyə-göynəyə ağlayırdı, mamırlı
sinə və s.
Bununla yanaşı o, oxucunun diqqətini hadisə, əşya
və obrazın konkret bir detalına və ya ümumi mahiyyətinə
yönəltmək üçün də epitetlərin
üslubi imkanlarından bəhrələnir.
Məsələn, oğrunca süzdü, quşburun
çəkmə,
quşbaşı qar, iynəli zarafatlar,
işıqsız alma gözlərindən, günəşin
ilıq şüaları,
ağrıdan yoğrulmuş bir nəğmə, oynaşa-oynaşa
işıldaşan ləpələrin fonunda və s.
Müəllifin istifadə etdiyi "həm ümumxalq
dilini, həm də ədəbi dilin lüğət tərkibini
zənginləşdirən dil vahidləri" metaforalar onun fərdi
poetik üslubunun bir hissəsini təşkil edir. O, mətnə bənzətmə,
müqayisə yolu ilə müsbət və ya mənfi ifadəlilik,
psixologizm qataraq sözün poetik gücünü
artırmağı bacarır. Məsələn, həyat
eşqi aşıb daşırdı, düşmən pəncəsi,
yana-yana oxumağa başladı, sözün bətnində,
istedadın cilalanması, parlaması, yaddaşımız çiçəklədi, boynunu qarsdı,
yaddaşının gözü,
səsimi kamana köçürürdü, torpaq oyanmışdı, fikirləri üşüyə,
düşüncələrini ayaz vurma, pul üfürmək,
dağlar od tutub yanır, gecə hamilədir və s.
Yazıçının
dilini tədqiq edərkən görürük ki, o, hər hansı
bir obraz, hadisə və ya əşyanın bir xüsusiyyətini
qabartmaq üçün təşbehlərdən çox
istifadə edir. O, qarşılaşdırılaraq müqayisə,
bənzətmə yaradan təşbehlər vasitəsilə xarakterik bir
xüsusiyyəti qabartmağa müvəffəq olur. Məsələn:
Köçəri quşlar təki uçub gəlmiş səs;
atalar sözü şimşək təki çaxırdı;
ağ günə çıxmaq; Elə
bil tənha bir qoz ağacıydı Gülsüm; Dəli bir
qəhqəhəylə gülməyə başladı və
s.
Əvəzləmə
funksiyasını daşıyan metonimiyalar (istedadlar beşiyi;
fikrin dağda-bağda gəzir; Qafqazın bütün
adlı-sanlı türk xanəndə və sazəndələrini
bu şəhər yetirərdi; Möminə Xatun onun evinə
istilik gətirmişdi; Bizi bu günə qoyanlar təkcə
ermənilər yox, həm də bizə it otartdıranlar oldu;
Sabah torpağımızın Azadlığı
doğulacaqdır; Tanışlığa körpü
salmağın məqamı; Yemişanlıq tərpəndi və s.) onun əsərlərində
yığcamlığa, obrazlılığa xidmət edir.
Mübaliğələrlə
(qan çilənmiş səmaya; Dəmirçi kürəsi
kimi qızaran günəşin səcdəsinə
dayanmışdı; Ona elə gəlirdi ki, günəşi əjdahalar,
əcinnələr tutub aparırlar; Yazıq Gülsüm
içini yeyən nəfsini öldürmək istədi, ancaq
gördü yox, vallah, elə bil içində atlı
çapır və s.) isə yazıçı qabartmaq istədiyi
detala diqqəti cəmləşdirir. O, bu yolla sözün bədii
emosional təsirini, ekspressivliyini qüvvətləndirir.
Yazıçı yaradıcılığında antonim
sözlərdən, bir-birinə zidd olan fikirlər vasitəsilə
bədii təzadlar yaratmışdı. O, istifadə etdiyi bədii
təzadlarla (Bu sükutdan nə isə oxudu; süd kimi gecə;
Tutar qatıq, tutmaz ayran; Murad bilmədi gün hardan doğdu,
harda batdı; Murad bəy ay işığında bir cüt
işıqsız gözlərin ona zilləndiyini görüb
köks ötürdü; Anlayanın qabağına
anlamaz çıxıb; Bu sükutdan nə isə oxudu;
süd kimi gecə; Fikirləşdi ki, nə bilmək olar,
insandı, söz sözü çəkər, dost yox,
düşmən çıxar, çörək kəsməz
və s.) fikrin dərinliyinə, təsirliliyinə nail olur.
Yuxarıda
göstərilən nümunələr yazıçının fərdi
üslubunun özünəməxsusluğunu, koloritini, xəlqiliyini,
emosionallığını, ekspressivliyini təsdiq edir.
Mustafa
Çəmənli zamanla həm sabitləşmiş, həm
də özünəməxsus frazeologizmlərdən (Göz
vermədim, işıq vermədim; qurd ürəyi yeyiblər; bir ürək
çırpınırdı; fürsəti əldən verdi;
dünyanı ona bağışlayırdılar;
ağzından bal tökülür; kimin qabında nə
vardı bilmirdi; üzünə ağ olub ruzi dalınca gedib;
qəlbinə toxunmuşdu; xəbər tutmaq; Torpaq bir ucdan
şəhid olmuş cavanları udurdu və s.) istifadə edərək
yaratdığı bədii mətnlərin poetiklik, təsiretmə
gücünü artırır. O, üslubunda obrazlı
düşüncə tərzini formalaşdırmaqla mətnin
bədiiliyini qüvvətləndirir. Bu halda da
yaradıcılıq prosesi bir sənət hadisəsinə
çevrilir. Eyni zamanda, frazeologizmlər mətndə həyatiliyi,
təbiiliyi qabardaraq "məişət-ünsiyyət
estetikası"nın
göstəricisinə də çevrilir.
Frazeoloji söz birləşmələrinin üslubi
xüsusiyyətlərindən biri də ekstensiv obraz
yaratmasıdır. Obrazların çoxluğu həm də
poetik ekspressivliyi, dramatikliyi intensivləşdirir.
Deməli, yazıçı frazeoloji birləşmələrin
köməkliyi ilə yığcamlığı və
obrazlılığı təmin etməklə bərabər,
həm də təhkiyədə geniş emosional, psixoloji təhlilə
zəmin yaradır.
Mustafa
Çəmənlinin bədii nəsrində,
publisistikasında işlənmiş frazeologizmlər həm
hadisənin psixoloji tərəflərinə, həm də
dilin linqvistik cəhətlərinə aydınlıq gətirir.
Ümumiyyətlə, bədii dil folklor
nümunələri, məcazlar,
frazeologizmlərdən təcrid olunarsa, sənətliliyini,
estetikliyini, bütövlüyünü itirər.
Mustafa
Çəmənlinin mətnyaratma prosesində özünəməxsus kompozisiya yaradır. Bu
kompozisiya formasında, əsasən,
irihəcmli girişlər, standart süjet sonluqları
yoxdur. Müəllif müxtəlif ideyaların ziddiyətini
yaratmır. O, öz qəhrəmanını sosial mühitdə,
məişət hadisələri zəminində sınaqdan
keçirir. Adi görsənən məişət hadisəsi
fonunda qəhrəmanın xarakterini, əhval-ruhiyyəsini
görsətməklə o, həyatın zahirən ekstraordinar olmadığını
göstərir. Lakin bu adi və bəsit görsənən
problemlərin daxili aləminə enərək bütün
ziddiyyətlərin məhz burdan qaynaqlandığını
xüsusilə vurğulayır.
Bütün bunlar bir yerdə yüksək emosional təsir
gücünə malik zəngin bir dil formalaşdırır.
Yazıçı öz təbii və canlı dili ilə
detalları real təsvir edir. Amma bu reallıq onun
dilinin təsir gücünü, ekspressivliyini daraltmır.
Çünki Mustafa Çəmənlinin dili
hadisə, obraz və hissləri konkretləşdirsə də,
dəqiqliyini və dərinliyini itirmir.
Aynurə NİZAMİQIZI
525-ci qəzet.- 2020.- 18 yanvar.- S.19.